​Qorbaçovun köməkçisi əməkdaşımıza danışdı

Baxış sayı: 
103
4  
0  

 
“Qarabağ münaqişəsini ABŞ SSRİ-ni dağıtmaq  üçün yaradıb”
SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçovun köməkçisi işləmiş fəlsəfə elmləri doktoru, professor İvan Fyodroviç Feklistov “Yeni Müsavat”a eksklüziv müsahibə verib. Qarabağ Azadlıq Təşkilatının (QAT) Rusiya səfəri çərçivəsində onunla görüşmək şansı əldə etdik. Sankt-Peterburq şəhərində yerləşən Rusiya Təhsil Akademiyası Smolnı İnstitutunda çalışan İvan Feklistovla müsahibəni təqdim edirik:
 
- İvan Fyodroviç, bildiyimizə görə, Mixail Qorbaçovun köməkçisi olmusunuz. Neçə il onunla işlədiniz?
 
- Mən onun aparatında işləmişəm, köməkçi kimi. Orada müxtəlif strukturlar var idi, o cümlədən regionlarla əlaqədar analitik mərkəz fəaliyyət göstərirdi. Burada təkliflər müzakirə edilir, təqdim edilirdi. Qorbaçovla 7 il birgə işlədim.
 
 
 
- SSRİ dağıldıqdan sonra eks-prezidentlə görüşünüz olubmu?
 
- Sonrakı illərdə uzun müddət görüşmədik. Ancaq bir dəfə təsadüfən görüşümüz oldu.
 
- Necə bilirsiniz, Qorbaçov niyə Dağlıq Qarabağ məsələsini həll etmək, zamanında bu konfliktə nöqtə qoymaq istəmədi?
 
- O, münaqişənin olmasını istəmirdi. İstəyirdi ki, hər iki tərəfi sakitləşdirsin. Ona görə də oraya (Dağlıq Qarabağa-E.P.) Volskini (o zaman Dağlıq Qarabağda ermənipərəst Arkadi Volskinin başçılığı ilə qeyri-qanuni, birbaşa Moskvaya tabe olan müvəqqəti Xüsusi İdarə Komitəsi yaradılmışdı-E.P.) göndərdi. Volski tanınmış, çox mədəni insan idi. Volski, məncə, iki ilə yaxın orada fəaliyyət göstərdi, hər iki tərəf sakitləşdirməyə çalışdı.
 
- Ancaq o zaman məsələni həll etmək daha asan idi, nəinki indi. Çünki indiki kimi, tərəflər ağır silahlarla, hərbi texnika və raketlərlə üz-üzə dayanmamışdılar. Hətta iddialar var idi ki, məsələnin həllində Raisa Maksimovna Qorbaçovanın da “rolu” olub. Bütün bunlar doğrudurmu?
 
- Belə yanaşma ola bilər. Lakin mən düşünürəm ki, bu, amerikalıların yanaşmasıdır. Qarabağ konflikti onlara lazım idi. Amerikalılar SSRİ-ni dağıtmaq üçün belə bir alət tapdılar.
 
 - Amerikalılar münaqişə bölgəsindən çox uzaqda idilər, Rusiya isə...
 
- Yox, onlar tam məlumatlı idilər bu barədə. Necə ki, amerikalılar indi Rusiyadakı kimlərisə idarə edirlər, təşkilatlandırırlar, pul qarşılığında gəncləri hərəkətə keçirmək istəyirlər.
 
- Qarabağ məsələsinin həll yolunu necə görürsünüz?
 
- Hər iki tərəfi sakitləşdirmək lazımdır. Əvvəlki kimi, ərazi bütövlüyünü qoruyub-saxlamaq lazımdır. Bu, çox ağır kitabdır.
 
- Dağlıq Qarabağ kimin ərazisidir?
 
“Dağlıq Qarabağ Azərbaycan ərazisidir, başqa necə ola bilər ki?”
- Dağlıq Qarabağ Azərbaycan ərazisidir, başqa necə ola bilər ki?
 
- Yəni Qorbaçov da belə deyirdi?
 
- (Pauzadan sonra) Qorbaçov bir cür deyə, başqa cür düşünə, yaxud başqa variantlar üzrə hərəkət edə bilərdi. Ona görə də mənə elə gəlir ki, bu gün bütün ümidlər Putinədir.
 
- Putin Qarabağ məsələsini həll edə bilər?
 
- Mən buna inanıram. Putin həll yolu ilə bağlı qərar qəbul edə bilər. Onun hər şeyi yerbəyer etmək üçün yaxşı rıçaqları var. Ancaq burada hansı alətlərdən istifadə olunacaq, bunu demək çətindir...
 
- Bəs hərb yolu?
 
- Yox, təkcə hərb yolu istisnadır. Mən əminəm ki, müharibə heç kəsə lazım deyil.
 
- Nikol Paşinyan da deyir ki, müharibə istəmir, lakin eyni zamanda torpaqları qaytarmaq niyyətində də deyil. O, “Dağlıq Qarabağ Ermənistandır və nöqtə” deyir. Onda necə olsun?
 
- Mən hesab edirəm ki, o, reallığı başa düşür, ancaq oynayır. Fikrimcə, onun üçün çox çətindir. Buna görə də o, kiminləsə oyun oynayır.
 
- Necə bilirsiniz, Paşinyan hakimiyyətdə uzun müddət qala biləcəkmi?
 
- Hesab edirəm və müşahidələrim də bunu deyir ki, o, hakimiyyətdə qalacaq.
 
- Amma Paşinyanın Rusiya prezidenti Putinlə münasibətləri bunu demir...
 
 - Nədənsə mənə elə gəlir ki, Putindən uzağa getmək Paşinyana lazım deyil.
 
- Bu birlikdə Ermənistan və Azərbaycanın əvvəlki kimi bir yerdə olması mümkündürmü? Hansı ki, ortada Qarabağ münaqişəsi var, müharibə şəraiti davam edir...
 
- Burada Rusiya özünün pozitiv rolunu oynamalıdır. Rusiyasız mümkün deyil.
 
- Bəs Minsk Qrupunun həmsədrləri bir yerdə nəsə edə bilər?
 
- ABŞ-ın marağındadır ki, bu konflikt davam eləsin, bu, birmənalıdır.
 
- Bəs bu, Rusiyanın marağında deyil?
 
- Təbii ki, Rusiyanın marağında deyil. Rusiya elə indi də həll üçün addımlar atır. Elə Putinin də bununla bağlı mövqeyi var. O məsələ ilə bağlı mövqeyini gizlətmir.
 
- Yəqin ki, sizin Qorbaçovla bu mövzuda danışmaq imkanınız olub. Soruşdunuzmu ki, SSRİ-ni niyə dağıdırsan?
 
- Mən bilirəm ki, onunla danışmaq çox çətin idi. Hesab edirdi ki, o, haqlıdır, amma ona mane oldular. Haradasa o, haqlı idi. O, Sovet İttifaqını dağıtmaq istəmirdi. Lakin sovetlərin dağıdılmasında maraqlı olan qüvvələr ona mane oldular.
 
- Əgər siz Qorbaçovun yerində olsaydınız, SSRİ-ni dağıdardınızmı?
 
- Əlbəttə yox...
 
- Bəs Sovet İttifaqı yenidən bərpa oluna bilərmi?
 
- Sovet İttifaqı yox, birlik yaradıla bilər, hansı ki, o da (Qorbaçovu nəzərdə tutur-E.P.) istəyirdi və arzulayırdı. O, müstəqil dövlətlərin ittifaqının yaradılmasını arzulayırdı. Hesab edirdi ki, Sovet İttifaqı Müstəqil Dövlətlər Birliyi şəklində mövcud olacaq. İsveçrə kimi, ABŞ-ın ştatları kimi.
 
- Danışılır ki, 2024-cü ildə Sovet İttifaqı bərpa ediləcək. Real görünürmü?
 
- Bunu demək çox mürəkkəbdir. Təbii ki, burada müstəqil dövlətlərin mövqeyini öyrənmək çox vacibdir, həm Azərbaycanın, həm Qazaxıstanın və ilaxır. Görünür, referendum keçirmək lazımdır və sair.
 
Elşad PAŞASOY,
FOTO: “Yeni Müsavat”

Загрузка...
Загрузка...