“Rabitə işi”nin MÜƏMMALI FİNALI

 
    
 
“Rabitə işi” ilə bağlı məhkəmə prosesi diqqət mərkəzindədir. Törədilmiş cinayətlərə görə verilmiş cəzaların azaldılması təəccübə səbəb olub. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Aparat rəhbəri olmuş Vidadi Zeynalov və “Bakı Telefon Rabitə” İstehsalat Birliyinin sabiq baş direktoru Beytulla Hüseynovun cəzaları xeyli yüngülləşdirilib, onların milyonlarla dəyəri olan əmlakları da ailələrinə qaytarılıb. Məhkəmə 2009-cu ilə qədər alınan əmlakların “halal” pulla alındığına qənaət gətirib.
 
Qeyd edək ki, məhkəmə Vidadi Zeynalovun cəzasını 13 ildən 4 ilə, Beytulla Hüseynovun cəzasını isə 7 il 6 aya endirib. “Rabitə işi” çərçivəsində məhkəmə Vidadi Zeynalovun və yaxınlarının adına olan bütün əmlakına həbs qoymuşdu. Maraqlıdır, nə baş verdi ki, Vidadi Zeynalova qarşı bu qədər böyük hümanistlik göstərdilər?
 
 
 
Xatırladaq ki, istintaq prosesində Vidadi Zeynalov və Beytulla Hüseynovun dövlətə külli miqdarda zərər vurduğu bildirilirdi və bunun məntiqi nəticəsi olaraq Zeynalov 7, Hüseynov isə 10 milyon manat ödəyib. Hələ o zaman yayılan məlumatlarda dövlətə dəymiş zərəri ödəyən şəxslərin tezliklə azadlığa çıxacağı deyilirdi. Ancaq məhkəminin yekun qərarında sonra bu məsələ gündəmə çıxdı. Ancaq görünən odur ki, bu məsələ gündəmdən çıxsa da, məhkəmə hökm oxusa da, proses davamlı olacaq. Əslində son yayılan məlumatlardan bəlli olur ki, Vidadi Zeynalov “qazandıqlarının” bir hissəsini xilas edə bilib.
 
 
 
Qeyd edək ki, V.Zeynalov 2015-ci ilin oktyabr ayında saxlanılıb və haqqında 3 ay həbs-qətimkan tədbiri seçilib. Məhkəmənin gedişatına uyğun olaraq məhkəmə Zeynalova 13 il həbs cəzası verib. İndi isə Bakı Apellyasiya Məhkəməsi bu qərarı dəyişərək cəzanı 4 ilə qədər azaldıb. Vidadi Zeynalov 2 ildən çoxdur ki, həbsdədir. Cəzasının 4 ilə qədər endirildiyini nəzərə alsaq, tezliklə azadlığa çıxmaq imkanları da var. Təbii ki, bu istisna olunmur.
 
Bir müddət öncə dövlət vəsaitini talamaqda milyonlarla dəyərində mülkə sahib olduğu deyilən Vidadi Zeynalov və digərlərinin həmin mülkləri geri qaytarılır. V.Zeynalovun özü və ailə üzvləri, bacıları və başqa yaxınlarının adlarına olan 67 əmlakın üzərinə həbs qoyulmuşdu. Bunlar əsasən, İsmayıllı, Qəbələ, Lənkəran, Şamaxı rayonlarının müxtəlif kəndlərində hektarlarla kənd təsərrüfatı təyinatlı torpaq sahələri və evlər, Bakının mərkəzi rayonlarında mənzillər, ətraf qəsəbələrdə bağ evləri və qeyri-yaşayış obyektləridir. Həbsdəki məmurun özü və yaxınlarının adına olan, üzərinə həbs qoyulmuş əmlaklar istintaq dövründə ümumilikdə 43 milyon 489 min 537 manat dəyərləndirilib. Onlardan yalnız birinin, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 138 və 140 saylı qeyri-yaşayış sahəsinin dəyəri 14 milyon 445 min manatdır.
 
Vidadi Zeynalov məhkəmədə iddia edirdi ki, bu əmlakların əksəriyyəti ona miras qalıb və bunlara həbs qoyula bilməz. O zaman dediklərinə heç kim inanmasa da, görünən odur ki, məhkəmə artıq V.Zeynalovun bu dediklərinə inanır. Hər halda son proseslərədn belə qənaətə gəlmək olur ki, Vidadi Zeynalovun sərvətinin qaynağı təkcə dövlətdən mənimsədikləri deyil, həm də tarixən gələn zənginlikdir. Tarixdən gələn zənginliyin qaynağı isə məlum deyil.
 
Vilayət Muxtar
 
Cebhe.info

Загрузка...
Загрузка...