Qarabağda ermənilərə qan udduran azərbaycanlı qızdan DƏHŞƏTLİ ETİRAFLAR: Zəncirlə bağlayırdılar ki...

Baxış sayı: 
81
2  
0  

Onun üçün qanlı savaş hələ də bitməyib. Hər gecə yuxusuna erməni əsirliyindən qaytarılan yarıbədən adamlar girir. Hələ də gecələr yatmadan yuxu görür. 28 ildir "Qızartı" yüksəkliyinin şəhidləri səsini eşitməsinlər deyə, pıçıltı ilə danışır. Aldığı zərbələrdən qulağının biri, qolunun gücü daşlaşıb. Deyir artıq vətəndən savayı ağrı hiss etmirəm.
 
Müharibə çalışma qabiliyyətini də alıb əlindən. Əvəzində 2 insult qoyub ovcuna. Qumbara zərbəsindən partlamış mədəsinin divarlarını torba-torba dərman qutuları ilə bəsləyir.
 
Bəlkə də çoxunun ürəyində kökü quruyan əxlaq sindromundan əziyyət çəkməsəydi, bu gün onun da başı bizə bəsit gələn an adi məişət qayğılarına qarışardı.
 
Qubatel xanım deyir, xəstə canımı da, iki qızımı da vətən yolunda qurban verməyə hər an hazıram.
 
Publika.az-ın "Cəbhədə yalnız qızlardır" layihəsinin ilk qonağı "dəli Sənəm" ləqəbi ilə tanınan Qubatel İsayevadır.
 
- Qubatel xanım, ləqəbiniz diqqətimi çəkdi.
 
- Sənə qurban olum (bu xitab söhbət boyunca dilindən düşmədi) cəbhədə qadın, kişi olmur. Atışma başlayan kimi dəliyə dönürdüm. Ona görə əsgər yoldaşlarım mənə "dəli Sənəm" deyirdilər. Ümumiyyətlə, uşaqlıqdan belə idim. Qızlarla oynamazdım. Bir oğlan kiminsə qızına söz atdı, incitdimi, yapışırdım yaxasından...
 
(gülür, amma pıçıltı ilə)
 
- Hər iki ad sizə yaraşır. Cəbhə xatirələrinizi bizimlə bölüşməyinizi istəyirəm.
 
- 1992-93-cü illərdə Qarabağ döyüşlərində vuruşmuşam. Özüm Göyçəliyəm. 1988-ci ildə qaçqın düşdük. Amma nə yalan deyim, ona qədər ermənilərlə mehriban yaşayırdıq. Birdən-birə düşmənçilik başladı. 1500 nəfərlik kəndimizi Şəmkirə köçürdülər. Qarabağ müharibəsi başlamışdı. Laçının, Şuşanın böyük hissəsi artıq işğal altında idi. Amma Xocalı müsibətindən sonra dözə bilmədim. Ailədə 5 uşaq idik. Qardaşlarım Rusiyaya qazanc dalınca getmişdilər. Bacılarım ailəli idi. Atam dünyasını dəyişmişdi, mən anamla qalırdım. Heç kimə xəbər etmədən qaçdım Yevlax rayonuna. Surət Hüseynov könüllü batalyon yığırdı. Yevlaxa çatan kimi gördüm ki, hamı avtobuslara doluşur. Mən də tez mindim. Uzun yol gedəndən sonra bir də baxdım ki, Laçındayam. İlk döyüşüm "Qızartı" yüksəkliyində olub. Komandirim Çingiz Qəhrəmanov idi. Anası orada batalyonumuzun həkimi kimi çalışırdı. Qardaşları da bizimlə döyüşürdü. Laçın və Qubadlının bir çox kəndində vuruşmuşam. O qədər mehriban insanlar idilər ki, tez-tez bizi evlərinə qonaq çağırırdılar, süfrə açırdılar. Fürsətdən istifadə edib, hamısına salam söyləyirəm.
 
 
 
"Qızartı" yüksəkliyində qızğın döyüş başlamışdı. Oradan baxanda Şuşa da, Laçın da aydın görünürdü. Erməni postu ilə aramızda bəlkə də 10 metr məsafə vardı. Gözləmədiyimiz anda atışma başlayırdı. Bir dəfə baxdım ki, bir əsgər yaralı döyüş yoldaşlarını qoyub qaçır. Qışqırdım ki, geri çəkilsəniz, ermənilərdən öncə mən sizi öldürəcəm. Demirəm ki çiyninizdə daşıyın, ayağa durun... amma heç olmasa ayaqlarından tutub dartın, düşmən əlinə keçməsinlər. Sizə deyim ki, ermənilər tərəfdən döyüşənlərin içində qaradərililər də çox idi. Çünki başqa dövlətlərdən onlara çox yardım gəlirdi. Qaçmaq istəyənləri də zəncirlə bağlayırdılar ki, ölənə kimi döyüşsünlər. Biz özümüz idik, yenə də gücümüz onları kölgədə qoyurdu.
 
- Hər an ölümlə burun-buruna idiniz. Bu duyğu içinizdə bəslədiyiniz balaca qızı qorxutmurdu?
 
- Əsgər yoldaşlarıma tapşırmışdım, gördünüz, əsir düşürəm, məni özünüz öldürün. Bir patronu da sinəmə boyunbağı etmişdim ki, düşmən əlinə düşsəm, silahım dolu olmasa, özümə ondan atəş açım.
 
- Heç o güllənin ümidinə qaldığınız məqamlar oldu?
 
- Az olmadı. Hətta bir dəfə 58 gün ac-susuz düşmən mühasirəsində qalmışdıq. Kəndin ağaclarının meyvələrindən dərib yeyirdik. Laçın camaatı lavaş sevəndir. Hər evdən lavaş gətirirdilər. Su ilə isladıb yeyirdik. Bəzən hətta sutkalarla ac qalırdıq. İndi eşidirəm ki, ərləri evə çörək gətirməyəndə qadınlar ayağa qalxır. Bəs biz necə dözürdük o aclığa? O günləri xatırlayanda, özümə gələ bilmirəm.
 
- Qubatel xanım, düşmən əlinə keçən əsirlərin sonrakı taleyindən xəbəriniz olurdu?
 
- Taleləri bilinmirdi. Amma biz də çox əsir götürürdük. Qorxum da yox idi. Ermənilər məni tanıyırdılar, qarşı tərəfdən "göyçəli balası" deyib söyürdülər. Əsgər yoldaşlarım da anlamırdı, deyirdilər, "dəli Sənəm" geriyə çəkil, görək, səni haradan tanıyırlar.
 
 
 
- Yuxunuza girir o vahiməli günlər?
 
- Hər gecə. Hətta müharibədən sonra tez-tez qışqırıb, yuxudan oyanırdım. O küy hələ də qulaqlarımdadır. İki dəfə insult keçirmişəm. Amma bu gün də Prezident İlham Əliyev əmr versə, xəstə canımla döyüşə gedərəm. İki dəfə ağır yaralanmışam. Yanımda qumbara partlayıb, küləyi məni götürüb tullayıb. 15 gün hərəkətsiz qalmışam. Deyiblər ki, 3 günə oyansa, sağalacaq. Yoxsa ümidinizi üzün. Allahın təsadüfünə bax ki, əlimi tərpətmişəm. Mənə 3 litr qan vurublar. Hətta həmin vaxtı mən özüm də döyüş komandirinə qan vermişəm. Biz hamımız doğmalaşmışdıq cəbhədə. Döyüş yoldaşlarımın hamısını görmək istəyərəm.
 
- Yəqin ki, müsahibəmizdən sonra çoxu tapılacaq. Bəs həyat yoldaşınızla harada tanış oldunuz?
 
- Həyat yoldaşım Dərviş Cavanşir tanınmış jurnalist, şair, publisist idi. Müharibə haqda yazmağa gəlmişdi. Birdən atışma başladı. Eynəyi yerə düşdü. Çətinliklə də olsa yerdən tapıb ona geri verəndə, heyrətlə üzümə baxdı ki, içinizdə qız da var? Xahiş elədi ki, xanım icazə verin sizin haqqınızda yazım. Dedim, indi atışma gedir. Yazı vaxtı deyil...
 
- Vəsf zamanı deyil.
 
- Eynən. Sonra mənim haqqımda geniş yazı yazdı. Mədəm zədə alandan sonra isə məni təcili Bakıya xəstəxanaya çatdırdılar. Demək olar ki, hər gün yanıma gəlirdi. Bir dəfə dedi ki, evlənmək istəyirəm səninlə. Valideynləri elçiliyə gəldilər, sonra ailə qurduq. O, məni arvadı kimi yox, övladı kimi sevirdi, bəsləyirdi.
 
- Yəqin ki, evlilik illəriniz də asan olmadı.
 
- Hər gün qulağıma tankların, silahların səsi gəlirdi. Uzun müddət müalicə aldım. O qədər travmam var ki... Hələ də müalicələrdəyəm.
 
- Mənə maraqlıdır, ailəniz ani qərarınızı necə qarşılamışdı?
 
- Onlar bilmirdilər. Anidən getmişdim. Amma döyüş vaxtı anamın yanına gəlib-gedirdim. Qardaşlarım məni sildilər, bacılarımla arada danışırdım. İndi hamısı gəlirlər yanıma.
 
 
 
- Əsgər yoldaşlarınızın sizə qarşı münasibəti necə idi?
 
- Orada qadın, kişi söhbəti yox idi. Hamımız bir idik. Vətən yolunda döyüşürdük.
 
- Qubatel xanım, iki qızınız var. Onların cəbhədə vuruşmağına razı olardınız?
 
- Niyə olmuram ki, sənə qurban olum?! Bu, bizim hamımızın borcudur. Baxmayaraq ki, 30 ilə yaxındır veteran adını ala bilmirəm, sağlamlığım gedib, bu xəstə canımı da, balalarımı da vətən yolunda qurban verməyə hazıram. Ermənilərdən tanklar, silahlar götürmüşəm. Bu yaba deyil, bel deyil... Neçə-neçə əsir götürmüşük, qaytarmışıq. Mən torpağımın hər qarışını sevirəm. Bir hadisə yadıma düşdü: Lənkəran-Qusar batalyonu gəlmişdi. Hamısı yeniyetmə uşaqlar idi. Əksəriyyəti əlində silah da tuta bilmirdi. Elə ilk atışmada düşmən gülləsinə qurban getdilər. Rotanın komandirinə iradımı bildirəndə, dedi bu qız, qadının cəbhədə nə işi var? Dedim, gəl güləşək, görək hansımız qalmalıyıq burada. Güləşdik, mən onu yıxdım. İnsanlığın, cəsarətin, mərdliyin cinsiyyəti yoxdur. Ya vətəndaşsan, ya da xəyanətkar.
 
- Qayıdan əsirlərimizlə ünsiyyətdə olurdunuz?
 
- Əlbəttə. Çox zülm verirdilər onlara. Bədənlərini mismarla, siqaretlə deşik-deşik edirdilər. Biz humanist xalqıq, əsirlərə cəhənnəm əzabı yaşadacaq ürəyimiz yoxdur.
 
Leyla Sarabi,
 
Foto: Ceyhun Rəhimov

Загрузка...
Загрузка...