Qüds böhranı: Trampın “yeni” yolu və köhnə ağır mənzərələr

 
 
ABŞ İsraildəki səfirliyini qanlı-qadalı şəkildə Təl-Əvivdən Qüdsə köçürdü. Gözlənildiyi kimi, yerli fələstinlilər qərara etiraz etmək üçün küçələrə axışdılar. İsrail polisi isə silahsız insanların üzərinə atəş açdı. Nəticədə 55-dən çox fələstinli həlak oldu, 2000-dən artıq şəxs yaralandı.
 
Qərb mətbuatı olub-bitənlərdən ABŞ prezidenti Donald Trampı məsul tutur. Doğrudur, onun İsraillə bağlı siyasətini təqdir edən media qurumları da az deyil.
 
“Donald Tramp səfirliyi köçürməklə xarici siyasətdə on illərdir davam edən ənənəvi baxış tərzinə son qoymağa hazır olduğunu göstərdi”, - “The New York Times”dan Culiya Hirşfeld Devis yazır.
 
Yazarın fikrincə, səfirliyin binasını açılış yerinin yaxınlığındakı qanlı kadrlar Trampın xarici siyasətdə dönüşünün Yaxın Şərqdə sülhün perspektivinə daha da kölgə saldığını nümayiş etdirdi.
 
Müəllif ABŞ prezidentinin qərarında onun kürəkəni və müşaviri Cared Kuşnerin əhəmiyyətli rol oynadığını vurğulayıb.
“Lakin analitiklər Kuşnerin guya fələstinlilər və israillilər arasında sülhü təmin edəcək planının bundan sonra işləyə biləcəyinə şübhə ilə yanaşırlar. ABŞ prezidentinin Yaxın Şərq üzrə keçmiş müşaviri Aron Devid Millerin dediyi kimi, “əgər əvvəllər bölgədə sülh sazişinin imzalanması “qeyri-mümkün missiya” kimi görünürdüsə, bazar ertəsindən sonra bu “hiper qeyri-mümkün missiyaya” çevrilib”.
 
ABŞ prezidentinin qərarını müsbət qarşılayanlar da var. Onların fikrincə, Qüdsün İsrailin paytaxtı olaraq tanınması sülh perspektivini gücləndirməklə bərabər, fələstinliləri israillilərlə bir masa arxasında əyləşməyə məcbur edəcək.
 
“Hertage Fonudation” təşkilatının Yaxın Şərq üzrə eksperti Cim Filips hesab edir ki, Trampın addımı sayəsində həm fələstinlilər həm də digər ərəb ölkələri İsrailin dövlət olaraq tanınması və sülh sazişinin imzalanması prosesini uzatmağın onlar üçün faydasız olduğunu anlayacaqlar”.
 
“The Wall Street Journal” da eyni fikri müdafiə edir. Qəzet son hadisələrdə fələstinlilərin özlərini günahkar çıxarmaqla bərabər, Qüds və səfirlik məsələsinin onlar üçün səbəb deyil, bəhanə olduğunu qeyd edib.
 
“The Wall Street Journal ABŞ-ın İsrailin İranın Suriyadakı obyeklərinə hücumu zamanı tam olaraq Təl-Əvivin arxasında olduğunu xatırladaraq bunun rəsmi Tehran üçün ciddi mesaj kimi qəbul edilməli olduğunu yazıb.
 
“Fələstinlilər İsraili tanımadıqca bölgədə sülh heç vaxt bərqərar olan deyil”, - məqalədə qeyd olunub.
 
Böyük Britaniyanın “The Times” qəzetinin yazarı Riçard Spenser D.Trampın Şimali Koreya məsələsində seçdiyi yolu Fələstində də sınamaq istədiyini yazır.
 
“O, buradan doğa biləcək xaosu problem hesab etmir. Çünki məhz xaos Pxenyanın danışıqlar masası arxasında əyləşməyə vadar edib. İndi fikirləşir ki, eyni metod fələstinililərdə niyə işləməsin?”.
 
Qəzet Fələstin lideri Mahmud Abbasın Cared Kuşnerin planı ilə razılaşmaması halında gələcəkdə onun başqa birisi ilə əvəzlənə biləcəyinə işarə vurub.
 
“ABŞ-ın səfriliyinin Qüdsə köçürülməsi gözlənildiyi kimi qanlı nəticələri özü ilə bərabər gətirdi. Bütün bunlar Donald Trampın Fələstinlə bağlı siyasətinin böyük risklər daşıdığını göz önünə sərir”, - İsveçrənin “Neue Zürcher Zeitung” qəzetindən Ulrix Şmid yazır.
 
“Hər şeyi, hər kəsdən, o cümlədən İranın burnunun dibindən onun “atom arxivini” oğurlamaq qabiliyyəti ilə öyünən yüksək texnologiyalara sahib İsrailin nümayişçiləri durdurmaq üçün başqa vasitəyə malik olmadığını düşünmək gülüncdür”, - müəllif qeyd edir.
 
Jurnalist Donald Trampın baş nazir Netanyahunun bölgədəki situasiyanı fasiləsiz gərginləşdirməyə və fələstinlilərin təhqir olunması siyasətinə tam dəstək verdiyini bildirir:
 
“İsraildə sərt siyasət tərəfdarları indi bayram edirlər, Donald Tramp isə az qala onlar üçün “Məsih” rolunu oynayır. Bəziləri üçün isə bu Aralıq dənizindən İordan çayına qədər “böyük İsrail”in qurulması üçün nişanədir. Trampın syasəti bu insanlardan ötrü torpaqların qəti olaraq alınması üçün başlanğıc atəşidir”.
 
Müəllifin fikrincə, Tramp Amerikası artıq Birləşmiş Qərb dünyasının rəhbəri olmaqdan daha çox, özünün dünyadakı hakim mövqelərini qoruyub saxlamağa çalışan dövlətə bənzəyir.
 
“Bu isə həm israillilər, həm də fələstinlilər üçün olduqca pis əlamətdir”, - Ulrix Şmid yazıb.
 
Musavat.com

Загрузка...
Загрузка...