"Qəbələ"nin kapitanı: "Evdə qalmaq çətindir, amma virusa qalib gəlməliyik"

Baxış sayı: 
81
1  
0  

"Bu, bütün dünyanın mübarizə apardığı xəstəlikdir. Gündən-günə koronavirusa yoluxanların sayı artır. Dünyanın, ölkəmizin bu bəladan xilas olması üçün dua edirik".

Bu fikirləri "Report"a açıqlamasında "Qəbələ"nin kapitanı Anar Nəzirov koronavirus pandemiyası barədə danışarkən deyib.

35 yaşlı qapıçı virusla bağlı məsələyə ciddi yanaşdığını bildirib: "Nə tövsiyə olunursa, yerinə yetirməyə çalışıram. Səhiyyə işçilərinin, həkimlərin dediklərinə əməl edirəm. Onlar daim bizimlə maraqlanır və öz məsləhətlərini verirlər".

Təcrübəli qolkiper formada qalmaq üçün ev şəraitində fərdi məşqlər etdiyini söyləyib: "Amma evdə çalışmaqla, maksimum 2-3 gün formada qala bilərsən. Çempionat 10 gündən çoxdur dayanıb. Nə vaxt başlayacağı bilinmir. Həqiqətən də formada qalmaq çox çətindir. Ümid edirəm ki, çempionat nəzərdə tutulduğu vaxtda start götürəcək".

Nəzirov futbolun içində olan insan kimi vaxtının çox hissəsini evdə keçirməsinin çətin olduğunu vurğulayıb: "Bilirəm ki, tək mən yox, bütün idmançılar üçün evdə qalmaq çətindir. Amma virusa qalib gəlmək üçün ən azı deyilən vaxta qədər evdə qalmalıyıq. Ondan sonra hər şeyə yenidən başlayacağıq".

"Qarabağ"ın futbolçuları və baş məşqçisi Qurban Qurbanovun Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etmələrindən xəbərdar olan qapıçı bunu təqdirəlayiq addım adlandırıb: "İlk addımı onlar atıblar. Bizim klubdan da belə bir təşəbbüs olsa, can-başla yardım etməyə hazıram. Bu, hər bir vətəndaşımızın borcudur".

 
Загрузка...
Загрузка...