“Qubadlıda özüm üçün ev tikdirmək istəyirəm” – Maestro Ceyhun

Baxış sayı: 
95
1  
0  

Ali Baş Komandan İlham Əliyevin Qubadlı şəhərinin erməni işğalından azad edilməsi barədə özünün Twitter hesabında paylaşdığı xəbər sevinclə qarşılanıb. Bu xoş xəbər sıravi vətəndaşlar kimi, əslən Qubadlıdan olan sənət adamlarına da böyük fərəh hissi yaşadıb.

Əməkdar artist, skripka ifaçısı maestro Ceyhun öz sevincini “Ölkə.Az”la bölüşərək Qubadlı xatirələrini dilə gətirib:

 “Qubadlıdan son dəfə 18 yaşımda çıxmışam. Düzdür, mən Sumqayıtda doğulmuşam ancaq hər il tətillərdə, bayramlarda Qubadlıya istirahətə gedirdik. Təsəvvür edin mənim 18 yaşım olanda Qubadlı işğal olunub. İndi isə 45 yaşım var. Hazırda keçirdiyim hisslər ifadəolunmazdır. Babamın Qubadlıda evi var idi. Qubadlı dünyanın ən gözəl kurort zonalarından biri olub. Bizim Əyin kəndimiz məşhur yazıçı Süleyman Rəhimovun kəndi olub. Süleyman Rəhimov mənim babamla bacanaq olub. Kəndlə bağlı çox böyük təəssüratlarım var. Həyətimizdə hər yerdə özümə aid işalərələr qoyurdum. Hər il bu işarələri yeniləyərək C -13, C -14  yaşımı qeyd edirdim. Bizim kəndimizdə 20 ev olduğu hələ də yadımdadır. Kəndimiz dağın başında olduğu üçün bəlkə də indi ora qar yağır. Azərbaycanın bütün torpağına qurban olum, ancaq oralar mənim üçün tamam başqadır. Kəndimizdə hara gedirdinsə bulaqlara, meyvə ağaclarına rast gəlirdin. Əgər indi qırıb dağıtmayıblarsa həmin yerlərin relyefi yadımda olduğu üçün gedən kimi evimizi görərəm. Çaylardan tor atıb qızıl balıq tutmağımız hələ də yadımdadır”.

İfaçı Azərbaycan xalqına qələbə sevincini yaşatdığı üçün Ali Baş Komandan İlham Əliyevə və Rəşadətli Ordumuza təşəkkür edib.

“Allah cənab Prezidentimizə, Milli Ordumuza can sağlığı versin. Allah şəhidlərimizə qəni –qəni rəhmət etsin. Çünki həmin yerlər çox çətin relyefə malikdir. Sıldırım qayalar olduğu üçün orada yerimək, qələbə qazanmaq çox böyük uğurdur”.

Əməkdar artist təməlli olaraq, işğaldan azad olunan doğma diyarına köçüb orada yaşamaq planlarından da danışıb.

“İnsanlara işğaldan azad olunan torpaqlara qayıtmaq icazəsi verilən kimi mən də Qubadlıda özüm üçün kiçik də olsa ev tikmək istəyərəm. Hər il gedib həmin evdə yaşamaq, nənə-babalarımın qəbrini ziyarət etmək mənim üçün ən böyük sevincdir. Hətta bəzən təməlli Qubadlıya köçüb, orada  məskunlaşmaq haqqında da düşünürəm. Xatırlayıram ki, kəndimizdə at belində odun gətirən kişilər var idi. Soruşanda öyrənirdim ki, həmin insanların 89, 90, 102 yaşları var. Qadınlar bulaqdan səhənglə su gətirərdilər. Tez-tez al yanaqlı uşaqları görürdüm. Mən həmin uşaqları indi də Sumqayıtda görürəm. Onların canları hələ də çox möhkəmdir. Həmin uşaqlara deyirəm ki, siz o bulaqlardan su içdiyinizə görə, Qubadlıda anadan olduğuna görə hələ də belə sağlamsınız”.

Qarabağın dilbər güşə olduğundan söz açan maestro bu ərazinin təbii sərvətlərindən də söz açıb:

“Şükür, rayon və kəndlərimizin bir hissəsi işğaldan azad oldu. Azərbaycan bu gün adı dillərdə gəzən torpaqlarına, ərazilərinə qayıdır. Qarabağın bütün rayonlarında olmuşam. Bir sözlə Qarabağ möcüzədir. Çünki qızılı, əqiqi, hər cür faydalı suyu çıxır. Allah Qarabağa hər bir nemət bəxş edib. Vaxtikən Teymurləng, Çingiz xan Qarabağın aşiqi olublar. Buna görə, Azərbaycana yürüyüş edən şahlar hər zaman birinci olaraq Qarabağı ələ keçirməyə çalışıblar. O torpaq adamın ömrünü uzadır. Danışılacaq sözümüz, sevincimiz çox böyükdür”.

Загрузка...
Загрузка...