Qiyamçı generalın yavər bəxti – zülmkar Pinoçet sui-qəsdlərdən sağ çıxıb, uzun yaşayıb

Baxış sayı: 
72
2  
0  

 
O, çox ziddiyyətli və mürəkkəb bir şəxsiyyət olub, ən yaxın ətrafı, komandasının üzvləri belə onu tam anlaya bilməyiblər. Elə bu günə qədər də, 17 il rəhbərlik etdiyi Çilidə Auqusto Pinoçet haqqında fərqli fikirlər səslənir. Kimisi onu diktator, kimisi ölkəsinin xilaskarı, kimisi isə kommunizmi lənətləyən siyasətçi kimi qiymətləndirir. Hətta vəfatından sonra Auqusto Pinoçetə fərqli münasibət sərgilənib, kimlərsə qollarına qara lent bağlayıb, kimlərsə şərab içərək diktatorun ölümünü bayram kimi qeyd ediblər.
 
1915-ci ildə Çilinin Valparaiso şəhərində anadan olan Pinoçet orta təhsildən sonra San-Bernardoda hərbi məktəbdə, daha sonra isə ali hərbi akademiyada təhsil alıb. Kiçik zabit kimi xidmətə başlayan Pinoçet çox qısa zamanda hərbi karyerasında böyük uğurlar əldə edib, peşəkar hərbçi kimi tanınıb. O, alay, briqada, diviziya komandiri vəzifələrindən sonra 1971-cü ildə Santyaqo hərbi qarnizonun komandan vəzifəsinə təyin olunub. General rütbəli Pinoçetin vəzifəsi bir ildən sonra daha da yüksəlib. Çilinin daxili işlər naziri Karlos Pratsa müavin təyin edilən Pinoçet, həm də Çili silahlı qüvvələrinin quru qoşunlarına komandanlıq edib.
 
 
 
Hakimiyyətə can atan Pinoçet öz yaxın ətrafı ilə 1973-cü ilin avqustunda Karlos Pratsa qarşı xüsusi kampaniyaya başlayıblar və mübarizədə Pinoçet generalı vəzifəsindən uzaqlaşdırmağa nail olub. Sonralar daxili işlər naziri Karlos Prats vəzifədən getməsi ilə bağlı fikirlərini belə bölüşüb:
 
“Mən getməliydim və bunu ən yaxşı çıxış yolu sayırdım. Çünki əks halda böyük qarşıdurma yarana bilərdi ki, bu da çevrilişə səbəb olacaqdı. Mən onu da yaxşı bilirdim ki, çevriliş gec-tez olacaq. Bu çirkin mübarizədə bəhanə və alət olmaq istəmirdim...”
 
 
 
Nazirin istefasından sonra Çili prezidenti Salvador Alyende həmin vəzifəyə Pinoçeti təyin edib. Beləliklə də Auqusto Pinoçetin ölkənin silahlı qüvvələrinə təsir dairəsi daha da genişlənib.
 
Yaranmış şəraitdən istifadə edən Pinoçet birinciliyə sahib olmaq üçün 11 sentyabr 1973-cü ildə aviasiya, artilleriya və piyada qoşunlarından istifadə edərək ölkədə hərbi şevriliş edib. Pinoçetin əmrinə tabe olmayan hərbçilər yerindəcə güllələnib. Prezident iqamətgahı, digər dövlət qurumları Pinoçetin tərəfdarları olan hərbçilər tərəfindən nəzarətə götürülüb.
 
Çevriliş zamanı prezident Salvador Alyende qətlə yetrilib. Digər versiyalara görə, Salvador Alyende Pinoçetin işgəncələrinə məruz qalmamaq üçün intihar edib.
 
 
 
Hakimiyyət devrildikdən sonra Çilidə Pinoçetin rəhbərliyi ilə hərbi xunta yaranıb. Xuntaya hərbi-dəniz qüvvələrindən admiral Xose Merino, hərbi-hava qüvvələrindən general Qustavo Li Qusman və polis generalı Sazar Mendosa daxil olublar. Hərbi xunta bir müddət ölkəni idarə etdikdən sonra 1974-cü ildə ölkədə prezident seçkiləri keçirilib. Auqusto Pinoçet prezident seçilib və eyni zamandı silahlı qüvvələrin ali baş komandanı vəzifəsini də özündə saxlayıb.
 
60 yaşında hakimiyyətə gələn Pinoçet ölkədə sərt diktatura rejimi yaradıb. Ancaq o, heç vaxt özünü diktator saymayıb və bu ifadə ilə bağlı fikrini belə bildirib: “Mən diktator deyiləm, sadəcə, mənim üz görünüşüm diktatora bənzəyir...”
 
 
 
Özünü diktator saymayan Pinoçetin hakimiyyəti illərində 40 mindən artıq günahsız insanın həyatına son qoyulub. Ölkə vətəndaşları bu illər ərzində hər addımda işgəncələrlə, hüquqlarının pozulmaları ilə rastlaşıblar. “Demokratiya üçün arada qan da tökmək lazımdır” deyən Pinoçetin hakimiyyəti illərində Çilidə arada yox, hər gün qan tökülüb.
 
Özünü Çilinin iqtisadiyyatını dirçəldən prezident kimi təqdim edən Auqusto Pinoçetin hakimiyyəti illərində ölkə əhalisinin üçdə iki hissəsi yoxsul və acınacaqlı vəziyyətə düşüb. Xarici sərmayəçilər sıravi Çili vətəndaşlarından qul kimi istifadə ediblər, Pinoçetin şəxsi büdcəsi isə günü-gündən daha da zənginləşib.
 
Şanslı və bəxti gətirən Pinoçet 1986-cı ildə ona qarşı edilən sui-qəsddən də sağ çıxıb. Həmin ilin sentyabr ayında prezdentin avtomobilinin qarşısını kəsən yük maşınından onun maşınına iki ədəd əl qumbarası atılsa da, Pinoçet sözün əsl mənasında möcüzə nəticəsində sağ qalıb. Hadisə zamanı onun 5 mühafizəçisi həlak olub, 9 nəfəri isə ciddi xəsarət alıb. Bu hadisədən sonra Auqusto Pinoçet xalqa müraciətində bu ifadələri səsləndirib:
 
 
 
“Məni Tanrı xilas etdi. Ona görə xilas etdi ki, mən mübarəzimi davam etdirim. Demək, mən hələ ölkəm üçün lazımam...”
 
Beləliklə, Pinoçetin “lazımlığı” dövrü düz 17 il davam edib. Qəddar və zülmkar diktator 17 il xalqını aldadaraq padşahlara məxsus həyat yaşayıb. Bunu özü də etiraf edib: “Yalan gözdə və baxışlarda daha yaxşı hiss olunur. Buna görə də mən xalq qarşısında çıxış edəndə həmişə qara eynək taxmışam...”
 
Pinoçet 1990-cı ildə istefaya göndərilib. Onun haqqında bir çox ittihamlar səslənsə də Pinoçet bir müddət özünü diqqətdən yayındıra bilib.
 
 
 
1998-ci ildə isə Pinoçet yenidən gündəmə gəlib. Londona müalicəyə gedən sabiq prezident bu şəhərdə həbs olunub. Onun haqqında Çilidə itkin düşən İspaniya vətəndaşları ilə bağlı ittiham irəli sürülüb. Bir il davam edən məhkəmə prosesindən sonra səhhətindəki problemlərlə bağlı Pinoçeti həbsdən azad edərək Çiliyə göndəriblər. Çilidə isə onu yeni məhkəmə prosesləri gözləyib. İstintaq bir il davam edib. Bu dəfə də Pinoçet xəstəliyi ilə bağlı özünü xilas edə bilib.
 
2004 və 2005-ci illərdə Pinoçetə qarşı yeni cinayət işləri açılıb. Ömrünün son illərini ömür boyu törətdiyi cinayətlərə cavab verməklə keçirən Auqusto Pinoçet 2006-cı ildə 91 yaşında keçirdiyi infarktdan vəfat edib.
 
İlham Cəmiloğlu, Musavat.com

Загрузка...
Загрузка...