Rusiyada növbədənkənar prezident seçkiləri keçirilə bilər

Baxış sayı: 
143
2  
1  

Şahin Cəfərli: "Rusiyada baş verən siyasi dəyişikliklər postsovet məkanına da təsir edir və presedent yaradır"
 
Elxan Şahinoğlu: "Medvedyev baş nazir kimi zəif fiqur idi, Putinin isə daha çevik baş nazirə ehtiyacı var"
 
Məhəmməd Əsədullazadə: "Putin bilir ki, özündən sonra güclü prezident postu mümkün deyil və növbəti Yeltsin dövrünə qayışıdış ola bilər"
 
Rusiya prezidenti Vladimir Putin bugünlərdə jurnalistlərə verdiyi açıqlamada konstitusiyada bəzi düzəlişlərin ictimai müzakirəyə çıxarılmasının vacibliyini vurğulayıb. Bu barədə axar.az-da yer alan informasiyaya görə, Putin həmçinin prezidentliyə namizədlərə qarşı tələblərin sərtləşdirilməsini təklif edib. O, namizədlərin ölkədə minimum 25 il yaşaması gərəkdiyini və heç vaxt başqa ölkə vətəndaşı olmamasını istəyib və ölkənin güclü prezident respublikası olaraq qalması gərəkdiyini bildirib. Bundan sonra isə Putin konstitusiya dəyişiklikləri ilə bağlı işçi qrupunun yaradılması barədə qərar imzalayıb. Ardınca Rusiya prezidenti hökuməti istefaya göndərib. Beləliklə də Putin erməni əsilli Mixail Mişustinin Dmitri Medvedyevin yerinə baş nazir təyin olıunması ilə bağlı sərəncam imzalayıb. Medvedyevi isə Təhlükəsizlik Şurasının sədrinin müavini təyin edib.
 
Məsələ ilə bağlı mövqeyini bildirən Siyasi Texnologiyalar Mərkəzinin birinci vitse-prezidenti, Rusiya Ali İqtisadiyyat Məktəbinin professoru Aleksey Makarkin hesab edir ki, bu gün Dmitri Medvedyev Rusiyanın sabiq baş naziri Viktor Çernomırdinin taleyini yaşayır: "Çernomırdini 1998-ci ilin martında necə istefaya göndərdiklərini xatırlayıram. O zaman Yeltsin ona 2000-ci ilin seçkisinə siyasi hazırlıqla məşğul olmağı təklif etdi. Reallıqda bu, tam oyun idi. İndi Medvedyev Təhlükəsizlik Şurasının sədrinin müavini olacaq. Yenidən yaradılan vəzifə fəxri, hakim elitanın saxlanılmasını təmin edir, amma bu vəzifə müstəqil deyil. İstefaya göndərilənin xələfi olmaq çox çətindir, hansı ki, bu şəxsin həyata keçirdiyi təqaüd reformları hələ də ictimai fikirdə unudulmayıb".
 
"Putinin hakimiyyətdən tamamilə əl çəkib, təqaüdçü kimi öz köşəsinə çəkilməsini gözləmək sadəlövhlük olar"
 
Картинки по запросу Şahin Cəfərli
 
Beləliklə, "Hürriyyət" xəbər verir ki, Rusiyanın parlament-prezident üsul-idarəsinə keçdiyini deyən politoloq Şahin Cəfərlinin sözlərinə görə, şimal qonşumuz prezident respublikası olaraq qalır, lakin ölkənin idarəetmə sistemində qanunverici orqanın rolu gücləndirilir. O, bildirib ki, bu məqsədlə Dövlət Duması və Federasiya Şurasının səlahiyyətləri artırılacaq: "Hökuməti artıq prezident yox, parlament formalaşdıracaq, baş naziri də prezident təyin etməyəcək, parlament seçəcək. ABŞ-da olduğu kimi, bir şəxs yalnız iki dəfə prezident ola biləcək. Yəni 2 dəfə ardıcıl prezident vəzifəsini tutub, sonra növbəti müddət namizəd olmayıb, ondan sonra təkrar prezidentliyə namizəd olmağın önü kəsilir. Konstitusiya Məhkəməsinin qanunvercilik prosesinə nəzarəti təmin ediləcək". Politoloqun fikrincə, Vladimir Putinə inansaq, hazırda kağız üzərində mövcud olan federalizmin də idarəçilikdə real olaraq əksini tapması, ədəmi mərkəziyyətin (desentralizasiya) təmin olunaraq yerli hakimiyyətlərin (qubernatorlar, bələdiyyələr) səlahiyyətlərinin genişləndirilməsi nəzərdə tutulur: "Referenduma çıxarılacaq bu təkliflərə şübhəsiz ki, "2024-cü il problemi" kontekstində yanaşmaq lazımdır. Bilirsiniz ki, 2024-cü ildə Putinin səlahiyyət müddəti başa çatır və o, prezidentliyə namizəd ola bilməyəcək. Putinin hakimiyyətdən tamamilə əl çəkib, təqaüdçü kimi öz köşəsinə çəkilməsini gözləmək sadəlövhlük olar. Hərçənd, həyatdır, ağır xəstəlik və digər fors major situasiyanın yaranmasını da tam istisna etmək olmaz. Kreml siyasi texnoloqları (Vayno - Kiriyenko) xeyli vaxt idi Putinin prezidentlikdən getsə də, hakimiyyətdə qalmasının formulunu axtarırdı. Belə görünür ki, tapıblar. İki mümkün variant var. Birincisi, Putinin yenidən baş nazir olması, amma bu dəfə real səlahiyyətlərlə. İkincisi isə Dövlət Şurasına sədr seçilməsi. Çıxışında Putin Dövlət Şurasının rolunun və statusunun Konstitusiyada təsbit olunması təklifi ilə çıxış etdi. Hazırda Şura konstitusion orqan deyil, prezident yanında məşvərətçi orqandır. Şuraya prezident sədrlik edir, Federasiya Şurasının sədri, Dövlət Dumasının sədri, ali vəzifəli şəxslər (ali icra orqanlarının rəhbərləri), Dumadakı fraksiyaların rəhbərləri, federasiya subyektlərinin başçıları Şuranın üzvləridir. Əgər Konstitusiya dəyişikliyi ilə bu orqan prezidentin tabeliyindən çıxarılaraq, səlahiyyətli və prezident üstü dövlət institutuna çevrilərsə, onda Nazarbayev modelinə oxşar şəkildə Putin Dövlət Şurasının sədri - həm icra, həm də qanunverici hakimiyyət qollarının fəaliyyətini əlaqələndirən, onlara rəhbərlik edən ali lider qismində Rusiya dövlət idarəçiliyi sistemində öz yerini ala bilər. Əslində ilk variant mənə daha ağlabatan gəlir, amma belə görünür ki, Putin Dövlət Şurasına sədrlik variantını da ehtiyatda saxlamaq istəyir".
 
"Belə görünür ki, Putin hələ prezident postuna varisini müəyyənləşdirməyib"
 
Şahin Cəfərli bu qənaətdədir ki, Rusiyada baş verən siyasi dəyişikliklər postsovet məkanına da təsir edir və presedent yaradır: "Ona görə də, şimaldakı havanın Azərbaycana və hazırda aparılan siyasətə təsirləri də mümkün ehtimaldır". Politoloq onu da qeyd edib ki, Putinin baş nazir vəzifəsinə Federal Vergi Xidmətinin sədri Mixail Mişustinin namizədliyini irəli sürməsi bir az gözlənilməz gediş oldu: "Çünki hökumət başçısı vəzifəsi üçün daha güclü və nüfuzlu şəxslərin (Kudrin, Seçin, Oreşkin, Nabiullina, Siluanov və s.) adları hallanırdı. Lakin Putin aşağı profilli fiqura və siyasi deyil, texniki xarakterli təyinata üstünlük verdi. Rusiyanın yaxın keçmişində buna bənzər baş nazir təyinatları olub: Mixail Fradkov və Viktor Zubkov kimi. Medvedyevin istefası və Təhlükəsizlik Şurasının sədrinin müavini təyin ediləcəyi barədə Putinin açıqlaması da gözlənilməz oldu. Medvedevin istefası, yaxud buna vadar edilməsi bir tərəfdən onun prezidentlik şansını azaldan hadisə olsa da, güc strukturlarının fəaliyyətini əlaqələndirəcək vəzifəli şəxs qismində saxlanılması onun tam kənara atılmadığını göstərir. Belə görünür ki, Putin prezident postunda öz varisini ya hələ müəyyənləşdirməyib, ya da bu kadr yerdəyişmələri ilə elə situasiya yaratmağa çalışır ki, növbəti prezidentin, bəlkə baş nazirin də kim olacağını hazırkı mərhələdə heç kəs bilməsin. Çünki bu halda içəridəki rəqib qruplaşmalar həmin şəxs əleyhinə kampaniyaya başlaya və onu "vura" bilər, hakimiyyətdaxili güc savaşının nəzarətdən çıxması təhlükəsi yaranar. Seçkiyə qədər bütün iddiaçıların özünü şanslı saydığı bir rəqabət ortamını idarə etmək və bu rəqabətin fövqündə dayanmaq Putin üçün daha rahatdır. Baş nazir postuna yuxarıda adlarını çəkdiyim iddialı şəxslərdən biri təyin edilsəydi, növbəti prezidentin də məhz o olacağı yönündə rəy formalaşardı. Rusiyada erkən parlament və prezident seçkilərinin keçiriləcəyi də istisna deyil".
 
"Putin hakimiyyətdə olduğu illərdə Rusiyanın dağılmasının qarşısını aldı, ancaq..."
 
Картинки по запросу Elxan Şahinoğlu
 
"Hürriyyət"in məlumatına görə, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Dmitri Medvedyev baş nazir kimi zəif fiqur idi, Putinin isə daha çevik baş nazirə ehtiyacı var: "Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov yanvarın ilk günlərində demişdi ki, Rusiyanın 2019-cu ildə ən böyük uğursuzluğu ümumi daxili məhsulun cüzi artımı idi: "Rusiyanın imkanları böyükdür, ona görə də növbəti illərdə artım tempinə nail olmalıyıq". Əslində, Peskovun açıqlaması baş nazir Dmitri Medvedyevə mesajdır ki, prezident Vladimir Putin Nazirlər Kabinetinin fəaliyyətindən narazıdır. Medvedev Putinin gənclik dostudur. Ancaq rusların məşhur atalar sözlərində deyildiyi kimi, dostluq ayrı, iş ayrı". Putinin prezidentlik müddətinin bitməsinə 4 il qaldığını deyən politoloq bildirib ki, o, hakimiyyətdə olduğu illərdə Rusiyanın dağılmasının qarşısını aldı, Çeçenistanı ram etdi, ölkədə siyasi sabitlik yaratdı: "Üstəgəl bölgədə fəallığını artırdı. Ancaq nə etdisə, Rusiyada iqtisadi inkişafa və insanların rifah halının yüksəlməsinə nail olmadı. Dmitri Medvedev baş nazir kimi zəif fiqur idi. Ona görə də Putin Dmitri Medvedev başda olmaqla hökuməti istefaya göndərdi. Putinin daha çevik baş nazirə ehtiyacı var".
 
"Putinin struktur dəyişikliyinə getməsi, hökumətin yeni tərkibdə formalaşması istiqamətində addımları iqtisadi dirçəlişə gətirib çıxarmaqla yanaşı, siyasi sabitliyin möhkəmlənməsinə hesablanıb"
 
Картинки по запросу Məhəmməd Əsədullazadə
 
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə isə bu qənaətdədir ki, Rusiya prezidentinin struktur islahatları gözlənilirdi. Onun sözlərinə görə, Rusiyada siyasi-iqtisadi problemlər dərinləşir və bütün bunlar Putinin reytinqinə ciddi mənfi təsir edirdi: "Baxmayaraq ki, hərbi sahədə Putin müəyyən uğurlara imza atıb, beynəlxalq müstəvidə ölkənin aparıcılığına müəyyən qədər nail olub. Amma ölkə daxilində çətinliklər siyasi-iqtisadi böhranı dərinləşdirdi. Odur ki, Putinin struktur dəyişikliyinə getməsi, hökumətin yeni tərkibdə formalaşması istiqamətində addımları iqtisadi dirçəlişə gətirib çıxarmaqla yanaşı, siyasi sabitliyin möhkəmlənməsinə hesablanıb. Putin bilir ki, özündən sonra güclü prezident postu mümkün deyil və növbəti Yeltsin dövrünə qayışıdış ola bilər. Ona görə də Dumanın səlahiyyətlərinin genişləndirilməsi, hökumətin funksiyasının inkişaf etdirilməsi Rusiyada siyasi böhranın qarşısını alacaq".
 
Politoloqun fikrincə, Rusiyadakı dəyişikliklər demokratik sistemin qurulması kimi dəyərləndirilməməlidir: "Çünki Putin öz sisteminin davamiyyətliyini qorumaq üçün buna gedir. Rusiya qonşu ölkədir və bu ölkədə baş verənlər qonşu ölkələrə təsirsiz ötüşmür. Moskvanın Qarabağ münaqişəsinin nizamlanmasında həlledici mövqeyini nəzərə aldıqda, Kreml əvvəlki siyasətini davam etdirəcək. Amma Dumanın səlahiyyətinin genişləndirilməsinə gəldikdə, Rusiyadakı azərbaycanlılar fəal olub, Dumaya seçilməli və Rusiya-Azərbaycan əlaqələrinin strateji cəhətdən inkişafına töhfə verə bilərlər. Bu yolla Moskvanın ənənəvi Azərbaycan siyasətində müsbətə doğru müəyyən dəyişikliklərə imza atmaq ola bilər".
 
Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Загрузка...
Загрузка...