Qarabağda yox, Ermənistanla sərhəddə daş hasar hörməli...

Baxış sayı: 
105
1  
0  

 
«Əgər Rusiya atəşkəsə razılaşmasa, Donbasla Kiyev arasında divar tikəcəyik». Bunu dekabrın 8-də Fransada «Normand dördlüyü» çərçivəsində keçiriləcək görüşdə Vladimir Putinin ilk dəfə əlini sıxacaq Ukrayna prezidenti Zelenskinin köməkçisi deyib. Əlavə də edib ki, münaqişənin dondurulmuş saxlanmasından Kiyev heç nə itirməyəcək. Adam inanmır ki, bunu Ukrayna kimi dövlətin rəsmi şəxsi deyib. Bu bəyanata Ukraynanın sabiq prezidenti Poroşenkonun reaksiyası da düşündürücüdür. «Nə divar? Məgər Ukrayna ərazisindən imtina edir? Divarı Rusiya ilə Ukrayna sərhədi boyu tikmək lazımdır» deyə, sabiq prezident bildirib. Cəmi 5 il əvvəl Krımın ilhaqından sonra-2014-cü ilin aprelində Ukraynanın cənub-şərqində başlamış separatçılıq onunla nəticələnib ki, indi o ərazilərdə Kiyevə tabe olmayan iki qondarma «respublika», «özünümüdafiə» qoşunları, topu-topxanası, qondarma idarəetmə strukturları var. Donbas keçmiş SSRİ ərazində hələ ki, sonuncu-ən «gənc»ərazi münaqişəsidir.
 
Gələn ilin fevralında 30 yaşı olacaq Qarabağ münaqişəsinin «oğlu» hesab olunacaq bu problemdən Kiyev artıq bezibmi, yoxsa bu yeni ərazi itkisi ilə barışıbmı, demək çətindir. Hər halda, Azərbaycanda nəinki rəsmi şəxs, hətta bir QHT təmsilçisi Qarabağla aramızda divar hörmək bəyanatı versəydi, yəqin ki, ölkədən başını götürüb qaçmalı olardı. Ukrayna Donbasda Qarabağdakı qədər itki verməyib, amma münaqişə hər iki tərəfdə dərin yaralar açıb. Əsirlər hələ də qaytarılmayıb, atəşkəsə əməl olunmur, tərəflər bir-birini 2015-ci ildə əldə olunan Minsk razılşmasına əməl etməməkdə suçlayır.
 
Bu münaqişə yeni olsa da, əsas «qəhrəman» köhnə Rusiyadır. Rusiya bu münaqişədə o qədər tərəfdir ki, bu separatçı bölgənin əhalisinə beş-üç günün içində Rusiya vətəndaşlığı verən qanun qəbul edib, indi minlərlə ukraynalı cibində Rusiya pasportu gəzdirir. Ukrayna «seyid cəddinə arxayın olan kimi», Qərbin sanksiyalarına güvənir. Krımın işğalından sonra Qərbin Rusiyaya tətbiq etdiyi iqtisadi və siyasi sanksiyalar(«Böyük səkkizlik»də fəaliyyətinin dondurmasını yada salmaq kifayətdir) şimal qonşumuzu çətinliyə salsa da, dizi yerə gəlmədi. Krımın Rusiyaya birləşdirilməsini başa çatdırdı, istəsə, Donbası da bir saxta referendumla ərazisinə qatar. Amma buna ehtiyacı yoxdur, bir az da sanksiyaların daha da sərtləşməsindən ehtiyat edir. Putinə əlavə başağrısı lazım deyil, amma dekabrın 8-də Fransada ev sahibi Makron, Almaniya kansleri Merkel və Zelenski Putini razı salmağa çalışacaqlar. Məsələnin məğzi isə budur ki, Ukrayna Donbasa xüsusi statusa razıdır, amma Kiyevə tabe olan bir qurum kimi. Ukrayna millətçiləri bu güzəştə razı deyillər, Fransa görüşü ərəfəsi Zelenskiyə ciddi basqılar var. Rusiya isə Donbasa Dinestryanı kimi statusa razıdır. Bu isə faktiki, Kiyevə tabe olmayan bir ərazi vahidi yaratmaq deməkdir. Dinestryanı münaqişə konservləşdirilib, atəşkəs var, amma Tiraspolda Moldovaya tabe olmayan rusiyayönümlü hakimiyyət yaranıb.
 
 
Rusiya keçmiş SSRİ ərazisində, Qarabağ da daxil olmaqla, bütün ərazi münaqişəsində əsas oyunçudur. Putin artıq «Şimal axını» qaz layihəsini gerçəkləşdirir, bu Moskvanın Ukraynadan Avropaya tranzit asıllığını azaldacaq, amma Rusiya bu kəmərlərdən də umtina edəsi deyil və daha bir çox səbəblərdən Kiyevlə, onun arxasında duran Qərblə anlaşmağa meyllidir. Yəqin elə həm də bu səbəblərdən dünya liderləri Ukraynaya göstərdiyi həssaslığı Qarabağ məsələsində göstərmir. Biz isə buna çalışmalıyıq. Zelenski ABŞ prezidenti Trampın da görüşdə iştirakını təklif etmişdi. Ruslar ABŞ-ın bu formata daxil olmadığını əsas gətirib, onu əngəllədi. Zelenskinin Trampla telefon danışığı indi ABŞ prezidentini impiçment təhlükəsi ilə üz-üzə qoyduğundan daha bu təklif gündəm deyil.
 
 
 
Amma ABŞ Qarabağ məsələsində Makronun ölkəsi kimi həmsədrdir, üzərinə ciddi məsuliyyət alıb. Azərbaycan bu görüşdən istifadə edib həmsədr ölkələrin prezidentlərinin Qarabağ üçün toplanmasını gündəmə gətirməlidir. Azərbaycan münaqişənin 30 illiyi ilə bağlı böyük bir tədbirlər planı hazırlaya, beynəlxalq qurumların iştirakı ilə Bakıda və ya Qarabağa yaxın bölgələrdə beynəlxalq konfranslar keçirə, Ermənistanı ciddi hədəfə gətirə bilər. Nəhayət, həmsədr ölkələrin prezidenlərini Minskdə toplayıb bu məsələni dünyanın gündəminə çıxarmaq lazımdır. Qarabağla heç vaxt hasar çəkməyəcək, Azərbaycan buna heç vaxt razı olmayacaq. Qarabağ işğaldan azad olunmalı, bu millətlərin sərhəddində isə bəli, hasar tikilməlidir. Bu münaqişədən zərərçəkmiş biri kimi bu daşı birinci qoymağa da hazıram…
 
Nazim SABİRÖĞLU, ile ilgili görsel sonucu
 
Nazim SABİRÖĞLU,
Musavat.com

Загрузка...
Загрузка...