Ərdoğanı dəstəkləyən məşhur müğənni: “Azərbaycan qızıyam”

Baxış sayı: 
105
1  
0  

 
Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında dünyaca məşhur olan, amma azərbaycanlı olduğunu çox az adamın bildiyi, çoxumuzun isə heç bilmədiyi şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.
 
Haqqında internet vasitəsilə məlumat əldə etdiyimiz şəxs türk musiqisinin ən məşhur simalarından biridir.
 
Tuğba Əkinci – pop müğənnisi, bəstəkar, aktrisa.
 
Tuğba Əkinci 1977-ci il iyunun 9-da Qarsda Azərbaycan əsilli ailədə dünyaya göz açıb.
 
Şou dünyasında debütü məşhur rejissor Osman Sınavın onu kəşf etməsi ilə baş verdi. Bodrumda “Mavi düşler” serialı çəkilərkən Tuğbanı gördü və ona təklif verdi. Bu serialda aldığı rol ona şöhrətin qapılarını açdı.
 
Bir müddət “D” kanalında yayımlanan “Çarkıfelek” adlı məşhur proqramda aparıcılıq edib.
 
1994-cü ildə Türkiyə Gözəllik Müsabiqəsinə qatılıb və ilk 20 namizəd arasında yer alıb. Atasının icazə verməməsindən sonra müsabiqədən geri çəkilmək məcburiyyətində qalıb.
 
Özcan Şenyaylardan xüsusi rəqs dərsləri alıb. “Buzda dans” müsabiqəsinin finalçılarından biri də Tuğba olub. Pendik liseyinin məzunudur. Anası tibb bacısı, atası isə texnologiya mühəndisidir.
 
Tuğba Əkinci müxtəlif illərdə işıq üzü görən “O Şimdi Asker”, “Boynuz”, “Yanma Demezler”, “100 Derece”, “Hadi Kızım”, “Git Git Gör Gününü” və “Para Babası” adlı albomların müəllifidir.
 
Tuğba Əkinci türk musiqisi və şou dünyasında özünəxas üslubu, cəsarətli geyim tərzi və çıxışları ilə tanınır. Müğənninin çəkdirdiyi hər klip olay yaradır. Tuğbanın Türkiyə, Azərbaycan və digər ölkələrdə məşhurluğu “O şimdi asker” adlı mahnısı ilə başlayıb.
 
Türkiyədə keçirilən son prezident seçkisində hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğana verdiyi dəstəklə birmənalı qarşılanmamışdı. Buna görə, şou dünyasının məşhur simalarının kəskin tənqidlərinə məruz qalmışdı. O isə bu etirazlara rəğmən Ərdoğana olan simpatiyasını gizlətmir, mütəmadi olaraq sosial şəbəkə hesablarından türk liderinə dəstək paylaşımları edir.
 
Tuğba müsahibələrində, sosial şəbəkədəki paylaşımlarında Azərbaycana olan bağlarını da unutmur - bu ölkənin qızı olduğunu yazır, buranı öz Vətəni kimi qəbul etdiyini deyir.
 
Azərbaycandan olan pərəstişkarlarının yaddaşında isə bu sözlərlə qalır:
 
“Mən də Azərbaycan köklü ailənin qızıyam. Azərbaycan qardaş vətənimizdir”.
 
Müəllif: Mənsur Rəğbətoğlu

Загрузка...
Загрузка...