​Rusiya Ermənistana qarşı yeni cəbhə açır

Baxış sayı: 
74
2  
0  

Düşmən ölkədə inqilab eyforiyası bitir; Paşinyana qarşı “yol xəritəsi” hazırlanır; rusiyalı politoloq: “Moskva üçün ”Amerika uşaqları" müvəqqəti yol yoldaşlarıdır..."
Ermənistanda daxili siyasi çəkişmələr getdikcə güclənir. Hazırkı baş nazir Nikol Paşinaynın inqilab nəticəsində hakimiyyətə gəlişinin ikinci ildönümü yaxınlaşdıqca siyasi hərarət daha da yüksəlməkdədir. Müşahidə edilən həmçinin odur ki, iki il öncə məğlub olmuş qüvvə ölkədə davam edən iqtisadi-sosial problemləri bəhanə edərək, hətta Qarabağ məsələsində hökuməti təslimçi mövqedə suçlayaraq revanş götürmək üçün fürsət gözləyir.
 
Bu üzdən Nikol Paşinyan da bəzi “ön tədbirlər” həyata keçirmək zorunda qalıb. Məsələn, onunla Ermənistan Konstitusiya Məhkəməsinin (KS) sədri Hrayr Tovmasyanla arasında neçə müddətdir davam edən konflikti çözmək üçün aprelin 5-də ölkədə referendum təyin edilib. Əgər nəticə hökumətin istədiyi kimi olsa (hələ ki Paşinyanın reytinqi buna imkan verir), onda Tovmasyan avtomatik öz postundan uzaqlaşdırılmış olacaq. Çünki referendumdan sonra KS-nin yeni tərkibi seçiləcək.
 
*****
 
Baş nazirin digər başağrısı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri, “Rusiyanın adamı” sayılan Artur Vanetsyanla bağlıdır. Artıq siyasi partiya yaratmağa hazırlaşan Vanetsyan son vaxtlar hakimiyyəti təhdid eləməkdən belə çəkinmir və əsas hədəfini gizlətmir.
 
“Yaradılacaq yeni siyasi qüvvə sağ-mərkəzçi olacaq. Hazırda tərəfdarlarımız və mümkün tərəfdaşlarımızla intensiv məsləhətləşmə aparılır. Bütün mümkün müzakirələrdən sonra biz gələcək fəaliyyətlə bağlı konkret proqram və yol xəritəsi təqdim edəcəyik”, - deyə Vanetsyan “İnterfaks”a müsahibəsində deyib.
 
O, hazırkı hökumətin “məxməri inqilab”ın hədəflərindən uzaqlaşdığını, Paşinyanın Ermənistana ədalət, həyat səviyyəsinin artırılması, təhsildə, səhiyyədə, sosial sferada xidmətin yüksəldilməsi vədini verdiyini, amma bunu reallaşdırmadığını söyləyib. Eks-kəşfiyyat şefi həmçinin Rusiyanın Ermənistanın strateji müttəfiqi olduğunu və bundan sonra da İrəvanla Moskvanın strateji münasibətlərini saxlamalı olduğunu söyləyib: “Bu gün Ermənistanda hakimiyyəti müxalifətdə olarkən antirusiya mövqeyi ilə çıxış edənlər tutub. Nikol Paşinyanın özü parlamentdə Ermənistanın Avrasiya İttifaqından çıxması təşəbbüsünü irəli sürüb. Onlar Avrasiya İttifaqının Ermənistana təhdid olduğunu bəyan edirdilər”.
 
*****
 
5 aprel referendumundan cəmi 6 gün qabaq - martın 30-da isə işğal altındakı Dağlıq Qarabağda “prezident seçkiləri” adlı siyasi şou gözlənilir. Bu “seçkilər” beynəlxalq hüquq baxımından qeyri-legitim olsa da, Paşinyan var gücü ilə çalışır ki, separatçı qurumun başına öz adamını gətirsin. Bu, həm də ona Moskvanın özünə qarşı təzyiqlərini azaltmaq üçün lazımdır. Ona görə ki, birincisi, Rusiya “rəngli inqilab”ın yetirməsi kimi Nikol Paşinyana hələ də inam-etimad bəsləmir və onu, komandasını Qərbin, “Soros” fondunun gizli adamları sayır.   
 
İkincisi, faktdır ki, separatçı rejimin rəhbərlərinə Moskvanın təsir imkanları həmişə güclü olub. Elə indiki qondarma prezident Bako Saakyanın özü “Kremlin tulası” ayaması daşıyır. Başqa sözlə, Paşinyan narahatdır ki, Kreml ona qarşı istənilən an Qarabağdakı “adamları” vasitəsilə sürpriz edə bilər.
 
*****
 
Bu arada Artur Vanetsyanın KİV rəhbərləri ilə görüşdə səsləndirdiyi anti-hökumət bəyanatlarından sonra Nikol Paşinyanın güc strukturlarına tapşırıq verdiyi məlum olub. Erməni mediası xəbər verir ki, Paşinyan güc strukturlarının rəhbərlərindən öz komandasını sərt nəzarət altında saxlamağı tələb edib. Belə ki, baş nazir komandasının üzvlərinin çox hissəsinin müxalifət düşərgəsinə keçməyə hazır olmasıyla bağlı ciddi şübhələri olduğunu bildirib. “Nikol Paşinyan öz komandasının Respublikaçılar Partiyasının (devrilmiş prezident Serj Sərkisyanın partiyası - ”YM") nümayəndələri ilə əlaqələrini kəsmək istəyir. O, komanda üzvləri haqqında lazımi informasiya əldə etməyə çalışır".
 
*****
 
Rusiyalı politoloq, “Milli Müdafiə” (“Natsionalnaya oborana”) jurnalının baş redaktoru İqor Korotçenko hesab edir ki, Paşinyan “rəngli inqilab”ın, hakimiyyət gəlməyin Soros texnologiyasının və ABŞ-ın İrəvandakı səfirliyinin məhsuludur.  “Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, “Moskva-Baku” nəşrinə açıqlamasında deyib.
 
Onun sözlərinə görə, bununla belə, Paşinyan Rusiyanı görməzlikdən gələ bilməz. “Çünki bunun Ermənistan iqtisadiyyatı üçün, onun özünün siyasi ambisiyası və hakimiyyəti üçün hansı ağır nəticələr verəcəyini bilməmiş deyil. Ermənistanın hazırkı hakimiyyətinin Rusiyanın dostu olmadığına mən qəti əminəm. Onlar öz simalarını çoxdan göstəriblər. Sadəcə, bu gün küncə sıxışmış kimidirlər. Rusiya üçün onlar müvəqqəti yol yoldaşlarıdır, çünki Paşinyan rejimi bütünlüklə ABŞ-a oriyentasiyalıdır. Paşinyan əvvəlki erməni liderlərinin metodlarından daha hiyləgərcəsinə istifadə edir. ”Rənglı inqilab" dalğasında hakimiyyətə gələnlər nə Ermənistana, nə də öz qonşularına yaxşı heç nə bəxş etməyəcəklər", - deyə ekspert əlavə edib.
 
Rusiyalı politoloqun söylədiklərindən bir daha qənaət hasil olur ki, Moskva Ermənistan hakimiyyətinə qarşı cəbhə açmağa hazırlaşır və bundan ötrü hətta Vanetsyan kimi sadiq adamlarının vasitəsilə “yol xəritəsi” hazırlığına start verilib. Paşinyan Kremlin planını poza biləcəkmi?
 
“Yeni Müsavat”ın analitik xidməti

Загрузка...
Загрузка...