​ Səfərov işi və ictimai rəyə sızan düşmən kəşfiyyatı – TƏHLİL

Baxış sayı: 
93
1  
0  

Ramil Səfərova qatil deyənlərin anlayacaqları dillə cavabı budur: “Ramil Səfərov sizin kimi qorxaqların və əclafların yaşadığı bu ölkə uğrunda “qatil” olacaq qədər qəhrəmandır”.
 
Azərbaycan zabitinin Macarıstanda bayrağımızı təhqir etdiyi üçün erməni zabiti öldürməsi, ardınca Vətənə qaytarılması və Prezident tərəfindən əfv olunması bu ölkə üçün bağlanmış məsələdir. Prezident İlham Əliyevin də dediyi kimi, “Azərbaycan öz zabitini Vətənə qaytarıb, vəssalam, kim nə deyir desin, məni maraqlandırmır. Biz bunu etmişik, düz də etmişik”.
 
Hərçənd, Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Ramil Səfərovla bağlı qərarından sonra Azərbaycan zabitinə qarşı “qatil” ittihamı sürənlərin hələ də olması məsələnin fərqli tərəfini önə çıxarır:
 
1. Azərbaycan cəmiyyətinin manipulyasiyaya aşırı meylli olması;
2. Düşmən ölkənin bu “həssas nöqtədən” lazımınca yararlana bilməsi;
3. Ermənistanla sinxron fəaliyyəti müşahidə olunanların mövcudluğu və “həssas nöqtələrin” bu vasitəçilər tərəfindən “vurulması”;
 
AİHM-nin məlum qərarı Azərbaycanın üzərinə heç bir öhdəlik qoymur. Azərbaycanın AİHM-də salahiyyətli nümayəndəsi Çingiz Əsgərovun şərhində bu aydın qeyd olunub.
 
Səfərov məsələsinə görə “Azərbaycanın dünyada biabır olduğunu” israr edənlər var;
 
Ramil Səfərov erməni zabit Qurgen Markaryanı gözlərinin içinə baxa-baxa, “Güllə ilə öldürmək səni şərəfləndirərdi! Sən murdar bir vəhşi kimi yalnız baltalanmalısan! Mənim bayrağımı təhqir edən və qorxusundan dönüb öz millətini söyən bir zabitin yaşamaq haqqı yoxdur!” deyərək, öldürüb. Hadisənin dəqiq necə baş verməsi Macarıstan məhkəməsinin hökmündə də əks olunur.
 
Səfərovun ermənini “yatdığı yerdə baltaladığını” israr edənlər var;
 
AİHM-nin qərarı Azərbaycanın üzərinə heç bir öhdəlik qoymur, yəni adi kağız parçasıdır və Azərbaycan zabiti 16 il öncə erməni zabitinin dərsini gözlərinin içinə baxa-baxa verib. Hər iki məqam dəqiq faktlarla izah olunsa da, hər iki məqamda da əksini iddia edənlərin tapılması Azərbaycan cəmiyyətində manipulyasiyaya aşırı meylliliyin olduğu gerçəyindən irəli gəlir. Sadə dillə desək, bu cəmiyyətdə “qulaqdan qulağa” yaşayanlar, istənilən hadisəni “bəzəyə-bəzəyə” təqdim edənlər nə qədər desən var. Və təəssüf ki, hər dəfə dövlət və xalq üçün əhəmiyyətli məqamlarda zəif tərəfə çevrilirik. Cəmiyyətin “zəif halqaları” kimi görünən bu tiplər bir neçə qrupa ayrılır:
 
1. İnformasiyanı ilk qəbul etdiyi anda “hökm verənlər”. Onlar heç nəyi araşdırmır və yalnız iddia olunanı fakt kimi qəbul edir. Bu kütlə psixologiyasıdır və belələri üçün doğru olan sözün özü yox, sözü kimin deməsidir;
 
2. Dünya klassiklərindən bir iki kitab oxuyub bəşəri və humanizm dəyərlərini “əxz edənlər”. “Ultrahuman” olan belələri mahiyyətini doğru-dürüst anlamadan insan haqlarından, demokratiyadan saatlarla danışır, yaşadığı ölkədə yaşadığı ölkəyə və onun insanlarına dodaq büzə-büzə gəzir, başqa ölkələri və millətləri daim “yuxarıda” görür. Rus atalar sözündə deyildiyi kimi, “bizdə olmayan hər şey yaxşıdır”. Bu kateqoriyaya aid olanlar belə düşünürlər və onların belə düşünməsi adətən daxili kompleksdən irəli gəlir. Məsələ fərqli düşünmək yox, şəxsi düşüncə və mövqeyinin olmaması, düşündüklərinin və dilə gətirdiklərinin başqa düşüncənin və fikirlərin təkrarı olmasıdır.
 
3. Trend olmaq və fərqli görünmək mərəzinə yoluxmuşlar. Belələri qınaq obyekti olmaq naminə olsa belə gündəmə gəlmək üçün hər şey edir, yaxud nə olursa olsun, fərqli görünməyə çalışanlardır.
 
(Misal üçün, aparıcı-model Tunay Əliyeva şəxsi facebook hesabında belə yazır: “Ramil Səfərov qəhraman deyil, emosiyasını idarə etməyib cinayət törədən biridir. Mümkünsə hörmətlə yanaşın fikrimə. Yox ailə tərbiyənizi göstərib söyüş söymək istəyirsizsə, hodri meydan”. Bu xanım Laçında doğulub və mümkün deyil ki, erməninin nə olduğundan, Laçında, ümumiyyətlə işğal edilmiş ərazilərdə azərbaycanlılara qarşı nələr etdiyindən xəbərsizdir. O zaman niyə belə yazır? Əgər kimliyində heç bir gizlilik yoxdursa, onun yeganə dərdi fərqli görünmək və trendə baş-ayaq qoşularaq, diqqəti üzərinə çəkməkdir. Tərcümeyi-halında “BDU-nun hüquq fakültəsində təhsil aldığı” qeyd olunur, amma bəhsə girərəm ki, onun nə AİHM-dən, nə də “Səfərov işi”ndən xəbəri yoxdur. Sadəcə, onunku bir qədər kliniki hadisədir).
 
4. Səfərov məsələsini dövlətin yox, “hakimiyyətin məsələsi” hesab edənlər. Onlar hesab edirlər ki, Azərbaycan zabitini indiki hakimiyyət həbsxanadan xilas edibsə, deməli o qəhrəman ola bilməz. Siyasi nihilist olan belələri dövlət və ya milli məsələlər də daxil olmaqla hər şeyi siyasi tabloda “biz” və “bizdən olmayan” kimi qəbul edir.
 
İddiaların arxasınca sürünənlər, “ultrahuman”lar, “fərqlilər” və siyasi nihilistlər. Səfərov məsələsi kimi milli maraqların vacib olduğu məqamlarda peyda olan belə tiplərin mövcudluğu Azərbaycan cəmiyyətində çatların dərin olduğunu göstərir. Və Ermənistanın bu çatlardan informasiya müharibəsində lazımınca yararlandığı ortadadır. Misal üçün, “aparıcı-model”in “şəxsi fikirlərini” erməni mediası geniş şəkildə işıqlandırdı və belə yanaşmaları işıqlandırmaqda davam edir də.
 
Müasir hərbdə həlledici faktor olan informasiya müharibəsinin əsas uğuru “rəqib ölkənin cəmiyyətini öz tərəfinə çəkmək” hesab olunur. Təəssüf ki, bizim cəmiyyətin “azad düşüncəliləri” düşmən ölkənin buna nail olmasına çətinlik yaratmır.
 
Və ən təhlükəlisi düşmən ölkənin Azərbaycanın ictimai rəyini bu və ya digər formada yönləndirmək, cəmiyyətdəki boşluqları vasitəçilər üzərindən öz maraqlarına uyğun istifadə etmək cəhdlərinin müşahidə olunmasıdır. Məsələ kim(lər)insə Ermənistanla əməkdaşlığını iddia etmək deyil, hər-halda fakt olmadan bu fikrin yaxınından belə keçmək doğru olmaz. Lakin son iki ildə baş verən iki hadisə dolayısı yolla olsa belə hansısa sinxron fəaliyyətin olduğu şübhəsini yaradır.
 
BİRİNCİ HADİSƏ: ötən ilin 30 may tarixində Bakıda Avroliqanın final oyunu keçirildi. Finalda qarşılaşan “Arsenal” - “Chelsi” oyununda qalib “zadəganlar” oldu. Azərbaycan paytaxtı tarixində ilk dəfə futbol üzrə beynəlxalq oyuna ev sahibliyi etməklə həm futbol bayramı yaşadı, həm də beynəlxalq səviyyədə “yumşaq gücünü” artırdı. Lakin beynəlxalq idman cameəsinin yadında Bakıdakı gözəl finalla yanaşı, “Mxitaryan böhranı” da qaldı. “Arsenal”ın erməni əsilli oyunçusu Henrix Mxitaryan Azərbaycanın və final oyununu təşkil edən UEFA-nın bütün zəmanətlərinə rəğmən təhlükəsizlik bəhanəsi ilə Bakıya gəlməkdən imtina etdi. Həmin ərəfədə beynəlxalq medianın əsas mövzusu Mxitaryan idi və proseslərin inkişafı burada transfer oyunundan tutmuş, erməni diasporu/lobbisinin maraqlarına qədər çoxtərəfli planların olduğunu ortaya çıxarırdı. (Transfer oyunu, erməni mafiyasının final planı və Mxitaryanın qaçış səbəbi).
 
UEFA və Azərbaycan bütün zəmanəti verir, indiyə qədər Bakıda yarışmış erməni əsilli idmançıların siyahısı və onlara göstərilən qonaqpərvərlik təqdim olunur, lakin Mxitaryan imtina edir və dünyada “Mxitaryan Bakıya getməkdən imtina etdi” manşeti müzakirə olunur. Ana hədəf məlum idi: Azərbaycan təhlükəsiz yer deyil, ermənilərin təbirincə desək, “qaniçən” ölkədir.
 
Və bu informasiya burulğanın ortasında iki azərbaycanlı sosial şəbəkədə Ramil Səfərov və Mübariz İbrahimovun “qatil”, “cinayətkar” olduğu iddiasını tirajlayaraq, müzakirə açdı. Günel Mövlud və Xədicə İsmayıl.
 
Birinci yazırdı ki, “Humanizmin yarımçığı olmur... Yatmış bir ermənini öldürən cinayətkardırsa (Səfərov nəzərdə tutulur-red), yatmış 30 ermənini öldürən (Mübariz İbrahimov nəzərdə tutulur - red) kimdir? Niyə bir ermənini öldürmək cinayət, 30 ermənini öldürən qəhrəman olsun”.
 
İkinci yazırdı ki, “... biabırçı cinayət törətmiş Ramil Səfərovun üzərindən seçkiqabağı xal qazandılar”.
 
Hər iki şəxs Azərbaycanda “təqib olunan” və “insan haqlarının müdafiəçisi” kimi qəbul olunur. Onları “ultrahuman” tipinə aid etmək və dediklərini “şəxsi fikirləri” kimi qəbul edərək, məhəl qoymamaq olar, lakin burada əsas sual başqadır: Ermənistan Mxitaryan üzərindən Azərbaycanı “bədheybət” kimi göstərməyə çalışdığı vaxt bu şəxslərin yadına Səfərov və İbrahimov qəfil haradan düşdü?! Axı həmin ərəfədə bu məsələni gündəmə gətirmək üçün heç bir ictimai mövzu yox idi.
 
Bu fikirlər Ermənistanın “Azərbaycan qaniçən ölkədir” iddiasının məntiqi davamı idi. (Burada məntiqi davam Səfərov və İbrahimovun “cinayətkar” olduğu (köhnə) iddiasının Mxitaryanın təhlükəsizliyi bəhanə edərək, Bakıya gəlməkdən imtina etməsi ilə eyni ərəfədə gündəmə gətirilməsindədir).
 
“Azərbaycan təhlükəli ölkədir” deyən Ermənistan/erməni diasporu/erməni lobbisi bununla “baxın, azərbaycanlılar özləri bu ölkənin ermənilər üçün təhlükəli olduğunu dilə gətirir” arqumentini qazandı və Azərbaycana qarşı beynəlxalq kampaniyada istifadə etdi. Çünki beynəlxalq aləmdə Ermənistanın Azərbaycan qəhrəmanlarını “cinayətkar” kimi təqdim etməsi iddia, bir azərbaycanlının bunu deməsi etirafdır. “Etiraflar” həmişə effektli olur.
 
İKİNCİ HADİSƏ: Mayın 9-da faşizm üzərində qələbənin 75 illik yubileyi Ermənistanın Qaregin Njdenin timsalında faşizmi qəhrəmanlaşdırmasını da yenidən gündəmə gətirdi. Prezident İlham Əliyevin ötən ilin noyabrında MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən məhdud tərkibli iclasında gündəmə gətirdiyi bu məsələ son bir ildə Ermənistan üçün “arzuolunmaz” mənzərə yaratdı. MDB məkanında və Avropada media zaman-zaman Ermənistanın faşizmi qəhrəmanlaşdırmasından bəhs edən məqalələr tirajlayır və ermənilərin özləri haqqında yaratdıqları “imic” alt-üst olurdu. Xüsusilə yəhudi lobbisi və Rusiyanın bu məsələnin üzərinə getməsi erməni diasporu və Ermənistan üçün ürəkaçan perspektiv vəd etmir. Mayın 11-də isə “İravunk” qəzetinin baş nazir Nikol Paşinyanın adını daşıdığı babasının da Njdenin legionunda nasistlərin sırasında döyüşdüyünə dair sənədləri üzə çıxarması Ermənistanın faşist imicini gücləndirdi. Ermənistan Məmməd Əmin Rəsulzadənin haqqında iddialar sərgiləyərək, diqqəti üzərindən yayındırmaq üçün uğursuz cəhdlər etdi. Lakin heç bir nəticə olmadı. Qərbi və Şərqi Avropa, eləcə də Rusiya mediasının əsas müzakirə mövzusu məhz erməni faşizmi idi. Məsələnin Azərbaycan mediasının əsas gündəminə çevrilməsi isə təbiidir. Çünki prosesi bizim dövlət başçısı başlayıb və bu məsələnin nə qədər müzakirə olunması siyasi nəticələrin əldə edilməsi baxımından strateji maraqlarımıza uyğundur.
 
Və AİHM-in məlum qərarı ilə ölkənin gündəmi Səfərov məsələsi oldu. Ermənistanın Azərbaycan üçün heç bir öhdəlik yaratmayan AİHM qərarından təbliğat məqsədilə istifadə etməsində təəccüblü heç nə yoxdur, burada əsas məqam Azərbaycan cəmiyyətinin diqqətinin “daxili problemə” niyə yönlənməsi, daha doğrusu, necə yönləndirilməsidir?
 
AİHM-nin məlum qərarından sonra “Ramil Səfərovun cinayəti Azərbaycanın başına hələ çox bəla olacaq” iddiasını ilk ortaya atanlardan biri Almaniyada yaşayan Azər Kazımzadə adlı birisi idi. Ardınca digərləri prosesə qoşuldu və Azərbaycanın gündəmi Səfərov cəbhəsində ikiyə ayrıldı. Ermənistanın faşizmi qəhrəmanlaşdırması, Nikol Paşinyanın babasının nasistlərə xidmət etməsi artıq unudulmuşdu...
 
A.Kazımzadənin, eləcə də ölkədən kənarda və ölkədə yaşayan bir çox “fəalın” məcazla desək, cəbhənin erməni tərəfində dayanması Ermənistan/erməni diasporu/erməni lobbisinin Mxitaryan məsələsində olduğu kimi indi də Azərbaycanın daxili ictimai rəyinə bu və ya digər formada təsir etmək cəhdlərinə dair şübhələri yenidən gündəmə daşıyır.
 
Burada 16 ildir İsveçdə yaşayan jurnalist Elbəyi Həsənlinin fikirləri “niyə belədir” sualının bir qisminə cavab verir.
 
“Qərb ölkələrində yaşayan bir çox mühacir hesab edir ki, onlar Ramil Səfərov məsələsində ermənilərin yanında olmalıdır. Çünki Qərbin mövqeyi belədir ki, Ramil Səfərov “yuxuda olan erməni zabitini” öldürüb. Belələri əmindir ki, onlar Qərbdə yaşayırlarsa, Qərbin çaldığı ilə oturub-durmalıdır. Bu insanlarda natamamlıq kompleksi var. Özü də bu hiss çox güclüdür” – jurnalist yazır.
 
Avropada yaşayan və oradakı azərbaycanlıların formalaşmış düşüncəsinə hakim olan E.Həsənli fikirlərində haqlıdır: həqiqətən də natamamlıq kompleksi istər xaricdə, istər daxildə olsun, azərbaycanlıların sağalmaz bəlasına çevrilib və bu, Səfərov cəbhəsinin erməni tərəfində yer alanların mahiyyətini anlamağa da imkan verir.
 
Lakin erməni diasporunun Avropada “mühacir” adı ilə yaşayan azərbaycanlıları müxtəlif yollarla təsir dairəsinə aldığına dair məlumatlar və A.Kazımzadənin Azərbaycana qarşı separat fəaliyyəti fonunda diqqət yenə daxili ictimai rəydə erməni əlinin olması ehtimalına yönəlir. (Erməni kəşfiyyatının “mühacir ovu”).
 
Hər iki hadisənin inkişaf istiqaməti ortada sinxron fəaliyyətin olduğu şübhəsinə yol açmaya bilmir. Əgər iddiaların arxasınca sürünənlər, “ultrahuman”lar, “fərqlilər” və siyasi nihilistlər cəmiyyətin açıq boşluqlarıdırsa, bu boşluqdan yararlanmaq üçün erməni cəbhəsindən Bakıya doğru güllə yağdıranlar da var. Azərbaycan zabitini qandaldan azad etdi, amma ictimai rəy hələ də zəncirlərdən xilas olmayıb...
 
Asif Nərimanlı

Загрузка...
Загрузка...