Qatıq sata-sata “Moskviç” aldım

Baxış sayı: 
53
1  
0  

Bu gün Xalq artisti Alim Qasımovun doğum günüdür. Kulis.az bu münasibətlə dəyərli sənətkarı təbrik edir və onun haqqında maraqlı faktları oxucuların diqqətinə çatdırır.
 
Onu gəncliyində Sumqayıtda səs imtahanından kəsiblər. Küsüb sənətdən. Bir gün gözlənilmədən onu kəsən müəllimlə qarşılaşıb. Müəllim səhvini etiraf edib və Alimdən musiqi məktəbinə qayıtmasını istəyib. Lakin Alim razılaşmayıb, əsgərliyə gedəcəyini bildirib.
 
***
 
Kasıb həyat sürüb. Yəqin, çoxları Alim Qasımovun vaxtı ilə qatıq satmasından xəbərsizdir. Bu barədə özü danışıb. Deyib, qatıq sata-sata pul yığdım, özümə “Moskviç” aldım.
 
***
 
Dediyinə görə, qatıq satmağın başqa bir faydası da dəyib Alimə. Səsi “Qatıq!” deyə qışqıranda açılıb.
 
 
***
 
Alimin “Moskviç”i sənət camesində dolaşan söhbətlərdə çox məşhurdur. Xüsusən Xalq artisti Hacıbaba Hüseynovla bağlı olanı... Alim maşının şitinə taxdığı gülə mikrofon qoyub yol gedə-gedə Hacıbaba müəllimə sənətdən, qəzəliyyatdan suallar verir, səsini yazırmış. Niyə gizlin? Özü belə cavab verir: “Aşkar soruşsaydım, öyrətməzdi.”
 
***
 
Bir gün Hacıbaba müəllim şübhələnir: “Alə, birdən səsimi-zadımı yazarsan ha!” Alim özünü itirmir: “Ayıb söhbətdi, Həci, heç mən elə şey eləyərəm?” Ancaq sonralar müğənni ustada hər şeyi açıb danışır və öyrəndiklərinin halallığını alır.
 
***
 
Alim olduqca mühafizəkar, başdan-ayağa Şərq dəyərlərinə uyğun bir ailədə doğulub, böyüyüb. Öz ailəsi də bu cürdür. O, öz evlənməyi haqqında belə deyir: “İş-güc yox idi, bekarçılıqdan evləndim!”
 
 
***
 
Sirr deyil ki, çoxu Alimi narkotik istifadəçisi kimi tanıyır. Xüsusən oxuyanda hallı olduğunu düşünürlər. O, doğrudan da hallı olduğunu etiraf edir, amma bu məqama məqbul olmayan yollarla yox, daxili təlqin hesabına gəlib çatır.
 
***
 
Alim Qasımov islam dininin ayinlərinə yerinə yetirən, namazını qılıb-orucunu tutan əsil müsəlmandır.
 
***
 
Həyat yoldaşı ona tamaşa edə-edə namaz qılmağı öyrənib. Alim bir gün yoldaşının gözlənilmədən namaz qıldığını görəndə çox təəccüblənib.

Загрузка...
Загрузка...