Əsas missiyasını unudan ATƏT-də anti-Azərbaycan trendi - təşkilat niyə marginallaşır?

Baxış sayı: 
112
1  
0  

 
Güney Qafqazın lider ölkəsi kimi Azərbaycan özünün balanslı xarici siyasət kursunu uğurla davam etdirir. Sirr deyil ki, bu siyasət Qərbdəki bəzi çevrələri, daha çox da erməni lobbisinə bağlı dairələri daima rahatsız edir. Avropanın nüfuzlu qurumlarına belə əlləri çatan bu qüvvələr hər fürsətdəcə, ən müxtəlif bəhanələr və iddialarla ölkəmizə qara yaxmağa, onu gözdən salıb beynəlxalq imicini zədələməyə və nəticə etibarı ilə öz çirkin hədəflərinə çatmağa çalışırlar. Həmin hədəflərdən biri də Azərbaycanı “ikinci sort” dövlətə çevirmək, onun xarici siyasət kursuna ciddi təsir rıçaqları əldə etməkdir.
 
Belə bəhanələrdən biri də ümumbəşəri dəyərlər sayılan insan haqları ilə bağlıdır. Söz yox ki, heç bir ölkədə bu sahədə vəziyyət ideal deyil. Ancaq ən absurdu öz gözlərində “tiri” görməyənlərin Azərbaycan kimi ölkələrin gözündə “tük” axtarmasıdır. Bu iddialara mötəbərlik vermək üçün isə çox vaxt ən məkrli üsullar hesabına insan haqları qurumlarına məsul olan şəxsləri ələ almaqdan belə çəkinmirlər.
 
Söz düşmüşkən, bu arada ATƏT-in baş katibi, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru, ATƏT-in Media Azadlığı üzrə Nümayəndəsi və ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarının yenidən həmin vəzifələrə təyin edilməsi ilə bağlı paket təklif irəli sürülüb. Bəllidir ki, Milli Azlıqlar üzrə Ali Komissar vəzifəsini Harlem Dezir tutur. Bu şəxs isə ölkəmizə qarşı qeyri-obyektiv, selektiv münasibəti ilə yadda qalıb. O, qatı anti-Azərbaycançı və qatı ermənipərəst birisidir. Ölkəmizi sevmir, Azərbaycanı qaralamaq üçün ən kiçicik fürsəti belə qaçırmır, məsələləri qəsdən şişirdir və siyasiləşdirir. Bu səbəbdən tamamilə məntiqlidir ki, müstəqil xarici siyasət yürüdən Azərbaycan ATƏT üzvü olaraq, özünün suveren hüququndan istifadə edərək, Harlem Dezirin yenidən həmin vəzifədə qalması təklifinə qarşı çıxıb.
 
Harlem Dezir Mehman Hüseynova qarşı yeni ittihamdan narahatdır ...
 
Şübhə yox ki, məhz bu səbəbdən H.Dezirin namizədliyini fəal şəkildə dəstəkləyən Avropadakı bəzi qüvvələr özlərinin yaratdıqları və maliyyələşdirdikləri qondarma, sözdə müstəqil, əslində isə həmin siyasi dairələrin maraqlarına qulluq edən marionet qeyri-hökumət təşkilatlarını Azərbaycana qarşı səfərbər ediblər. Beləcə, özlərini demokratik dəyərlərin carçısı kimi təqdim edənlər Dezirin namizədliyindən öz qrup maraqları naminə siyasi təsir vasitəsi kimi yararlanmağa səy edirlər.
Lakin Azərbaycanın xarici siyasətini izləyənlər yaxşı bilirlər ki, suveren və sırf öz milli maraqlarından çıxış edən Azərbaycanla şantaj və hədə dilində danışmaq olmaz. Azərbaycana qarşı bu qəbildən cəhdlər əvvəllər də olub, lakin onların hamısı fiasko ilə bitib, Azərbaycanı öz haqlı mövqeyindən döndərmək mümkün olmayıb.
 
Bir mühüm məqamı da xüsusi vurğulamaq lazım gəlir. Məsələ ondadır ki, ATƏT-də qeyd edilən dörd vəzifənin hamısını Qərbi Avropa ölkələrinin vətəndaşları tutur. Bu da təşkilat daxilində ədalətli, balanslı coğrafi təmsilçilik prinsipinin kobud pozulmasıdır. Əslində ATƏT faktiki surətdə Qərbi Avropanın bəzi dövlətlərinin monopoliyası altındadır. Ancaq təşkilat bir neçə ölkədən ibarət deyil!
 
Bütün bunlar ATƏT-ə inam və etimadı sarsıdır. Və artıq Azərbaycan bu mövqeyində tək deyil. Əlamətdardır ki, Türkiyə və bəzi digər dövlətlər də belə ədalətsiz yanaşma ilə razılaşmır. Onlar da irəli sürülmüş namizədlərlə bağlı etirazlarını bildiriblər. Əfsuslar olsun ki, bu gün ATƏT öz dəyərlərini və prinsiplərini müdafiə etməyi bacarmayan, qeyri-effektiv, “ikili standartlar” və qərəzli yanaşmadan çıxış edən bir təşkilata çevrilib. Bu və digər səbəblərdən ATƏT-in bir təsisat kimi öz fəaliyyətində total geriləmə müşahidə olunur.
 
ATƏT PA-nın qış sessiyasında Ermənistanın təxribatının qarşısı alınıb
 
O sırada ATƏT məkanındakı konfliktlərin həllində illərdir hər hansı ciddi irəliləyiş müşahidə olunmur. Halbuki qurumun əslində siyasi-hərbi, iqtisadi və ətraf mühit, eləcə də insan hüquqları sahələrini ehtiva edən önəmli bir mandatı var. ATƏT isə öz mandatından irəli gələn vacib məsələlərlə məşğul olmaq əvəzinə, bu gün əsas diqqətini hansısa şəxsin vəzifəyə təyin olunmasına yönəldib. Sanki bu qurum ayrı-ayrı şəxslərin karyera pilləsi ilə qalxması üçün təsis edilib.
 
56 üzv və 11 tərəfdaş ölkə ilə ən böyük regional təşkilat sayılan ATƏT bu gün Dezir kimi uğursuz, karyerasının qürub çağını yaşayan qərəzli siyasətçilərin pensiya klubuna çevrilməməlidir. Bu mənada, bəzi ölkələrin bütün güc və səylərini səfərbər edərək H.Dezir kimi qeyri-peşəkar və müstəqil olmayan şəxslərin karyerasının qeydinə qalması acı təəssüf doğurur. Bundan əlavə, belə vacib beynəlxalq vəzifələrə təyinat alan şəxslər müstəqil və obyektiv olmalı, təşkilatın ümumi maraqlarına xidmət etməlidirlər. Amma əgər hansısa siyasi qüvvələr bu şəxsləri bu qədər müdafiə edirsə, əlbəttə, təyin olacağı təqdirdə, onlar həmin siyasi dairələrin siyasi sifarişlərini yerinə yetirəcəklər. Belə olan halda, Azərbaycan kimi üzv ölkələr necə inana və əmin ola bilər ki, ATƏT rəsmiləri öz mandatına uyğun və qərəzsiz fəaliyyət göstərəcəklər?
 
ATƏT-in Minsk qrupu bəyanatı ilə sənə "ağıllı ol, otur yerində" dedi?"
 
Məhz belə yanaşmanın nəticəsidir ki, ATƏT Avrasiya məkanında marginal, nüfuzdan düşmüş bir təşkilata çevrilib. Gerçəkdən də, necə olur ki, vəzifəyə təyin olunma kimi prosedur xarakterli bir məsələyə bu qədər vaxt və enerji sərf edilir, müstəqil mövqe nümayiş etdirən ölkələrə qarşı çirkin oyunlar aparılır, Avrasiya məkanında strateji təhlükəsizlik məsələlərinin həlli isə unudulur. Halbuki həmin qüvvələr H.Dezir kimi şəxslərin təyinatına sərf etdikləri vaxt və resursları beynəlxalq hüququn norma və prinsiplərinə hörmət olunmasına, Azərbaycan ərazilərinin Ermənistan işğalından azad edilməsinə yönəltməlidirlər.
Yeri gəlmişkən, nədən ATƏT bu gün Azərbaycandakı 1 milyondan çox qaçqın və məcburi köçkünün taleyi ilə maraqlanmır, onların öz doğma yurdlarına qayıtması üçün səylər göstərmir? Nə üçün Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəallıq nümayiş etdirmir, ATƏT-in Minsk Qrupunun faktiki, ölü quruma çevrilməsi ilə maraqlanmır? Yaxud nədən o, Avropa media məkanında artan islamafobiya kimi neqativ trendlərə qarşı səylərini səfərbər etmir? Əvəzində isə ictimai əmlakdan sui-istifadə olunması, saxta maaş alması ittihamı ilə 18 aylıq şərti cəzaya məhkum olunmuş H.Dezir kimi birisinin yenidən vəzifəyə təyin olunması məsələsini gündəliyinin prioriteti hesab edir!
 
ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfərlərinin ...
 
Azərbaycan əlbəttə ki, ATƏT daxilində bütün vəzifələrə coğrafi ədalət prinsipi qorunmaqla müstəqil, peşəkar və təcrübəli şəxslər təyin olunmasının tərəfdarıdır. Ən əsası, təşkilat prosedur xarakterli məsələləri bir kənara qoyub, özünün mandatında əks olunan önəmli və substantiv məsələlərə diqqət ayırmalı, Avrasiya məkanındakı vacib rolunu bərpa etməlidir. Əks təqdirdə təşkilatdakı deqradasiya daha da dərinləşəcək...
 
 
 
Musavat.com

Загрузка...
Загрузка...