"Ərdoğan "Sülh Çeşməsi" əməliyyatı ilə bağlı ABŞ və Rusiya ilə anlaşıb"

Baxış sayı: 
84
2  
0  

Zaur Məmmədov: "Ərəblər bir daha sübut etdilər ki, onlar Türkiyənin müsəlman dünyasının başında yer almasına heç vaxt razı olmayacaqlar"
 
Kamran Sultanlı: "Ərdoğan bu əməliyyatla özünün imicini artırmağa və daxildəki reytinq itkisini kompensasiya etməyə çalışır"
 
Kənan Paşayev: "Rusiyanın sona qədər Türkiyəyə dəstək duracağı bir az şübhə doğurur"
 
Bugünlərdə Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında PKK/YPG və İŞİD terror qruplaşmalarına qarşı "Sülh Çeşməsi" əməliyyatına başlayıb. Bu barədə verilən rəsmi məlumatlara görə, artıq 277 terrorçu zərərsizləşdirilib, terrorçulara məxsus sursat yüklü maşın məhv edilib. O cümlədən, Rasulayn şəhərinin qərbindəki Aşağı Kişto, Darbasiyah qəsəbəsi və 11 kənd terrorçuların işğalından azad edilib.
 
Terrora qarşı mübarizədən dəm vuran dövlətlər PKK/YPG və İŞİD-lə savaşan Türkiyəni əsassız ittihamlarla suçlayırlar
 
Məsələnin maraqlı tərəfi ondadır ki, ağızdolusu terrora qarşı mübarizədən dəm vuran bir sıra Avropa ölkələri, o cümlədən ABŞ, İran, İsrail, hətta ərəb dövlətləri belə, kürd və İŞİD terrorçularına qarşı hərbi əməliyyatlara başlayan Türkiyəni ittiham edib, rəsmi Ankaradan "Sülh Çeşməsi"ni dayandırmağı tələb ediblər. Belə ki, artıq İspaniya sözügedən məsələ ilə əlaqədar Türkiyəni təhdid edib. Bununla bağlı axar.az-da yer alan informasiyada deyilir ki, İspaniya hökuməti Türkiyəni əməliyyatı dayandırmayacağı təqdirdə Adanaya yerləşdirilmiş "Patriot" raketlərini geri çəkməklə hədələyib. İspaniya bu ilin dekabrında başa çatacaq "Patriot"ların Türkiyə ərazisində qalma müddətinin artırılmasının heç bir mənası olmadığını vurğulayıb. Ərəb Dövlətləri Liqasının baş katibi Əhməd Əbul-Ğəyt də qardaş ölkənin hərbi əməliyyatını kəskin pisləyib. Səudiyyə Ərəbistanı, Misir və Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) isə Türkiyənin addımını Suriyanın suverenliyinə qarşı "kobud addım" adlandırıblar.
 
Bu arada, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan irəli sürülən ittihamları cavablayarkən, qeyd edib ki, ölkəsi İŞİD, PKK və PYD-yə qarşı mövqeyini davam etdirəcək: "Səudiyyə Ərəbistanı aynaya baxsın. Yəməni bu hala kim gətirib? On minlərlə insan Yəməndə ölmədimi? Siz əvvəlcə bunun hesabını verin. Suriyanın birliyi üçün verdiyimiz mübarizədə siz bizə söz ata bilməzsiniz. Hələ Misir heç danışa bilməz. Çünki 52 faiz səslə seçilmiş bir lider olan Mursinin məhkəmədə çırpınaraq dünyasını dəyişməsinə sən səbəb oldun. Sən belə bir qatilsən. Sisi kimlərləsə iclas keçirib bu əməliyyatı qınayıb. Qınasan nə olacaq, qınamasan nə olacaq".
 
İsrailin baş naziri Benyamin Netanyahu da ölkəsinin Suriyanın "kürd bölgələri"nə hücumu qınadığını, Türkiyəni və tərəfdarlarını "kürdlərin etnik təmizlənməsindən" xəbərdar etdiyini bildirib. Həmçinin, o İsrailin "cəsur kürd xalqına" humanitar yardım göstərməyə hazır olduğunu da bəyan edib. ABŞ prezidenti Donald Tramp isə "Twitter"dən açıqlamasında "Türkiyəni yaxından izləyirəm, qaydasına görə oynamasalar sanksiyalar ilə vuraram", deyə qeyd edib: "Türklər uzun zamandır kürdlərə hücum etməyi planlaşdırırdı. Uzun zamandan bəri vuruşurlar. Döyüş bölgəsinə yaxın əsgərimiz, ya da ordumuz yoxdur. Mən sonu olmayan müharibələri axıra çatdırmağa çalışıram. İki tərəflə də danışıram. Bəziləri regiona on minlərlə əsgər göndərməyimizi və başdan yeni bir müharibə başlatmağımızı istəyir. Türkiyə NATO-nun üzvüdür. Digərləri isə bizə "qarışmayın kürdlər öz müharibəsini aparsınlar" deyir. Mən deyirəm ki, əgər qaydasına görə oynamasalar, Türkiyəni maliyyə olaraq və sanksiyalarla çox kəskin vuraram". ABŞ-la bağlı yayılan başqa bir məlumatda isə deyilir ki, Birləşmiş Ştatlar "Sülh Çeşməsi" əməliyyatına Türkiyəyə qarşı sanksiyaların tətbiqi ilə cavab vermək niyyətindədir. Bildirilir ki, bu istiqamətdə qanun layihəsi üzrərində həm demokrat, həm də respublikaçı senatorlar işləyirlər və tezliklə sənədin ictimaiyyətə təqdim eliləcəyi gözlənilir.
 
ABŞ və Rusiyanın BMT Təhlükəsizlik Şurasının "Sülh çeşməsi" hərbi əməliyyatını qınayan bəyanatına veto qoyma səbəbləri...
 
Avropa dövlətlərinə gəlincə, Fransa, Almaniya, İngiltərə, Polşa və Belçika "Sülh çeşməsi" əməliyyatı ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili toplantısını tələb edib. Keçirilən toplantıda isə Türkiyədən əməliyyata son verməsinin tələb olunması istənilib. Lakin nə qədər qəribə olsa da, ABŞ və Rusiya BMT Təhlükəsizlik Şurasının Türkiyəni qınayan bəyanatına veto qoyub. Və bununla da qardaş ölkənin Suriyanın şimalındakı hərbi əməliyyatını dəstəklədiklərini nümayiş etdiriblər. Qeyd edək ki, məhz bu mövzu ilə bağlı axar.az-a açıqlama verən Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy hesab edir ki, ABŞ və Rusiyanın "Sülh çeşməsi" hərbi əməliyyatını qınayan bəyanata veto qoyması, hər iki ölkənin Türkiyəni itirmək istəməmələri ilə izah oluna bilər: "Burada mövqelərin üst-üstə düşməsi ilə bağlı üç əsas faktor var. Birincisi, Türkiyə həm ABŞ, həm də Rusiya ilə "Sülh çeşməsi"ni ayrı-ayrılıqda razılaşdırıb. İkincisi, Türkiyənin bu əməliyyatının ABŞ və Rusiya arasındakı sövdələşmələrə zidd olmadığı anlaşılır. Çünki onlar gizli qapılar arxasında sövdələşmə ediblər. Zaman-zaman həmin ölkələrin rəhbərləri bu barədə üstüörtülü mesajlar verib. Üçüncüsü, ABŞ və Rusiya Suriya məsələsi konteksində Türkiyə ilə münsibətlərində bir problem yaratmaq və ya Türkiyəni itirmək istəmir". Onun sözlərinə görə, rəsmi Moskva və Vaşinqton Türkiyə ilə bağlı mövqe formalaşdıranda bir-birlərinin nə reaksiya verəcəkləri barədə əvvəlcədən məlumat toplayıblar: "ABŞ bu məsələ ilə bağlı ortaya sərt mövqe qoysaydı, bu, Türkiyə konteksində Moskvanın lehinə işləyə bilərdi. Əksinə, Rusiya vəziyyəti gərginləşdirsəydi, Vaşinqtonun lehinə olardı". QAFSAM-ın sədr müavini bu qənaətdədir ki, ABŞ və Rusiyanın Türkiyə əleyhinə bəyanata qarşı çıxması gələcəkdə Suriya mövzusu ilə bağlı bu ölkəyə qarşı sanksiya tətbiqinin də qarşısını alıb: "Sanksiyanın birinci hissəsi BMT tərəfindən qəbul oluna bilərdi. BMT tərəfindən nəinki Türkiyəyə sanksiya tətbiqi, hətta sərt qınama və ya əməliyyatın dayandırılması məsələsi belə, Rusiya və ABŞ-ın sayəsində baş tutmadı. Rusiyanın da Türkiyəyə qarşı hər hansı sanksiya tətbiq edəcəyini zənn etmirəm. Amma ABŞ tərəfindən sanksiya ehtimalı mövcuddur. Bu risk də ondan ibarətdir ki, ABŞ-da senatorların bir qrupu Konqresə Türkiyəyə sanksiya tətbiq etmək, hətta prezident Rəcəb Tayyib Ərdoğanın hesablarını dondurma səviyyəsində Türkiyə ilə münasibətləri ciddi şəkildə gərginləşdirən layihə göndəriblər. Düşünürəm ki, sanksiyanın Konqresdən keçməsi məsələsi hazırda o qədər də real görünmür. Çünki qarşıdan prezident seçkiləri gəlir və bu məsələyə vaxt çatmaya bilər. Çünki Konqres bu mərhələdə daha çox seçki kampaniyası ilə məşğul olur. Sanksiyanın qəbul edilməsi isə uzun çəkən prosedurdur. İkincisi, ABŞ prezidenti Donald Tramp həm respublikaçılar üzərindən, həm də özünün imkanları vasitəsilə Konqresin sanksiya qərarına imkan verib-verməyəcəyi məsələsi sual altındadır. Ən azından Tramp bunun gecikməsi üçün həmlələr etmiş ola bilər".
 
"Ağır təzyiq altında olan Tramp Türkiyəni bəzən pisləyərək, bəzən də mədh edərək müdafiə edir"
 
Yeri gəlmişkən, Türkiyənin ABŞ-dakı eks-səfiri Şükrü Elekdağ isə "Sözcü" qəzetinə müsahibəsində vurğulayıb ki, Donald Trampın Suriyadan ABŞ qoşunlarının çıxarılması məsələsini yenidən canlandırması şəxsi səbəbləri ilə bağlıdır. ABŞ prezidentinin 18 dekabr 2018-ci ildən "Suriyadan çıxırıq və məsuliyyəti Türkiyəyə buraxırıq" qərarını qəbul etdiyini deyən Elekdağ iddia edir ki, Tramp məhz Pentaqon, Konqres və İsrail lobbisinin təzyiqi ilə qərarından imtina etmək məcburiyyətində qaldı. Onun sözlərinə görə, ABŞ-ın dərin dövləti dörd səbəb - ABŞ-la İsrailin regional strateji məqsədləri üçün istifadə edə biləcəkləri PKK-YPG nəzarətli qarnizon dövləti qurmaq; İranın blokadası və Tehran-Hizbullah-Ankara dəhlizinin kəsilməsi; Rusiyanın Yaxın Şərqdə və Şərqi Aralıq dənizində qarşısının alınması; İŞİD-in kökünün kəsilməsi ucbatından ABŞ-ın Suriyadakı hərbi varlığını mühafizə etmək istəyir: "Bu vəziyyətdə Suriyadan çıxmaq məsələsi rəfə qaldırılmışdı. Trampın bu məsələni yenidən canlandırması şəxsi səbəbləri ilə bağlıdır. Tramp prezident seçkisi dönəmində haqqında başladılan proseslərlə əlaqədar çətin mərhələdən keçir. Ona görə də bu həmləni üstündəki təzyiqləri zəiflətmək üçün edib. ABŞ ictimaiyyətinə isə "İŞİD-ə qarşı savaşı uddum, indi də verdiyim sözə uyğun olaraq əsgərləri evə gətirirəm" demək istəyir". Türkiyənin ABŞ-dakı eks-səfiri həmçinin, Vaşinqtonda anti-türk atmosferinin kifayət qədər geniş olduğunu və Trampın Suriya qərarının ABŞ-da şok dalğası yaratdığını da qeyd edib: "Konqres və medianın təzyiqi Trampa təsir edir və onu Türkiyə haqqında belə açıqlamalar verməyə məcbur edir. Hər şeyə rəğmən, hazırda Vaşinqtonda Türkiyəni müdafiə edən bir adam var. Bu adam Trampdır. Ağır təzyiq altında olan Tramp Türkiyəni bəzən pisləyərək, bəzən də mədh edərək müdafiə edir".
 
"Fələstinin həmin siyahıda yer alması Rəcəb Tayyib Ərdoğana ciddi zərbədir"
 
Картинки по запросу Zaur Məmmədov
 
Bu arada, Səudiyyə Ərəbistanı, Misir, BƏƏ, Küveyt, İraq, Fələstin və digər ərəb dövlətlərinin Türkiyənin Suriyanın şimalında antiterror əməliyyatlarına qarşı çıxdığını xatırladan Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov hesab edir ki, Fələstinin həmin siyahıda yer alması Rəcəb Tayyib Ərdoğana ciddi zərbədir: "Vaxtilə onun müsəlman dünyasının liderliyi uğrunda anti-İsrail bəyanatlarına baxmayaraq, ərəblər bir daha sübut etdilər ki, onlar Türkiyənin müsəlman dünyasının başında yer almasına heç vaxt razı olmayacaqlar. Beləliklə, bütün bunlar onu göstərir ki, vaxtilə Atatürk çox düzgün şəkildə Avropalaşma yolunu seçmişdi". Suriyanın şimalındakı əməliyyatlara gəlincə, politoloqun fikrincə, bu, Ərdoğanın haqqıdır: "O, dəfələrlə NATO üzvlərindən, eyni zamanda regional oyunçulardan PYD/YPG ilə bağlı tədbirlər görməyi tələb etmişdi. Fakt ondan ibarətdir ki, bu gün Türkiyə keçmişdən dərs çıxararaq təhlükəsizlik orqanlarından tutmuş silahlı qüvvələrinə kimi yeni sistem qurmağı bacarıb. Bu Türkiyə daha müstəqil, daha sərbəst Türkiyədir".
 
"ABŞ Türkiyənin qarşısına çıxsaydı, o zaman Moskva bundan istifadə edib Ankaranı öz orbitinə daha çox çəkməyə çalışa bilərdi"
 
 
 
Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) eksperti Kamran Sultanlı isə "Hürriyyət"ə açıqlamasında bildirdi ki, "Sülh Çeşməsi" əməliyyatının məqsədi Türkiyə-Suriya sərhədində YPG/PYD və PKK-nın güclənməsinin qarşısını almaq, həmin ərazidə kürd bufer zonasını önləməklə YPG-ni maksimum şəkildə sərhəddən uzaqlaşdırmaqdır: "Digər tərəfdən, Ərdoğan bu əməliyyatla özünün imicini artırmağa və daxildəki reytinq itkisini kompensasiya etməyə çalışır. Bununla o, partiyasının parçalanmasını önləməyi və müxalifətin güclənməsinin qarşısını almağı da hədəfləyir. Dünənki (srağagünkü-red.) çıxışında "Millət İttifaqı"na qarşı atmacaları bunu bir daha sübut edir". Onun fikrincə, ABŞ və Rusiyanın BMT Təhlükəsizlik Şurasının Türkiyəni qınayan bəyanatına veto qoyması onu göstərir ki, Ərdoğan hər iki supergüclə anlaşıb: "Müasir dövrdə hər hansı yerə müdaxilə etmək üçün diplomatiya və təbliğatı da işə salmaq, gücləri fakt qarşısında qoymaq lazımdır. ABŞ və Rusiya bu addımı ilə regionda Türkiyəni itirmək istəmədilər. Çünki ABŞ Türkiyənin qarşısına çıxsaydı, o zaman Moskva bundan istifadə edib Ankaranı öz orbitinə daha çox çəkməyə çalışa bilərdi. ABŞ bunu anlayırdı. Rusiya həmçinin, kürdlərin zəifləməsində və Əsədlə anlaşmasında maraqlıdır. Türkiyənin NATO üzvü olması və regionda açar mövqeyi Ərdoğanın işinə yaradı. Ərdoğan həm də ABŞ-da olan siyasi böhrandan istifadə etdi. Lakin hər iki supergüc təbii ki, Türkiyənin daha dərinə doğru irəliləməsində maraqlı deyil. Məhz buna görə Tramp qeyd etdi ki, əgər həddi aşsalar, bu zaman ağır sanksiyalar işə düşəcək. Qeyd edim ki, Avropanın etirazlarına baxmayaraq, Türkiyə üçün əsas ABŞ və Rusiyanın mövqeyidir. Bu iki güc isə hələlik anlaşmış kimi görünürlər".
 
"Moskva Bəşər Əsədlə Ankaranı barışdırmaq istəyir"
 
Qarşıda Türkiyə üçün çətin sınaqların olduğunu vurğulayan Kamran Sultanlının sözlərinə görə, bu, ABŞ Konqresinin tətbiq edə biləcəyi sanksiya təhlükəsidir: "İlk dəfə sanksiyalar Konqresin 2/3 səsini ala bilər ki, bu zaman Tramp veto qoysa belə, heç nə dəyişməyəcək. Lakin zənnimcə, arxa kulisdə Ankara ABŞ və Rusiya ilə bu məsələləri razılaşdırıb. Rusiya və İranın etirazlarına nəzər yetirsək, bu iki dövlət indidən bu cür ritorika ilə Türkiyənin əməliyyatdan sonra Suriyanı tərk etməsinə əsas president yaradırlar. Moskva həm də Bəşər Əsədlə Ankaranı barışdırmaq istəyir. Ankara bu əməliyyatdan sonra faktiki 911 km-lik Türkiyə-Suriya sərhədinə nəzarəti ələ alacaq. Azez-Cerablus xəttindən Afrinə, oradan da Tel-Abyad və Rasuleynə qədər olan hissə Türkiyənin nəzarətinə keçəcək. Türkiyənin Astana formatında və Suriyanın Konstitusiya məsələsində əli güclənəcək. Həmçinin, Türkiyə öz sərhədlərinin təhlükəsizliyini təmin etmiş olacaq. Regionda bu əməliyyatla danışıqlar masasında əlini gücləndirmiş olacaq. Ankara həmçinin, 3,6 milyonluq suriyalı qaçqını da bu təhlükəsizlik zonasına yerləşdirmək istəyir. Lakin bunu necə edəcək? Avropa Birliyindən bundan sonra da maliyyə yardımı ala biləcəkmi? Bu qədər qaçqın ora necə köçürüləcək? Həmçinin, onlar üçün infrastrukturun yaradılması əlavə maliyyə tələb edir. Odur ki, bunlar ciddi düşündürücü suallardır".
 
"Trampın hədələrinə baxmayaraq, sanksiyaların tətbiq olunmayacağını düşünürəm"
 
Картинки по запросу Kənan Paşayev
 
Mövzu ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən "Atlas" Araşdırmalar Mərkəzinin eksperti Kənan Paşayev isə qeyd etdi ki, Türkiyənin yeni başladığı Suriya əməliyyatının mahiyyəti çox böyükdür. O, bu qənaətdədir ki, əgər bu əməliyyat uğurlu olarsa, o zaman Türkiyəni böyük, güclü regional dövlətlər siyahısına daxil etmək olar: "Avropa ölkələri və Trampın narahatlığı burdan irəli gəlir. Mən hər iki tərəfi də ciddi təhdid hesab etmirəm. Trampın hədələrinə baxmayaraq, sanksiyaların tətbiq olunmayacağını düşünürəm. Çünki Amerika təkcə Trampdan ibarət deyil. Və eyni zamanda, Türkiyənin əlində Amerikaya qarşı İncirlik aviabazası kimi böyük bir "kozır" var". Ekspertin fikrincə, Amerika həmin aviabazanın bağlanmaq ehtimalını göz önünə gətirərək Türkiyə ilə ehtiyatlı davranmalıdır: "Avropa Birliyi isə qaçqın məsələsinə görə Türkiyənin üzərinə çox gedə bilməyəcək. Ərdoğan da son çıxışında Avropaya bu haqda layiqli cavabını verdi. Onu da bildirim ki, Rusiyanın sona qədər Türkiyəyə dəstək duracağı bir az şübhə doğurur. Lakin hazırda Rusiyanın verdiyi dəstəyin mahiyyəti Türkiyə üçün böyükdür. Ümumiyyətlə, bu əməliyyat Anadolu və Yaxın Şərqlə yanaşı, Qafqaz regionu üçün də həyati mahiyyət daşıyır".
 
Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Загрузка...
Загрузка...