​Qırmızı lent, spirt, məsafə və... SOS: karantin şərtləri altında olan çimərlikdən reportaj FOTO

Baxış sayı: 
101
1  
0  

 
Pandemiya dövründə dənizə getmək istəyənlərdən qaydalara riayət tələb olunur; sosial məsafə saxlanaraq təşkil edilən oturacaqların qiyməti isə 10 manatdan başlayır...
Ötən ilin bu günləri kimin ağlına gələrdi ki, biz 2020-ci ilin yayında çimərliyə getmək üçün avqusta qədər gözləməli olacağıq, sonra cimerlik.az saytına daxil olub harada boş yer çox olduğunu dəqiqləşdirəcəyik, çimərliklərdə sosial məsafəni saxlamalı, tibbi spirtlə əllərimizi dezinfeksiya etməli olacağıq. Amma bu gün deyilənlərin hamısı reallaşıb. Biz Bilgəh çimərliyində olarkən yuxarıdakı tələblərlə, mənzərə ilə qarşılaşdıq.
 
Əvvəlcə deməliyəm ki, axşamüstü getdiyimiz üçün çimərliyə insan seli müşahidə eləmədik. Üstəlik, küləkli hava öz təsirini göstərmişdi. Amma həmin vaxt üçün dənizdə çimənlərin, hava almağa gələnlərin sayı az sayılmazdı. Hər il getdiyimiz Bilgəh plyajı bu dəfə çox fərqlənirdi.
 
İçəri daxil olanda sağ və solda vurulan lövhələr bərq vurur. Həmin lövhənin birində vətəndaşların nəzərinə çatdırılır ki, 2 metr sosial məsafə gözlənməlidir. Digər lövhədə isə qeyd edilib ki, hansı hallar diqqət yetirməliyik: xəstəlik simptomları olan şəxslərin çimərliyə gəlişi qadağandır, çətirlər arasında 4 metr məsafə saxlanmalıdır, şəxsi gigiyena qaydalarına riayət olunmalıdır, qapalı yerlərdə maska istifadə edilməlidir və s.
 
Çimərlikdə polis əməkdaşları gözümüzə dəyməsə də, təcili tibbi yardım maşını, xilasedicilər ərazidə idilər. Plyajdakı oturacaqlara, “besetka”lara gəlincə, həqiqətən də iki metr ara məsafəsi saxlanılmaqla təşkil olunmuşdu. Əvvəlki illərdə Bilgəh çimərliyində həmin oturacaqların bir saatı 2 manat idi və əksəriyyətini qane edirdi. Amma pandemiyadan sonra hər şey kimi “besetka” qiymətləri də dəyişib. İndi 10 manat ödəməklə limitsiz oturacaqlardan istifadə edə bilərsən.
 
Həmçinin, obyektin işçiləri gələn müştərilərə əlləri dezinfeksiya etmək üçün tibbi spirt təklif edirlər. Onlar qiymətlərin dəyişməsini qoyulan tələblə izah edirlər. Oturacaqlar arası isə qırmızı lentlərlə bölünərək sosial məsafə saxlanılıb. Bildirilir ki, həftəsonu daha çox insan axını gözlənilir, iş günlərində seyrəklik olur. Obyekt sahibləri cəmi bir aya yaxın vaxtları olduğunu düşünürlər.
 
“Bəlkə daha az... Sentyabrda dənizə çox adam gəlmir. Hələ hava necə olacaq bilmirik. Ona görə avqustun axırına qədər nə qazandıq, odur. Amma dua edək ki, sentyabr çox isti keçsin, millət plyaja axışsın. Çünki bu il bir qəpiyin yiyəsi deyilik, batıb getmişik. Biz də işləməli, dolanmalıyıq, ya yox?! Bütün mövsüm zay olub getdi. Biz də hər il gözümüzü yaya dikirik. Baxıram ki, internetdə geyim dükanlarının, kafelərin dərdini çəkirlər, deyirlər işsiz qalıblar, heç bizi fikirləşən yoxdur”, - deyə söhbətləşdiyimiz şəxslər deyirlər.
 
Onu da demək lazımdır ki, çimərliklər səhər 8-dən axşam 9-a qədər fəaliyyət göstərir. Həmin vaxtdan sonra dənizə gedənlər hava ala, gəzişə bilər. Ümumilikdə, Bakıda 120 çimərlik istifadəyə verilib.
 
Artıq çimərliklərin fəaliyyətə başladığı ilk gün iki nəfər boğulma təhlükəsi ilə üzləşib. Pirşağı və Şıx sularda xilasetmə məntəqələrinin ərazisində batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub. Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi daxili xidmət mayoru Aqşin Əlili bildirib ki, nəzarət olunmayan ərazilərdən istifadə etməsinlər: “Çimərlik ərazisində xilasetmə texnika və vasitələri yoxdursa, üzmə sərhədlərini müəyyən edən nişanlar qoyulmayıbsa, bu ərazi nəzarət edilməyən ərazidir. Həmin ərazilərdə kompleks nəzarət tədbirləri görülmədiyindən belə ərazilərdən çimərlik kimi istifadə etmək təhlükəlidir. Çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir.
 
O, təhlükələri yerləri də açıqlayıb: “Nardaran qəsəbəsi 12-ci dalan, Sabunçu rayonu Nardaran qəsəbəsi Yaxt klub, Sabunçu rayonu Ləhiş bağlarında estakada, Xəzər rayonu Şüvəlan qəsəbəsi Mil qaya deyilən ərazi, Xəzər rayonu Şüvəlan qəsəbəsi Şimal Qres, Xəzər rayonu Mərdəkan qəsəbəsi Marina beach istirahət mərkəzinin yaxınlığı, Binəqədi rayonu Novxanı və Goradil qəsəbələri aralığında San qaya deyilən ərazi, Qaradağ rayonu Mayak deyilən ərazi ”Azpetrol" yanacaq doldurma məntəqəsiylə üzbəüz, Sumqayıt şəhəri Novxanı qəsəbəsi Ləman çimərliyinin yaxınlığı kimi bir sıra çimərlik üçün xüsusi təhlükəli əraziləri qeyd etmək istərdim".
 
FHN rəsmisi əlavə edib ki, suda boğulma hallarının siyahısında infarkt, qıcolma və panika kimi səbəblər də var: “Ona görə də səhhətlərində problem olan vətəndaşlar çimərliklərdə daha diqqətli olmalıdırlar.
 
Digər səbəblər spirti içki qəbul edərək sərxoş halda çimərlikdən istifadə etmə, valideyn nəzarətindən yayınan uşaqlar və ən əsas səbəblərdən biri nəzarətsiz təhlükəli ərazidən istifadədir".
 
Xatırladaq ki, çimərliklərdən istifadə koronavirus pandemiyası ilə əlaqədar qadağan edilmişdi. Sərtləşdirilmiş karantin rejimi uzadılsa da, avqust ayının 5-dən çimərliklərdən istifadəyə icazə verilib.
 
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
Fotolar müəllifindir

Загрузка...
Загрузка...