Rektor: “Bir çox müsəlman ölkələrindən əsas fərqimiz...” – Müsahibə

Baxış sayı: 
30
1  
0  

Turaninfo.org xəbər verir ki, Teleqraf.com-un suallarını Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov cavablandırıb.

- Hazırda ölkədə dini sahədə vəziyyəti necə dəyərləndirirsiniz?
- Azərbaycanda tarixən müxtəlif millətlərin və dinlərin qarşılıqlı anlaşma şəraitində yaşadığını görürük. 2016-ci ilin Azərbaycanda “Multikulturalizm ili”, 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi ölkəmizin milli mənəvi dəyərlərə bu gün də sadiq qalmasının göstəricisidir.

Respublikamızda dövlət-din münasibətlərinin tənzimlənməsi, eləcə də cəmiyyətimizdə radikalizm meyillərinin qarşısının alınması sahəsində dövlətimiz tərəfindən ardıcıl tədbirlər həyata keçirilir. Əsasını ulu öndər Heydər Əliyevin qoyduğu, cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilən dövlət-din münasibətlərinin Azərbaycan modeli dünyada bu sahədə nümunəvi modellərdən biridir.

Qarşılıqlı əməkdaşlığa əsaslanan bu modeldə dinə, dindarlara və dini dəyərlərə qayğı xüsusi yer tutur. Məhz bu qayğının nəticəsində çox sayda məscid və ziyarətgahlar dövlət vəsaiti hesabına inşa və ya təmir edilir, din xadimləri və dini icmalara maddi yardım göstərilir.

Müstəqilliyimizin bərpasından sonra ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən etibarən din sahəsinə xüsusi qayğı göstərildi. Məscidlər, kilsələr, sinaqoqlar inşa olundu və təmir edildi. Azərbaycanın müstəqilliyi bərpa edildiyi zaman 17 məscidimiz var idi. Ancaq bu gün ölkəmizdə 2000-dən artıq məscid fəaliyyət göstərir.

Hazırda ölkəmizdə dini durum sabitdir, zərərli dini təlimlərin, radikal meyllərin qarşısının alınması üçün dövlət zəruri tədbirləri həyata keçirir.

- Azərbaycanda Aşura günü, eləcə də bütün Məhərrəmlik ayı boyunca qanvermə aksiyasının keçirilməsi ənənəyə çevrilib. Bu aksiyanın mahiyyəti nədən ibarətdir? 
- Əvvəla qeyd edək ki, Məhərrəm ayı İslam tarixində Həzrəti Peyğəmbərin nəvəsi İmam Hüseyn, onun silahdaşları və ailə üzvlərinin şəhadətə yetişdiyi Kərbəla faciəsi ilə yadda qalıb. Məzhəbindən asılı olmayaraq bütün müsəlmanlar bu faciəni tarix boyunca dərin hüznlə qarşılamış, Kərbəla şəhidlərinin xatirəsini əziz tutmuşlar. Azərbaycanda artıq son illər dövlət-din siyasətinin düzgün qurulması nəticəsində Aşura mərasiminə daha mütərəqqi yanaşma müşahidə edirik.

Aşura mərasimləri ilə bağlı bəzi xeyriyyə aksiyaları təşkil olunur, o cümlədən hemofiliyalı xəstələr üçün qanvermə aksiyaları keçirilir. Kərbəla şəhidlərinin xatirəsi bu gün qan verərək insanların həyatını xilas etməklə yad olunur. Bu işin təşkili ilə belə müqəddəs və tarixi günlərdə insanlıq üçün fədakarlıq dəyərləri aşılanır ki, bu da əsl İslamın mahiyyəti ilə üst-üstə düşür.

Aşura günü qanvermə aksiyalarının təşkil olunması Azərbaycanın dini ənənələrə, xüsusən də Kərbəla hadisəsinin qeyd edilməsinə humanist bir töhfədir. Ölkəmizin bir çox müsəlman ölkələrindən əsas fərqi Aşura mərasimlərinin şüurlu şəkildə qeyd olunmasıdır.

Qan çıxarmağı zəruri hesab edənlərə tövsiyə olunur ki, onlar bu cür bəyənilməyən əməllərin əvəzinə könüllü olaraq qanvermə aksiyalarına qoşulsunlar. Qanvermə aksiyası daha sivil və çox daha faydalı addımdır. Bununla insanlar Allah qarşısında böyük savab qazanmaqla yanaşı, qan çatışmazlığından əziyyət çəkən minlərlə insanın müalicəsinə yardım etmiş olarlar.

Müşahidələr bu təşəbbüsün dindarlar tərəfindən də rəğbətlə qarşılandığını göstərir. Sevindirici haldır ki, Azərbaycanda qanvermə aksiyası ilə bağlı mövcud olan ənənə tədricən digər müsəlman ölkələrinə də yayılır.

- Yeri gəlmişkən, ötən həftə siz başda olmaqla Azərbaycan İlahiyyat İnstitutunun heyəti bu aksiyada iştirak edib...
- Azərbaycan İlahiyyat İnstitutu olaraq bu il biz də qanvermə aksiyası təşkil etdik və qanvermədə iştirak etdik. Fəaliyyətində Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılması və inkişaf etdirilməsinin əsas məqsədi hesab edən Aİİ bundan sonra da hər il Aşura mərasimi ilə bağlı qanvermə aksiyaları keçirməyi planlaşdırır. Burada əsas məqsəd Kərbəla hadisələrinin fəlsəfi mahiyyətini açıqlamaq və bu hadisələri qeyd edən insanlara nümunə olmaqdır.

Bundan əlavə, institutda Azərbaycan cəmiyyətini düşündürən və narahat edən mövzularla bağlı silsilə maarifləndirmə tədbirlərinin, o cümlədən Kərbəla hadisələri ilə əlaqəli tədbirlərin keçirilməsi də nəzərdə tutulub.

Məlumat üçün bildirək ki, bu mövzuda “Kərbəla hadisəsinə tarixi, sosio-psixoloji və ədəbi baxış” adlı ilk tədbir sentyabrın 19-da alimlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçiriləcək.

Загрузка...
Загрузка...