Qatarda bombardmana məruz qalan Cümhuriyyət tələbəsi

Baxış sayı: 
31
1  
0  

 
Azərbaycan Cümhuriyyətinin Avropada təhsil almaq üçün göndərdiyi tələbələrdən olan Mirzə Göygöl (Mirzə Hacızadə Məşədi Yusif oğlu) 17 sentyabr 1897-ci ildə Gəncədə doğulub.
 
1 sentyabr 1906-cı ildə Gəncə kişi gimnaziyasına daxil olan M.Hacızadə 16 aprel 1915-ci ildə oranı bitirib. Ardınca Lüblin quberniyasında (Xarkovda) Novo-Aleksandr Kənd Təsərrüfatı və Meşəçilik İnstitutuna qəbul olaraq orada oxuyub. Lakin Çar Rusiyasında baş verən inqilablar bir çox azərbaycanlı tələbə kimi Hacızadənin də təhsilini tamamlamasına mane olub.
 
Azərbaycana qayıdan Hacızadə bu dəfə milli hökumətin xaricə tələbə göndərməsi ilə bağlı elanı oxuyub, 16 avqust 1919-cu ildə Maarif nazirinə ərizə ünvanlayıb. Onun müraciəti müsbət cavablandırılıb, 13 yanvar 1920-ci ildə Azərbaycan Cümhuriyyəti hökuməti dövlət hesabına ali təhsilini başa vurmaq üçün xaricə göndərilməsi haqqında 516 saylı vəsiqə verib.
Hacızadə öncə İtaliyada oxuyub, ardınca Berlin Ali Ziraət Məktəbində təhsilini davam etdirib, 23 iyun 1924-cü ildə diplomunu alıb. 1926-cı ilin 3 martında Hacızadə doktorluq imtahanının şifahi qismini də verdikdən sonra Berlin Yüksək Ziraət Məktəbində açılmış, dosent Elizabet Şimanın başçılıq etdiyi toxum islahçılığı müfəttişliyi kursunda da iştirak edərək uğurla islah müfəttişi diplomuna yiyələnib.
 
3 mart 1926-cı ildə Azərbaycana dönməkçün viza almaq məqsədilə Berlindəki Sovet səfirliyinə ərizə verib, ancaq ərizəsi aylarla cavabsız qalıb. 1926-cı il iyulun sonlarında Türkiyə ziraət vəkili Səbri Toprak və Halkalı Ali Ziraət Məktəbinin meyvəçilik professoru Həmdi Dikmən Berlin Yüksək Ziraət Məktəbini ziyarət etdikdən sonra Səbri Toprak bu institutun müdiri, professor Ervin Baueri Türkiyəyə toxum islahçısı olaraq dəvət edib, ancaq Bauer bununla razılaşmayıb. Bu zaman ziraət vəkili ondan inandığı başqa birisini tövsiyə etməsini diləyib və Bauer öz yetirməsi Mirzə bəyi məsləhət bilib. Türkiyə Böyükelçiliyinə çağırılan Hacızadə səfir Kəmaləddin Sami paşanın kabinetində Səbri Toprakla görüşərkən ona toxum islahçısı olaraq Türkiyədə işləməkçün müqavilə imzalamağı təklif edib. Sovet səfirliyinin beş aylıq susqunluğundan sonra Azərbaycana dönə bilmək ümidini tam itirmiş Mirzə bəy Səbri Toprak bəyin dəvətini qəbul edib, ancaq müqavilə imzalamağı özünə sığışdırmayaraq, bir Türk kimi Türkiyədə çalışmağa söz verib.
Mirzə bəy əvvəlcə Ankaraya, 11 avqust 1926-cı ildə Halkalıya gəlib. Ziraət Vəkalətinin Halkalı Ziraət Məktəb-i Alisində vəzifəyə başlaması ilə bağlı yazını 16 avqustda Ziraət vəkili adına Sürəyya bəy yazıb. Halkalı Ali Ziraət Məktəbinə bağlı Toxum İslah Stansiyasını qurub, 1931-də həmin stansiyanı Yeşilköyə, indiki yerinə köçürüb.
Türkiyə vətəndaşlığını qəbul edən Mirzə bəy 17 dekabr 1934-cü ildə özünə “Göygöl” soyadı götürüb.
 
Yeşilköy Zirai Araşdırma İnstitutunda 35 il müdir işləyən Mirzə Göygöl 1961-ci ildə təqaüdə çıxıb. Bundan sonra Almaniyada Göttingen Universitetində iki semestr üçün qonaq professor olaraq dərs verməyə təklif alsa da, qəbul etməyib, ancaq Türkiyə-Almaniya Cəmiyyətinin çağırışı ilə Almaniyanın səkkiz universitetində konfranslar verib. 1941-ci ilin (1942) qışında Berlindən qatarla bir konfransdan qayıdarkən mindiyi qatar bombardmana məruz qalıb, ölüm təhlükəsi yaşayıb.
İzmirdə Ege Universitetinin ziraət fakültəsində, İstanbul Teknik Universiteti ziraət makinaları bölümündə mühazirələr oxuyub. Onun Türkiyə və Almaniyada türk və alman dillərində nəşr olunmuş 36 monoqrafiyası (onların içində “Türkiyə buğdaları” adlı çoxcildliyi xüsusi yer tutur) və sanballı elmi məqalələri vardır. Türkiyə buğdalarının ilk təsnifini də Mirzə Göygöl verib. Mirzə Göygöl dünyanın bir çox genetik-seleksiyaçıları ilə, o cümlədən, məşhur Azərbaycan alimi, akademik İmam Mustafayevlə yaxın elmi əlaqələr saxlayıb.
 
Mirzə Göygöl Azərbaycan Cümhuriyyətinin ikinci Baş naziri Nəsib bəy Yusifbəylinin (1881-1920) qızı Zöhrə xanımla İstanbulda tanış olaraq, 1929-cu ildə onunla ailə qurub. Bundan sonra Nəsib bəyin həyat yoldaşı Şəfiqə xanım (1886-1975) da İstanbulda Kabataşda onlarla birgə yaşamağa başlayıb. Göygöllərin dörd övladı dünyaya gəlib: Səlcuq (1930-1999, İstanbul), Oğuz (1932; Hamburq), Dəmir (1936-22.03.2012, Hamburq) və Şölə (1946; Visbaden).
Mirzə Göygöl bəstəkar və dirijor Niyazinin dəvəti ilə 18 aprel-13 iyun 1969-cu ildə Zöhrə xanımla birlikdə Bakıya gəlib. O, alimlərin qarşısında mühazirələr oxuyub. Qubaya, Gəncəyə gedib. Gəncədə vaxtilə ata-baba mülkünün olduğu yerləri, qardaşı Aslanın məzarını ziyarət edib.
 
Mirzə Göygöl 1981-ci ildə vəfat edib, Zincirliquyu məzarlığında Şəfiqə Qaspıralının yanında dəfn olunub.
 
Qaynaq:
1. Tahirzadə Ədalət, Tahirli Oğuztoğrul. Azərbaycan Cümhuriyyəti tələbələri. Bakı, 2016
2. Karagöz Alptekin. Dr. Mirza Gökgöl. Türk Tarımına Bir İmza Atmıştır. Türktob dərgisi, sayı 4
3. Hablemitoğlu Şengül, Hablemitoğlu Necip. Şefika Gaspıralı ve Rusya’da Türk Kadın Hareketi (1893-1920). Ankara, 1998
 
Müəllif: Dilqəm Əhməd

Загрузка...
Загрузка...