QMİ-nin Gürcüstan nümayəndəsi: “Kimsə Şeyxi özünə rəqib bilirsə, çox böyük səhv edir” - MÜSAHİBƏ

Baxış sayı: 
42
1  
0  

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gürcüstan nümayəndəsi Hacı Əli Əliyev bu günlərdə  Modern.az saytının Tiflisə səfər edən əməkdaşına geniş müsahibə verib. Həmin söhbəti təqdim edirik.
 

- Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstanda çoxillik fəaliyyəti var. Nümayəndəliyinizin işi barədə bir az məlumat verərdiniz. Hazırda Gürcüstan azərbaycanlıları ilə bağlı dini durum necədir?
 

- Bismillahi rəhmanirrəhim, Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətinin 23-cü ilinə keçmişik. 1996-cı ildən rəsmi olaraq Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstanda nümayəndəliyi fəaliyyətdədir. Şevardnadze zamanından bu günə qədər fəaliyyətdəyik. 2011-ci ilə kimi idarəmizin yerləşdiyi məkan Tiflis Cümə məscidi olub. Həmin ilə qədər Qafqaz Müsəlmanları İdarəsi 30-ə qədər məscidin tikintisinə rəhbərlik edib. Bölgələrdə, şəhərlərdə mədrəsələrin tikilməsində, mədəniyyət mərkəzlərinin fəaliyyətində qurumumuz böyük rol oynayıb. Gürcüstan hökuməti ilə bir yerdə əməkdaşlıq etmişik. Bu gün də həmin məscidlər və mədrəsələr müsəlmanların xidmətindədir. 

2011-ci ildə Saakaşvili zamanında hökumət bir qərar verdi. 200 illik tarixi olan, Tiflisdə yaranan və sonradan Azərbaycana köçürülən Qafqaz Müsəlmanları İdarəsi Saakaşvili tərəfindən dağıdıldı. Tiflisdə Gürcüstan Müsəlmanları İdarəsi yaradıldı. 2012-ci ildə nümayəndəliyimiz Gürcüstan Ədliyyə Nazirliyində qeydiyyatdan keçdi və həmin vaxtdan Qafqaz Müsəlmanları İdarəsinin burada fəaliyyətini həyata keçiririk. İntəhası, məsciddə deyil, mənzildə əyləşmişik. Deyə bilərəm ki, Gürcüstanda Sovet İttifaqına qədər tikilən bütün məscidlər Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyi ilə inşa olunub. Təəssüf ki, bu gün bu şanlı tarixə malik quruma heç 1 məscid də verilmədi ki, öz fəaliyyətini davam etdirsin.
 

-Sizi Tiflis Cümə məscidindən çıxardılar?
 

 - Bəli, 2011-ci ildə Gürcüstan Müsəlmanları İdarəsi öz şeyxini və müftisini seçən zaman avtomatik olaraq Cümə məscidi onların balansına keçdi, məni öz otağımı tərk etməyə dəvət etdilər. Balansımızda heç bir məscid yoxdur. Halbuki, hər kəsdən soruşsanız həmin məscidlərin hansı dövrdə, kimin rəhbərliyi ilə tikildiyini sizə deyəcəkr.
 

- Bəs nə üçün məsələ ilə bağlı məhkəməyə müraciət etmədiniz?
 

- Bilirsiniz, iki ölkə arasında münasibətlər var. Həm mədəni, həm dini, həm də siyasi münasibətlər qurulub. Bu incə məsələdir. Gürcüstan Pravoslav Kilsəsinin Azərbaycanda nümayəndəsi var, Azərbaycan prezidenti ona vətəndaşlıq da verdi. Onların fəaliyyəti üçün geniş şərait yaratdı, Şeyxülislam Allahşükür Paşazadə həmişə onlara dəstəkdir. Yəni istəmədik ki, bu məsələni belə yolla həll edək. İnşallah, bu məsələ yaxın vaxtlarda həll olunar. Məsələnin siyasiləşməsini istəmədik. Gürcüstan və Azərbaycan arasındakı millətlərarası, dövlətlərarası və dinlərarası münasibələt dünyaya örnəkdir. Şeyxülislamla Partiarx da dost münasibətlərdədirlər. Ümid edirik ki, keçmişdə buraxılan səhvlər təkrarlanmasın və haqq öz yerini tapsın. Qurumumuz axundlarla işləyir. Cənab İlham Əliyevin və Şeyximizin dəstəyi və qayğısı sayəsində axund və imamlarımıza yardım edirik, ehtiyaclarını ödəməyı çalışırıq. Hazırda 40-dan artıq imam və axundumuz var. Tədbirlər keçiririk, bizə hesabatlar verirlər. Çünki onlar bizim yetişdirdiyimiz tələbələrdir, onların üzərində zəhmətimiz var.
 


- Balansınızda heç bir məscidin olmadığını dediniz. Bəs Qafqaz Müsəlmanları İdarəsinin tərəfində olan dindarlar dini ehtiyaclarını necə ödəyirlər?

 

- O axundlar və imamlar tək bizim deyil, həm də Gürcüstan Müsəlmanları İdarəsinin işçiləridir, oradan maaş alırlar. Onlar haraya təyin olunurlarsa, biz də onlara yardımçı oluruq. Bu onun işçisidir, o bunun işçisidir tipli söhbətlər olmur. Məqsəd burada yaşayan azərbaycanlıların mənəvi təminatına dəstək olmaqdır. Biz bu məsələlərdə şərt qoymuruq.
 

- Bir az təəccüblü oldu. Çünki Gürcüstan Müsəlmanları İdarəsi onlarla əməkdaşlıq etmədiyinizi, tədbirlərinə dəvətləri cavabsız qoyduğunuzu bildirib. Əməkdaşlıq etdiyiniz imam və axundların o quruma da tabe olması problem yaratmır? 
 

- Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin dostum-qardaşımdır, vaxtı ilə mənim işçim, nümayəndəm olub. Bəli, Hacı Ramin düz deyir. Amma gəlsinlər, 200 il tarixi olan qurumun, 1996-cı ildən 2011-ci ilə qədər bu qədər məscid tikilib, bizim quruma da o məscidlər arasından birini versinlər. Desinlər ki, bu sizin haqqınızıdr, sizin bu kimi xidmətləriniz var. Hansısa quru tədbirə getməməyimizlə heç nə olmur. Biz onlardan daha çox umuruq, onlar bizim tədbirə gəlməyimizi umurlar. Haqlarımıza ehtiramla yanaşılmalıdır. Məsələn, Tiflis Cümə məscidini götürək. Mən 15 il orada xidmət etmişəm.
 

- Məscidi geri istəyirsiniz?
 

- Geri istəmirəm. Bir cümə günü məni dəvət etsinlər ora söhbətə. Necə olur ki, Türkiyədən, İrandan gələn mömin orada danışa bilir, bu qədər iş dörən, məscid üçün çalışan mənə bir səlahiyyət verilməsin. Bu necə olur? Biz onun məni qəbul edib-etməməsini düşünməməliyik. Sabah o toy etsin. Gedərəm bu problem deyil ki. Bizə tabe olan həmin 40 axund və imama şərt qoymuşuq ki, Hacı Ramindən və Hacı Yasindən əmri yoxdursa, biz ona maaş vermirik. Bəyəm bu hörmək deyilmi? 
 

- Yəni siz Gürcüstan Müsəlmanları İdarəsini tanıyırsınız?
 

- Mən istədim- istəmədim həmin qurum bu gün var. Bu qurumu dövlət tanıyır. Ruhanilər tanıyır, xalq tanıyır. Biz humanist bir addım atırıq. Qəbul edib-etməmək baxımından yanaşmırıq məsələyə. Biz onu qəbul etsək nə dəyişəcək? Nə olacaq? Qəbul etməsək nə olacaq? Sabah bizə nəsə verəcək? Mən Gürcüstan dövlətinin vətəndaşıyam, axundam. Nə üçün mənə maaş vermirlər? Mənim də Gürcüstan hökumətinin ayırdığı o pulda haqqım var. Sovet dövründə zərərçəkənlər Qafqaz Müsəlmanları İdrəsinə düşür. İndi biz bunu tələb etmirik. Fərqi yoxdur bizə verib, ya bu ruhanilərə veriblər. Siz də bir jest edib, bizə maaş ayırın. Qoy cəmiyyət bu addımı dəyərləndirsin. Mənim 25 illik xidmətim var və bu xidməti yoxa çıxarmaq mümkün deyil. Hacı Raminlə şəxsi problemimiz yoxdur, dəyərli insandır. Həmişə də müdafiəsində olmuşam. Məzhəb və s. məsələlərdə də azərbaycanlılar arasında parçalanma olmasın deyə, ona dəstək göstərmişəm.
 

- Fikrinizcə, Gürcüstan Müsəlmanları İdarəsi ilə QMİ-nin Gürcüstan nümayəndəliyinin bir olmaması yerli azərbaycanlıların fəaliyyətinə, icmanın gücünə mənfi təsir göstərir?
 

- Birlik nəyə deyirsiniz? Mən gedim orada oturum, yoxsa o gəlib burada otursun. O başqa bir təşkilatın rəhbəridir, mən başqa bir təşkilatdanam. O, Qafqaz Müsəlmanları İdarəsi ilə işləyən axund və imamlara qadağalar qoymur, mən isə ondan əmri olmayan axund və imamlarla ünsiyyətdə deyiləm. Bunun özü elə birlik deməkdir. Bəzi məsələrdə problem var ki, bu da nə onluq, nə də mənlik məsələdir. Həmin məsələləri dövlət həll etmədi. Keçmiş Saakaşvili hökuməti bu məsələni törətdi. Niyə burada yaşayan ermənilərə, gürcülərə yox, məhz bizə qarşı bu addımı atdılar. Bu məsələdə başqa dövlətlərin müdaxiləsi var. Dövlət bu məsələdə heç nəyi nəzarətdə saxlamadı, əksinə, bərbad vəziyyətə gətirdilər, birliyi dağıtdılar, 200 illlik tarixə malik qurumu parçaladılar. Bu keçmiş hökumətin səhvidir. Partiarxlığın Azərbaycanda nümayəndəsi və kilsəsi var. Bəs bizim burada niyə məscidimz yoxdur. Ya məscid verin, ya da yer verin, ki, Şeyx həzrətləri burada bir məscid tiksin. Tiflis Cümə məscidi 7 ildir Gürcüstan Müsəlmanları İdarəsinin balansındadır, halbuki ona 200 il Qafqaz Müsəlmanları İdarəasi rəhbərlik edib. 
 

-Bu məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi Gürcüstan hökumətinə müraciət edibmi?
 

- İki ölkə arasında o qədər xoş münasibətlər var ki, bu məsələ incə işlənilməlidir. Belə məsələlər elə həll olunamılıdır ki, dövlətçilik maraqları da təmin olunsun. Kimsə düşünə bilər ki, Gürcüstan Müsəlmanları İdarəsinin qalması yaxşı hadisədir. Amma ümumi rəy çox mənfidir. Ermənistanın, almanların, baptistlərin, Vatikanın da burada nümayəndəliyi var, kilsələri var. Qafqaz Müsəlmanları İdarəsi həmişə Gürcüstanın dövlət maraqlarını müdafiə edib, Şeyxülislam  həzrətləri hər yerdə Gürcüstanın ərazi bütövlüyünü müdafiə edib. Gürcüstandakı siyasi dairələrdə kimsə Şeyxi özünə rəqib bilirsə, çox böyük səhv edir. Qafqaz Müsəlmaları İdarəsi Gürcüstanın dini aləmə çıxış yoludur. Şeyxin mənə həmişə xüsusi tapşırığı olub ki, Gürcüstana diqqətli olum, hər hansı xarici qüvvələrin burada mənfi fəaliyyət göstərməsinə, radikalizmin inkişaf etməsinə imkan verməyim. Şeyx Gürcüstanı ikinci vətəni adlandırır.
 

- Türkiyənin,İranın və hətta İraqın Gürcüstanda dini sahədə fəaliyyəti var. Bu ölkələr bağlı təşkilatların, fondların fəaliyyəti sizin üçün bir narahatlıq doğurmur ki?
 

- Həmin fond, təşkilat rəhbərlərinin hamsını tanıyıram. Onların Şeyx Həzrətlərinə, mənə xüsusi hörmətləri var. Ən çətin məqamda belə onlar həmişə gəlib mənimlə məsləhətləşərlər. Kənardan gələn qüvvələrin də öz maraqları var. Burada iki yol var: ya dövlət bununu qarşısını alır. Belə təşkilatların başında duran şəxslər ilk növbədə Gürcüstan dövlətçilyinə xidmət etməlidirlər. Əvvəlcə bu cür tərbiyə olunamılıdır.  Ölkələrimiz arasında sıx münasibətlər var amma mənim üçün Gürcüstanın dövlət maraqları hər şeydən yüksəkdə dayanır. Mən belə tərbiyə almışam, Şeyx həzrətləri mənə belə tərbiyə verib. 
Qafqaz Müsəlmanları İdarəsinin ildə 1-2 konfransı Gürcüstanda vətənpərvərliyə xidmət edir. Bizim saytımıza girsəniz, Gürcüstan və Azərbaycan hökumətlərinin bütün qərarlarını orda gğrərsiniz. Halbuki, digər qurumlarda belə deyil. Azərbaycan hökuməti, Prezidenti və Şeyx həzrətlərinin istənilən xarici səfəri, görüşləri və s. dərhal Facebook səhifəmizdə yerləşdirilir. Bizim vaxtımızda da İran, Türkiyə və başqa ölkələrdən dini təşkilatlar burada çalışıb. Amma biz həmişə onlara qırmızı xətt qoyurduq. Həmin xətti keçə bilməzdilər. Bu həm də rəhbərlikdən, qabiliyyətdən asılıdır. Gürcüstan dövlətinin müsəlman ölkələri ilə münasibətlərindən yola çıxaraq biz bu balanası qorumağa çalışmışıq.
 


- Gürcüstan azərbaycanlılarının dini savadlılığı ilə bağlı vəziyyət nə yerdədir? Dini kadrlar yerlərdə hazırlanır, yoxsa xaricdə hazırlıq keçirlər?

 

- Gürcüstanda 90-cı illərdə mədrəsələr açıldı. O müəssisələri İran da, Türkiyə də razılaşdırılmış şəkildə açmışdı. Orada oxumuş tələbələr arasından savadlılar çıxıb, bu gün doktor olanları da var. Yerlərdə həm sünni, həm də şiələrin mədrəsələri var. Kimsə təhsilini artırmaq üçün bəzən Türkiyəyə, İrana da gedir. Başqa ölkələrə gedilmir, amma ola bilsin az qismi Səudiyyə Ərəbistanına yollansın. Əsas ağırlıq yerli kadrların verdiyi təhsil üzərində dayanır.

 

QMİ-nin Gürcüstan nümayəndəliyi Gürcüstandakı digər dini qurumlarla, Gürcüstan Pravioslav Kilsəsi, Erməni Apostol Kilsəsi ilə hansı formalarda dialoq saxlayır?
 

- Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyi əlahəzrət II İlya başqa olmaqla, Gürcü Pravoslav Kilsəsi ilə sıx dostluq münasibətlərindədir. Həmin kilsədə çalışanları və dindar gürcüləri çıxmaq şərti ilə, mən patriarx II İlya ilə ən çox görüşən, onun ziyarətində olan azsaylı şəxslərdənəm. Hərdən deyirəm ki, mən dünyanın bir neçə akademiyasını bitirmişəm. Məndən soruşanda ki, bəs bu yaşda necə bu qədər yer bitirmisın, cavab verirəm ki, Qafqazın 2 ən nüfuzlu din xadimi II İlya həzrətləri və Şeyx həzrətləri ilə 10-15 dəqiqə söhbət mənə dünyada bir universitet bitirməyə bərabərdir. 
Digər dini icmalara gəldikdə, bizim, erməni kilsəsinin nümayəndələri ilə də əlaqəmiz var. Onlarla görüşlərdə, tədbirlərdə oluruq. Hətta Şeyx həzrətləri Gürcüstana səfər edəndə onu ziyarət etməyə də gəlirlər. Katoliklərlə də gözəl münasibətimiz var. Baptist kilsəsi, almanlarla da münasibətlərimiz yaxşıdır. Hamıdan çox mən Gürcüstanda dini xidmət etdiyim üçün mənə böyük qardaş kimi baxırlar. Mənimlə məsələhətləşir, təkliflərimi qəbul edirlər. Azərbaycanla Ermənistan arasında münaqişə var. Amma Gürcüstan bizim ailəmizdir. Biz bu ailəni qorumalıyıq. Burada hər millət var. Din rəhbəri olaraq buradakı sakitçiliyə, mehribanlığa, dövlətçiliyə xidmət baxımından üzərimizə böyük yük düşür. 
Bizim işimiz sakitçiliyi qorumaqdır. Öz əxlaqımız, davranışımızla hamıya örmək olmalıyıq. Bir millərin 5 pisi varsa, ona bütöv şəkildə pis baxmaq olmaz. Hər xalqın içində yaxşı da var, pis də. Biz hər şeyin yaxşı tərəfinə baxırıq. Və özümüzün yaxşı tərəflərini də göstərməyilik. 2012-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəliyi qeydiyyatdan keçərək yenidən təqdimat mərasimi keçirən zaman erməni kilsəsindən də gəldilər, bizi təbrik etdilər.
 

- Gürcüstan Müsəlmanları İdarəsi gəlmişdi?
 

- Xeyr, onlar gəlməmişdi. Amma erməni kilsəsi gəldi, axıra qədər oturdular. Sonradan biz ofis açanda belə, gəlib bizi ziyarət etdilər. Çünki ermənilər Şeyxə həmişə bir ağsaqqal kimi baxırlar. Onlar bizə hörmət edir, biz də onlara hörmət edirik.

 

- Qafqaz Müsəlmanları İdarəsi niyə əvvəllər yox, məhz 2012-ci ildə qeydiyyatdan keçdi?
 

- Əslində hələ heç bir qurum qeydiyyatdan keçməmişdi. 2011-ci ilə qədər nə bir dini idarə, nə erməni kilsəsi və nə başqa birisi qeydiyyatdan keçmişdi. Reyestrə baxınlar, orada hər şey var. Qanun yox idi, tez-tələsik yeni qanun qəbul etdilər. Erməni Yeparxiyası da 2010-2011-ci illərdə qeydiyyatdan keçib.

 

- Bəs Gürcüstandakı məzhəblərarası münasibətlər necədir? Sünni və şiə azərbaycanlıları, həmçinin, müsəlman gürcülərlə  hər hansı problem var?
 

-1996-cı il sentyabrın 28-də Şeyxülislam Allahşükür Paşazadə həzrətləri məni Gürcüstana nümayəndə təyin etdi. Mən Tiflis Cümə məscidinə gələndə orada 2 giriş var idi. Bir tərəfdən şiələr daxil olurdu. Ortadan pərdə var idi və digər tərəfdə sünnilər namaz qılardı. Mən Cümə məscidinə gələndə 28 yaşım var idi. Hələ heç kimi tanımırdım, təcrübəm yox idi. Mən Allahla öz armada söhbət etdim və bir təhlükəli qərar verdim. Hər an hər şey baş verə bilərdi. Gecəylə axundun oturduğu otağı mən bağladım, ortadakı pərdəni götürdüm. Səhəri gün isə cümə idi. Sünnilər gələndə onlara dedim ki, onların girdiyi yol bağlıdır və hamı məscidə bir qapıdan daxil olsun. Minbərə qalxaraq bütün müsəlmanları bir yerdə namaz qılmağa çağırdım. Məkkədən sonra dünyanın heç bir yerində belə bir hadisə olmayıb. Buna görə Tiflis Cümə məscidi dünya ensiklopediyasına düşdü. Hadisənin səbəbkarı isə məhz mən olmuşam. Ensiklopediyada da mənim adım var. Azərbaycanda bu işlər hələ yeni-yeni baş verir. Amma Tiflisdə mən bunu 1996-cı ildə etmişəm. Bu günə qədər də həmin ənənə davam edir. Ondan sonra həm şiə, həm də sünni mədrəsələri açıldı. Həmin mədrəsələr arasında xoş münasibətlər qurmuşduq. Bir yerdə Quran oxuyurduq, nahar edirdik, futbol yarışı təşkil edirdik. Məzhəbdə fikir ayrılıqları ola bilər,  amma onların kəsdikləri çörək heç vaxt itməyəcək. Mənim müavinim mufti Hacı Ayvazla biz bir yerdəyik. O sünni, mən də şiəyəm. Elə məclislər olur ki, o çıxış edir, mən dinləyim. Elə məclislər də olur ki, mən çıxış edirəm, o dinləyir. Bizim üçün bunun fərqi yoxdur. Amma Gürcüstan Müsəlmanları İdarəsində prinsip başqadır. Orada şiə azərbaycanlılar üçün şeyx başqadır, acarlar üçün başqa. Onlar bir-birinə tabe olmurlar. Bu onların baxışıdır. Bizim xalqımız məzhəb davalarından uzaqdır.

 

- Gürcüstan müsəlmanları Azərbaycan hökumətindən hansı dəstəyi görür? 

- Gürcüstandakı Azərbaycan səfirliyi tədbir təşkil edəndə mütləq bizi çağırır. Bizə hörmət, ehtiram göstərirlər. Diaspor Komitəsininin yeni sədri Fuad müəllim də Gürcüstana səfər edəndə, onunla görüşmüşdük, iftar süfrəsində əyləşmişdik. Vurğulamalıyam ki, Gürcüstan Müsəlmanları İdarəsinin Azərgbaycana qarşı mənfi münasibəti yoxdur, dövlətçiliyimizə ehtiram göstərirlər. Sadəcə olaraq qurumlar arasında anlaşılmazlıq var. Amma şəxsi və siyasi heç bir problem yoxdur.                     

          


- Sonda Gürcüstanın gələcəyini ilə bağlı sual verim: bu ölkənin gələcəyini necə görürsünüz?

 

- Gürcüstan dövlətinin dinə çöx böyük ehtiramı var. Bu sevgi onların qəlbindədir. Gürcü xalqı başqa millətlərə də xüsusi hörmətlə yanaşır. Bu 23 ildə Gürcüstanda bir məmurdan, vətəndaşdan hörmətdən, dəyərdən baş heç bir hörmətsizlik görmədim. Hətta məscidlərin tikintisində bizə dəstək verdilər. Gürcüstan azərbaycanlıları özlərini burada, öz məscidlərində, dinlərində rahat hiss edirlər. Dövlət öz ruhanisinə şərt qoymadan pul ayırır ki, dolansın, işini görsün. Müsəlman ölkələri ilə gözəl münasibətləri var. Həm Türkiyə, həm ərəb ölkələri, həm də Azərbaycan ilə münasibətlər çox sıxdır. Gürcü nümayəndələrə bir dəfə müraciət etdim ki, arxivlərə diqqətlə baxsınlar. Orada Gürcüstana xəyanət etmiş 1 azərbaycanlı belə tapa bilməyəcəklərini xatırlatdım. Bizim xalqımızın bu dövlətə heç bir ziyanı gəlməyəcək. Bütün millətləri götürsən, bəlkə də bu baxımdan ən öndə olan xalqıq. Arzum odur ki, Gürcüstan hökuməti heç vaxtı xalqı qısqanmasın, xalqa layiq olduğu dəyər, qiymət verilsin. Biz öz vətəndaş borcumuzu artıqlaması ilə veririk. 
Bir məscidlərin qeyiyyatı, statusu ilə bağlı məsələ var ki, onun da zamanla həll olunacağına ümid edirik. Allah gürcü kilsə xadimlərinə rəhmət etsin. Sovet vaxtı məscidlərimizi anbara çevirərək qorudular. Bu çox böyük xidmətdir. İndiki zamanda məscid tikməyə nə var ki? Əsas o vaxt məscidləri qorumaq böyük cəsarət istəyirdi. Əsrlər boyu Azərbaycan-Gürcüstan arasında münasibətlər dost olub və bundan sonra da inkişaf etsin.

Bakı-Tiflis-Bakı

Загрузка...
Загрузка...