​Qüds düyünü ona görə məhz indi ortaya atıldı ki... – Şərh

 
Hazırda Fələstin ətrafında son dərəcə ciddi və eyni zamanda nəticələri uzun müddətə hesablanmış mürəkkəb oyun qurulmaqdadır.
 
Bu sözləri Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu Fələstin ətrafında gedən son prosesləri şərh edərkən deyib. O bildirib ki, Suriya və İraqda İŞİD-in sonunun çatdığını elan edən bölgə ölkələri hazırda yeni və daha təhlükəli gedişatla baş-başadırlar:
 
“Ən maraqlısı odur ki, bu gedişat Livandakı Həriri olayı və Səudiyyə Ərəbistanında baş verən “vəliəhd yenilənmələri” fonunda özünü ilk növbədə Yəməndə aktiv fazaya daxil olan Ərəb-İran qarşıdurması ilə göstərdi. İndi isə Qüds məsələsi müzakirədədir. Fələstin məsələsi - məhz bölgənin o problemlərindəndir ki, kökü var, tarixi var və hətta İslam aləminin özündə belə ona münasibət birmənalı deyil. İstər Yəməndə yaşananlar, istərsə də Fələstin problemi islam aləmini daxildən bölən, hətta belə demək mümkünsə, islam ölkələrini qarşı-qarşıya gətirən məsələlərdir. Hətta Fələstinin özündə belə zamanında yaşanmış olan HƏMAS-FƏTH qarşıdurması bu bölünmə üçün ən bariz nümunə sayıla bilər”.
 
Analitik qeyd edib ki, bu, təkcə Fələstin-İsrail arasında deyil, eyni zamanda, bölgədə də çox ciddi proseslərin başlamasına səbəb olacaq:
 
“Çünki Fələstinlə bağlı müəyyən planlar, layihələr var idi. Fələstinin Sinay yarımadasına köçürülməsi məsələsində ABŞ, Səudiyyə Ərəbistanı və Misirin razılığı var. Amma fələstinlilər buna razı olmadı və bu məsələdə daha prinsipial addımlar atırlar. Eyni zamanda, bölgənin içində olan və kifayət qədər ciddi nüfuza malik dövlətlərin bəziləri də bu məsələyə qarşı mövqe sərgiləməkdədirlər. Bu səbəbdən Qüdsün İsrailin paytaxtı elan edilməsi və ABŞ-ın buna dəstək olaraq, öz konsulluğunu Qüdsə köçürəcəyi ilə bağlı açıqlamalar verməsi Yaxın Şərqdə gedən bir çox proseslərə neqativ təsir göstərəcək”.
 
V.Zifəroğlu vurğulayıb ki, hazırda bu məsələyə ərəb ölkələrinin öz içində də vahid bir mövqe sərgilənmir:
 
“Bu da prosesləri daha qarışıq hala gətirir. Yəni bu mənada burada müxtəlif maraqların çarpışması, müxtəlif hədəflərə doğru müəyyən addımlar atılması məsələsi önəmlidir. Bu da fikir ayrılıqlarına təkan verir. Səudiyyə və Misirdən başqa digər ərəb ölkələrinin buna loyal münasibət göstərəcəyini düşünmək əslində yanlış olardı”.
 
Politoloqun sözlərinə görə, Qüdsün İsrailin paytaxtı olaraq təqdim edilməsi, bununla bağlı konkret addımların atılması hələ tezdir:
 
“Bu, daha ciddi müzakirələr tələb edən bir məsələ idi. Digər tərəfdən, burada İran və Türkiyə faktorları da var. İki ölkənin rəsmilərinin açıqlamalarından göründüyü kimi, onlar bu məsələnin qəti əleyhinədirlər. Bunun özü artıq onu göstərir ki, Yaxın Şərqdə yeni bir insidentin əsası qoyulmaqdadır. Ən maraqlı məqam isə ondan ibarətdir ki, İraqda Kürd Muxtariyyəti məsələsi səngidiyi, Suriyada İŞİD-in məhvinə nail olunduğu zaman bu bölgədə yeni bir qaynar nöqtənin yaradılması üçün addımlar atılır. Sanki müəyyən qüvvələr Yaxın Şərqdə kiçik bir fasilə yaranmasını istəmir. Bu dəfə isə münaqişə üçün yeni və çox prinsipial bir məsələ ortaya atılıb”.
 
Qeyd edək ki, ABŞ Prezidenti Doland Trampın bu gün Qüdsü İsrailin paytaxtı olaraq tanıyacağı gözlənilir.

Загрузка...
Загрузка...