“Qürbətdə iqtidar-müxalifət söhbəti olmamalıdır” - MÜSAHİBƏ

Baxış sayı: 
87
1  
0  

Elman Mustafazadə: “Diasporumuzu təmsil edənlərin arasında cahillik yayılmaqdadır”

“Əgər Azərbaycanda bir qədər fərqli islahatlar aparılarsa, diaspor anlayışımız da tamamilə yeni məzmun daşıya bilər”

“Bu gün mühacirətdə xalqımızı təmsil edənlərin ictimai-sosial mənada baxışları məni qane etmir”

Avropada yaşayan güneyli-quzeyli soydaşlarımızın sayı yarım milyondan da çoxdur. Ancaq, böyük bir diaspor halına hələ də gələ bilmirlər. Kiçik qruplar şəklində fərqli mənafelər və maraqlar əsasında varlığını isbat etməyə cəhd edənlərin sayı isə çoxdur. Nədən bizlər bu qədər yalnız və cılız görünürük? Nə üçün başqa xalqların diaspor təşkilatları kimi birlik və bərabərlik içində görünmürük? Niyə illərdir bu qədər pərakəndə şəklində yayğınıq? Bu suallarla “Avropa Azərbaycanın Dostları Cəmiyyəti”nin sədri, “Xudafərin” dərgisinin təsisçisi və baş redaktoru Elman Mustafazadə ilə söhbət etdik.

– Elman bəy, 28 ildir Avropada yaşayırsınız. Avropanı qarış-qarış gəzərək xalqımızı təmsil edən soydaşlarımızın müxtəlif təbəqələri ilə görüşləriniz olub. Nədən bu qədər fərdilik baxışlarına üstünlük verərək güclü diaspor təşkilatı qura bilmirik?

– Öncə onu qeyd edim ki, təqribi hesabalamalarıma görə, Avropada soydaşlarımızın sayı milyon yarımdan çoxdur. Bundan əlavə, mühacirətə üz tutanların hamısından yurdsevərlik, dövlətizə sədaqət tələb etmək doğru deyil. Soydaşlarımızın arasında elələri var ki, onların azərbaycanlı olmasından öz daxilimdə xəcalət çəkirəm. Əlbəttə, qürbət ölkəyə məcbur olaraq üz tutanların çoxunun intellektual səviyyəsi şəxsən məni qane etmir. Bu bir acı gerçəklikdir. Qürbətdə istənilən toplumun milli təşkilatlanma sisteminin iki üsulu var. Ya həmin xalqın arxasında mənsub olduğu dövlət durmalıdır, ya da xalqı təmsil edən aydınların, din xadimlərinin bu istiqamətdə mənəvi birlik üçün gördükləri fəaliyyətlər ortada olmalıdır. Min dəfələrlə təəssüflər olsun ki, xalqımızla bağlı bunların ikisi yox kimidir. Ötən əsrin ilk çağlarında Avropada fəaliyyət göstərən azsaylı və barmaqla sayılası Azərbaycan diasporunun arxivləri ilə maraqlandıqda adamı heyrət götürür. Ac-yalavac bu insanlar Azərbaycan milli davasını necə də qürurla aparırmışlar. Məmməd Əmin Rəsulzadə, Əlimərdan Bəy Topçubaşlı, Ziyad Xan Xoylu, Ceyhun Hacıbəyli, Səmran Məmmədzadə, Məcid Musazadə, Ənvər Sultanzadə, Əli Aranlı, Əli Həsənzadə, Əhməd İbrahim, Kərim Aslanoğlu və digər onlarca sayda insanların adını çəkmək olar. Onlar kimsədən indiki dillə desək “qrant” ummadan Azərbaycanın milli varlığı üçün mücadilə aparmışlar. Bu gün mühacirətdə xalqımızı təmsil edənlərin ictimai-sosial mənada baxışları məni qane etmir. 1990-cı illərin əvvəlində Polşada 1960-cı illərdən sonra, Avropada ilk dəfə “Xudafərin” dərgisini təsis etdim. Təəssüflər olsun ki, dərginin saylarını ərkim çatan soydaşlarımız arasında qapı-qapı gəzib yayırdım. O dönəmdə nə internet var idi, nə də milli təşkilatlarımız.

– Bəs bu gün durum necədir?

– İndiki internet çağında onun bütün imkanlarından yararlanaraq mühacirət və diaspor adına “virtual qəhrəmanlar”ın sayı yüzlərlədir. Guya milli diasporumuzu təmsil edirlər. Halbuki, güneyli-quzeyli bir millət olmanın standartları ortaya qoyulmalıdır. Dəfələrlə bu barədə xüsusi toplantıların keçirilməsi təşəbbüslərini irəli sürdüm. Ölkə-ölkə gəzərək milli birliyimiz adına mühacirlərimizi Azərbaycan Respublikasını nəzərə alaraq iqtidara-müxalifətə bölmədən digər mədəni xalqlar kimi varlığımızı ortaya qoymanın yolları adına çoxsaylı təkliflər irəli sürdük. Məsələyə bu yöndən yanaşılmasını barmaqla saya biləcək insanlar dəstəklədilər. Qürbətə üz tutan insanların bu günkü mənzərəsi də acınacaqlıdır. Bəziləri Avropada özlərinə komfort həyat düzəni qurmaq üçün milli azlıqların hüquqları çərçivəsində “etnik separatizmi” müdafiə edirlər. Bəziləri Azərbaycandakı hakimiyyətdən intiqam almaq üçün gecə-gündüz təbliğatlar aparırlar. Bir çoxları vətəndəki ağır sosial-iqtisadi həyatdan bezərək Avropaya üz tutanlardır. İndi nəinki dövlətlər, insanların özləri belə, dünyadan təcrid olunmuş şəraitdə yaşaya bilməzlər. Əgər Azərbaycanda bir qədər fərqli islahatlar aparılarsa, diaspor anlayışımız da tamamilə yeni məzmun daşıya bilər. Unutmaq olmaz ki, indi XX əsrdən fərqli olaraq XXI yüzilin şərtləri yeni məcrada inkişaf edir. Bu, dövlətləşmə və diasporların milli düsturla bütünləşməsindən ibarətdir.

– Bəs Diaspor Komitəsinin keçmiş rəhbərliyi uzun müddət təbliğat apardı ki, Avropada möhtəşəm Azərbaycan diasporu mövcuddur.

– Milli diaspor adına çox təəssüflər olsun ki, pərakəndəliyin əsil səbəbkarı adı çəkilən komitənin keçmiş rəhbəri Nazim İbrahimovun özü idi. Mən bu barədə on ildən də çox həyəcan təbili çalmışam. Bakıdakı yerli qəzetlər və internet saytlarında açıqlamalar da vermişəm. Sirr deyil ki, Azərbaycan dövlətində dərin strateji maraqları olan dövlətlərin Avropada qurduqları “Azərbaycan diasporu” adına milli təşkilatlanma siyasətində mənfi rolu az olmayıb. Bakıdakı bəzi oliqarxların saxtakarcasına öz xarizmalarını nümayiş etdirmək üçün Qərbdə yaratdıqları təşkilatlar bir fayda verə bilməzdi. İran molla rejiminin səfirliklərinin nəzarəti altında olmaqla süni şəkildə yaradılan bir sıra təsisatlar da milli diaspor siyasətimizə sarsıdıcı zərbələr vurub. Avropada mövcud problemlərimizin təməl prinsipləri bundan ibarətdir.

– Bəs böyük ənənəyə malik olan türk diasporu necə? Onlardan örnək götürmək olmazmı?

– Bu çox yaralı bir mövzudur. 2002-ci ilə kimi türk diaspor təşkilatları ilə qürur duyur və onların təcrübələrindən faydalanmağa çalışırdım. Əslən Gəncədən olan professor İrfan Murad Yıldırımın adını xüsusi olaraq çəkmək istəyirəm. Harada türk diaspor təşkilatı var idisə, hamısının kültür mərkəzləri mövcud idi. Onlar Türkiyənin və böyük öndər Mustafa Kamal Atatürkün ideyalarını müdafiə edirdilər. Bu gün təəssüflər olsun ki, türk diaspor təşkilatlarının 90 faizi ifrat dindarlıq yoluna üz tutublar. Cahillik bu təşkilatları uçuruma aparır. Bizim diasporumuzu təmsil edənlərin arasında da cahillik yayılmaqdadır.

– Elman bəy, konkret olaraq, bu gün bəzi diaspor təşkilatlarımızın adları qalmaqallarda hallanır. “Avropa Azərbaycanlıları Konqresi” təşkilatını örnək kimi göstərmək olar...

– Bu təşkilatın missiyası Rusiya və Ukraynadakı diaspor təşkilatlarımızla Avropadakı diasporla birlik içində olmaqla milli hədəflərimizi önə çəkməkdən ibarət idi. 2004-cü ildə yaradılan bu qurum sonradan bir sıra beynəlxaql tədbirlərdə istənilən effekti ortaya qoya bilmədi. İstənilən bir qurum bürokratik düzənin girovuna çevrilirsə, plürealizmdən uzaq durursa, orada ciddi uğurlardan danışmağına dəyməz. Təbii olaraq bu məsələdə bir yandan AAK-ın rəhbərliyinin, digər yandan isə, AAK-a və Azərbaycana düşmənçilik siyasəti yürüdən bəzi çevrələrin günahı var. İstənilən bir şəxs və ya qrup millət adına təşkilat yaradırsa, bu, artıq onların kimliyini arxa planda qoyması deməkdir. İndi XV əsr deyil ki, hər şey liderin çevrəsində idarə olunsun. Yaşadığımız sosiallaşma əsrində hər şey bərabərhüquqlu müstəvidə idarə olunur və öz çözümünü tapır. Nazim İbrahimov və komandasının idrakı olmadığı üçün biabırcasına qovuldular. Bu, həyatın acı ironiyasıdır.

– Belə bir fakt da mövcuddur ki, çoxsaylı saxta diaspor təşkilatları yaradılıb və onlar Azərbaycan Diaspor Komitəsindən alınan “qrant”ları yumaqla məşğuldurlar. Bu barədə nə deyə bilərsiniz?

–Kimsəyə sirr deyil ki, Azərbaycandakı korrupsiya və traybalizm adlı xəstəlik Avropada da özünü göstərib. Biz bu barədə neçə illərdir etirazlarımızı bildirmişik. Nazim İbrahimov tutduğu vəzifədən qovulduğuna görə, indi həmin saxta təşkilatların rəhbərləri avantüra və provakasiyalara üz tutublar. Bizlərin milli diaspor kimi təşkilatlana bilməməyimizin əsil səbəbi də budur. Hər dəfə qarşımıza bəlli olmayan sirli səbəblər ucbatından “kötüklər” itələyirlər və illərlə davam edən mübarizədə onları yolumuzdan təmizləməyə çalışırıq. Beləcə, illərimizi və vaxtımızı boş şeylərə sərf edirik.

– Belə çıxır ki, milli təşkilatlanma və diaspor adına görəcəyimiz işlər sıfr nöqtəsindədir.

– Əlbəttə. Bizim üçün ən böyük vəzifə Qarabağımızın azadlığıdır. İllərlə davam edən erməni ekspansionizminin qarşısı alınmalıdır. Diaspor təşkilatlarımızın üzərinə böyük məsuliyyət düşür. Dünyanın mədəni dövlətləri və xalqları bu gün “işğalçılıq” siyasətini müdafiə etmirlər. Bu gerçəkliyi əyani şəkildə isbat etmək üçün çalışmalıyıq. Kitablar dərc etməli, filmlər çəkməli, rəsm sərgiləri açmalı, elmi konfranslar təşkil etməliyik. Bu günə kimi Qarabağ mövzusunda Avropada bircə dəfə də olsun beynəlxalq konfrans keçirilməyib. Avropada yaşayan bir milyondan çox soydaşımızı səfərbər edərək, sülh yürüşünə və “occupation” (işğal) siyasətinə qarşı çıxmamışıq.

– Diaspor Komitəsinin rəhbərliyi və komandası yenilənib. Onlardan gözləntiniz nədir?

– Yeni rəhbərlik vətəndaş cəmiyyəti içində kifayət qədər püxtələşmiş kadrlardan təşkil olunub. Bu müsbət addımdır. Ancaq, yenə də deyirəm, əgər milli hədəflər düzgün qurularsa, biz bütün imkanlarımızı səfərbər edib əməkdaşlıq edəcəyik. Əsas hədəfimiz Qarabağın azad edilməsi istiqamətində olmalıdır. Qürbətdə iqtidar-müxalifət söhbəti olmamalıdır. Azərbaycan dövlətçiliyi və torpaqlarımızın bütövlüyü prioritetə çevrilməlidir. Qürbətdə yaşayan soydaşlarımız dünyada yeni texnologiyaları mənimsəyərək onları Azərbaycanda tətbiq etmək istəyirlər. Dövlət Gömrük Komitəsi adlı dəhşətsaçan bir əjdaha qurum var. Nağıllarda olduğu kimi qarşılarına çıxanı div kimi udurlar. Bu komitə sərhədlərimizdə qarşılarına çıxandan dəyərindən on dəfələrlə yüksək olan rüşvət tələb edirlər. Şəxsən bu acı həqiqətləri özüm yaşamalı olmuşam. Gömrük Komitəsini tənqid edən çıxışlar etmişəm. Hökumətə də müraciətlərim olub. Diaspor Komitəsinin fəaliyyəti diaspor təşkilatları arasında koordinasiya qaydaları əsasında olmalıdır. Koordinasiya şəraitində milli hədəfləri ortaya qoymalıyıq. Azərbaycan adına qurulan hər bir diaspor təşkilatı bu yükün missiyasını və dəyərini bilməlidir. Nazim İbrahimovun ən böyük suçu feodalcasına özü kimi bazar təfəkkürü ilə diaspor siyasətini yürütməsi idi. Yeni rəhbərlik gənclərdən ibarətdir. Bu o deməkdir ki, dinamik şəkildə diaspor quruculuğu prosesində fəallıq göstərəcək.

Hurriyyet.org

Загрузка...
Загрузка...