​Rəsulzadənin bəhs etdiyi şeyx türbəsi: “Yüksək təpə başındadır”

 
 
 
 
Məhəmmədəmin Rəsulzadə böyük dövlət xadimi olmaqla yanaşı, həm də ədəbiyyatşünas və publisist idi. Onun yazarlıq fəaliyyəti çox məhsuldar olub. Ümumilikdə, yüzlərlə məqaləsi 30- yaxın dərgi və qəzetlərdə çap olunub.
 
Rəsulzadə yazılarında Azərbaycan, Qədim Şərq və Turan tarixindən də yan keçməyib. Bu istiqamətdə xeyli sayda analitik və araşdırma yazıları var. Onlardan biri də Azərbaycandakı memarlıq abidələri barəsindədir.
 
Rəsulzadə ölümündən az əvvəl Ankarada çıxan “Azərbaycan” jurnalında “Azərbaycan Memarlıq abidələri” məqaləsində bir çox memarlıq abidələrimizdən bəhs edir.
 
Moderator.az onlarından ikisi haqqında Rəsulzadənin fikirlərini təqdim edəcək
 
Şeyx Yusif türbəsi - “Naxçıvan bölgəsində hələ payidar (ayaqda qalan) olan bolca abidələrdən XII, XIII yüz ilə aid olan üç mühümü üzərində durmaq gərəkdir. Bunlardan ikisi indiki Naxçıvan şəhəri bölgəsində, üçüncüsü də şəhərdən 40 km aralı “Qarabağlar” kəndindədir. Şəhər daxilindəki iki abidədən biri Atababa türbəsi, digəri də Atabəy türbəsidir. Atababa türbəsi 1162-ci ildə inşa edilmişdir; Yusif-ibni-Quseyir adında bir şeyxin məqbərəsidir. “Azəri Türk” jurnalının ilk nüsxəsində dərc etdiyi “İslami Türk Sənayeyi Nəfisə Tarixi Nöqteyi nəzərindən Azərbaycanın əhəmiyyəti” adındakı bir məqaləsində, A.M.(Mərhum Ağaoğlu Məhəmməd) Yusif-ibni-Katmir şəklində qeyd etdiyi bu şeyxin Azərbaycan Atabəylərindən Şəmsəddin Eldənizin, Hicri 557 (M. 1162)- də ölən vəziri olduğu söylənilməkdədir. Kuseyir adının ərəb hərflərinin cizgiləri baxımından aşınmış kitabədə bəzi tənqidçilər tərəfindən bəzi şəkildə oxuna bilməsi çox mümkündür... Atababa və ya Yusif-ibni-Kuseyir türbəsi şəhərin yüksək səmtində, bir təpənin başındadır...Türbəni yapan ustanın da Naxçıvanlı Əbubəkr oğlu Əcəmi olduğu anlaşılmaqdadır. Kitabədəki hicri tarixi, miladi 1162- yə uymaqdadır”.
 
Möminə xatun türbəsi - “Atabəy türbəsi deyilən abidə indi Möminə Xatun türbəsi adı ilə məşhurdur. Bu türbə Atabəy Şəmsəddin Eldənizin qarısı üçün yapılmışdır...Qapının üst hissəsində türbənin yapıldığı tarixi göstərən bir yazı vardır. Yazıda türbənin Möminə Xatuna aid olduğu oxunur. Türbənin eyni Naxçıvanlı Əbubəkr oğlu Əcəmi tərəfindən inşa edildiyi və Atabəy Əbu Cəfər Məhəmmədin əmriylə tamamlandığı da binadakı yazılarda əks edilmişdir. Bir-birindən 25 illik bir fasilə ilə Naxçıvanlı memar Əbubəkr oğlu Əcəmi tərəfindən inşa olunan bu abidələr, ustalarının nə dərəcədə hünər sahibi bir sənətkar olduğunu göstərirlər”.
 
Elmin Nuri

Загрузка...
Загрузка...