​ƏRDOĞAN İSTANBULDA NİYƏ MƏĞLUB OLDU? - Bu seçimlər yalnız Türkiyəni deyil, bütün Yaxın Şərqi silkələyə bilər

Baxış sayı: 
50
3  
0  

Biz “Hürriyyət” qəzeti ailəsi olaraq aylar öncə yazmışdıq ki, “Türkiyədəki bələdiyyə seçkiləri demokratiya və feodalizm arasında gedən mücadilədir”. Osmanlı dövlətinin çöküşündən sonra, Mustafa Kamal Atütürkün öndərliyində “Kuvayi Milli” hərəkatının sayəsində Türkiyə Cümhuriyyəti yaranıb. II Dünya Savaşının sonlarına kimi bu dövlət məcbur olaraq yarımavtoritar rejimlə idarə olunsa da, demokratik təsisatları yox deyildi. Feodalizm qanunları ilə 650 il idarə olunan cəmiyyətdə demokratik dövlət modelini qurmaq mümkün deyildi. Ölkənin 90 faizi oxuyub-yazmaq bilmirdi. Bu elə bir dönəm idi ki, dünyada Adolf Hitler, Benito Mussolini, Françesko Franko, İosif Stalin kimi diktator rejimləri hökm sürürdü. II Dünya Savaşından sonra, mədəni dünya demokratikləşməyə doğru üz tutanda Türkiyəni bu prosesdən geridə qoymaq üçün çox çabalar göstərildi. Mustafa Kamal Atatürkün ideallarına qarşı bu güclər 69 ildir mücadilə aparırlar.
 
Türkiyədə XXI əsrin “Kuvayi Milli” zəfəri
 
“Soyuq Savaş”ın çöküşündən sonra, Türkiyədə dini və milli kimlik davasını sosial zümrə kimi çiyinlərində daşıyan güclər növbə ilə iqtidara gəlməyə başladılar. Bu prosesdə saxtakarcasına özlərini “DƏRİN DÖVLƏT”in qanadları adlandıran zümrələr Türkiyənin inkişafını 50-60 il geriyə saldılar. 69 ildir NATO adı ilə Türkiyəni basqı altında saxlayan, süni iqtisadi böhranlarla üz-üzə qoyan Qərb Mustafa Kamal Atatürkün təməlini qoyduğu CHP-nin (Cümhuriyyet Halk Partisi) hakimiyyətə gəlişini daim əngəlləmişdir.
2010-cu ildə CHP başqanı Dəniz Baykal terrorbaşı Fətullah Gülən və siyasi şəriki AKP-nin “kumpas” ssenarilərini çökdürmək üçün 50 ildir xidmət etdiyi partiyadan istefa verdi. CHP-nin başqanlığına seçki yolu ilə gələn Kamal Qılıcdaroğlu dönəmi artıq XXI yüzilin yeni “Kuvayi Milli” və “Qurtuluş Mücadiləsi” dönəminin başlanğıcına start verildi. CHP başqanı K.Qılıcdaroğluna ötən 9 ildə “sarayın kibir abidəsi” tərəfindən minbir çamurlar atıldı. Bütün bunlara dözən, daim irəli baxmaqla addımlayan K. Qılıcdaroğlu klassik CHP-dən modern CHP düsturuna üz tutdu. Bu, XXI yüzilin standartları içində gerizəkalı, feodalizm qafası ilə siyasət yürüdən, ölkəni ortaçağ bataqlığına sürükləyən zehniyyətin üzərində qələbənin strategiyası idi. Eynilə Sultan Vəhdəddin tərəfindən Mustafa Kamal Atatürkə qarşı edam hökmünün verilməsi qərarı ilə uzlaşan siyasət idi. “Kuvayi Milli” hərəkatı adı altında Milli Qurtuluşa doğru irəliləyən Mustafa Kamal Atatürk kimi, Kamal Qılıcdaroğlu da demokratiya və feodalizm arasında gedən mücadilədən qalib çıxdı.
2019-cu il bələdiyyə seçkilərində Ankara, Ədirnə, Tekirdağ, Çanakkale, Bolu, İzmir, Aydın, Muğla, Bilecik, Eskişehir, Hatay, Yalova, Burdur, Antalya, Mersin, Kırşehir, Adana, Sinop, Artvin, Ərdahan kimi iri şəhərlərdə CHP-nin qələbə çalması 25 ildir feodal düşüncəsini dini və milli siyasət qılafı ilə pərdələmiş zehniyyətin məğlubiyyətinə gətirib çıxardı. CHP İYİ Parti ilə birgə “Millət İttifaqı” adı altında bütün başarılara imza ata bildi. Bu prosesdə cəmiyyətin dindar və milliyyətçi kəsimini təmsil edən, ölkənin inkişaf yolunu reformalarda görənlərin bir araya gəlməsi “Kuvayi Milli” düşüncəsinin təməlinə söykənən Qurtuluş Mücadiləsinin simgəsinə çevrilmişdi. AKP-nin məğlubiyyətinin əsil səbəbi “kim bizdən deyilsə, düşmənimizdir” düşüncəsinin içində olması idi. Vaxtilə 1920-ci ildə bu sözləri sosializm diktaturasının banisi Vladimir Lenin demişdi.
 
 
 
İstanbulda məğlub olan siyasət çamuru
 
Dini və milli duyğuları sömürən, cəmiyyətin bilgisiz təbəqələrini “aqibət”, “şükranlıq” və digər gerizəkalı anlamlarla istismar edən zehniyyət, əslində İstanbulda illik maliyyə dövriyyəsi 245 milyard dollar olan sərvətin peşində idi. Rəsmi statistika ilə 16 milyon, qeyri-rəsmi 25 milyona yaxın əhalisi olan nəhəng meqapolis onların yaşam qaynağına, siyasi avantüralarının mənbəyinə çevrilmişdi. Saxtakarcasına yaradılmış “camaat” birlikləri bu istismarın ideoloji düsturu idi. “Fətullah Gülən”, “Menzil”, “İsmayılağa”, Əziz Mahmud Hüdai”, “Alvarlı Efe”, “Paşa”, “İşıqçılar”, “Cerrahi”, “Təbliğ”, “Haydar Baş”, “Kıbrisi”, “Yeni Asyaçılar”, “Həqiqətçilər”, “Süleymançılar”, “Yəhyalı”, “İsgəndər Paşa”, “Qırxıncı Xoca”, “Yavuz Səlim”, “Hayrat”, “Erenköy”, “İhlas”, “İHH”, “Nurçular”, “Adnan Hoca”, “Məşvərət”, “Suffa”, “Üşşakilər”, “Muhammediye”, “Şabani”, “Xəlvətiyyə”, “Kadri Rifai”, “Tilloçular”, “Məlamilər”, “Haznevilər”, “Mustafa İslamoğlu” tipli camaat birlikləri bu siyasətin düşünən beyni və idarə edən gücü idi. AKP-nin və ona yandaşlıq edən siyasi çevrələrin sosiallaşması 16 milyonluq toplumu əzib-sıxmaqda, onları istismar edərək 25 ildir ki, hakimiyyətlərini qorumaqda idilər. Bu gerizəkalı zehniyyətin sonunda məğlub olacağını ağıllarına gətirmirdilər. Onlar cəmiyyəti 1400 il bundan öncə yaşanılan ideoloji fironluq düsturu içində yaşamağa məcbur etməklə özlərinin komfort yaşam düzəninin qaydalarını rəsmiləşdirmişdilər.
 
İstanbulda yaşayan insanların faktiki olaraq yarısı aclıq və səfalət içində idi. “Əməvi”lik fəlsəfəsinin ortaya çıxması, İstanbulun ərəbləşdirilməsi prosesləri də müşahidə olunurdu. Üç nəhəng imperiyanın başkəndi olmuş İstanbul öz tarixinin məşəqqətli çağına qədəm qoymuşdu. Belə bir dönəmdə CHP və onun adayı Əkrəm İmamoğlu meydana çıxdı. AKP və onun yandaşı “camaat birlikləri”nin gerizəkalı zehniyyətinə qarşı əsl Qurtuluş Mücadiləsi dönəmi başlanıldı. CHP və onun müttəfiqi İYİ Parti, vətəndaş cəmiyyəti təşkilatları, aydınlar Türkiyənin hər yerindən İstanbula axışaraq, “Kuvayi Milli”nin çətiri altında bu mücadiləni qazandılar. 25 illik “çamur” və “kibir abidəsi” siyasətinə son verildi.
 
Səfalətli Türkiyənin işıqlı gələcəyinə doğru
 
Son 17 ildə AKP zehniyyəti ilə iqtidara gələn əşirətçi, əməviçi və sömürgəçi güclərin tək amacı Türkiyəni mümkün qədər istismar etmək, Türk kimliyindən məhrum qoymaq, bu dövləti quran Qazi Mustafa Kamal Atatürkə həqarətlər çamuru atmaq, qorxu üzərində qurulmuş imperatorluq yaratmaq, gizli iqtisadiyyatı çiçəkləndirmək, sələmçilik düsturu ilə milləti ac-yalavac durumla üz-üzə qoymaq olmuşdur. 17 illik iqtidarı çağında AKP-nin ən böyük başarısı 82 milyonluq ölkədə 90 min məscid tikməklə Din İşləri Nazirliyini strateji dövlət qurumuna çevirmək oldu. “İmam hatip” (mollaxana) məktəblərinin sayı 4 minə kimi çoxaldı. Beləliklə mollaxanalar mülki təhsil ocağı “Anadolu” məktəblərinin sayını ötdü. Mollaxanalara büdcədən ayrılan pullar “Anadolu” məktəblərindən fərqli olaraq 10-15 dəfə artıq idi. AKP zehniyyəti ilə dövlətin və hökumətin idarəetmə sistemində “imam hatip” məzunlarına üstünlük verilirdi. Mollaxana qafası ilə idarəetmə kimi yalnış siyasətin nəticəsində yüksək səviyyədə təhsil almış kadrların ölkədən “beyin köçü” ilə müşahidə olunurdu. AKP-nin yürütdüyü siyasət ya dövlət büdcəsini vəqf və ya camaat birliklərinə dəstək adı altında yağmalamaq, ya da hansısa dövlət mülkünü ələ keçirərək sələmçilər kimi icarə haqqı şərtləri altında yaşamaq düzəni idi. Türkiyənin bütün fabrik-zavodlarını özəlləşdirmək adı altında satmışdılar. İri torpaq sahələrini, zəngin yataqları, ormanları, hətta dəniz sahillərini əcnəbilərə satmaqla ən zəngin zümrəyə çevrilmişdilər. Beləliklə mənəviyyatı istismar olunan cəmiyyət, sərvətləri talan edilən məmləkət “QURTULUŞ MÜCADİLƏSİ”nə hamilə idi. Son bələdiyyə seçimləri sonucunda “MİLLƏT İTTİFAQI” adı altında birləşərək “Kuvayi Milli” Hərəkatının uğurlar qazanması işıqlı gələcəyə ümidlərə təkan vermiş oldu.
 
 
 
XXI yüzilin sinergetik fəlsəfəsi və uğurların açarı
 
Çağdaş dünya elə sürətlə inkişaf edir ki, bu yöndə yeni düşüncənin fəlsəfi və sosial dəyərlərini düzgün dəyərləndirə bilənlər qalib olurlar. Buraya zamanın ritmini və ruhunu da əlavə etsək, daha iri addımlarla qələbələrə nail olmaq mümkündür. Diktator xislətli qafa ilə sadəcə vizual aləmə nəzarət etmək mümkündür. Virtual dünyanın sinergetik düzənində diktatorluğa yer yoxdur. Çoxqütblülük üfüqi və şaquli durumda olmasından asılı olmayaraq, ortaq uzlaşma, paylaşma və birgə dəyərləndirmə siyasətinə üstünlük verilir. Türkiyədə 17 illik AKP zehniyyətinin məğlubiyyətinin açarı bu qavrayışa bağlıdır.
Ölkənin bütün TV kanallarını və KİV-lərini bir nəfərin, “kibir abidəsi”nin iradəsinə tabe etdirmək fəlsəfəsinin sonu belə bitməliydi. CHP və müttəfiqi İYİ Parti məhz bu qavrayışı çökdürə bildi. Cəmiyyət bir nəfərin iradəsi altında deyil, hər kəsin qucaqlayıcı və dəyər verə biləcəyi anlayışla inkişaf dinamikası sayəsində uğurlara imza ata bilər dəyərinə dəstək verdi. Ali Orkhun Ercengiz, Barış Ayhan, Demirhan Elçin, Faruk Demir, Recep Gürkhan, Selahettin Ekicioğlu, Semih Şahin, Tanju Özcan, Ülgür Gökhan, Vefa Salman,
Ekrem İmamoğlu, Kadir Albayrak, Lütfi Savaş, Mansur Yavaş, Mühittin Böcek, Mustafa Tunc Soyer, Osman Gürün, Özlem Çerçioğlu, Vahab Seçer, Yılmaz Böyükerşen, Erdem Gül, Zeydan Karalar, Rza Akbolat, Turan Hancerli, Battal İlgezdi, Bülent Kerimoğlu, Mehmet Murat Çalık, Hasan Akgün, Kemal Deniz Bozkurt, Şerdil Dara Odabaşı, Ali Kılıc, Gökhan Yüksel, Şükrü Genc, Muammer Kesikin və digərlərinin qələbə çalması adi bir olay deyil.
CHP və İYİ Partinin konsepsiyası cəmiyyətin sosial sorunlarının çözülməsi və bu yöndə xalqın bu prosesdə iştirak etməsini irəli sürməsi oldu. Ünlü alman şairi Yohan Volfhanq Höte hələ XIX yüzildə haqlı olaraq deyirdi ki: “Avropada hər bir vətəndaş öz azadlığı uğrunda mübarizə aparır. Diqqətlə bu mənzərəni seyr etdikdə görürük ki, bütövlüdə xalq bu mübarizənin içindədir. Şərqdə isə yalnız bir nəfər azad düşünə bilər, ancaq onun özgürcəsinə davranmaq hüququ ola bilər. Hər kəsə onun özgürlüyü üçün mübarizə aparır”. Türkiyədə əşirətçi və əməvi düşüncəsi 17 ildir bu qavrayışla hökm sürürdü. CHP və müttəfiqi İYİ Parti 31 mart və 23 iyun seçkiləri üçün “Martın sonu bahar gələcək!” və “HƏR ŞEY GÖZƏL OLACAQ!!!” iradəsini ortaya qoya bildiyi üçün seçkiləri qazandılar. Kimsəyə bundan sonra küfr edilməyəcəyi, əməvi-əşirətçi düşüncə ilə yanaşılmayacağı, XXI yüzilin sinergetik fəlsəfəsinin dəyərləri ilə önəm verilməsi kimi yüksək amallar üçün çalışılacağı elan edildi. Bu seçimlərin Türkiyədə deyil, bütün Yaxın Şərqi silkələyəcəyi göz önündədir.
 
1919-cu ildə Qazi Mustafa Kamal Atatürkün yol arkdaşlarının missiyası XXI yüzildə bir daha zühur etdi. 82 milyonluq türk insanı sömürgəçi əşirətçi-əməvi düşüncəsi ilə idarə etmə bəlasına bir daha son qoydu. CHP-İYİ Parti kimsəyə minnət qoymadan tək bir sözlə bu başarının nöqtəsini ifadə etdilər: Partiyalar deyil, MİLLƏT QAZANDI! TÜRKİYƏ QAZANDI!
 
Ənvər BÖRÜSOY, Hurriyyet.org

Загрузка...
Загрузка...