​Səfər Mehdiyevin “paqon”luları: Gömrükdəki özbaşınalıqlar dövlət üçün təhlükəli həddə çatıb

Baxış sayı: 
45
1  
0  

Gömrük sisteminin mahiyyəti nədir? Bütün dünyada gömrük ixrac və idxal arasında sabitləşdirici faktor funksiyasını yerinə yetirir. Yalnız Azərbaycanda gömrüyün “xüsusi status”u, gömrük əməkdaşlarının isə “xüsusi səlahiyyyətlər”i var.
 
Azərbaycanın gömrük orqanlarının “xidmət”ləri sayəsində ölkəmiz bu seqmentdə dünyanın demək olar, bütün “qara siyahı”larında “fəxri” yer tutur. Bu səbəbdən, özünə hörmət edən hər hansı xarici şirkət Azərbaycanda öz nümayəndəliyini açmır və əsasən, bizim oliqarx-məmurlara məxsus yerli firmalara distrübitor təmsilçiliyi üçün lisenziya vermir. Ona görə də, dünya brendləri Azərbaycanda subdilerlər vasitəsilə işləmək variantını seçir. Başqa sözlə, heç kəs Azərbaycanla birbaşa ticarət aparmaq istəmir. Nəticədə dünya brendləri öz məhsullarını Azərbaycana Gürcüstan, Türkiyə və qismən də Rusiya ərazilərindən keçirirlər. Vurğulanan oliqarx-məmurlar sırasında xüsusi seçilənlərdən biri də məhz gömrükdən-dövlətin “şlaqbaum”undan şəxsi əşyaları kimi istifadə edərək, müxtəlif bəhanələrlə sahibkarları talayan hamiləridir.
 
Azərbaycandakı gömrük ilə problemlərinin olmasını istəməyən orta təbəqəyə mənsub və “yuxarı”larda himayədarı olmayan biznesmenlər Gömrük Komitəsinin rəisi Səfər Mehdiyevin “paqonlular”ına xərac vermək məcburiyyətindədirlər. Nəticədə isə orta və kiçik biznesin nümayəndələri qurduqları işi genişləndirmək imkanından məhrum edilirlər. Bununla da dövlətin iqtisadi inkişaf perspektivinə ağır zərbə vurulur. Sərhəddəki və gömrük məntəqələrindəki “paqonlular” sözün tam mənasında öz “Gestapo”larını yaradıblar və rəsmən reketlə məşğuldurlar.
 
Məhz onların bu qulduq fəaliyyəti üzündən Azərbaycanda orta biznes sıradan çıxarılıb, kiçik biznes isə boğulmaq həddindədir. Ölkənin bütün gömrük terminallarında özbaşınalıq hökm sürür. Ölkənin Rusiya, İran və Gürcüstanla sərhəd bölgələrinin sakinləri isə ailələrini dolandırmaq və acından ölməməkdən ötrü qaraçı köçünə bənzər qaydada sərhədi keçmək, evlərinə bir çanta ərzaq aparmaq üçün Azərbaycanın gömrük məntəqələrindəki qəfəsdə gözləməyə məcbur edilirlər. Gömrük məntəqələrində yaşanan özbaşınalıqları – gömrük müfəttişlərinin yaşlı insanları necə ələ saldıqlarını, onların əşyalarını əzib-tapdaladıqlarını, küçə söyüşləri ilə təhqir etdiklərini, vətəndaşları aşağıladıqlarını gözlə görmək lazımdır. Səfər Mehdiyevin gömrükçüləri cəzasız qalacaqlarına o qədər əmindirlər ki, ölkəyə gətirilən məhsullar üzərinə öz faizlərini də əlavə edirlər. Ölkədə tüğyan edən bahalaşmanın əsas səbəblərindən biri də budur. Gömrükçülərin bu reket qaydalarından boğaza yığılan vətəndaşlarımız ərzaq məhsullarını nisbətən ucuz qiymətə qonşu ölkələrdən almal olurlar. Şahidlərin sözlərinə görə, Səfər Mehdiyevin gömrükçüləri o qədər həddlərini aşıblar ki, hətta Gürcüstanla sərhədi keçən avtobusdakı bir yaşlı uşağın əlindən süd butılkasını alıb yerə boşaldıblar. Boş butulkanı qaytardıqları körpənin anasına isə “Azərbaycana icazəsiz süd keçirmək olmaz”, – deyiblər.
 
Bu günlərdə isə bir vətəndaşın sifarişi ilə ölkəyə gətirilən, dəyəri 1000 dollardan da az olan avadanlıq üçün Mehdiyevin quldurları alıcıdan 36 faizlik rüsumdan əlavə ödənişlər etməyi tələb ediblər və bununla da “rüsum” 45 faizə qalxıb. Gömrükçülərdən həmin əlavə faizlərin nədən qaynaqlandığını soruşduqda isə cavab veriblər ki, sizə izahat verməyə vaxtımız yoxdur, malınızı götürün, gedin, əks halda, özünüzü terminaldan bayıra atacağıq. Özünüz deyin, bu, “Gestapo” və “NKVD” rejimi deyil, nədir? XXI əsrdə, hansı dövlətdə öz vətəndaşları ilə bu cür davranırlar? Bəlkə də Afrikada, hansısa yarıqəbilə dövlətində, yaxud da yarıfeodal bir ölkədə… Ancaq dünyanın heç bir sivil ölkəsində vətəndaşa belə yaramaz münasibət göstərilə bilməz. Bu, sadəcə, rəzalətdir! Gömrükdəkilər etdiklərinin fərqindədirlərmi? Xalqın səbrini daşırdıqlarını bilirlərmi? Səfər Mehdiyevin rəhbərli etdiyi Gömrük Komitəsində gömrük məmurlarının özbaşınalıqları Azərbaycan dövlətinə qarşı açıq-aşkar sabotajdır, təxribatdır. Bu qanunsuzluqlar xarici düşmənlərin Azərbaycanda xaos, iğtişaşlar və vətəndaş itaətsizliyi yaratmaq, dövlətimizin təməlini sarsıtmaq üçün həyata keçirdikləri pozuculuq fəaliyyətindən fərqlənmir. Açıq demək lazımdır ki, ölkədə vəziyyəti gərginləşdirən əsas amil məmur özbaşınalığıdır və bu qanunsuzluqlar dövlətin təhlükəsizliyinə cavabdehlik daşıyan xüsusi xirdmət orqanlarının diqqətindən yayınmamalıdır. Əgər gömrükdəki paqonlulara hədləri bildirilməsə, onların əndazəni çoxdan aşan özbaşınalıqları xalqla hakimiyyətin birgəliyinə əsaslanan dövlət sisteminə sağalmaz zərbə vuracaq.\\Yeni Çağ

Загрузка...
Загрузка...