Şamaxı rəsədxanasının direktoru məhkəməyə verildi

Baxış sayı: 
289
2  
0  

Rəsədxananın aparıcı elmi işçisi Yanoş Məhərrəmov: “Direktorun qanunsuz əməllərinə hüquqi qiymət verilməsə, haqq-ədalət öz yerini tapmayacaq”

Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının aparıcı elmi işçisi Məhərrəmov Yanoş Mahmud oğlunun Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevə ünvanladığı məktubu qəzetimizin ötən saylarında dərc etmişdik. Həmin məktubda Yanoş Məhərrəmov Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, professor Namiq Cəlilovun qanunsuz əməllərindən, rəsədxananı əxlaqsızlıq yuvasına çevirməsindən, bütün rəsədxana elmini ləğv edən sərəncam imzalamasından bəhs edirdi.

Məktubda Ramiz Rzayevə müracitə edən Y.Məhərrəmov “Yeznənizin dediyinə görə, onun arxasında Siz durmusunuz və ona bu işlərdə dəstək verirsiniz...”, - deyə vurğulamışdı. Təəssüf ki, bu məktub nəinki müsbət nəticə verdi, əksinə qəzetimizdə işıq üzü gördükdən sonra Yanoş Məhərrəmova təzyiqlər daha da artdı.

Odur ki, müəllif Şamaxı Rəsədxanasının direktoru Namiq Cəlilova qarşı rayon məhkəməsində iddia qaldırdı. Onun iddia ərizəsini olduğu kimi oxucularımıza təqdim edirik:

“Hörmətli Məhkəmə!

Sizə bildirirəm ki, mən Məhərrəmov Yanoş Mahmud oğlu 2003-cü ildə AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) aspiranturasına qəbul olmuş və elə o vaxtdan bu elmi müəssisədə işə götürülmüşəm. 2007-ci ildə aspirantura (indiki doktorantura) təhsilimi başa vurmuşam. Əmək fəaliyyətim müddətində ŞAR-ın 2-metrlik teleskopunda müşahidələrin öyrənilməsinə ciddi diqqət ayırmış və nəticədə praktiki-astrofizika sahəsində necə deyərlər peşəkarlaşmışam. Nəhayət 2013-cü ildə fizika üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə etmiş və həmin ildən ŞAR-da böyük elmi işçi vəzifəsinə keçirilmişəm. 2015-ci ildən etibarən ŞAR-da aparıcı elmi işçi vəzifəsini icra edən, 2016-cı ildə isə aparıcı elmi işçi vəzifəsinə təsdiq olunmuşam.

Qeyd edirəm ki, elmi fəaliyyətim yüksək olduğuna görə 2015-ci ilin əvvəlində ŞAR-ın elmlər doktoru üzrə doktoranturasına mənim üçün yer sifariş verildi və 2016-cı ildə elmlər doktoru üzrə doktorant kimi rəsmi təsdiq olundum, belə ki, mövzum və elmi məsləhətçim AMEA Rəyasət Heyətində təsdiq edilməklə Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) qeydiyyata alınaraq təsdiqlənmişdir. Mən doktorluq elmi işimi vaxtından əvvəl yerinə yetirdiyimə görə 04 oktyabr 2017-ci il tarixində doktorluq işim üzrə ümumrəsədxana İCMAL seminarını məruzə etməyim məni dinləyənləri qıcıqlandırdı, mənə qarşı gözü-götürməzlik, qısqanclıq və xainlik dərhal özünü elə o seminarda göstərdi, axırda sakitləşib dedilər ki, bu seminarı yenidən etməliyəm. Buna da razılaşdım. Fakt isə odur ki, mənim nüfuzlu xarici jurnallarda elmi məqalələrim kifayət qədərdir və müdafiəm üçün AAK-ın bütün tələblərini ödəyir.

Elə həmin ərəfələrdə (18.10.2017-ci il) dosent elmi adı almaq üçün direktor Namiq Cəlilova müraciət etmişdim və bu ŞAR Elmi Şurasının gündəliyinə daxil edilərək gizli səsvermə keçirildi. ŞAR-da mənə qarşı təxribatlar artıq başladığından Elmi Şuranın iclasında dosentlik seçkisində 8 lehinə, 4 əleyhinə olmaqla ən aşağı göstərici ilə mən dosent elmi adını qazandım və 2018-ci ildə AAK-dan attestatı aldım.

Mən praktiki-astrofizikanın öz məşğul olduğum sahəsi üzrə bir çox yeniliklər əldə etdiyimə və bunlar da dünyanın nüfuzlu elmi jurnallarında nəşr olunduğuna görə dünyanın geniş elmi kontingenti arasında xeyli maraq doğurmuşdur. Ona görə də mənə çoxsaylı dəvətnamələr gəlir və bunlardan biri də Türkiyənin İstanbul Universitetinin “Astronomiya və Kosmos Elmləri” Bölməsindəndir. Oradan mənə dəvətnamə gəldi ki, həmin instituta gedib öz elmi işlərim üzrə məruzəçi qismində çıxış edim. Dəvəti qəbul edərək direktor Namiq Cəlilovu mənə ezamiyyət və yol haqqı verilməsi üçün onu 2018-ci ilin fevral ayında bir təhər razı saldım. Odur ki, fevral ayının maaşları verilərkən ŞAR-ın ezamiyyət fondundan 500 manat pul mənim əmək-haqqı kartıma köçürüldü. Türkiyənin həmin elmi müəssisəsinə ezamiyyətim çox uğurlu oldu. Onlar mənə Azərbaycan və Türkiyənin astronomiya üzrə fəaliyyət göstərən bu iki elmi müəssisəsləri arasında qarşılıqlı elmi əlaqələrin qurulmasına dair rəsmi məktub verdilər və bu məktubu ünvanına (direktora) çatdırdım, təsdiq olunmuş surəti özümdə də var (surətini işə əlavə edirəm). Bundan sonra onlar mənə müxtəlif göy cisimlərinin koordinatlarını göndərdilər ki, qeyd etdikləri elmi əlaqələrə başlayaq. Mən onların göndərdiyi ulduzlardan birinin spektral (3 müxtəlif günlərdə) müşahidələrini apardım. Lakin gördüm ki, bunun üçün əlavə müşahidə vaxtı lazımdır. Ona görə də direktor Namiq Cəlilova müraciət etdim ki, mənə əlavə müşahidə vaxtı versin, lakin o razılaşmadı. Hiss etdim ki, direktor da mənim əleyhimə təbliğat aparan bəzi elmi işçilərə meyllənmişdir. Odur ki, Azərbaycan və Türkiyənin elmi müəssisələri arasında bu qarşılıqlı elmi əlaqələr ŞAR direktorunun təqsiri ucbatından baş tutmadı.

Beləliklə, bundan da əlim üzüldü və mən razılaşdığımız kimi yenidən elmlər doktoru üzrə təkrar İCMAL seminarını məruzə etmək üçün ŞAR direktoru ilə danışıqlar apardım, lakin bu dəfə o razılaşmadı. Mən direktoru xoş sözlərlə şirin dilə tutmağa çalışsam da bu mümkün olmadı. Bu danışıqlarda çoxsaylı fikir mübadilələrimiz və mübahisələrimiz oldu. Mübahisə zamanı direktor mənə bildirdi ki, o, Ali Məhkəmənin sədri Ramiz Rzayevin yaxın qohumudur, odur ki, kefi nə istəyir onu da edəcəkdir və buna görə heç kim ona heç nə edə bilməz. Beləliklə, gördüm ki, direktorun qanunsuz əməllərinə hüquqi qiymət verilməsə haqq-ədalət öz yerini tapmayacaqdır.

Odur ki, 01 iyun 2018-ci ildə ŞAR-ın direktorundan AMEA Prezidenti akademik Akif Əlizadəyə rəsmi qaydada şikayət etdim və xahiş etdim ki, ŞAR-a xüsusi komissiya göndərilsin və mənim iştirakımla direktorun burada törətdiyi çoxsaylı saxtakarlıqları və onun qanunsuz əməllərini araşdırıb onlara hüquqi qiymət versinlər.

AMEA Prezidenti akademik Akif Əlizadəyə ŞAR direktorunun aşağıdakı qanunsuz əməllərindən rəsmi qaydada şikayət etdim:

1) Rəsədxanaya direktor təyin olunan kimi 02 iyul 2015-ci il tarixində 66 saylı əmr imzaladı və bu əmrdə qeyd etdi ki, bundan sonra ŞAR-ın böyük, aparıcı və baş elmi işçiləri, habelə şöbə müdirləri və digər vəzifəli şəxsləri sərbəst iş rejiminə keçirilsinlər və yəni onlar istədikləri vaxt əmək intizamını, işə davamiyyəti pozub işə gəlməyə bilərlər (Sorğu verilərək həmin əmrin təsdiq olunmuş surətinin məhkəməyə təqdim olunmasını xahiş edirəm). Nəticədə ŞAR-da işə davamiyyət çox ciddi şəkildə pozuldu və özbaşınalıq o həddə çatdı ki, məsələn ŞAR-ın Bakı şəhəri Bölməsində quraşdırılmış Turniket sistemi bizim işçilər üçün hər ay 100-150 saat proqul göstərməyə başladı, amma həmin işçilər hər ay tam ştat maaşla təmin olunurlar. ŞAR-ın direktoru verilən sorğulara cavabında sərbəst iş rejimi tətbiqini etiraf etsə də yalandan danışmağa başladı ki, guya bu zaman 8 saatlıq iş vaxtı saxlanılırmış. Sual etdim ki, sərbəst iş rejimində olan bir aparıcı elmi işçi ŞAR-ın Bakı şəhəri Bölməsində işə günorta saat 15.00-da gəlsə, 8 saat işdə olmaqla gecə saat 23.00-a kimi qala bilərmi AMEA-nın binasında? Axşam saat 18.00-da iş vaxtı sona çatır və orada bütün giriş-çıxış qapıları bağlanır axı... Susdular, cavab gəlmədi.

2) Direktor milliyətcə azərbaycanlı olan, amma respublikamızda yaşamayan və astrofizika üzrə çalışan Abid Rzayev adlı şəxsi rəsədxanaya tam oklad işə götürdü və onu hər ay əmək-haqqı ilə təmin etdi. Sonradan belə göründü ki, A.X. Rzayevin həm Rusiya, həm də Azərbaycan vətəndaşlığı – yəni ikili vətəndaşlığı var imiş. Onun Rusiya pasportunu şəxsən görmüşəm. Belə şəxsin bizdə dövlət müəssəsində işlə təmin olunması isə bizim qanunlarımıza ziddir. Direktorun məqsədi xaricdə yaşayan A.X. Rzayevin orada nəşr etdirdiyi elmi məqalələrini ŞAR əməkdaşının məqaləsi adı altında AMEA rəhbərliyinə sırıyıb, elmi nəticələrin sayını illik hesabatlarda yalandan çox göstərmək idi. Birdə ki, sorğu verilməklə A.X.Rzayevin ikili vətəndaşlığı rəsmən təsdiqlənərsə, o qanun qarşısında ciddi məsuliyyətə alına bilər. Amma A.X.Rzayev bu işdə bitərəf qalsa belə fikirdə deyiləm.

3) Direktor 15 sentyabr 2016-cı ildə 188 saylı əmr imzalayaraq heç bir araşdırma aparmadan indiyədək rəsədxanada görülmüş bütün elmi işlərin hamısını səhv və ciddi qüsurlu adlandırmış və bütün rəsədxana elmi aşağılanaraq əsilində dövlətçiliyimizə xəyanət edilmişdir. O vaxt mən də daxil olmaqla rəsədxananın bəzi işçiləri (xüsusilə də prof. Nəriman İsmayılov, dos. Əzizə Həsənova və dos. Əliqulu Xəlilov) bu əmrə qarşı ciddi narazılıq edib 27.09.2016-cı il tarixdə xüsusi iclas çağırdıq və direktorun özünün də o iclasda iştirakını təmin etdik. İclasda təxminən 20 nəfərədək elmi işçi iştirak etdi. Qalanları isə qaçıb gizləndilər (adlarını çəkə bilərəm). Həmin iclasın protokolu tərtib olundu və rəsmi qaydada direktora təqdim edərək tələb etdik ki, həmin biabırçı əmrini təcili ləğv etsin, lakin direktoru buna razı sala bilmədik. Direktor isə öz növbəsində 04 oktyabr 2016-cı ildə 202 saylı yeni əmr imzaladı və buna dair əvvəlki əmri qüvvədə saxlamaqla ona bəzi lazımsız texniki düzəlişlər edib bizləri aldatmaqla məşğul oldu. Hər iki əmrdə göstərildiyi kimi ŞAR elmi işçilərinə “ulduz spektroskopiyası” üzrə öyrədici kursların keçirilməsi, onların “test imtahanı” verməsi, yekunda isə elmi işçilərə direktorun təsdiqi ilə “müşahidəçi sertifikatı” və “müşahidəçi assistenti sertifikatının” verilməsi və s. heç birisi indiyədək həyata keçirilməmişdir. Əsilində biz 4 nəfər buna da ciddi etiraz etmişdik, lakin başqaları üçün də əmrdə göstərilənlər tətbiq olunmadı. Beləliklə, ŞAR direktorunun hər iki əmri indiyədək qüvvədədir.

4) ŞAR direktorunun tapşırığı ilə ekskursiyaya gələn qonaqlar üçün rəsədxanada kserokopiya üsulu ilə saxta çeklər çap edilməyə başladı (surətlərini işə əlavə edirəm, əsilini də göstərə bilərəm). Belə ki, bu sahəyə ayrılmış insanlar (adlarını çəkə bilərəm) o saxta çeklərin üzərində gələn qonaqların ödədiyi pulun məbləğini, ödəniş tarixini tarixini qeyd edir və imzalayıb qonaqlara verirdilər. Mən də direktorun göstərişi ilə ekskursiya bələdçisi işləyirdim və bu saxta çeklərə görə qonaqlar ciddi narazılığını bildirirdilər. Qonaqların bir çoxu onlara verilmiş ödəniş çeklərinin saxta olduğunu başa düşürdülər və bu əsasda onlar rəsədxanada korrupsiya halının baş verdiyini dilə gətirərək həmin saxta çekləri üstümə atıb rəsədxananı və burada çalışanların ünvanına təhqiramiz ifadələr işlədirdilər. Mən də bunu vaxtında direktora dəfələrlə bildirdim, amma o bunu vecinə almadı.

5) Rəsədxanaya gecə vaxtı pozğun qadınlar gətirilirdi. Bəzi maraqlı şəxslər də burada baş verən əxlaqsızlığı videolentə almışdılar. Sonradan eşitdim ki, ŞAR-da baş vermiş belə əxlaqsızlığa dair video-materiallar olduqca çoxlu saydadır. Bu video-materialın birini əldə edə bilmişəm. Buna dair əlavə şahidlər də var. Video-görüntüdə gecə vaxtı saat 02-03 arası rəsədxana alimlərinin yeməkxanasında pozğun insanların hərəkətləri təsvir olunmuşdur. Bir neçə ay əvvəl bununla bağlı da direktora məlumat verdim ki, bu biabırçılıqdır tədbir görməsini ondan xahiş etdim, lakin direktor bu sözümə də əhəmiyyət vermədi. (Videonu diskdə məhkəməyə təqdim edirəm).

6) Direktor əsasən elmi işçiləri (o cümlədən digər işçiləri, həmçinin indi məni də nəzərdə tutub) yaşadığımız xidməti mənzillərdən çıxartdırıb o mənzilləri qonaq evlərinə və həm də yaxınlıqda tikilən Hoteldə çalışan fəhlələrin yataqxanasına çevirib qanunsuz yollarla pul qazanmaqla məşğuldur. Amma həmin pullardan Rəsədxana Elmi və Elmi Əməkdaşları heç bir fayda görmür. Bundan əlavə, rəsədxananın girişində və içərisində qanunsuz alver-ticarət mərkəzləri fəaliyyətə başlamışdır. Direktor Namiq Cəlilovun göstərişi ilə rəsədxananın bayır tərəfdən girişinin yanında olan avtobus-dayanacağı qeyri-qanuni yolla üzərində əlavə hörgü işləri aparılaraq alver mərkəzinə və həm də yuxarıda qeyd etdiyim kimi saxta çeklərin satış kassasına çevrilmişdir (bu obyektlərin şəkillərini çəkmişəm).

7) ŞAR-ın direktoru Namiq Cəlilov Azərbaycan Respublikasının Əmək Qanunvericiliyini də kobud surətdə pozmuşdur. Belə ki, respublikamızın hazırki Əmək Məcəlləsinin 45-ci maddəsinə görə işəgötürən işçi ilə ya müddətsiz, ya da 5 illik əmək müqaviləsi imzalayır. Lakin Namiq Cəlilov ŞAR-a direktor təyin olunandan bəri işçilərlə məcburi qaydada həmin Məcəllənin 47-ci maddəsinin (f) bəndi ilə gah 01 il, gah 1.5 il, sonuncu dəfə isə yenə 01 il əmək müqavilələri bağlamışdır. Hər il əmək müqaviləsi təzələnərmi? O, belə hərəkətlərlə bütün işçilərin tezliklə işdən azad edilə biləcəyi ilə təhdid altında saxlayır ki, onun istənilən özbaşınalığına, çoxsaylı qanunsuz hərəkətlərinə heç kim qorxusundan dinməsin. Bu qanunsuzluqları sadalamaqla artırmaq da olar.

Загрузка...
Загрузка...