Rusiyadan daha çox ehtiyatlanmalıyıq, ya İrandan - ekspertlərdən ilginc yanaşmalar

Baxış sayı: 
132
3  
0  

 
Bir çox hallarda şimal qonşumuz Rusiya Azərbaycanın təhlükəsizliyini təhdid edən ölkə olaraq vurğulanır. Bu fikirdə olan ekspertlər yaxın və uzaq tarixdə baş vermiş faciələri, Rusiyanın Azərbaycan ərazilərini işğal etməsini, yaxud ermənilərin arxasında dayanaraq, onlara hərtərəfli dəstək verərək torpaqlarımızın ilhaqında yer almasını xatırladırlar.
 
Təbii ki, Azərbaycanın başına gətirilən müsibətlərdə Rusiya faktorunu danmaq mümkün deyil. Elə bu gün Rusiyanın təsir dairəsində olan forpost Ermənistanın işğala son qoymamasının əsas səbəblərindən biri Moskvanın laqeyd münasibətidir. Ancaq bir sıra ekspertlər hesab edir ki, Rusiya amili çox şişirdilir, xüsusilə də prezidentlər səviyyəsində dostluq münasibətlərinin olması, qarşılıqlı əlaqələrin gündən-günə yüksəlməsi halında bu barədə danışmaq o qədər təəccüblü görünə bilər. Bunu da vurğulamaqda fayda var ki, Azərbaycanın başına gətirilən faciələr Çar Rusiyasının dövründə və ya Sovet Rusiyasının dövrünə təsadüf edib. Bu mənada ümid var ki, artıq fərqli Rusiya var qonşuluğumuzda. Elə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiya rəhbərliyi tərəfindən ən yüksək səviyyədə qəbul olunması, ikitərəfli əlaqələrlə bağlı səslənən fikirlər, Rusiya hökumət nümayəndələrinin Bakıya səfərləri və s. faktlar əlaqələrin inkişafından xəbər verir.
 
Bəzi müşahidəçilərsə hesab edir ki, Rusiya təhdidindən danışarkən İran amilinin unudulmaması da lazımdır. Etiraf olunmalıdır ki,  İrandakı bəzi qüvvələrin din amilindən istifadə edərək Azərbaycanda hansısa əməllər törətməyə çalışdığını yaxın illərdə görmüşük. Eyni zamanda İran işğalçı Ermənistan üçün “nəfəslik” rolunu oynayır. Rusiya Ermənistanla həmsərhəd deyil, amma müsəlman İran işğalçı ölkəyə qapılarını taybatay açıb. Hər halda, bütün bunlar fərqli mövqedə olan ekspertlərin fikirləridir. Düzdür, son illərdə həm Rusiya, həm də İranla əlaqələr genişlənməkdədir. Azərbaycan bütün normal ölkələrlə əlaqələrdə maraqlıdır və bunu müxtəlif formatlarda iştirakı ilə sübut edib. Hətta İran və Rusiyaya qarşı Azərbaycandan istifadə etmək istəyən güclərə də Bakı daim mənfi cavab verib.
 
“Həm Rusiya, həm də İran bizim üçün ən yaxın qonşu dövlətlərdir. Orada bəzi qrupların Azərbaycana yönəlik siyasətində bizi narazı salan, narahat edən ciddi məqamlar əlbəttə ki, mövcuddur. Lakin bu dövlətlərin siyasəti Azərbaycanla mehriban qonşuluq siyasətinə uyğun gəldiyi həddə qədər bizim onlarla hansısa problem yaşamamız mümkün deyil”.
 
Fazil Mustafa canlı ile ilgili görsel sonucu
 
Bu fikirləri qəzetimizə BQP başqanı, deputat Fazil Mustafa söylədi. BQP başqanın sözlərinə görə, çalışmalıyıq ki, həmin ölkələrin bəzi ünsürlərinin Azərbaycana qarşı dostluğa uyğun gəlməyən davranışları münasibətlərimizin korlanmasına rəvac verməsin: “Çünki bütün qonşular üçün ən yaxşı resept dostluq münasibətləridir. Bütün hallarda ehtiyatlı davranmaq bizim mövcudluq prinsipimizin əsasını təşkil edir. Həm də bu yalnız Rusiya və ya İranla münasibətlərdə deyil, digər böyük güclərlə münasibətdə də izləməmiz vacib olan prinsipdir”.
 
 
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə qəzetimizə bildirdi ki, Ermənistanı çıxmaq şərtilə, bizim qonşuların heç biri ilə münasibətlərimizdə ciddi problemlər yoxdur: “Tam əksinə, bütün çətinliklərə baxmayaraq, bizim qonşularla əməkdaşlığımız davam edir. Məsələn, Məsələn, İranı götürün, bu günlərdə Baş nazirin müavini Şahin Mustafayev İranda olmuşdu. Baxmayaraq ki, ABŞ-ın sərt sanksiyaları var, Azərbaycan – İran iqtisadi-ticarət əməkdaşlığı inkişaf edir, qarşılıqlı investisiyalar var. İran sahibkarları bizim ölkədə zavod tikir, biz oraya investisiyalar yatırırıq. Biz bu əlaqələrin inkişafında maraqlıyıq. Eynilə Rusiya ilə də iqtisadi-ticarət əlaqələri inkişaf edir, siyasi təmaslar yüksək səviyyədədir. Mehriban xanım Əliyevanın Moskvaya çox yüksək səviyyəli səfəri oldu, əməkdaşlıq məsələləri ən yüksə k səviyyədə müzakirə olundu. Həmçinin Sergey Lavrov Bakıya gəldi. Düzdür, Qarabağ məsələsinin həlli ilə bağlı tutarlıq fikirlər söyləmədi. Amma dedi ki, Azərbaycan Rusiyadan yenə də hərbi texnika ala bilər. Dolayısı ilə söylədiyi bu fikirlər də Ermənisanın maraqlarına toxunur. Ermənistan istəmir ki, Rusiya Azərbaycana silah satsın. Ardınca Rusiya İqtisadi İnkişaf naziri Maksim Oreşkin Bakıya gəldi. Bildirildi ki, Azərbaycanla əmtəə dövriyyəsi 30 faiz artıb. Bu da yüksək göstəricidir. Yəni Rusiya və İrandan qorxmaq lazım deyil. Əksinə, əməkdaşlığın inkişafı olarsa, İran və Rusiya da Azərbaycanda əməkdaşlığın inkişafında və Azərbaycandakı sabitlikdə maraqlı olacaq. Yeganə şərt odur ki, biz Rusiya və İranın daxili işlərinə qarışmayaq, Rusiya və İran da bizim daxili işlərimizə qarışmasın”.
 

 
Politoloq Hikmət Hacızadə “Yeni Müsavat”a bildirdi ki, Rusiya daha güclüdür: “İndi Putin durmadan SSRİ məkanını yenə bu və ya digər formada bərpa etmək istəyir. Rusiya prezidenti açıq şəkildə bu barədə danışır. Bu yaxınlarda çıxışında belə bir cümlə işlədib: “Biz ərazimizin 41% itirmişık!” Burada söhbət əlbəttə ki, müstəqilliyini qazanmış keçmiş sovet respublikalardan gedir. Bunu da qeyd edək ki, Rusiya söz-söhbətlə kifayətlənmir. Gürcüstanda, Ukraynada, Qarabağda, Moldovada apardığı əməliyyatlar bunun sübutudur”.
 
Rusiyada fəaliyyət göstərən “Patriot TV”-nin rəhbəri, ehtiyatda olan polkovnik-leytenant Ceyhun Əliyev “Yeni Müsavat”a bildirdi ki, son bir necə ayda Rusiya və Azərbaycan arasında münasibətlərdə yaxşı mənada anlaşma hiss olunur: “Statistikaya baxsaq, görərik ki, prezidentlərin Valday Diskussiya Klubundakı görüşü, İlham Əliyevin çox qətiyyətli çıxışı, həmçinin Aşqabad görüşündəki nitqi tam səkildə həm Rusiya ictimaiyyəti və dövlət məmurları tərəfindən dəstəklənir. Son bir neçə ayda Azərbaycanda aparılan kadr islahatları bu məsələlərə daha müsbət təsirini göstərib. Biz Dağlıq Qarabağ məsələsinin həllində də Rusiyanin son aylarda fəallaşdığını hiss edirik. Belə ki, Rusiya xarici işlər naziri Serqey Lavrov bir neçə dəfə Bakıda və İrəvanda görüşlər keçirib. Bu yaxınlarda Azərbaycana iki günlük səfər edib. Eyni zamanda Rusiya müdafiə naziri, ordu generali Serqey Şoyqunun Bakı səfəri, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generali V.Gerasimovun ikinci dəfə Bakıda NATO qoşunlarinin komandanı ilə görüşünü qeyd etmək lazımdır. Bütün bunlar bir daha Rusiyanin siyasi dairələrində Azərbaycana qarşi mövqenin dəyişməsindən xəbər verir. Bildiyimiz kimi, noyabr ayinda 10-cu Rusiya Azərbaycan Regionlararası İqtisadi Forum keçirildi, bir çox sənədlərə imza atildi. Rusiyanin iqtisadi inkişaf naziri Mixail Oreşkin çıxışında qeyd etdi ki, Azərbaycanla son 9 ayda aliş-veriş dövriyyəsi, Avrasiya İttifaqina daxil olan bütün dövlətlərlə müqayisədə çoxdur. Bütün bunlar onu göstərir ki, bu əgər belə davam edərsə, biz 2020-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həllində konkret dəyişiklərin baş verməsinin şahidi ola bilərik”.
 
Hər halda bütün bunlar ekspertlərimizin fərqli mövqeləridir. Azərbaycanın heç bir ölkəyə qarşı ərazi iddiaları yoxdur və mehriban qonşuluq şəraitində yaşamaq istəyir. Ancaq yetər ki, qonşular da bunu istəsin...
 
Cavid TURAN,
“Yeni Müsavat”

Загрузка...
Загрузка...