​Sevgilisinə hədiyyə alan azalıb – Daha oyuncaq ayı alan yoxdur – FOTOLAR

Baxış sayı: 
103
0  
0  

Sabah  başlanğıc tarixini qədim Roma imperiyasından götürmüş katolik xristianlarının inancına görə bayram kimi qeyd edilən Müqəddəs Valentin Günüdür.
Yaşından asılı olmayaraq 14 fevral hər il dünyanın istənilən nöqtəsində sevgililərin, aşiqlərin bayram günü kimi qeyd edilir.
Bayramı xüsusi edən  əlamətlərdən  biri də şübhəsiz ki, hədiyyələrdir. Hər il olduğu kimi  bu bayram ərəfəsində də sevgililər özəl günlərini fərqləndirmək və daha da  gözəlləşdirmək  üçün hədiyyə dükanlarına üz tutublar.
Minval.info-nun əməkdaşı mövzu ilə əlaqədar şəhərin mağazalarına yollanıb. Bu il sevgililər arasında məşhur olan hədiyyə seçimləri, onların qiymətləri ilə maraqlanıb.
İlkin olaraq onu bildirək ki, mağazalarda alıcılar arasında hədiyyə alanlar elə də sıx deyildi. Hədiyyə alanlar arasında  daha çox kişi cinsinin nümayəndələrinə rast gəlmək mümkün oldu. Hətta hədiyyə bəyənən alıcılardan biri qeyd elədi ki, sevdiyi xanım daha çox bilərzikləri sevdiyi üçün ona bilərzik almağı düşünür:
“Nişanlımın zövqünə görə hədiyyələrə baxıram. Fikirləşirəm ki, bilərzikləri daha çox bəyənir. Böyük ehtimal bilərzik alacağam”.
İlgili resim
Satıcıların fikirlərinə əsasən, mağazalarda hədiyyə seçimləri arasında  hər il olduğu kimi bu il də bijuteriyalar və akssesuarlar üstünlük təşkil edir. Seçim olaraq bəylər  daha çox gümüş boyunbağılara, oyuncaq ayılara, həmçinin də gül buketlərinə, xanımlar isə əsasən ətir və saatlara önəm veriblər.
Hədiyyə seçimlərindən asılı olaraq, qiymətlər də müxtəlif olur. Satıcıların sözlərinə görə,  minimum 6 manatdan tutmuş 2000 manata qədər hədiyyə alanlar olub.
Elə Bakının 28 May metrosu ərazisində yerləşən  “Beatrice”  mağazasının administratoru Elvira Muhittinova bildirdi ki, keçən ilə nisbətən bu il hədiyyə almağa gələn insanların sayı daha azdır. Əsasən də hədiyyəni daha çox kişilər alırlar:
“Bu il əsasən bujiteriyalara, oyuncaq ayılara və ətirlərə çox üz tuturlar. Lakin daha çox kişilər hədiyyə almağa gəldikləri üçün bujiteriyalarda satış daha çox olur. Xanımlar isə əsasən ətirlərə üstünlük verirlər. Qiymətlər isə müxtəlifdir. Oyuncaq ayıların qiyməti 6 manatdan 100 manata qədərdir. Bujiteriyalar 20 manatdan 400-500 manata qədər, ətirlər isə 30 manatdan 300-500 manata qədər məbləğində olurlar. Ümumilikdə isə bu il hədiyyə almağa gələn insanların sayı azalıb. Çox güman ki, devalivasiyadan sonra insanlarda yaranan maddi problemlərə görədir”.
Ətirlərlə yanaşı, saat da xanımların hədiyyə seçimləri arasında yer alan akssesuarlardandır.  28 Mall Ticarət Mərkəzində yerləşən “Bliss Accessories” mağazasının satıcısı Musa Orucov bildirdi ki, keçən bayramlara nisbətən builki bayramda saat satışı artıb:
“Əvvəl insanlar arasında belə bir düşüncə var idi ki, saat ayrılığın simvolunu daşıyır. Amma son zamanlar müşahidə olunur ki, belə bir fikir ortadan qalxmaq üzrədir. Xüsusilə də bu il hədiyyə olaraq saat alan xanımların sayı artıb.
Saatlar isə fərqli markalarda və çeşidlərdədir. Amerika, Yaponiya İspaniya, İsveçrə markaları olmaqla müxtəlif qiymətlərdədirlər. Hazırda bizdə 50 faiz endirimdə olan saatlar da var. Qiymətlər isə minimum 100 manatdan başlayır, maksimum 2000 manata qədər mövcuddur”.
Bəylərin seçimlərinə gəldikdə isə Musa Orucov bildirdi ki, kişilər hədiyyə seçimlərində əvvəlki illərə nəzərən daha təcrübəli yanaşırlar:
“Bəylər əvvəlki illərə baxanda daha “oyanıq” olublar. Hədiyyə alarkən xanımlarının şəkillərini, onların üzərilərindəki akssesuarları bizə göstərirlər. Biz də xanımların akssesuarlarına baxaraq təxmin edə bildirir ki, hansı xanım hansı zövqdə akssesuar bəyənə  bilər”.
Sonda isə  nə qədər  şablon səslənsə də, günündən asılı olmayaraq sevən hər kəs üçün hər gün özəldir, hər gün  bayramdır. Hədiyyənin heç bir fərqi yoxdur, əsas odur ki, könüllər xoş olsun.
Bayramınız mübarək, əziz sevgililər!
Leyla Əfqan

Загрузка...
Загрузка...