​Sensasion iddia: “Əvvəlcə Kəlbəcər, Ağdam və Füzuli....” – Vəziyyət dəyişir

Baxış sayı: 
76
3  
1  

“Nikol Paşinyan işğalçı mövqeyindən geri çəkilməyəcək. Çünki o, siyasətçi deyil, küçədən gəlmə bir adamdır. Digər tərəfdən, onun mövqeyi kifayət qədər zəifdir, adam iki ildir hakimiyyətə gəlib, amma bu günədək bir iş görməyib”.
 
Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
 
Ekspertin fikrincə, siyasətdə qeyri-peşəkar olan Ermənistan baş naziri Qarabağ məsələsindən hakimiyyətdə qalmaq üçün istifadə etməyə çalışacaq, bu səbəbdən də getdikcə Azərbaycana qarşı aqressivləşəcək:
 
“Gözləmək lazım deyil ki, Paşinyan nə vaxtsa mövqeyindən çəkilərək, ən azı Qarabağ ətrafındakı rayonları boşaldacaq. Bu, olmayacaq.
 
Azərbaycan öz iradəsini ortaya qoymalıdır. Azərbaycanın həm Avropa, həm də Rusiya ilə normal münasibətləri var. Yəni Azərbaycan bu məsələni birdəfəlik həll etməlidir. Hələlik Dağlıq Qarabağın statusu məsələsini bir kənara qoyub, birinci mərhələ üçün Ağdam, Füzuli və Kəlbəcəri geri almaq lazımdır. Alınmalıdır, bunun başqa yolu yoxdur. Habelə Zəngilan və Cəbrayıl da bura daxildir. Bunu hərbi yolla almaq lazımdır, onda ermənilər və başqaları da danışıqlar masasına gələcək. Biz məsələyə daha çox “başqaları bizə nə deyər” prinsipi ilə baxırıq. Amma vaxt uzandıqca da, Qarabağ bizdən uzaqlaşır. Bu da çox təhlükəlidir. Medianın da üzərinə çox iş düşür ki, insanların unutmaması üçün bu məsələni tez-tez gündəmə gətirməlidir.
 
Azərbaycan bu məsələni birdəfəlik həll etməlidir. Artıq otuz ilə yaxındır torpaqlar işğal altındadır. İsrail və Fələstindən başqa, dünyanın heç bir yerində torpaqlar bu qədər işğalda qalmayıb”.
 
Cümşüd Nuriyevin sözlərinə görə, Azərbaycan bu gözlənilməz addımı atıb, işğal altındakı torpaqlarını azad etməlidir, başqa yolu yoxdur:
 
 
 
“Çünki bizə indiyədək ancaq danışıqlar tərəfi kimi baxıblar, güc tərəfi kimi baxmırlar. Amma Azərbaycanın güclü ordusu, güclü iqtisadiyyatı və güclü ali baş komandanı var. Ali baş komandanın iradəsi də çox güclüdür və peşəkar diplomatdır. Cənab prezident də görür ki, artıq məsələnin başqa həll yolu yoxdur. Buna görə də bu qərarı verməlidir və xalq da onun arxasında dayanacaq. İnanmıram Azərbaycanda elə bir qüvvə tapılsın ki, prezidentin Qarabağla bağlı atacağı addımı dəstəkləməsin.
 
On milyonluq xalqı məğlub etmək mümkün deyil. Rusiya bir milyonluq çeçenləri məğlub edə bilmədi, onun bizə gücü çatmaz. Biz gözləməməliyik, ayağa qalxıb torpaqlarımızı azad etməliyik”.
 
Ekspert Azərbaycan parlamentinin də münaqişəyə münasibətinə diqqət çəkib:
 
“Parlamentin özü də tələbkar olmalı, bu məsələni gündəmdə saxlamalıdır. Parlament Qarabağla bağlı qərar verməlidir, onlar prezidentin yanında olmalıdır. Gözləməməlidirlər ki, təklif prezidentdən gələcək, təklif Milli Məclisdən getməlidir. Çünki qanunverici orqan onlardır və bu ağırlığın altına onlar girməlidir. Bu barədə fikirləşmək lazımdır”.
 
Müəllif: Mənsur Rəğbətoğlu

Загрузка...
Загрузка...