​Rəsulzadə ilə mübahisə edərək, iclas zalından hönkürtü ilə çıxan Şəfi bəy- "Cümhuriyyət söhbətləri"

Baxış sayı: 
369
0  
0  

 
 
 
 
Moderator.az Azərbaycan Cümhuriyyətinin bir neçə aydan sonra keçiriləcək yüzillik yubileyi münasibətilə yeni rubrikaya start verib. Burada biz Cümhuriyyət dövrünün və mühacirət irsinin araşdırıcısı Ceyhun Nəbi ilə “Cümhuriyyət söhbətləri” silsiləsində ardıcıl olaraq ADR-in dövlət xadimləri, Cümhuriyyətin tarixi hadisələri və az öyrənilən yönləri barəsində danışacağıq.
 
Yəqin, razılaşarsınız ki, mətbuat orqanlarında, eləcə də, Moderator.az-da AXC-nin əsas simaları Məhəmmədəmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski barələrində çox danışılıb, çox yazılıb. Təbii ki, onlardan nə qədər yazılsa, yenə də azdır. Amma onların kölgəsində qalanlar da var.
Məsələn, aktiv Cümhuriyyət fədailərindən biri, müsavatçı deputat, “Azərbaycan” qəzetinin baş redaktoru Şəfi bəy Rüstəmbəyli..
 
-Şəfi bəy də maraqlı şəxsiyyət olub. Məncə, xaraktercə də başqalarından fərqlənən bir ziyalı idi. Mustafa bəy kimi bir şəxsin ailəsində böyümüşdü, həm də Kiyev mühiti onu bir şəxsiyyət kimi formalaşdırmışdı. Şəfi bəy sanki ömrünün axırında qədər Kiyevdəki hüquq təhsili zamanı əldə etdiyi dünyagörüş və qətiyyətə sahib qaldı…
 
-Şəfi bəy Rüstəmbəyli Azərbaycan milli dövlətçilik tarixində önəmli yerlərdən birini tutur. O, Ukraynda hüquq təhsili alıb. Orada Azərbaycanla bağlı həmyerlilər təşkilatının fəaliyyətində iştirak edib.
 
Amma bundan sonrakı dövrlərdə Şəfi bəyin fəaliyyəti haqqında ciddi bilgilərə rast gəlinmir. Şəfi bəy Rüstəmbəylinin aktiv fəaliyyəti Türk Ədəmi-Mərkəziyyət Partiyası qurulandan sonra başlayıb. Partiyanı təsis edənlərdən biri də o idi. Həmçinin, Zaqafqaziya Seyminin Müsəlman Fraksiyasında iştirak edib. 1918-ci ilin 28 mayında Azərbaycanın istiqlaliyyəti elan olunarkən “İstiqlaliyyət bəyənnaməsi”ndə imzalardan biri ona məxsusdu. Azərbaycan Cümhuriyyəti yaradılarkən Şəfi bəy Xosrov bəy Sultanov, Nəsib bəy Yusifbəyli ilə birlikdə Azərbaycana göndərilir. Onların əsas işi  Azərbaycan Cümhuriyyətini Bakıda elan etmək, burada müəyyən  əmin-amanlıq yaratmaq, müəyyən işəri qaydasına salmaq idi.
 
-Şəfi bəyin tələbəlik illərində çox vacib bir hadisə baş verir:  yazıçı Yusif Vəzir Çəmənzəminli gizli şəkildə Müsəlman Demokratik Müsavat Partiyasının Kiyev şöbəsinin yaradır. Deyərdik ki, Şəfi bəyin bir neçə ildən sonra qurulacaq Cümhuriyyətə bağlılığı da elə buradan formalaşıb. Yəni, həqiqətən də o, Kiyev mühitinin Azərbaycana hədiyyə oldu.
Sonra dediyin kimi, 1917-ci ildə Türk Ədəmi-Mərkəziyyət Müsavat Partiyasının Mərkəzi Komitəsinin 8 üzvündən biri də Şəfi bəy olur. O, 1917-ci il noyabrın 15-də təsis edilən Zaqafqaziya Komissarlığının və Seyminin Müsəlman Fraksiyasının fəallarından idi. Həmin dövrdə Şəfi bəy Azərbaycan Milli Şurasının Tiflis və Gəncə bölmələrində çalışır, dövlət qurumlarının yaradılmasında böyük əmək sərf edir.  Bütün bu təcrübə Şəfi bəyə həm parlament deputatı, həm də qəzet redaktoru kimi necə təsir göstərdi?
 
-Ş.Rüstəmbəyli 1918-ci il dekabrın 7-də təsis edilən Azərbaycan parlamentinin ilk seçilən üzvlərindən  olub. Özü də parlament quruculuğunda, iclaslarda, vacib qərarların qəbulunda aktiv iştirak edib. Parlamentin o dönəmdə əsas müzakirə mövzularından biri “Mətbuat haqqında qanun” olub. O qanunun əsas müəlliflərindən biri də Rüstəmbəyli idi.
 
-Şəfi bəyin xidmətlərindən biri də rəsmi dövlət qəzeti “Azərbaycan”la bağlı olub. Səhv etmirəmsə, qəzetin rus  bölməsinin baş redaktoru idi. Qəzetin ilk dörd sayı Gəncədə nəşr edilib, Bakıda  beşinci saydan etibarən çıxmağa başlayıb..
 
-Bəli, Şəfi bəyin əsas xidmətlərindən biri də elə bu qəzetlə bağlıdır. Rus dilli bölməsinə o nəzarət edirdi. Deyilənə görə, o zaman qəzetin rus bölməsindəki əksər yazıları elə Şəfi bəyin özü yazırmış. Daha çox ictimai-siyasi yöndə yazılar olub. Demək olar ki, hamısı da analitik qabiliyyət tələb edən. Burada da Şəfi bəyin Kiyevdəki hüquq təhsili öz sözünü deyib....
 
-Ceyhun bəy, sözünüzə qüvvət olaraq deyim ki, Şəfi bəy həm də usta publisist idi. O, ictimai rəyə necə təsir göstərməyin lazım olduğunu əla bilirdi. Bu da jurnalistikada çox vacib prinsipdir. Kütləyə nəyisə təlqin etmək, onları maarifləndirmək onun məqalələrində əsas xətt idi. Bir də ən çox daşnakların özbaşınalığından, erməni quldur dəstələrinin Azərbaycana müxtəlif yönlərdən edə biləcəyi hücumlar onu çox narahat edirdi. Yazılarında da bunu göstərirdi. Bəlkə də elə buna görə Şəfi bəy,sona qədər qəzetlə kifayətlənmədi. Daxili İşlər Nazirliyində dəftərxana müdiri, daha sonra isə nazir müavini kimi də işlədi:
 
-Şəfi bəy Nəsib bəyin rəhbərlik etdiyi sonuncu hökumət kabinetində daxili işlər nazirinin-Mustafa bəy Vəkilovun-müavini olub.Bu vəzifədə çalışdığı müddətdə baş verən bir hadisəyə görə, Şəfi bəy xeyli vaxt müzakirə mövzusu oldu; Onu Əli Bayramovun qətlində ittiham edirdilər.
Nazir Vəkilov başqa yerdə olduğundan onun vəzifəsini müvəqqəti olaraq,  Rüstəmbəyli icra edirdi. Bolşeviklər buna görə də, sonradan qətlin bütün  məsuliyyətini Şəfi bəyin üstünə atdılar. Hətta onunla bağlı qiyabi olaraq ölüm hökmü çıxarılmışdı.
 
-Doğrudur, onun özünü öldürə bilmədilər. Amma bolşeviklər sonradan Şəfi bəyə çox böyük mənəvi zərbələr vurdular. Atasının, dostlarının ölümünü buna misal çəkə bilərik...
 
-Şəfi bəyin atası Mustafa bəy bütün quberniyada sayılıb-seçilən şəxslərdən olub. O, Azərbaycan ordusuna 20 min çəkmə hədiyyə etmişdi. Yaxşı bilirsiniz ki, o zamankı Azərbaycan ordusu üçün bu nə demək idi... Amma təəssüf ki, bolşeviklərin ilk aradan götürdükləri şəxslərdən biri də elə Mustafa bəy oldu.
 
-Şəfi bəylə bağlı ən çox xatırlanan hadisə isə Cümhuriyyətin son fövqəladə iclasında baş verdi. Bildiyimiz kimi, o zaman bolşevik ordusu artıq şəhərdə idi və parlamentin nəsə mübarizə aparmaq şansı belə yox idi. Hakimiyyət məcburi şəkildə bolşeviklərə təhvil verilməli idi. İclasda bu müzakirə edilən zaman ən emosional reaksiyanı Şəfi bəy verir. O, gənc dövlətin süqutundan sarsılıb çarəni ağlamaqda görür. Rəsulzadəyə üzünü tuturaq "biz sizə inanmışdıq, biz ideallarımız uğrunda mübarizə aparmışıq. Qoruyaq gənc dövlətimizi”,deyərək, etiraz edir. Maraqlıdır, elə bir məqamda Rəsulzadə nə edə bilərdi ki? Çingiz İldırım dənizdən top mərmilərini elə onların oturduğu parlamentə tuşlamışdı...
 
-Həmin məqamda Rəsulzadə ona cavab vermədi. Şəfi bəy də  göz yaşları içində parlamenti tərk etdi.
Orada əslində Rəsulzadə ilə Şəfi bəy Rüstəmbəyli eyni mövqedən çıxış edirdilər; antibolşevik mövqeyindən. Parlamentin son iclasında Şəfi bəy o səbəbə ağlayırdı ki, yeni yaranan dövlətin, Azərbaycan Cümhuiriyyətinin istila olunmasına əsəbləri tab gətirə bilmirdi. Amma Cümhuriyyətin təhvil verilməsinin qəti əleyhinə idi. Parlamentin son iclasında onlar eyni mövqedə olublar.
 
-ADR-in süqutundan sonrakı dövrlərdə Şəfi bəyin göstərdiyi fəaliyyət haqqında danışaq:
 
-Bu  dövrlərdə o, müxtəlif mövqelərdə mübarizə aparıb. 1920-ci ildə Azərbaycan Cümhuriyyəti işğal ediləndən sonra Tiflisə  gedir.  Orada Cümhuriyytin bərpa edilməsi üçün bolşeviklərə qarşı müqavimətin yenidən başlanması ilə bağlı müzakirələrə qoşulur. Sovetlərin Gürcüstanı işğal etməsindən sonra Türkiyədə məskunlaşır. Trabzonda, daha sonra isə İstanbulda yaşayır. Orada Azərbaycan siyasi mühacirətinin əsas təmsilçilərindən olur. Rəsulzadənin də Türkiyəyə gəlməsindən sonra mühacirətdəki Müsavat Partiyasının fəaliyyətində canlanma baş verir.
 
-Bəs, Rəsulzadə ilə ixtilaflar nə zamandan və necə  başlayır?
 
-Sonradan mühacirlər arasında qarşıdurma olarkən Şəfi bəy Rəsulzadəyə qarşı müxaliflər qanadının üzvü olub. Şəfi bəy onun haqqında “Rəsulzadənin süqutu”, “Yıxılan bütlər” kitabını çap edir. Rəsulzadə isə ona qarşı “Şəfibəyçilik” kitabını yazır.
 
Onların aralarının dəyməsinə səbəb araşdırmaçıların fikirlərinə görə maliyyə məsələsi olub.
Amma bəzi qarşıdurmalardan sonra Ş.Rüstəmbəylinin siyasi fəaliyyəti o dərəcədə də hiss olunmur. Bu bəlkə də onun konfliklərdən iyrənib bir kənara çəkilməsindən irəli gəlir.
 
-Bəli, tamam kənara çəkildi. Demək olar ki, daha siyasi eranada görünmədi. Təəssüf k, özündən sonra da bir varisi olmadı...
 
Şəfi bəyin hazırda ailə varisləri yoxdu. Sadəcə sonradan onun yanına gedən qardaşı oğlu Bəhram Kürün qızı Pınar Kür xanım yaşayır.
 
Müzakirəni apardı: Elmin Nuri

Загрузка...
Загрузка...