Satanist Daşanın Hacıqabul meşəsində dəhşətli ritual

Baxış sayı: 
131
1  
0  

De ki: İnsanlardan və cinlərdən, insanların könüllərinə vəsvəsə verən o hiyləgər vəsvəsiçinin şərindən insanların Allahı, insanların hökümranı və insanların Rəbbi olan Allaha sığınıram!
 
(Quran)
 
Əvvəli burada
 
Ayaqlarım dolaşa-dolaşa Daşayla bibim dayanan istiqamətə üz tutdum. Sahilə bibi sürücüyə yolpulu verməyə tələsdi...
 
Daşa məni bərk-bərk bağrına basdı. Məsmənin arxasınca baxmağı ağlıma belə gətirmirdim; ürəyimin həyəcanı qadının danışdığı vahimə dolu hadisədən soyumamış, daha bir təlatümlə qarşı-qarşıya idim. Lakin bütün olanlara aydınlığı bibimin evində taxtda uzanaraq və tavanda öz beynimdə şahidi olduğum və duyduğum müxtəlif hadisələrə xəritələr cızaraq gətirməyə başladım.
 
Mətbəxdən Daşanın şən səsi eşidilirdi. O, bibimlə gülərək, dilimizdəki rus sözlərinə düzəliş edirdi:
 
- “Balqon” yox, “balkon”!
 
Bibim pərt-pərt deyinirdi:
 
- Ay qızım, elə mən də “balqon” deyirəm də.
 
Daşa qəşş edib gülürdü. Doğrusu, onların arasında yaranan mehribanlıq, xoş ab-hava məni sevindirirdi. Özlüyümdə “Heç olmasa, Daşa-bibi münasibətlərindən rahatam”, düşündüm.
 
Məni sıxan, tərəddüd içində saxlayan başqa məqam idi. Hacıqabula gedib-gəlməyim sanki öncədən kiminsə planına uyğun gəlirdi. Daşanın “planlar mövcüd deyil” fikrini xatırladım. Əslində, ərəb möminlərinin satanistlərdən öncə söylədikləri “Allah plan quranlara gülür” ifadəsi ilə tam razı idim. Lakin yolumda bu qədər təsadüflərin olması və bir-birinin ardınca bənzər taleli, hardasa məni izləyən hadisələrdən artıq sözün əsl mənasında təngə gəlmişdim. Bir tərəfdən suallarıma cavab tapdığımdan sevinir, digər tərəfdən isə həmsöhbətlərimin birbaşa məni maraqlandıran məsələyə aidiyyəti olmaları məni təəccübləndirməyə bilmirdi. Beynimin yaddaş “rəflərini” bir-bir açaraq, oradakı köhnə və yeni hadisələri saf-çürük etmək istədim. Ser Artur Konan Doylun təbirincə desək, “insan beyni böyük bir çardağdır və əgər onu lazımsız əşyalarla doldursaq, o zaman lazımi olanlara yer qalmaz!”
 
Mən də “çardağımı” səliqəyə salmağa başladım; öncə İqbal ilə olanları xatırladım. Bu məsələdə hazırki durum olduqca qəribə idi: İqbalın emosional xasiyyətinə bələd idim, amma indi sanki qurbağa gölünə daş atılmışdı. Digər tərəfdən, Lətafət xaladan aldığım məlumatlar qənaətbəxş sayıla bilərdi. Üstəgəl, “cinli gəlin” haqqında öyrəndiklərimin özündə bir müəmma, sirr vardı.
 
Təsadüflər yoxdur, demək, zərurətlərə qarşı çıxa bilməzdim. Məsmənin avtobusda məhz mənim yanımda əyləşməyinin özü təsadüf deyildi. Axı o tamamilə başqa bir yerdə otura bilərdi və biz heç görüşməzdik. Elə isə bizim görüşümüzü zəruri edən ilahi səbəb nə idi? Yalnız “cinli gəlin”lə bağlı həqiqətə bənzəməyən qorxu dolu əhvalatı dinləmək?
 
Bu fikirlə qəti razılaşmırdım. Yox, burada mənə taleyimin bildirmək istədiyi başqa bir işarə vardı ki, onu axtarıb tapmalı idim...
 
Fikirlərimdən məni otağa az qala rəqs edə-edə geniş dəmir podnosda çay gətirən Daşa ayırdı:
 
- Bu da mən!
 
Qızın əynində albalı rəngində çit don vardı. Çox güman ki, dərziliyi əla bacaran bibim mən olmadığım müddətdə Daşaya paltar tikmişdi.
 
- Nə qəşəng görünürsən, Daşa! Bir bax, ev işlərini də görürsən! Sən Moskvada belə evdar deyildin! Qız, gəl sənə bir balaca dilimizi də öyrədək, qal burada, səni ərə verək! – Mən bərkdən dilləndim.
 
Bibim əlində buğlanan bozbaş dolu buludla otağa daxil oldu:
 
- Dəryanı mən özüm ərə verəcəm! O mənim qızımdır artıq! - dedi.
 
Mən gülməyə başladım:
 
- Bir bax, Daşa, Sahilə bibi sənin adını belə özümüzküləşdirib. Sənə Dərya deyir.
 
Mən təəccüb içində qalan Daşaya “Dərya” adının anlamını rusca anlatmağa başladım:
 
- And olsun Daşa, səndən elə gözəl azərbaycanlı gəlini alınar ki! - gülə-gülə dedim.
 
- And olsun İblisə ki, haqlı deyilsən! - Daşa əlini-əlinə vuraraq bərkdən söylədi.
 
Mən dərhal bibimə baxdım; qadının əlindəki qaynar xörək dolu qab az qala üstünə dağılacaqdı! Bir müddət yelləndikdən sonra çaş-baş qalan bibim nəhayət ki, müvazinətini saxlaya bildi, qamətini düzəldərək, boşqabı masanın üzərinə qoydu:
 
- Bismillahir-rəhmanir-rəhim! O lənətüllahın adını çəkməyin bu evdə!
 
Bibim Quran dalınca getdi, mən səsimi çıxarmadan bir gözümlə Daşanı müşahidə edirdim, özümü gülməmək üçün güc-bəla saxlayırdım; qız balaca uşaqlar kimi başını aşağı dikib, yanaqlarını şişirtmişdi. Dostumu bu cür məsum görkəmdə və sadə qiyafədə, ev işlərinə başıqarışıq vəziyyətdə heç görməmişdim. Həqiqətən də satanist rəfiqəmdən əla gəlin alınardı!
 
“Gəlin” dedikdə, qeyri-ixtirayi olaraq ağlımda “cinli gəlin” adlandırılan zavallı Səhər canlandı. Daşa beynimdə “qurdalansa da”, dəqiq məlumat əldə etmədiyimdən, səbirsizləndi:
 
- Hə, indi danış görək, getdiyin yerdə nələr baş verdi?
 
Macərapərast dostum sayəmdə artıq hadisəsiz keçinə bilmirdi deyəsən; görünür, mən onu olduqca qaynar olaylara cəlb etmişəm ki, bu vəziyyət qızda artıq bir növ asılılıq yaradıb! Qaşlarımı çatıb, xeyli ciddi görünməyə çalışdım. Daşanın məsləhəti və söyləyəcəyi qərar olduqca vacib idi və məhz bu səbəbdən qıza nəql edəcəklərimi ciddi qəbul etməsi mənim üçün önəmli idi:
 
- Hacıqabula çatdıqda yaxşı bir taksiçi dayı ilə tanış oldum. Sağ olsun, həm Arzunun anasının ünvanını öyrəndi, həm də mənim ora gedib-gəlməyimə köməklik etdi. Daşa, sən demə, Arzunun anası qızının öldürüldüyünü bilirmiş!
 
Daşa üz-gözünü turşutdu, turş alça yeyirmiş kimi ağzını marçıldatmağa başladı:
 
- Səncə, bu təzə xəbərdir?! Bunu mən sənə ora getməmiş də deyərdim.
 
Mən görücü dostumu sakitləşdirdim:
 
- İqbal ilə bağlı bir çox həqiqətləri öyrəndim. Bu iblis narkomanmış!
 
Bibimin bərkdən əsəbi söylədiyi sözlər söhbətimizi kəsdi:
 
- Əstafurullah! Yenə də iblis! Axı bu axşam-axşam nə olub sizə, ay qızlar? Şər qarışan vaxtı bu murdarların adını qətiyyən çəkmək olmaz!
 
Mən Daşaya göz vurmağa macal tapdım. Şüurumda ona, “Bax, amma sən qorxunc rituallarını məhz gecələr edirsən, yaramaz qız! Bibim bilsə ki, kimi qonaq edib, ürəyi dayanar” informasiyasını ötürdüm.
 
Daşa əyləşdiyi masa arxasından ayağıma ərkyana təpik atdı. Bərkdən dedim:
 
- Yox ee, sən düzələn deyilsən!
 
Hamımız gülüşdük, hətta söhbətimizdən heç nə anlamayan və bu axşam ancaq “iblis” sözündən girinc qalan bibim də bizə qoşuldu, yazıq-yazıq gülümsəməyə başladı.
 
Şam yeməyimizi yedikdən sonra eyvanın sərin havasında əyləşib həyəti seyr edir, Sahilə bibimin dindən-imandan olan maraqlı söhbətlərinə qulaq asırdıq. Çox maraqlıdır ki, iblisi sevən və ona səcdə edən satanist rəfiqəm Yaradanla bağlı söhbətləri maraqla dinləyirdi.
 
Sahilə bibim söhbətinin yarısında bədirlənmiş Ayı görcək, salavat çevirdi, sonra Daşaya otağından göy kələyağını gətirməyi tapşırdı. Qız gələnə qədər bibim səssiz-səmirsiz Ayın füsunkarlığını izləməyə davam edirdi.
 
Daşa ipək, üzərində xallar həkk olunmuş, kənarları ardıcıl ağ butalarla naxışlanmış zərif yaylığı gətirdi. Sahilə bibi kələyağını götürərək uclarından tutub yuxarı qaldırdı; Ayla bizim aramızda pərdə kimi salladı:
 
- Bir baxın görək, nə görürsünüz?
 
Biz ehtiyatla üzümüzü ipək yaylığa toxundurduq, diqqətlə Aya sarı boylandıq; Ayın üzərində sanki qəribə naxışlar vardı və onlar hardasa yaylığın cizgiləri ilə həmahənglik təşkil edirdi.
 
Biz təəccübümüzü gizlədə bilmədik:
 
- Nə gözəldir! – dedim. - Ayda da butalar varmış, bunları heç bilmirdim!
 
Daşaya bibimin bu sehrbazlığı xoş gəlmişdi:
 
- Həqiqətən də qeyri-adidir! Ayda gözlə görünməyən izləri ipək yaylıq arxasından asanlıqla izləmək olurmuş!
 
Mən isə Daşayla zarafat etməkdən usanmrdım; astaca qızın qulağına sarı əyilib pıçıldadım:
 
- Görürsünüzmü, Dərya xanım, mənim Sahilə bibim də Ayla rituallar edir!
 
Ürəkdən gülməyə başladıq! Bibim Aya baxaraq yenidən salavat çəkirdi:
 
- Allahumməsəlli əla Mühəmmədin və ali Mühəmməd!
 
Mən onun arxasınca dəfələrlə beynimdə, qəlbimdə əziz sandığım və əzbər bildiyim sözləri təkrarlamağa başladım; Daşa öz növbəsində yaxasındakı beşguşəli pentaqonu çıxarıb üç dəfə öpdü, sonra yenə gizlətdi.
 
Gözümün ucu ilə bibimə baxdım; yaşlı qadın salavat çəkərək, zikr edir, dayanmadan dualar oxuyurdu.
 
Həyat olduqca qəribədir! Dini ayrı, fikri və əqidəsi fərqli insanları həyat yolları demə birləşdirirmiş! Birləşdirmək bir kənara, hətta doğmalaşdırırmış!
 
Bibimin Daşaya nə qədər isinişdiyini və qızın bibimə sonsuz sevgisini gözəl duyurdum.
 
Daşayla söhbət etməyə macal tapmadım. Körpə uşaq rejimi ilə yaşayan bibimin “dərhal yatağa” əmri ilə öncədən hazırlanmış çarpayılarımıza uzanmağımız bir oldu.
 
Gözlərimi yuman kimi dərin və qaranlıq bir boşluğa düşdüm; ətrafımda çoxlu insanlar vardı. Beynim tam yatmasa da, yarıyuxulu düşüncəm bu kəslərin cinlərin dilində danışdığını mənə pıçıldayırdı. Hər tərəf qaranlığa bürünmüşdü ki, işıq gələn bir istiqamət gördüm; orada uzunboy, incəbel, bəmbəyaz, parlaq dərili bir gənc qız dayanmışdı.
 
- Siz kimsizniz? – soruşdum.
 
Cavab dərhal gəlmədi. Qız əli ilə qarışıq ifadələr işlədən qeyri- adi insanları göstərdi. Mən onlara sarı çeviriləndə artıq insan cildində olan bu məxluqları səcdədə gördüm; onlar başlarını qaldıraraq qışqırırdılar: “Nurrr!”
 
Oyandım; gecənin qaranlığında bir müddət əvvəl üzərində təcrübə apardığımız bütöv Ay otağımıza gizli-gizli boylanaraq işıq salırdı. Daşayla bibim şirin yuxuda idi. Beynimdə məni sıxan suala sözün əsl mənasında cavab tapdığımı düşündüm:
 
- Deməli, bütün təsadüflər əslində Nurla bağlıymış! Bizə Nurun köməyi lazımdır!
 
Yuxularımdakı görüntülər və ad isə mənim suallarıma cavab olan açar idi! Sevincimin hədd-hüdudu yox idi: “Səhər oyanan kimi Daşayla gecə mənə əyan olanları bölüşəcəm”, - deyə düşündüm və yenidən çarpayıma uzanaraq dərin yuxuya getdim.
 
***
 
Səhər tezdən Sahilə bibimin gur səsi məni oyatdı; o, həyətdə toyuqları səsləyərək, onları yemləyirdi:
 
- Cip-cip-cip, cipa-cipa-cipa...
 
Otağa göz gəzdirdim, Daşa yox idi; yəqin bibimə yardım edirdi. “Belə getsə, bibim Daşanı qızlığa götürəcək”, deyə öz- özlüyümdə düşünüb gülümsündüm.
 
Əslində, Sahilə bibimin övladı yox idi. Cəmi dörd ayın gəlini olan bibimin həyat yoldaşı qəzada öləndən sonra bibim bütövlüklə dinə sığındı, Allaha yaxın oldu. Gecələr Quran oxuyan, gündüzlər isə namazları ilə Yaradana ibadət edən bu yaşlı qadının yeganə sevinci mən idim: o, məni körpə vaxtımdan saxlayıb, boya-başa çatdırmışdı. İndi isə bibim Daşa ilə də həmsöhbət olurdu və moskvalı qonaq qadını fikirdən və qüssədən xeyli uzaqlaşdırmağa nail olmuşdu.
 
Həyətə endim, bibimlə şən söhbət edən dostumla salamlaşıb, hal- əhval tutdum; əl-üzümü yuduqdan sonra Daşanı bir kənara çəkməyə macal tapdım:
 
- Qulaq as, səninlə işim var! - pıçıldadım.
 
Telepat, öncəgörən Daşa deyəsən Sahilə bibini özünə sipər seçmişdi; müzakirə etmək istəmədiyi mövzuları onun adıyla imzalayırdı.
 
O bərkdən:
 
- Sahilə bibi cücələri yemləməyi tapşırıb!
 
Mən az qala əsəbdən boğulurdum!
 
- Daşa! Biz bura cücə yemləməyə gəlməmişik! Əgər xatırlayırsansa, əzizim, daha vacib işlərimiz və həll olunmamış çətinliklərimiz var! Odur ki, xahiş edirəm, məni dinlə və çalış ki, diqqətli olasan!
 
Daşa bikef halda əlindəki dən dolu mis nimçəni kənara qoydu, həyətdə tut ağacının altında yerləşdirilmiş skamyada əyləşdik.
 
- Mən sənə dünən yarımçıq qalmış söhbəti davam etdirmək istəyirəm, - dedim.
 
Daşa bütün diqqətini mənə yönəltmişdi. Həyəcan içində qıza Hacıqabuldan Bakıya gələn avtobusda Məsmə ilə olan söhbətimi anlatdım. Hiss olunurdu ki, Daşa olduqca fikirli idi; bu gedişatda başqa bir uyğun zaman olsaydı, o, indiki əsəbi halı ilə mütləq siqaret sümürərdi! Amma yaşlı bibimə Daşanın xüsusi hörməti olduğundan, qız zərərli vərdişini məharətlə gizlətmişdi və çox güman ki, ara-sıra, gizli-gizli xəlvətdə çəkirdi; bizdən xəbərsiz. Mən Daşaya Arzunun anası ilə bağlı yarımçıq qalmış söhbətimizi də danışdım:
 
- İqbalın başını ilan başı kimi əzməyə əlimizdə fürsət var, - dedim: - Arzunun on iki yaşlı oğlu atasının qatil olduğunu məhkəmədə söyləyib! İqbal ailəsi ilə uşağı nənəsindən ayırmaq istəyəndə, oğlan bütün həqiqətləri danışıb, lakin anası öldürülərkən az yaşı olduğundan və əlavə şahid olmadığından, məhkəmə bu ifadələrin üzərində çox dayanmayıb.
 
Daşa bir-bir barmaqlarını qatlayaraq şaqqıladadırdı; elə bir təəssürat yaranırdı, sanki qız əllərini indi biləkdən qoparacaq! Uzun sükutdan sonra o, dəniz gözlərini düz gözlərimə zilləyərək qəfil və çox qısa sual ünvanladı:
 
- Nə etmək istəyirsən?
 
Mən birbaşa cavab verdim:
 
- Daşa, sənin ritualına ehtiyac olacaq!
 
Qız sönmüş nəzərlərini yerə dikdi; hiss olunurdu ki, telepat rəfiqəm beynimdə “eşələnir”; mən isə onun istəmədiyi və tərəddüd etdiyi bir məsələnin tam ortasında dayanmışdım.
 
Bir qədər səssizlikdən sonra sükutu dostum pozdu:
 
- Sən çox təhlükəli bir addım atırsan. Bunu bilməlisən!
 
Mən onun nə demək istədiyini gözəl anlayırdım; həmişəki kimi öz simsiz, rabitəsiz vasitəmlə ötürmə etmişdim və fenomen qız artıq bütün düşüncələrimdən xəbərdar idi.
 
- Daşa, biz bunu etməyə məcburuq, əzizim! Bu işdə mənə yalnız sən kömək ola bilərsən!
 
Daşa naəlac halda əllərini yellədi; ayaqlarını bir-birinin üzərində çarpazladı:
 
- Əziz dostum, sən artıq bir dəfə mənə Arzunun ruhu ilə hoqqa göstərdin! Xatırlayırsan?
 
Mən məyyus halda dərsini bilməyən uşaqlar kimi nə deyəcəyimi bilmirdim, odur ki, gözlərimi yerə dikdim. Daşa isə hikkə ilə davam edirdi:
 
- O zaman az qala öləcəkdim! İndi də məni cinlər aləminə qatmaq istəyirsən? Yox əzizim, bu dəfə alınmayacaq!
 
Daşa qaşlarını çatıb ayağa qalxmaq istəyirdi ki, əllərindən yapışdım:
 
- Daşa, mənim səndən başqa məsləhətçim, həmdəmim yoxdur! Bir bax, gör nə qədər düşmənlərimiz var! Biz onsuz da təhlükədəyik, dostum! Kömək üçün vasitə varsa, niyə biz onu sınamamalıyıq? Məgər biz az risk etmişik?
 
Qız düşünürdü. Hiss edirdim ki, danışdıqca onun qəlbinin “sarı simi”nə toxunmağa nail olurdum.
 
Bununla belə, dostum hələ də təslim olmurdu:
 
- Cinlər tayfasına iznsiz baş vurmaq - geri qayıtmamaq deməkdir! Sən özünü də, məni də birbaşa ölümə sürükləyirsən!
 
Mən fikrimdən dönmürdüm! Biz mütləq seans aparmalı, ritualı həyata keçirməliyik!
 
Mən Daşaya Səhər haqqında əlavələr etdim:
 
- Onun qardaşı qızı var, anası avtobusda qızının cinlərlə danışdığını deyir.
 
Daşa yorğun-yorğun əlini gicgahına apardı:
 
- Səhər cinlərin əsarətində olub, o məxluqlar onun ruhunu hələ də tam olaraq rahat buraxmayıblar. Sən ki bilirsən, nakam ruh - qəzəbli ruhdur!
 
Mən qeyri-ixtiyari cavan ölmüş rəfiqələrimi xatırladım. Bir zaman naşı uşaq ağlımızla spiritik seans keçirməyimizlə taleyimizi alt- üst etdik; cavan-cavan yaxınlarımız ard-arda bir-bir həyatlarını itirməyə, bu dünyadan köçməyə başladılar. Birdən-birə mənə vurulmuş Teymurun ruhunu xatırladım. Maraqlıdır ki, zamanında Daşanın tükürpədici etirafı məni həyəcanlandırsa da, xərçəng xəstəliyindən dünyasını dəyişən gənc oğlanla bağlı bütün uşaqlıq xatirələrim bəlkə silindiyindənmi, ya nədirsə, o dərəcədə qorxuya düşmədim. Lakin indi əlimdə əla fürsət vardı və mən Daşayla bu fikrimi bölüşdüm:
 
- Özün demişdin ki, Teymurun ruhu məni qoruyur!
 
- Bəli! - Daşa könülsüz cavab verdi.
 
- Elə isə biz onun ruhundan faydalana bilərik!
 
- Axı necə?! - qız təəccüblə soruşdu.
 
Mən Daşaya daha yaxın əyləşdim:
 
- Biz ikimiz də bilirik ki, astral və real həyatda ruhlar aləmi cinlər tayfasının gücündən qat-qat üstündür!
 
Daşa söylədiklərimə razılıq əlaməti olaraq səssizcə başını yelləyirdi.
 
- Elə isə Teymurun ruhu vasitəsi ilə artıq bizim qorumamız var! Ən azından cinlər bizə zərər verə bilməyəcəklər! – dedim.
 
Daşa köks ötürdü:
 
- Ay qız, Teymur səni sevirdi və ölümündən sonra onun ruhu yalnız səni qoruyur! Bəs məni kim qoruyacaq?
 
Mən sevincək halda dərhal cavab verdim:
 
- Ritual zamanı mən onun ruhundan xahiş edəcəm. İnan mənə, o məni dinləyər. O, ikimizi də qoruyacaq!
 
Bibimin bizi səhər yeməyinə səsləməsi ilə söhbətimizi yarımçıq bitirdik. Amma mən bu danışığımızdan razı qalmışdım. Daşa firiklərimdə olanları həyata keçirəcəkdi...
 
***
 
Ertəsi gün artıq rituala güclü hazırlıqlar gedirdi; Daşa olduqca həyəcanlı idi. Mən əlimdə kağız onun söylədiklərini qeyd edir, arada bildiyim xırda-xurda çatışmayan əşyaları da rəfiqəmə xatırladırdım. Daşa fikirli-fikirli əşyaların adlarını ard-arda sadalıyır, arada mənim bəzi suallarımı qısa şəkildə cavablandırırdı:
 
- Deməli belə: dörd dənə yüzlük mismar, bəli, bəli... ancaq yüzlük olsun, sonra... yeddi ədəd mağara sapı, dörd dənə qara şam...
 
Mən maraqla ona baxdım:
 
- Bu ucqar qəsəbədə qara şamı haradan tapım?
 
Həqiqətən də tərkibində müsəlman qanı olan və sırf xristian ölkələrində tək-tük bilici insanlar tərəfindən ağır spiritüalist ritualları üçün hazırlanan şamlardan nəinki kiçik qəsəbədə, heç ölkənin iri bazarlarında tapmaq mümkün deyildi!
 
Daşa fikirli-fikili üzümə baxdı:
 
- Hə, doğrudan da. Yox, qara şam məndə var... Düzdür, dörd deyil, amma keçinmək olar. Sonra...
 
O, yenə fikrə getdi. Qızın hardasa real həyatdan sanki uzaqda olması açıq-aydın hiss olunurdu.
 
Fenomen satanistin sadiq yoldaşı və bilikli tələbəsi kimi onun köməyinə gəlməyi özümə borc bildim:
 
- Yeddi dəfnə yarpağı!
 
Daşa gülümsündü:
 
- Əzizim, biz qara qüvvələrlə qarşılaşacağıq! Bunu unutma! Dəfnə yarpaqları isə xoş niyyətli ruhların çağırışı zamanı gərək olur!
 
Parapsixoloji bilgimin zəifliyini dərk edərək pərt halda dilləndim:
 
- Bəlkə qızılgül ləçəkləri?
 
Daşa təəccüb içində mənə baxdı:
 
- Əla! Sən bunları haradan bilirsən?
 
Mən həvəslə Hacıqabuldan Bakıya gələrkən avtobusda Məsmənin söylədiyi əhvalatı Daşaya xatırlatdım. Qadının söylədiklərinə əsasən, molla Səhəri ləçəklərlə müalicə edirdi və qız sağalacaqdı! Sadəcə olaraq...
 
Daşa sözümü kəsdi:
 
- Sən çalış alacaqlarımızı yaz və tez bazara get. Ritual zamanı hər şeyi öyrənəcəyik, narahat olma! – dedi.
 
Mən tez-tez qeydlər edirdim və dəqiq olması üçün yaza-yaza bir daha təkrarlayırdım:
 
- Dəmir çərçivəsiz balaca güzgü, pambıq, ağ parça, aha... yarım metrə ağ parça, kağız, iri ağ kağız və göy rəngli qələm...
 
- Qızılgül ləçəklərini isə Sahilə bibinin bağçasından yığarıq, orada onlardan çoxdur! - Daşa əlavə etdi.
 
Mən bibimdən pul alaraq bazara qaçdım, Daşanın bütün söylədiklərini tez bir vaxtda alaraq kefi kök geri qayıtdım. Bibimə əvvəlcədən plana uyğun şəkildə uydurmamızı çatdırdım; biz Hacıqabuldakı rəfiqəmizə baş çəkəcəyik. Aldıqlarım isə onlara hədiyyədir.
 
Bibimin əvvəllər Hacıqabulun harada yerləşdiyini belə bilmədiyim təqdirdə indi niyə belə tez-tez bu rayona üz tutmağımla bağlı sualına qısa cavab verdim:
 
- Rəfiqəm Bakıda yaşayırdı, rayona köçdü.
 
Təbii ki, aldığım əşyaları da öz senzurasından keçirən Sahilə bibi burada da çaşqınlığını gizlətmədi:
 
- A bala, ondansa konfet alardın, bu mismar, sap nədir belə?
 
Gülə-gülə bir gözüm Daşada bibimə cavab verdim:
 
- Narahat olma, bütün aldıqlarım lazımlıdır! Təzə ev alıblar, gərəkləri olacaq! Hər nə ediriksə, yaxşılıq üçün edirik! Düz deyil, Daşa?
 
Daşa üzünü yana tutmuşdu:
 
- Hə, - deyə könülsüz cavab verdi. Hiss olunurdu ki, rəfiqəm bibimə yalan danışmaqla hədsiz mənəvi əziyyət çəkir.
 
Amma həqiqəti bibimə danışmaqla bütün işi korlaya bilərdik! Üstəgəl, Sahilə bibi Daşadan sözün əsl mənasında qorxa bilərdi! Bu isə bizə əsla gərək deyildi! Ən azından hazırkı çıxılmaz durumumuzda bir çox həqiqətləri gizlətməklə biz çətinlikdən qurtuluş yolunu tapa bilərdik ki, ona da çalışırdıq! Odur ki, vicdan aynam par-par parıldayırdı və özümü Daşadan fərqli olaraq günahkar hesab etmirdim!
 
Günortaya yaxın yola hazırlaşırdıq. Sahilə bibim evdən pay- pürüş qoymaq istəsə də, Daşa onu mülayimliklə sakitləşdirdi:
 
- Narahat olmayın, özümüz həll edərik!
 
Evdən çıxaçıxda qaça-qaça evin arxasındakı bağçaya getdim, qızılgülləri tez-tez dərməyə başladım. Bir neçə dəqiqədən sonra artıq Daşayla dayanacaqda avtobus gözləyirdik.
 
Avtobus gəlməklə ona minərək rayona yola düşməyimiz bir oldu! Yol boyu Daşa sakit səslə nəsə pıçıldayır, sanki zümzüməyə bənzər mahnı ifa edirdi. Mən ona mane olmurdum. Çalışırdım ki, beynimdə tam sakitlik yaradaraq, qurduğumuz planı bir daha xatırlayım.
 
Budur, tanış rayon, “Xoş gəlmisiniz!” yazılan yer və meşə!
 
Bəli, “cinli gəlin”in bir zamanlar qətlə yetirildiyi, əzab verildiyi və hazırda məzarda uyuduğu vahimə dolu qarışıq meşə!
 
Biz avtobusdan enər-enməz, Daşa axşam havasını ciyərlərinə çəkərək gözünü yumdu. Bir neçə dəqiqə sükutdan sonra mənə baxaraq dilləndi:
 
- Şər var! Onu hiss edirəm və o yaxındadır!
 
Mən Daşanın son ifadəsindən sonra həyəcanlanmağa başlasam da, özümü ələ aldım, ağır çantamı çiynimdən asaraq, heç nədən qorxmayırmış kimi üzü meşəyə addımlamağa başladım. Daşa ağır addımlarla arxamca gəldi. Meşədə çığırları uzunboylu alaqlar basmışdı; iri-iri kollardan yol açıb keçmək olduqca çətin idi.
 
Biz meşənin dərinliyinə getdikcə hava qaralır, vahiməli səslər çoxalırdı. Yoldan avtobusla keçərkən gördüyüm “cinli gəlin”in qəbri əslində tam meşənin ortasında imiş!
 
Hündür dəmir hasara alınmış qəbrin üstü götürülməmişdi, baş daşını isə adi, kiçik, üstü mamır basmış qaya parçası əvəz edirdi. Mən diqqətlə ərtafa baxdım; qəribə idi, amma sanki hansısa izaholunmaz bir hiss burada bizdən başqa bir varlığın olduğunu deyirdi.
 
Çevirilib Daşaya baxdım. Dostum gözlərini bağlayaraq əllərini çarpazlamış və alnına doğru aparmışdı. Birdən-birə sanki ayaqlarımın üzərindən soyuq kəndirin sürətlə çəkildiyini hiss etdim; göz qırpımında alaqaranlıqda yerə zilləndim - iti sürətlə az qala şütüyən uzun qara ilanı gördüm. Necə qışqırdımsa, bəlkə də yer-göy silkələndi!
 
Rəfiqəm gözlərini açmadan:
 
- Qorxma, o zərərsizdir, - dedi.
 
Daşanın gözlərini yumaraq və arxasını insanlara çevirərək olanları görmək və duymaq qabiliyyətindən xəbərdar idim! Lakin bu məqamda məni düşündürən başqa məsələ idi! Rəfiqəm olduqca soyuqqanlı idi! Bəli, o, artıq astral dünyada idi və reallıqda qalan yalnız mən idim. Belə çıxırdı ki, meşədə qaranlıqda mən tək idim!
 
Bu həqiqətlə barışmamaq üçün ağlıma gələn surələri oxumağa, Qurandan ayələri xatırlamağa cəhd edirdim. Bir müddət sonra hava tam qaraldı. Meşədə qaranlıq lap tez düşür, bu vahimə dolu dəhşət saçan məkanda isə nə meşəbəyi var, nə gözətçi, nə odunçu, nə də ağacdoğrayan...
 
Başımı yuxarı qaldırdım. Səhərin qəbri üzərində iri qoz ağacı sanki nəhəng insan şəklində dayanaraq kənarlara iri qol- budaqlarını açmışdı...
 
Məni fikirdən Daşanın qəribə, xırıltıya bənzər səsi ayırdı:
 
- Şamları yandır... Tələsmə, zamanımız var.
 
Əllərim əsə-əsə çantamda eşələnməyə başladım. Ürəyimdə bütün kainatdakı məxluqları, ibnə, iblis, ifrit tayfalarını lənətləyir, şər qüvvə sahiblərini də onlara qatırdım: “Gör haradayam? Bütün bunlar mənə lazım idi?”
 
Alışqanı Daşa özü uzatdı. Şamı yandırdım, sonra sanki özündə olmayan dostumun az qala amiranə səs tonunun göstərişi ilə ləçəkləri qəbrin ətrafına geniş dairə kimi düzdüm.
 
Daşa anlamadığım dildə ovsun oxuya-oxuya ağ parçanı qəbrin üzərinə sərdi, iri kağızı düz qəbrin baş daşına yaxın yerə qoydu və göy qələmin qapağını açaraq üzərinə şaquli şəkildə yerləşdirdi. Qəbrin ayaq hissəsinə pambıq qoyan Daşa onun üzərini daş parçası ilə örtdü.
 
Bütün bunları qız aram-aram, tələsmədən və ovsun oxuya-oxuya edirdi.
 
Dörd mismarı əlinə alaraq xeyli dəmirlərə baxan rəfiqəm sanki onlarla nə edəcəyini düşünürdü. Sonra qəfil, bir göz qırpımında daş parçası götürərək, mismarları dəmir hasar boyunca dörd istiqamətə vurmağa başladı. Hər yerə mismar çaxdıqda sanki zavallı Səhərin cəsədinə sancılırdı dəmir bizlər! Və hər sancılmada Daşa var gücü ilə qışqırıdı:
 
- La-mey-yosss!
 
Sonuncu mismar çaxıldıqdan sonra Daşanın hardansa uzaqdan qışqırığını eşitdim. Deyəsən, həqiqətən də biz astral ilə real həyatı qarışdırmışdıq. Yanımda ikən pıçıltısını belə duyacağım insanın qışqırığını sanki bir kilometr uzaqdan eşidirdim:
 
- Tez ol, mağaraları ver!
 
Biz köməkləşərək yeddi mağara sapını qəbir boyunca doladıq. Sanki özümüzə qala çəkirmişik kimi mühafizələndikdən sonra Daşa Səhərin başdaşına yaxın yerdə bardaş quraraq oturdu. Şamın zəif işığında ətrafa nəzər saldım. Sapdan çəkdiyimiz sərhəddən digər tərəfdə hər yer sanki nərilti ilə bizi ağuşuna alacaqdı.
 
Daşa mənə ona diqqətlə qulaq asmağımı işarə etdi:
 
- Nə olur-olsun, heç bir halda sapdan kənara çıxma! Yenə təkrarlayıram, biz yalnız burada təhlükəsizik!
 
Mən qorxa-qorxa qəbirə tərəf baxdım. Az qala məndən bir neçə santim aralıda bütün kəndi başına gələn əhvalatı ilə lərzəyə gətirən “cinli gəlin”in məzarı yerləşirdi və çox qəribədir ki, məhz həmin qorxu dolu “lənətli” sayılan qəbirin sahibəsinin “yaxınlığında” biz təhlükədən uzaq idik!
 
Daşa əllərini çarpazlaşdırıb başını göyə qaldırdı, ləngər vura- vura yellənən satanist dostum bütün qüvvəsini toplayır, şər qüvvələrdən ritual üçün izn və güc tələb edirdi. Mən isə öz növbəmdə Allaha yalvarır, beynimdəki müqəddəsləri çağırır, onlardan imdad diləyirdim. Həqiqətən də bizim yardıma ehtiyacımız vardı. Şər qüvvəylə təmasa girərkən onun bizimlə nə cür davranacağı bəlli deyildi.
 
Qəfil Daşa dilləndi:
 
- Kimsən?
 
Daşanın başının üzərində xırıltıya bənzər səs eşidildi. Qoz ağacına tərəf boylandım. Beynimdə öncədən planıma uyğun davrandım. Pıçıltıyla surə oxumağa başladım:
 
- İnsanlardan və cinlərdən, insanların könüllərinə vəsvəsə verən o hiyləgər vəsvəsiçinin şərindən insanların Allahı, insanların hökmranı və insanların Rəbbi olan Allaha sığınıram!
 
Sonra Teymurun ruhunu səslədim. Beynimdə ondan Daşa üçün imdad diləyirdim ki, Daşanın arxaya sıçradığını gördüm. Bizə tərəf qaçan siluet insan formasında idi; lakin bu işıq əslində insan deyildi! Sanki iplərə ilişərək, işıq topasına dönən qığılcım bir göz qırpımında meşəliyin dərinliyinə qərq oldu.
 
Məni titrətmə tutdu. Alnımdan axan soyuq təri silməyə taqətim belə yox idi!
 
Biz ikimiz də eyni anda işıqlı insan cildində silueti gördük. Yox, bu reallıq idi! Bu artıq nə illüziya idi, nə astral, nə də ki paronormal bir hal! Bu gerçəyin məhz özü idi!
 
Lakin bu məxluq və ya varlıq nə idi?!
 
Daşa mənə baxaraq üst-başının tozunu çırpırdı:
 
- Qorxmadın ki?
 
Dilim dolaşa-dolaşa soruşdum:
 
- Nə idi bu?
 
- Bu Səhərin ruhuna qənim kəsilən cindir!
 
Qorxudan dilim-ağzım qurumuşdu. Meşənin vahiməliyində isə uğultuya bənzər, sanki ağlaşma səsini xatırladan səs get-gedə ucalmaqda idi və həyəcanımız bununla bitməyəcəkdi...
 
Ardı var
 
Müəllifdən zəruri qeyd: Hekayədə təsvir edilən ritualı təkrarlamaq qəti olmaz!

Загрузка...
Загрузка...