Rəsmi Bakı separatçılara qucaq açan daha bir həmsədrə nota verdi

Baxış sayı: 
38
3  
0  

 
ABŞ-ın Ermənistana maliyyə yardımını artırmasının ardınca Rusiyadakı ermənipərəst çevrələr də hərəkətə keçdilər, rus səfir XİN-ə çağırıldı; politoloq: “Son iki həftədə Bakı həmsədr ölkələrə 4 nota verib, 2-si Rusiyaya, biri ABŞ-a, biri də Fransaya”
Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağla bağlı avantürist bəyanatları belə, daxili auditoriyanın diqqətini ölkədəki problemlərdən yayındıra bilmir. Bunu İrəvanda keçirilən sonuncu etiraz aksiyası da təsdiqləyir.
 
N.Paşinyan Qarabağla bağlı iddialı mövqeyini izhar edəndən iki gün sonra İrəvan Dövlət Universitetinin filologiya fakültəsinin tələbələri universitetlərdə tətilə başlayıblar. Düzdür, bu etirazlar fərqli tələblərlə əlaqədardır və əsl sürprizlər qarşıdadır. Belə ki, Rusiyanın Ermənistanla qaz müqaviləsinə əl gəzdirəcəyi və yanvar ayından etibarən tariflərə yenidən baxacağı şübhə doğurmur. Bu mənada Paşinyanın radikal Qarabağ bəyanatlarının onu xalqın qəzəbindən xilas edə bilməyəcəyi şübhəsizdir.
 
Ancaq Ermənistan hökumətinin ağır durumunda ona əl uzadan “tərəfsiz” vasitəçi dövlətləri müşahidə etməkdəyik. Düzdür, bundan əvvəl də hər üç həmsədr ölkədən Ermənistanı ayaq üstə saxlamaq üçün çeşidli addımlar atılıb. Lakin N.Paşinyanın “Qarabağ Ermənistandır. Nöqtə” bəyanatından sonrakı davranışlarına sərt təpki göstərmək əvəzinə, onun ölkəsinə yardım paketi barədə qərarın qəbul edilməsi anlaşılmazdır. Məlumata görə, ABŞ hökuməti 2019-cu ildə Ermənistana 60 milyon dollar məbləğində yardım ayırıb. Bu, 2018-ci illə müqayisədə 40 faiz çoxdur. ABŞ səfirliyinin məlumatına görə, maliyyələşdirmə korrupsiya ilə mübarizə, demokratiyanın inkişafı, təhlükəsizlik, energetika, təhsil və insan haqları sahəsinə ayrılıb. 1992-ci ildən ABŞ Ermənistana 2 milyard dollardan çox təmənnasız yardım ayırıb. Bu, qonşu ölkənin ərazisini ilhaq edən ölkəyə açıq şəkildə dəstək verilməsidir! Eyni zamanda ABŞ Konqresində qondarma “erməni soyqırımı” barədə qətnamənin qəbulu, həmçinin Qarabağ separatçılarının bu prosesdə iştirakına şərait yaradılması qəbulolunmaz addımlardır. ABŞ 1992-ci ildən indiyədək Ermənistana 2 milyard dollardan çox təmənnasız yardım edilib. Heç şübhəsiz ki, bu yardım dolayısı ilə işğalın davamına xidmət edib. Ancaq təəssüf doğuran budur ki, həm Fransa, həm də Rusiyadan işğalçı və separatçılara dəstək davam edir. Elə Qarabağ separatçılarının səsinin növbəti dəfə Rusiyadan gəlməsi də bunun təsdiqidir. Diqqətçəkən odur ki, elə bugünlərdə Rusiya XİN başçısı həmsədr dövlətlərin Qarabağla bağlı mövqeyinin üst-üstə düşməsindən məmnunluğunu ifadə etdi. Belə bir durumda həmsədr ölkələrin fəaliyyəti təbii ki, yalnız N.Paşinyanın ölkəsinin maraqlarına xidmət edə bilər.
 
Düzdür, bu arada Paşinyanla bağlı fərqli iddialar da eşidilir. Məsələn, ukraynalı politoloq Aleksey Voronenko isə iddia edib ki, Ermənistan hakimiyyəti artıq Azərbaycana işğal edilmiş torpaqların qaytarılması planını hazırlayıb. (Axar.az) Ekspert Ermənistan hökumətinin hazırda öz ictimaiyyətinə diqqətlə hər şeyi izah etməyə hazırlaşdığını bildirib. Voronenkonun sözlərinə görə, Paşinyanın Feysbukda son çıxışı bunun təsdiqidir: “Qarabağın qaytarılması planı çoxdan işlənirdi, amma indi artıq hər şey hazırdır. Təbii ki, bu planda danışıqlar, tez və ya gec, hökumət dəhlizlərini tərk etməliydi. Ermənistanın müəyyən dairələrində artıq bunu açıq şəkildə danışırlar”, - deyə o bildirib.
 
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, ABŞ Konqresinin məlum qətnaməsi Paşinyanı bir az cəsarətləndirib, referendumdan danışır: “Ancaq bu referendumun Dağlıq Qarabağda keçirilməsi nəzərdə tutulmur. O, ehtimal olaraq prezident İlham Əliyevlə razılaşdırıla biləcək həll yolunun referenduma çıxarılmasından danışır. Amma bu da məqbul deyil. Çünki tutaq ki, Paşinyan Azərbaycan prezidenti ilə razılaşdı və ermənilər bu razılaşmaya ”yox" dedi. Bu da müharibə riskini artırır. Bu məsələ oyun-oyuncaq deyil ki".
 
E.Şahinoğlu ardınca rəsmi İrəvanın məkrli siyasətindən bəhs etdi: “ABŞ Konqresinin qətnaməsi, erməni separatçısının ABŞ Konqresinə dəvət olunması və Amerikanın Ermənistana artan yardımı fonunda Paşinyan öz mövqelərini həm ölkə daxilində, həm də xaricində gücləndirməyə çalışır. Həmçinin o, gələn il Dağlıq Qarabağdakı qondarma quruma ”seçkilər" keçirib, öz adamını separatçıların başına gətirməyə cəhd göstərəcək".
 
“Rəsmi İrəvan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə sülh danışıqlarını qəsdən yubadır”.
 
Bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 6-da Litvanın Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas ilə görüşdə deyib. Report-un xəbərinə görə, regiondakı hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylərinə baxmayaraq sülh danışıqlarının rəsmi İrəvan tərəfindən qəsdən yubadıldığını vurğulayıb.
 
Azərbaycanın öz torpaqlarını hərb yolu ilə azad etmək qüdrətindən ehtiyatlanan dairələr isə İrəvanın aqressiv davranışlarına rəğmən sülh çağırışları edirlər. Məsələn, ABŞ-ın Ermənistandakı diplomatı kimi...
 
“ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ tərəflərə Dağlıq Qarabağ münaqişəsinin ədalətli və sülh yolu ilə həllində kömək etməyə hazırdır”. Azvision.az xəbər verir ki, bunu ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi deyib. O bildirib ki, səfirlik Minsk Qrupu həmsədrlərinin atəşkəs rejiminə ciddi əməl etmələri və təxribatçı hərəkətlərdən çəkinmələrinə dair tərəflərə çağırışları ilə tam razıdır. “Bu münaqişənin hərbi yolla həlli yoxdur. Danışıqlar prosesində sülh və tərəqqi naminə əlverişli atmosferin qorunması üçün təmkin nümayiş etdirmək çox vacibdir”, - deyə amerikalı diplomat əlavə edib.
 
Yeri gəlmişkən, qonşu Rusiya Ermənistana yardım sahəsində heç də ABŞ-dan geri qalmır. “Ermənistana əvvəllər heç kimə tədarük etmədiyi silahlar verir”. Bunu jurnalistlərə açıqlamasında Rusiya Dumasının MDB, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə İş üzrə Komitəsinin sədri Leonid Kalaşnikov deyib. O, ermənilərin Rusiyadan silah tədarükü məsələsində inciməsinin günah olduğunu bildirib. Kalaşnikov Rusiyanın təkcə Azərbaycana yox, bütün müttəfiqləri və tərəfdaşlarına silah satdığını söyləyib: “Müttəfiqlərimiz sırasına Ermənistan da aiddir. Rusiya Ermənistana daha çox və heç vaxt digər ölkələrə satmadığı silahları satır”.
 
Rusiya Dumasının deputatı Konstantin Zatulin isə AzadlıqRadiosunun erməni bölməsinə deyib ki, Azərbaycan KTMT üzvü olmadan silahları bazar qiymətlərinə alır, KTMT üzvü olan Ermənistan isə bunu faktiki olaraq pulsuz əldə edir. (Axar.az)  Azərbaycanın Rusiyadan daha çox silah alması, nəticədə balansın pozulmasıyla bağlı suala cavabında Zatulin Rusiyanın bunun üçün addımlar atdığını deyib: “Siz bilirsiniz ki, Rusiya və Ermənistan arasında qırıcı tədarükü barədə yeni razılaşma var, üstəlik, Ermənistandakı Rusiya hərbi bazasının gücləndirilməsi də gündəmdədir. Siz onu da bilirsiniz ki, Azərbaycan ərazisində bizim heç bir bazamız yoxdur. Qəbələ RLS ilə bağlı müqaviləni uzatmaq istədikdə isə faktiki olaraq bizə rədd cavabı verildi və ona görə də biz onu öz ərazimizdə tikməyə məcbur olduq. Sözsüz ki, mən Ermənistan və Azərbaycanın Rusiyanın tərəfdaşı kimi statusunda fərq görürəm. Mən Azərbaycanla münasibətlərimizin yaxşı olmasının tərəfdarıyam və ümid edirəm ki, bu, Ermənistanın xeyrinə olacaq, Azərbaycanı düşünülməmiş addımlar atmasından çəkindirəcək”.
 
Beləliklə, həmsədrin biri işğalçıya maliyyə vəsaitini artırır, digəri isə Azərbaycan ərazilərini zəbt edən ölkənin ordusuna pulsuz silah verir.
 
Yazı çapa hazırlanarkən rəsmi Bakının Rusiyaya nota verdiyi xəbəri yayıldı. Məlumata görə, noyabrın 6-da Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov Xarici İşlər Nazirliyinə çağırılıb və onunla xarici işlər nazirinin müavini Xələf Xələfov görüş keçirib. Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş zamanı Rusiyanın ölkəmizdəki səfirinə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qanunsuz rejimin “təmsilçiləri” Masis Mayilyan və Lernik Hovhannisyanın RF-yə səfər etməsi ilə əlaqədar XİN-in etiraz notası təqdim edilib. Notada Azərbaycanın işğal olunmuş ərazilərindəki qondarma qurumun “nümayəndələri”nin Rusiya ərazisinə daxil olması və orada bir sıra rusiyalı ekspertlər və akademik mərkəzlərin təmsilçiləri ilə görüşlərin keçirilməsi Ermənistanın artıq 30 ilə yaxındır ki, işğal olunmuş ərazilərdə status-kvonu möhkəmləndirməyə cəhd edərək, Azərbaycan ərazilərini işğal altında saxlamağa xidmət etdiyi qeyd olunub. Nazirlik bu kimi səfərlərin dəyişməz olaraq təxribat xarakter daşıdığını və Azərbaycan Respublikasının suverenliyə və ərazi bütövlüyünə qarşı yönəldiyini vurğulayaraq, danışıqlar prosesinə zərbə vurduğu və Azərbaycanla Rusiya arasında mövcud olan səmimiyyət və yüksək etimada kölgə saldığı, habelə 3 iyul 1997-ci il tarixli “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə”nin müddəaları ilə qəti şəkildə uzlaşmadığı barədə mövqeyi Rusiya tərəfinə çatdırıb. Qeyd olunub ki, Rusiya tərəfinin bu cür səfərlərə şəxsi səfər qismində baxdığını dəfələrlə bəyan etməsinə baxmayaraq, işğal edilmiş ərazilərdəki qeyri-qanuni “hakimiyyət orqanları”nın “nümayəndələri” Rusiya ərazisindən Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticələrinin möhkəmləndirilməsi məqsədilə istifadə etməkdə davam edirlər.
 
Eyni zamanda qondarma qurumun “nümayəndələri”nin Rusiya ərazisinə səfər etməsi və orada işğalın nəticələrini təbliğ etməsinə imkan yaradılması RF-nin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunun həmsədri mandatında vasitəçi kimi öhdəlikləri, eləcə də BMT Təhlükəsizlik Şurasının daimi üzvü qismində hələ 1993-cü dəstəklədiyi 822, 853, 874 və 884 saylı qətnamələri ilə uzlaşmadığı bildirilib. O da xüsusi vurğulanıb ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin missiyası münaqişənin sülh yolu ilə həllinə dair bütün məsələlərdə qərəzsiz münasibət bəsləməkdir. Bununla əlaqədar Azərbaycan tərəfinin bu kimi qanunsuz səfərlərin qarşısının alınması istiqamətində Rusiya tərəfindən bütün zəruri tədbirlərin görülməsini gözlədiyini səfir M.Boşarnikovun diqqətinə çatdırıb. Səfir M.Boçarnikov Rusiya tərəfinin münaqişə üzrə mövqeyinin məlum və dəyişməz olduğunu, eləcə də hər hansı tanınmamış qurumların “nümayəndələri”nin RF ərazisinə daxil olmasının bu ölkənin rəsmi mövqeyini əks etdirmədiyini vurğulayıb. O, həmçinin Azərbaycan tərəfinin etirazı barədə RF XİN-ə məruzə edəcəyini bildirib.
 
Politoloq Elxan Şahinoğlu isə bildirdi ki, notaların sayı getdikcə artır: “Son iki həftədə Bakı həmsədr ölkələrə 4 nota verib, 2-si Rusiyaya, biri ABŞ-a, biri də Fransaya. Fakt budur ki, həmsədrlər işğalçı və separatçılara dəstəyə son qoymurlar. Biz bir az da hadisələrin ardınca gedirik. Ancaq əslində qabaqlayıcı addımlar atmalıyıq. Məsələn, Qarabağın azərbaycanlı icmasının rəhbəri niyə həmsədr ölkələrə getmir? Özü də ingilis dilini gözəl bilir. Hansı ki, separatçıların təmsilçiləri həmsədr ölkələrə gedirlər. Bizim icma rəhbəri də konfranslar təşkil edə, görüşlər keçirə, həqiqətlərimizi çatdıra bilər”.
 
Ekspertimizin dediyi kimi, bu, artıq son aylarda həmsədr ölkələrə ünvanlanmış növbəti notadır. İlk olmadığı kimi, sonuncu da olmayacaq. Lakin görünən budur ki, üç paytaxt Bakının notası ilə erməniləri himayəyə son qoymayacaq. Belə olan halda rəsmi Bakı da həmsədrlərin sülh çağırışına məhəl qoymamaqda tam haqlıdır....
 
Elşad PAŞASOY

Загрузка...
Загрузка...