Qırğızların dava-qırğınla yola salınan prezidentləri – növbədə 5-cidir

Baxış sayı: 
38
1  
0  

 
Keçmiş SSRİ respublikalarının içində ən çox prezident dəyişən ölkələrdən biri də Qırğızıstandır. Roza Otunbayevanın 4 aylıq prezidentliyini də nəzərə alsaq, müstəqillik qazandıqdan sonra Qırğızıstana 5 siyasi xadim rəhbərlik edib – Əsgər Akayev, Kurmanbek Bakiyev, Roza Otunbayeva, Almazbek Atambayev və Sooronbay Jeenbekov.
 
Onlardan ikisi (Akayev və Bakiyev) hakimiyyətdə inqilabla uzaqlaşdırılıb, ikisi (Otunbayeva və Atambayev) öz vəzifələrindən heç bir müqavimət göstərmədən gedib, birinin isə necə gedəcəyini gələcək göstərəcək.
 
Qırğız eks-prezidentlərin dördü (Jeenbekov istisna olmaqla) ali təhsillərini ölkədən kənarda alıb, ikisi (Akayev və Otunbayeva) orta məktəbi qızıl medalla bitirib. Dördü mühəndisdir, biri Otunbayeva isə filosof-diplomatdır.
Eks-prezidentlərdən üçünün eks-prezident statusu ləğv edilib, onlardan ikisi (Akayev və Bakiyev) ölkədən didərgin düşüb, biri (Atambayev) hazırda həbsxanadadır. Biri (Otunbayeva) hakimiyyətdə 4 ay olduğu, ölkəyə keçid dövründə rəhbərlik etdiyi üçün hər cür təqibdən kənardadır, o biri də hələ hakimiyyətdədir.
 
Biri hakimiyyətdə 15 il olub, o biri 4 ay
Image result for Əsgər akayev
 
                                                                        Əsgər Akayev
 
Sabiq prezidentlərin içində ölkəyə rəhbərlik etmək məsələsində rekordsmen Əsgər Akayevdir – 15 il. O, 1990-cı ildən, sovet dövründən ta 2005-ci ilə qədər Qırğızıstanı idarə edib. Onun xələfi Kurmanbek Bakiyev ali kürsüdə 5 il oturub – 2005-ci ildən 2010-cu ilə qədər. Almazbek Atambayev 6 il prezidentlik edib. Roza Otunbayeva isə əvvəlcədən razılaşdırıldığı kimi, cəmi 4 ay ölkəyə başçılıq edib. Soorrunbay Jeenbekovun hakimiyyətdə nə qədər qalacağını zaman göstərəcək.
 
İlk iki prezident hakimiyyətdə daha çox qalmaq niyyətində olublar. Əgər inqilab olmasa, yəqin ki, Akayev hələ də prezident vəzifəsində qalacaq, MDB-dəki həmkarları Aleksandr Lukaşenko və Nursultan Nazarbayevin göstəricilərinə şərik olacaqdı. Əslində Bakiyev də o niyyətdə idi, ancaq 5 il əvvəl köklənib-budaqlanmış Akayevi devirən üsyankar qırğızlar onu da sələfinin dalınca yola salıblar.
 
Otunbayeva və Atambayevə qarşı isə üsyan etməyə ehtiyac qalmadı, onlar özləri getdilər.
 
Yaşlı-başlı adamlar
Hazırda Akayevin 75, Bakiyevin 70, Otunbayevanın 69, Atambayevin 63, Jeenbekovun 61 yaşı var.
Akayev Qırğızıstanın Çuy vilayətinin Qızıl Bayraq rayonunda, Bakiyev Cəlalabad vilayətinin Macadan rayonunda, Otunbayeva Bişkek şəhərində, Atambayev Frunze vilayətinin Alamudun rayonunda, Jeenbekov isə Oş rayonunun Sovetski rayonunda doğulublar.
 
 
 
                                                          Kurmanbek Bakiyev
 
Pillə-pillə zirvəyə
Onların beşi də əmək fəaliyyətinə sovet dövründə başlayıblar, vəzifə pillələrində yavaş-yavaş irəliləyiblər, müxtəlif vaxtlarda müxtəlif kiçik və orta ranqlı postlarda çalışıb, zirvəyə - prezidentliyə doğru uzun yol qət ediblər.
 
Əsgər Akayev prezident kürsüsünə Qırğızıstanın Elmlər Akademiyasıının prezidenti postundan gəlib. Bakiyev, Otunbayeva, Atambayev və Jeenbekov prezident olmazdan öncə ölkənin baş naziri postunda çalışıblar. Belə anlaşılır ki, Qırğızısıtanda baş nazir postu prezident kürsüsü üçün ən etibarlı tramplindir. Ancaq baş nazir olmaqdan ötrü də 7-8 müxtəlif vəzifələrdən sağ-salamat, ləkələnməmiş keçmək lazımdır.
 
Bal tutanlara “barmaq yalamaq” ittihamı
Akayevin dövründə ölkədə kasıblıq hökm sürüb. O birilərin hakimiyyəti dövründə də Qırğızıstan çiçəklənən respublikaya çevrilməyib. Yalnız Atambayevin dönəmində irəliyə doğru müəyyən dəyişiliklər sezilib. Ölkədə ard-arda baş verən inqilabi hərəkətlənmələrin əsas səbəbi də məhz kasıblıq və hüquqsuzluq olub. Həm Akayev, həm də Bakiyev seçkiləri saxtalaşdırmaq, qohumbazlıq niyyətlərinin badına gediblər.
 
 Otunbayeva və Jeenbekovdan başqa, digər prezidentlərə qarşı korrupsiyaya uğramaq, səlahiyyətlərindən sui-istifadə etmək ittihamı irəli sürülüb. Otunbayevaya qarşı oxşar ittiham ona görə səslənməyib ki, onun hakimiyyəti “nə yatdı ki, nə yuxu görsün” kateqoriyasındandır, Jeenbekova qarşı korrupsiya və digər ittihamlar isə, böyük ehtimalla, hakimiyyətdən getdikdən sonra səslənəcək. Qırğızlar yüksək vəzifədə - prezident postunda işləyən şəxsin öz mövqeyindən sui-istifadə etməsini, necə deyərlər, “bal tutub barmaq yalaması”nı həzm etmir, mütləq cəzalandırmaq istəyirlər.
 
İkisi axtarılır, biri tutulub
Rusiya Akayevi, Belarus isə Bakiyevi Qırğızıstana verməkdən boyun qaçırıb. Atambayev isə ölkəsini tərk etmədiyi üçün hazırda həbsxanadadır. Akayevin kürəkəni Adil Toyqunbayev də iqtisadi cinayətlərə görə axtarışa verilib.
 
Həm Akayev, həm də Bakıyev hakimiyyətdən kənarlaşdırılmaları ilə barışmayıblar, bunu qanunsuz elan ediblər. Onlar xalq arasında nüfuzlarını itirdiklərini, seçki saxtakarlığına qol qoyduqlarını, buna görə cəzalandırıldıqlarını etiraf etmirlər.
Qırğız eks-prezidentlərin içində ən çox qohumbazlıq edən Bakiyev olub. O, qardaşı Kanıbek, Jusub və Janış Bakiyevlərə yüksək dövlət vəzifələri verib, oğlu Maratı Qırğızıstanın Almaniyadakı səfiri təyin edib, digər oğlu Maksimi isə yeni yaradılan inkişaf, innovasiya və investisiya agentliyinin başına gətirib.
 
Roza apanın qisası
 
 
                                                                        Roza Otunbayeva
 
Roza Otunbayeva ölkəsinin, eləcə də MDB-nin ilk qadın prezidenti olmasıyla fərqlənir. Ayrıca o, müsəlman dünyasında İndoneziya prezidenti Meqavati Sukarnoputrodan sonra ölkə prezidenti olmuş ikinci qadındır (Benəzir Bhutto və Tansu Çillərin baş nazir postu tutmaları fərqli məsələdir). Maraqlıdır ki, sovet dövründə, hələ 36 yaşındaykən Nazirlər Soveti sədrinin müavini və xarici işlər naziri postunda çalışan, Qırğızıstanı bir neçə böyük ölkədə (Malayziya, Böyük Britaniya) səfir olaraq, BMT və YUNESKO-da xüsusi nümayəndə kimi təmsil edən Otunbayevanı 2005-ci ilin yanvarında keçirilən parlament seçkilərinə buraxmayıblar. Əsgər Akayevin qızı Bermetin yolunu açmaq üçün onun namizəd olduğu seçki dairəsində Otunbayevanın qeydə alınmış namizədliyini ləğv ediblər. Bundan iki ay sonra o, Akayevin devrilməsində fəallıq göstərib və Bakiyev hakimiyyətə gələndən sonra üçüncü dəfə xarici işlər naziri təyin edilib.
 
Qatili ömürlük həbsdən buraxdıran prezident
Image result for almazbek atambayev
 
                                                              Almazbek Atambayev
 
Almazbek Atambayev isə öz 6 illik prezidentliyi dövründə daha çox qalmaqallarla yadda qalıb. Onun kadr siyasəti tamamilə bərbad olub. Atambayev öz sürücü və mühafizəçilərinə yüksək dövlət vəzifəsi verib, onların varlanmasına şərait yaradıb, hətta hələ Bakiyevin dövründə polis polkovnikini və deputatı öldürməkdə mühakimə edilərək ömürlük həbs cəzası verilmiş mühafizəçisini unutmayıb, prezident olduqdan sonra onu azadlığa buraxdırıb.
 
Beş qardaşıq, beşimiz də belə
Image result for Sooronbay Jeenbekov
 
                                                         Sooronbay Jeenbekov
 
Yeni prezident Sooranbay Jeenbekov isə çoxuşaqlı ailədəndir. Onun 4 bacısı, 5 qardaşı var. Prezidentin qardaşlarının hamısı vəzifə yiyəsidir. Onun böyük qardaşı Kantoro Toktomamatov iqtisad elmləri doktoru, akademik olub. Bir qardaşı Jusupbek Şaripov 2005-ci il inqilabına qədər Cəlalabadın qubernatoru olub, hazırda Küveyt, Mərakeş, İordaniya və Bəhreyndə səfirdir. Kiçik qardaşı Asılbek Jeenbekov parlament spikeri olub, hazırsa deputatdır.
 
Kremlə rəğbət bəsləyənlər
Qırğız prezidentlərin hamısı Kremlpərəst olub, hər zaman Moskvanın diktəsi ilə hərəkət ediblər. Onların içində bir qədər sərbəsti, Qərblə, başqa ölkələrlə çoxtərəfli əlaqələr qurmaq istəyən Atambayev idi. O da lap axırda Rusiyaya meylləndi, hətta prezidet vəzifəsini itirdikdən sonra gedib Moskvada Putinlə görüşdü. Onun Putinin himayəsinə sığınmaq istədiyi barədə fikirlər səsləndi, amma o da, Putin də görüşdə ölkələrinin qarşılıqlı münasibətləri barədə danışdıqlarını dedilər. Ancaq ortaya sual çıxır: ölkənin prezidenti (Jeenbekov) dura-dura, bir ayağı həbsxanada olan eks-prezident ölkəsinin adından necə danışa bilərdi.
 
Permanent inqilablar ölkəsi
Bir sözlə, Qırğızıstan tipik şərq-müsəlman ölkəsi olsa da, daxili təlatümlüdür. Burada qərb demokratiyası ilə şərq tiraniyasının mübarizəsi gedir. Bir-birinin ardınca hakimiyyətə gələn şəxslər (Otunbayeva istisna olmaqla) ondan özlərinin, qohum-əqrəbalarının, tayfalarının, yaxınlarının faydalanması üçün istifadə edir və elə buna görə də “yanırlar”. Qırğız xalqı onları despotların idarə etməsinə imkan vermək istəmir, permanent mübarizə aparır. Görünür, belə lazımdır.

Загрузка...
Загрузка...