​“Şah İsmayıl adında şəxs tanımıram” Fəxrəddin Salim

Mənim üçün belə bir dövlət qurucusu, tarixi şəxsiyyət, qəhrəman, şair-filan yoxdur. Çünki tarixdə müsbət və mənfi xüsusiyyətləri ilə belə qəhrəmanlar çox olub, Şah İsmayıl da onlardan biri.
 
Şah İsmayıl Xətainin barəsində son illər müxtəlif cür fikirlər səsləndirilir. Bu da cəmiyyətdə müəyyən çaşqınlıq yaradır. Şah Xətainin kimliyi, mübarizəsinin əsl mahiyyəti, tutduğu yol, davasını apardığı əqidəsi haqqında fərqli fikirlər olub... Bütün bunlara aydınlıq gətirmək üçün Azərbaycan Milli Konservatoriyasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Fəxrəddin Salimlə söhbətləşdik.
 
- Bir müddətdi ki, Şah İsmayılla bağlı cəmiyyətdə müəyyən fikirlər səsləndirilir, ittiham edirlər...
 
- Qaba da səslənsə əvvəla onu deyim ki, mən Şah İsmayıl adında şəxs tanımıram – mənim tanıdığım Şah Xətaidir. Mənim üçün belə bir dövlət qurucusu, tarixi şəxsiyyət, qəhrəman, şair-filan yoxdur. Çünki tarixdə müsbət və mənfi xüsusiyyətləri ilə belə qəhrəmanlar çox olub, Şah İsmayıl da onlardan biri.
 
Mənim tanıdığım, bağlandığım və məni sizinlə bu müsahibəyə vadar edən şəxsiyyət Şah İsmayıl yox, Şah Xətaidir. Yəni, ikisi də şahdır – İsmayıl da, Xətai də. Amma İsmayıl dediyimiz taxtın şahıdır. Necə ki, bu gün Azərbaycanda Şah İsmayıl deyiləndə ağıla Səfəvilər dövlətinin banisi gəlir. Ancaq Şah Xətai dedikdə tamam ayrı Şah düşünürəm. Mən onun  doğulmamışdan öncə, sağlığında və bu gün nihan dərvişlərindən biriyəm. Deyim ki, bu gün Anadoluda və İran adlanan ərazidə milyonlarla Şah Xətai müridləri yaşayır. Onu niyə üç qisimə böldüm; özündən əvvəlki, öz sağlığında və özündən sonrakı. Çünki dünya üzərində Xorasan ərənləri deyilən bir işıq parıldayır. O işıq bu gün də sönməyib və gedərək daha da artır. Xorasan ərənləri XV əsrə qədər, yəni Şah Xətainin fani dünyaya cismən doğulub gəldiyini gözləyən insanlardır. Elə Hoca Əhməd Yəsəvi, Mövlanə Cəlaləddin Rumi, Yunus Əmrə, Hacı Bektaşi Vəli, nəhayət Şah Fəzlullah Nəimi və Nəsimi - onların hamısı belə bir Şahın zühur edəcəyini bilirdilər. Zatən özü deyir ki:
 
Allah, Allah, deyin qazilər,
 
Qazilər deyən Şah mənəm
 
Yaxın gəlin, səcdə qılın,
 
Qazilər deyən Şah mənəm.
 
 
 
Xətaiəm, ağ atlıyam
 
Mürtəza, Əli zatlıyam
 
Sözü şəkərdən dadlıyam
 
Qazilər deyən Şah mənəm.
 
Qazilər həmin o dərvişlər, Xorasan sufiləridir. Çünki onlar deyirdi ki, gün gələcək bir Şah zühr edəcək.
 
 
Tarixdə iki dəfə ədalətlə, şeytanın barmağı olmadan, sırf ədalətlə siyasi hakimiyyətə gəlmiş-getmiş iki dünyəvi şah olub, biri Həzrəti Əlidir, biri də Şah Xətai. Bunlardan başqa elə bir dünyəvi şah olmayıb ki, həm Allahın, həm də insanın hakimiyyətini bir arada birləşdirə bilsin. Əslində onlar da iki yox, bir nəfər idilər, çünki ikisi də eyni zatdır. Xorasan dərvişlərinin inancına əsasən onlar iki ayrı bədəndə, iki müxtəlif zamanda zühur etmiş eyni ruhun, eyni mahiyyətin daşıyıcıları idi. Şünki Şah Xətai deyirdi ki, mən həmən Əliyəm ki, bu gün Xətai donunda qarşınızdayam.
 
- Xətai adı haqqında bir çox fikirlər, yozumlar var. Əslində necədir?
 
- Mən filologiya üzrə fəlsəfə doktoru adı almaq üçün təqdim etdiyim dissertasiyanın müdafiəsində də belə bir mübahisə düşdü. Orada iştirak edən Əliyar Səfərli və bəzi alimlər müdafiə zamanı əleyhimə çıxış etdilər. Biri deyirdi ki, Xətai sözü Kərbəladakı Hürri İbni Yəzid Riyahinin qəbrini açıb xəta etdiyi üçün deyilir. Onlar belə deyəndə mən də dedim ki, xeyr, o Xətai tarix boyu ərəb hərfi ilə - dəstəli “t” ط ilə yazılıb, yəni günah, səhv anlamında. Ərəb əlifbasında “t”nin iki növü var, biri dəstəli “t” (ط), bir də nöqtəli “t”dir (ت).  Bunların da biri (ط) “ta”dır, digəri də (ت) “tə” dir.
 
Amma son dövr İran nəşrlərinə qədər Xətai sözü nöqtəli “t” - (ت) ilə yazılırdı. Nöqtəli “t” (ت) ilə yazılan “Xəta” sözünün isə heç bir dildə heç bir anlamı yoxdur. Tək mənası əbcəd hesabı ilə 1001 etməsidir. Yəni, Haqq Taalanın min bir adının bir insanda cəm olmasıdır. O min bir adın bu 99 əsmail-hüsna ilə əlaqəsi yoxdur - 99 əsmail-hüsna Qurani Kərimdən və Ərəb dilindən gələn sifətlərdir, isim deyil. Allah sözünün özü belə, isim yox sifətdir. Bu ancaq Əhli irfan inancına əsasən Allahın yer üzündə daşıyıcıları olan insanların adlarıdır – Adəmdən Xatəmə qədər. Hələ min bir tamam olmayıb. Haqq Taala qiyamətə qədər min bir kərə insan cildində yerə gəlir. Şah Xətai deyir ki:
 
Girdim Adəm cisminə
 
Bir kimsə bilməz sirrimi
 
Mən bu Beytullah içində
 
Ta əzəldən var idim.
 
Beytullah Allahın evi deməkdir. Allahın evi haradır? Kəbəmi? Xeyr! Allahın evi insanın bədənidir, insanın qəlbidir. Həmin “min bir” haqqında Yunis Əmrə məşhur “Sordum sarı çiçəyə” şeirində belə deyir:
 
Sordum sarı çiçəyə
 
Adəmi tanırmısın?
 
Çiçək dedi, dərviş baba
 
Adəm mindən biridir. 
 
O “min bir” adının təcəllası həmin o “Xəta” sözündə birləşir. Mənim inandığım, çıxardığım nəticə budur.
 
Fikrimi bitirən kimi Əliyar Səfərli etiraz edərək dedi ki, Xətai sözünün heç “günah”, “səhv” anlamı ilə də əlaqəsi yoxdur. Bu söz Xatay tayfalarının adı ilə bağlıdır, yəni indiki Kitay. Güya Xətainin əcdadları oradan gəlib. Xətaini aparıb Altay dağlarına, Tanrı dağılarına çıxardı.
 
- Fəxrəddin müəllim, Xətaini niyə rahat buraxmırlar, nə istəyirlər?
 
- Əslində heç kim Şah Xətaidən bir şey istəmir. Şah Xətainin özündən soruşmaq lazımdır ki, sən bizdən nə istəyirsən? İstəyən odur. Kimsənin Şah Xətaidən bir şey istəməyə nə gücü, nə də haqqı yetməz. Onu o insandan istəyərlər ki, ərki çatsın, isətdiyini ondan ala biləcəyinə ümidli olsun. Şah Xətai bütün dünyadan ədalət və gözəllik istədi. Ona görə indi onun yaxasını buraxmırlar. Nəsimidən nə istədilər - dərisini soydular. Şah Fəzlullah Nəimidən nə istədilər - paramparça etdilər. Eynilqüzzat Həmədani Miyanəçidən, Yəhya Sührəverdidən, Həllac Mənsurdan, namazda qətl edilən Əlidən nə istədilərsə, bax, Xətaidən də onu istəyirlər. Bu yolnan da onun ləkəsiz işığına pərdə tutmaq, o işığın bu xalqa, bu insanlığa yetişməməsinə nail olmaq istəyirlər. Bu da mümkün deyil.
 
- O vaxtlar adlarını çəkdiyiniz seçilmişlərdən öz dövrünün adamları nəyi istəyirdilərsə, yəqin bugünkü adamlar da Şah Xətaidən onu istəyirlər...
 
- Həzrəti Əlidən Müaviyə, Hüseyndən Yezid nə istəyirdisə, Şah Xətaidən də bugünkülər onu istəyir. Yəni, dünyada heç bir şey dəyişməyib, haq da, batil də öz yerində qalıb. Bunlar heç zaman yerini dəyişməyəcək – nə Allah allahlığından dönən deyil, nə də şeytan şeytanlığından. Siz elə bilirsiniz ki, işığa çamur atmaq istəyənlər bilmirlər ki, Şah Xətai kimdir? İnanın ki, səndən, məndən yaxşı bilirlər. Zatən, bilməsələr o işığı qapatmaq istəməzlər. O işıq onların gözlərini qamaşdırmasa, onların qaranlıq dünyasını aydınlatmasa ona düşmən olmazlar. Bu gün Xətainin varlığı Türkiyədən, İrandan, Ərəb ölkələrindən, ABŞ-dan tutmuş Balkanlara qədər hər kəsi narahat edir. İmkan ola, bir Balkanlara gedək, Arnavutluqdan başlayaq Makedoniyanı, Bosniyanı – təkcə Balkanları deyirəm – bir gəzək. O əhali slavyan qrupuna aid olanlardır, nə türkcə, nə farsca, nə də ərəbcə danışmırlar. Amma hamısı Bektaşilərdir. Ha deyirlər Osmanlı oralara İslamı yaydı, yalan deyirlər, İslamı Hacı Bektaşi Vəlinin müridləri yaydı. Ata-babaları 500 il öncəyə kimi xristian olan insanlar – sayları milyonları keçib – Hacı Bektaşi Vəlidən, Nəsimidən, Şah Xətaidən sonra öncə İslamı qəbul edib, sonra Bektaşi, Hürufi kisvəsi altına girdilər. Onlar bizim bildiyimiz müsəlmanlardan deyil. Osmanlının Avropada qoyub getdiyi müsəlmanların əksəriyyəti indiki fətullahçılardır. Amma yuxarıda adını çəkdiyim ölkələrin insanları indiki müsəlmanlardan deyil, onlar Eşq əhlidir, Nəiminin, Nəsimin elminə varid olanlardır. Onlar gündə beş vaxt namaz qılıb, ildə bir dəfə oruc tutmaqla qane olan insanlar deyil. Heç türkcə bilməyən arnavudlular və adlarını saydığım digəriləri Xətainin şeirlərini Azərbaycan dilində oxuyub, saz çalırlar...
 
- Bəs bizdə necə, Şah Xətaini sevib yolu ilə gedənlər, yoxsa sevməyənlər, hansı çoxluq təşkil edir?
 
- Heç biri. Onun burada nə düşməni var, nə də dostu. Çünki ona dost və düşmən olacaq qədər yetkinliyimiz yoxdur. Ancaq Anadoluda belə deyil... Hələ Şəms Təbrizinin diyarı olan Təbrizin dərinliyini demirəm, səbəbi də bizim o səviyyəyə boy göstərə bilməməyimizdir. Əgər o dərinliyə düşərsək, həmən boğularıq. Dayaz yerdə üzərək Anadolunu nümunə çəkdim. Şah Xətai hələ doğulmamışdı, artıq onun müjdəsi ilə Anadolu torpaqlarında Qızılbaşlar ayağa qalxdılar.
 
Bu gün İran dövlət olaraq Xətaiçiliyə böyük xəyanət edir. Bunlar Anadoludakı Xətaiçiliyi şiəliklə eyniləşdirirlər. Ələvi dədələrini Kərbəlaya ziyarətə aparırlar. Onların Kərbəlada nə işiləri var? Yavuzdan başlayaraq Osmanlının Ələvilərə basqısından istifadə edib onlarda İran sevgisi yaratmaq istəyirlər. Ən nəhayət də Şah Xətaini İran şahı kimi qələmə vermək istəyirlər. Bir az də keçsə ona fars deyəcəklər.
 
- Hətta deyirlər və yazırlar ki, şiəçiliyi Şah Xətai yaradıb...
 
- Onu deyən səhv edir. Bəli, bu Səfəvilərin dövründə baş verdi, ancaq Şah Xətainin sağlığında yox. Şah Abbasın hakimiyyətinin yarısına qədər olan müddətdə Aşura mərasimləri indiki kimi keçirilmirdi. Bu gün Azəraycanda və İranda qeyd edilən Aşura mərasimlərində zəncir vurub ağlayırlar. Gəl görüm Fəxrəddin Salim həmin gün sazını götürüb getsin ora. Gör o sazı onun başına vururlar, ya yox? Amma Şah Xətainin sağlığında dində haram sayılan uzun olan bığların sahibləri, dində haramın haramı sayılan ərəb dilində “zina” sözü ilə həmqafiyə olan “ğina” – yəni, nəğməni, musiqini haram bilənlərin gözü qarşısında Şah Xətai və onun dərvişləri Aşura günü saz çalardı. Həmin işi indi Anadoluda Ələvilər görür. Görün onlar zəncir vurur, yoxsa saz çalırlar. Sizcə hansı məqbuldur? Bəli, zənciri şiələr vurur. Amma Hüseyni sazda yad edib, semah edənlər həmin o ələvi sufiləridir.
 
- Araşdırmalarımız zamanı bəlli oldu ki, Çaldıran döyüşü haqqında Azərbaycan,Türkiyə və İranın tarix dərsliklərində eyni bir olay haqqında ziddiyətli fikirlər var. Sizcə bunu niyə belə edirlər?
 
- Bu ziddiyət əbədi davam edəcək. Çünki Xətai haqqı deyib. Görün, Xətai kimlərin ümidinə qalıb? Bir az da qabağa gedib, konfranslar keçirərək Xətai ilə Yavuzu barışdırmaq istəyirlər. Əgər bu gün Xətai onlara belə problem olmasaydı Rəcəb Tayyib Ərdoğan Bosfor boğazında inşa olunan üçüncü körpünün adını “Yavuz Sultan Səlim” körpüsü qoymazdı. Türk dövlətinin Atatürkdən bu günə kimi həmişə hörmət etdikləri dədələr bu olaydan çox incidilər. Onlar deyirlər ki, bəyəm Osmanlıda sultan yoxdur? Niyə Şah Xətaiçilərin acığına körpünün adını Yavuz Sultan Səlim qoyur? Bunu da bilərəkdən edirlər.
 
- Bu da bir tarixdir...
 
- Baxın, Xətai də Yavuz, Sultan Murad, Qızıl Arslan və digəriləri kimi tarix olub qalardı, əgər bu gün Xətaiçilər olmasaydı. Bu gün Məhəmməd Əmin Rəsulzadə tarixdir, çünki rəsulzadəçilər yoxdur. Bu gün Əbülfəz Elçibəy tarixdir, çünki elçibəyçilərin əksəriyyəti Milli Məclisdədir, beş-on nəfər həqiqi elçibəyçilər də yavan çörəyə möhtacdır. Bu gün dünyada Xətaiçiyəm deyənlərin, Xətaini yaşadanların – şiə yox haa – sayı əlli milyonu keçib. Bunlarla müqayisədə Şah Xətai diridir, çünki onun yolunu davam etdirən Xətaiçilər var.
 
Rəşad Sahil

Загрузка...
Загрузка...