Rauf Arifoğlu-53: Aşırımlı, təlatümlü ömrün sətirləri...

Baxış sayı: 
68
2  
0  

 
Bu gün ömrünün 30 ilini Azərbaycan mediasına vermiş Rauf Arifoğlunun doğum günüdür. Milli Mediamızın 144 yaşının tamam olmasının ertəsi günü Rauf Arifoğlunun da 53 yaşı tamam olur.
53-30=23. Sadə bir düstur. 23 yaşında qəzetçiliyə başlamış Rauf Arifoğlunun peşə stajı artıq qəzetçi olmadığı illərdən 7 il çoxdur.
Uşaqlıq illərini, təhsil dövrünü çıxsaq, onun yazısız günü olmayıb, müstəqil həyata başlar-başlamaz, özünü sətirlərin arasında tapıb. O, publisistik yaradıcılığına hələ 1987-ci ildə, Məmməd İsmayılın nəşr etdiyi “Gənclik” jurnalında başlamışdı.
Son 30 ildə Rauf Arifoğlu media sahəsində elə uğurlara imza atıb ki, bunu etmək hər adama, hətta milyonda bir adama nəsib olan iş deyil.
Bu zirvəyə çatmaq üçün Rauf Arifoğlu dolaylı, aşırımlı, sis-dumanlı yollar keçib, iztirablı, möhnətli günlər keçirib, neçə-neçə təlatümlərə sinə gərib. Nə yazmaqla bitəndir, nə danışmaqla. O günlərin ağırlığını yalnız yaşayanlar bilər. Və açığı, hər üzünü, hər sıxıntısını, hər məhrumiyyətini təsvir etsən, o cür həyatı bir kimsə yaşamaq istəməz. Hələ bu ağır həyatı yaşamağı bacarıb-bacarmamağı bir kənara qoyaq. İki dəfə həbs həyatı yaşamaq nə deməkdir...
Rauf Arifoğlu elə bir ilham, enerji və fəhm sahibidir ki, o, futbol məşqçisi olsaydı, rəhbərlik etdiyi komandanın səsi mütləq zirvələrdən gələrdi; yazıçı-dramaturq olsaydı, əsərləri ölkə hüdudlarından çox-çox kənarlara səs salardı, fizika-kimya alimi olsaydı, ixtiraları ölkəyə böyük faydalar gətirərdi...
Başqa sözlə, o, jurnalistikadan başqa hansı peşəyə könül versəydi, hansı işə girişsəydi, orada mütləq uğur qazanar, birinci olardı.
Rauf Arifoğlunun xarakterik özəllikləri arasında ən bariz olanlar məqsədyönlülük, tələbkarlıq, əzmkarlıq, yorulmazlıqdır. O, hədəfə yetişmək yolunda önünə çıxan bütün maneələri bir-bir aşmağa hazırdır, bunun üçün öz potensialını, eləcə də yaxın ətrafındakıların təcrübəsini səfərbər etməyə qadirdir.
Rauf Arifoğlunun uğurlarının mayasında bu keyfiyyətlər durur. Fitri istedad da öz yerində. Onsuz heç bir uğur mümkün deyil.
“Yeni Müsavat” Media Qrupuna daxil olan yaradıcı kollektivlər bu gün 53 yaşı tamam olan Rauf Arifoğluna daha yüksək nailiyyətlər və təbii ki, cansağlığı arzulayır.
Qoy Rauf bəyin bütün arzuları çin olsun, yetişmək istədiyi hədəflərə çatsın. Gün o gün olsun ki, ortaya belə bir düstur da çıxsın: 23+75=98+...
 

Загрузка...
Загрузка...