​Sabiq prezidenti 11 illik həbsə göndərən “qanundankənar oğru” - Əzizi tuta bilmirlər...

Baxış sayı: 
136
2  
0  

 
Bu həftənin əvvəlində Qırğızıstan paytaxtı Bişkekin Pervomaysk rayon məhkəməsi sabiq prezident Almazbek Atambayevə 11 il 2 aylıq azadlıqdan məhrumetmə cəzası kəsib. Musavat.com xəbər verir ki, keçmiş dövlət başçısı 2013-cü ildə kriminal avtoritet Əziz Batukayevi həbsdən saxta tibbi sənədlər əsasında qanunsuz buraxdırmaqda təqsirli bilinib.
 
Məhkəmə qərarı sabiq prezidentin dövlət təltiflərindən məhrum edilməsini, əmlakının bir hissəsinin müsadirə olunmasını da nəzərdə tutur.
 
Almazbek Atambayev prezident postunu 2011-2017-ci illərdə tutub. 2019-cu il avqustun 8-də həbs edilib. Həbsdən bir gün öncə, avqustun 7-də hüquq mühafizə orqanlarının əməkdaşları sabiq prezidenti tutmaq istəyərkən silahlı müqavimətlə üzləşiblər, Milli Təhlükəsizlik Komitəsinin bir zabiti həlak olub. Almazbek Atambayevə bu qarşıdurma ilə bağlı əlavə cinayət işi açılıb.
 
Sabiq prezidentin vəkili deyib ki, onlar Atambayevə çıxarılan hökmü ədalətli hesab etmirlər və qərardan apelyasiya şikayəti verəcəklər.
 
Yada salaq ki, Atambayev ötən ilin avqustunda həbs edilib. Maraqlıdır ki, o, həbsindən bir neçə gün əvvəl Moskvada Rusiya prezidenti Vladmir Putinlə görüşmüşdü. Həmin ərəfədə Qırğızıstanın hazırkı prezidenti Sooranbay Jeenbekov də Kremldə olub. İddia olunur ki, Rusiya prezidenti Atambayev üçün hazırkı prezidentdən xahiş edib. Amma Sooranbay Jeenbekovun cavabları və arqumentləri daha tutarlı olub və Atambayev Kremldən əliboş qayıdıb.
 
Keçmiş prezidentin kriminal avtoritet Əziz Batukayevi həbsdən qanunsuz azad etmək müqabilində 1,5 milyon dollar rüşvət aldığı deyilir.
 
Cinayət aləmi hələ 1993-cü ildə Moskvada “qanuni oğru” adı alan Əzizin tacını tanımayıb. İddialar var ki, “samozvanets”i cəzalandırmaq üçün dövrün ən tanınmış kriminal “general”ları - “Dato Taşkentski” və “Yaponçik” onunla görüşüblər də. Amma fakt faktlığında qalır ki, o, son illərədək Qırğızıstanda yeganə “qanuni oğru” hesab edilib. Əziz başına topladığı adamlara da “qanuni oğru” ideyası ilə yaşamağı deyil, “blatnoy” - “yaxşı oğlan” olmağı tövsiyə edib. Məhz bu səbəbdən onu bəzi hallarda “vor vne zakona” (“qanundankənar oğru”) da adlandırırlar. Onun haqqında “Çuy Al Kaponesi”, “Mərkəzi Asiyanın smotryayuşisi” kimi epitetlər də işlənib.
 
Əziz Batukayev 1966-cı il aprelin 30-da Qırğızıstanın Tokmak Çuy vilayətində doğulub. 1990-cı ildə rəhbərlik etdiyi klan əsasən narkoticarət, reket və sifarişli qətllər həyata keçirib. Çuy vilayətinin cənubuna tam nəzarət edən Əzizin özünü İssık-Kulun ağası sayan Rıspek Akmatbayevlə konflikti yaranıb və bu, onların ikisinin də taleyini dəyişən qatı düşmənçiliyə çevrilib.
 
Əzizin böyük qardaşı, klanın əsas üzvlərindən olan Alaudin 2002-ci ildə Tokmak şəkər zavodunda güllələnib. Dəfn mərasimində Əzizin özünü də öldürmək istəyirlər, onun “Mersedes”i güllələrdən deşik-deşik olsa da, özü salamat qala bilir, amma iki yaxın qohumunu itirir. 2003-cü ilin noyabrında onun yeznəsi Xavadji Zaurbekov da bu amansız düşmənçiliyin qurbanı olur.
 
Rıspek də bu müharibədə çox yaxın adamlarını itirir. Onun gənc yaxın qohumu gecə barından çıxarkən öldürülür. Sonra onun maşını əvvəl qumbaraatanla atəşə tutulur. O, daha bir sui-qəsddə yaralansa da, aradan çıxa bilir. Nəhayət, qana-qan günü də yetişir və bu hadisə bütün kriminal aləmin diqqətini Əzizə yönəldir. Hələ də bir çox sirləri açılmayan həmin hadisənin təfərrüatlarını oxuculara təqdim edirik.
 
2005-ci il oktyabr ayının 15-də Qırğızıstanın paytaxtı Bişkekdən 2 kilometr aralıda yerləşən Moldavanovkadakı həbsxanada qiyam baş verir. Dustaqlar həbsxana rəisinin məhbuslarla qəddar davranışına etiraz olaraq qiyama qalxırlar. Bu hadisə ölkədə ciddi rezonans doğurur və bəzi həbsxana rəisləri işdən qovulur. Ölkə parlamentində müdafiə və hüquq-mühafizə orqanları ilə iş üzrə komitəyə rəhbərlik edən deputat Tınıçbek Akmatbayev oktyabrın 19-da qiyamdan sonrakı vəziyyətlə bağlı parlamentdə məruzə etmək üçün şəxsi mühafizəsi, köməkçiləri, prokurorluq əməkdaşı ilə 31 saylı həbsxanaya gedir. Onu Penitensiar Xidmətin rəisi İkmatulla Polatov da müşayiət edir. Həbsxana rəhbərliyi deputatın bu kolona getməməsi üçün müraciət etsə də, komitə sədri inad edir. Deputatın nəyə görə 31 saylı həbsxanaya getmək israrı məlum idi. Çünki onun qardaşı Rıspekin qatı düşməni, narkotik alverinə görə tutulan Əziz məhz həmin həbsxanada cəza çəkirdi...
 
Oktyabrın 19-da səhər deputat və onu müşayiət edən 5 nəfərlə 31 saylı kolona gedirlər. Deputatın yanında olanlar və mühafizəçisi qanunlara zidd olaraq “zon”a silahla girir. Məlumata görə, deputat burada dustaqlarla sərt dildə danışır. Onlar kolonun çıxış qapısına gələrkən dustaqlarla dava düşür. Silahlı qarşıdurmada deputat və onun yanındakılar öldürülür, həbsxana rəisi isə ağır yaralanır. Məhkəmə baş verənlərdə Əziz Batukayevi günahlandıraraq ona 16 il 8 ay 15 gün həbs cəzası verir.
 
Onun azadlığa buraxılması üçün xüsusilə Çeçenistan prezidenti Ramzan Kadırovun ciddi iş gördüyü deyilirdi. Mətbuat yazırdı ki, hakimiyyətin Əzizi xəstə adı ilə (onun leykoz və serrozdan əziyyət çəkdiyi deyilirdi) buraxılması, sadəcə, gülməli bəhanədir.
 
...2013-cü ilin martında onu azadlığa buraxanda həkimləri deyirdi ki, Batukayevin sayılı günləri qalıb. O vaxtdan 7 il keçib və indi axtarışda olan Batukayev sağ-salamat azadlıqdadır, onun yerinə indi türmədə cəzanı eks-prezident Atambayev çəkir...
 
Orxan Əliyev,
Musavat.com
 
 

Загрузка...
Загрузка...