“Qarabağ hərbi kazarmanı xatırladır”

Baxış sayı: 
15
1  
0  

 
Türk bloger işğal bölgəsində nələr gördü...
23 yaşlı məşhur türkiyəli bloger Mutlu Tokyürek Ermənistana və Dağlıq Qarabağa səfər edib. Orada gördükləri haqda reportaj hazırlayıb. Gördükləri barədə publika.az saytına da danışan blogerin müşahidələri olduqca maraqlıdır.
 
Mutlu Tokyürek Türkiyə vətəndaşıdır. 2 ildir davamlı dünyanı gəzən bloger səyahətlərini asanlaşdırmaq üçün instagramda gəzdiyi, gördüyü ölkələrin ən maraqlı məlumatlarını paylaşır: “İndiyədək 27 ölkədə olmuşam və getdiyim hər ölkədə səyahətimi avtostop edərək reallaşdırmışam. Məzun olduqdan sonra zehnimdə boşluq hiss etdim və fərqli yaşam və mədəniyyətlər kəşf etmək istədim. Çantamı götürdüm və ilk getdiyim ölkə Livan oldu. Getdiyim hər ölkədə işləyirəm. Sinqapurda qolbaq hazırlayıb satdım, Malayziyada ofisiant, Orta Asiya ölkələrində interyer dizayneri, Azərbaycanda çörək satıcısı işlədim və bir ailənin evinə yataq və mətbəx şkafı düzəltdim. Kiprdə inşaatda, Filippində düyü tarlasında, Ermənistanda inək fermasında işlədim. Bu formada həmin yerlərdə qalmaq, yemək, içmək və nəqliyyat ehtiyaclarımı qarşılayıram”.
 
Azərbaycan, Gürcüstan və İranı ziyarət edən Mutlu son olaraq Ermənistana getmək, tarixi Azərbaycan torpaqlarını görmək qərarına gəlir: “Qafqaz ölkələri arasında Ermənistana getməmişdim. Ermənistan çox fərqli və təhlükəli ölkədir. Ölkəmlə həmsərhəddir, amma daxildə nə baş verir, bilmirik”.
 
Bloger Ermənistana Gürcüstandan, işğal altındakı Qarabağa isə Ermənistandan getdiyini yazır: “Ölkəyə giriş viza qiyməti 6 dollardır (təxminən 11 manat). Normal şərtlərdə taksilər Xankəndi şəhərinə 100 dollara aparır, amma mən dünyanı avtostopla gəzdiyim üçün İrəvandan avtostop çəkməyə başladım. Əvvəlcə, bir maşınla Sevan şəhərinə gəldim, daha sonra gölün ətrafından davam edərək, növbə ilə Martuni və Vardenis rayonlarını keçdim. Sərhəddə polis yoxlanışı vardı, bura gecə saat 01:00-da çatdım. Polis məni 4 saat sorğuladıqdan sonra, davam etməyimə icazə verdi: Bir “KamAZ” dayandı və mindim. Xankəndinə gedirdi. Şəhərə səhər təxminən 10-da çatdım və hostelə yerləşdim. ”Nənə və baba heykəli"ni, sonra hava limanını və ora yaxın Xocalı şəhərini ziyarət etdim. Xocalıda tanış olduğum birinin evində qaldım. Xocalı soyqırımının olduğu kəndə getdim. İcazəsiz getdiyim üçün əsgərlər əsəbiləşdi, amma gizli də olsa bölgədə foto və video çəkməyi bacardım.
 
Ermənilər həqiqətən çox dəhşətli soyqırım törədib. Hadisənin baş verdiyi bölgə yandırılıb, dağıdılmış haldadır, yaxınlığında yeni bir kənd inşa edilib.
 
 
Xocalı Hava Limanı hazırda çox yeni və baxımlı şəkildədir, amma ən son uçuşunu 1991-ci ildə həyata keçirib. Hava limanına girmək sərbəstdir, amma içi boş və sadəcə bina kimi durur. İki gün sonra isə tarixi şəhər Şuşaya getdim. Qarabağ yamyaşıldır. Möhtəşəm təbiəti, ucsuz-bucaqsız dağları var. Bölgəyə girdiyin an içində bir an qorxu, bir an da həyəcan hissi keçirirsən. Ermənistan Türkiyə və Azərbaycanla küsülü bir qonşu olduğundan, burada türklərə ürküdücü gözlərlə baxırlar. Bu mənada bizim üçün çətin bir bölgədir".
 
Bloger daha sonra yazıb ki, Qarabağa getdiyi halda, Azərbaycana növbəti gəlişinin problem olma ehtimalını bilərək gedib: “Azərbaycan çox gözəldir. Bibiheybət məscidini, Xalça Muzeyini çox bəyənirəm. Naxçıvan, Gəncə, ”Xan bağı" da çox gözəldir. Amma mən doğulduğum gündən indiyədək həmişə mətbuatda, televiziyada Qarabağ savaşı, Qarabağ problemi və Xocalı faciəsini eşidərək, izləyərək böyüdüm. Xəyal edə bilməsəm də, bir gün orada olacağımı bilirdim.
 
Qarabağ mənə həmişə bilinməyən, gizli bir yer kimi gəlib və araşdırmalarımda səyahətçilərdən indiyədək ora gedən görmədim. Xüsusilə vəhşicəsinə qətl edilən Xocalı insanlarının şəhərini ziyarət etmək istədim. Azərbaycan xalqının dünyanın ən yumşaq ürəkli xalqlarından biri olduğunu bilirəm və bu səbəblə məni bağışlayar ümidi ilə Qarabağa getdim".
 
Mutlu türk olduğu üçün də bəzi ermənilər tərəfindən təzyiqlərə məruz qalıb: “Burada hər yer əsgərdir. Onlar bəzən mənə yardım edir, bəzən döyürdülər. Ermənistanda türk olduğunuzu dedikdə insanlar həmin vaxt kobudlaşıb sizinlə mübahisə edirlər. Buna görə insanlara türk olduğunuzu bildirməmək ən yaxşısıdır. Qarabağ bölgəsində istədiyin kimi rahat gəzə bilmirsən. Türksənsə, işin daha çətindir. Ağdərə ərazisində yolda foto çəkirdim. Bir hərbi maşın yanıma gəlib, burada nə edirsən, soruşdu. Foto çəkdiyimi dedim. Hansı ölkə, Türkiyə dedikdə, kobud şəkildə çəkdiyim fotoları silib, məni təpikləyib ”tərk et" dedi. Amma başqa ölkə vətəndaşına elə davranmadıqları dəqiqdir. Daha sonra sərhədə yaxın Sarıdaş kəndində düşərgə quracaqdım. Gecə oldu, əsgərlər gəlib düşərgəmi dağıtdılar. Oradakı bir kəndin insanı gəlib məni evinə apardı. Əsgərləri çox kobud və pisdir. Qarabağ bölgəsi bir hərbi kazarmanı xatırladır desəm, heç də şişirtmərəm".
 
Mutlu Azərbaycana məxsus şəhərlərin, kəndlərin darmadağın edildiyini, xaraba hala salındığını, erməni xalqının əvvəlkindən də pis vəziyyətdə yaşadığını söyləyir: “Qarabağdakı insanlar həqiqətən Azərbaycan xalqını sevir, bizim bu halda olmağımıza səbəb siyasətçilərdir, deyirlər. Hazırkı hakimiyyəti məcburi olaraq seçdikləri gözlərindən oxunur. Əsgəran şəhərində bir xanımın bu sözü ağlımdan çıxmır: ”Əvvəl kasıb idik, amma həyatımız yaxşı idi. İndi yenə kasıbıq, amma xoşbəxt deyilik. Burada həbs olub qaldıq, keçmişdə hər şey daha gözəl idi".
 
Qarabağdan ayrılarkən son dəfə dönüb, arxaya baxdım. Bölgədə həqiqətən Azərbaycana aid bir şey qalmayıb. Azərbaycan xalqının yaşadığı şəhərlər, kəndlər darmadağın edilib və xaraba şəklindədir. Azərbaycanın köklü bir tarixi var və onu silmək, orada sanki azərbaycanlılar heç yaşamamış kimi göstərmək istəyiblər. Bütün şəhər və kəndlərin adı dəyişib, hətta yeniləri inşa edilib".
 
Qeyd edək ki, Azərbaycan işğal altındakı Qarabağa qanunsuz-Azərbaycanın icazəsi olmadan səfər edən xarici ölkə vətəndaşlarını arzuolunmaz şəxslər siyahısına salır, onların ölkəmizə girişinə qadağa qoyur, hətta bəzən cinayət işi də açır. Bu baxımdan türk bloger Mutlu Tokyüreklə də bağlı belə hüquqi tədbirlər görülməlidir, yoxsa Azərbaycan barədə yazdıqları müsbət fikirlərə, Xocalıda ermənilərin dəhşətli soyqırım törətdiklərini yazdığı və bu səfərinə görə Azərbaycanın əfvin sığındığını yazdığı üçün onunla bağlı cəza tədbiri görülməməlidir?
 
Akif Nağı: “Bu adam həyatı ilə risk edib, gedib həqiqəti əks etdirən material hazırlayıb...”
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, işğal olunmuş ərazilərimizə istənilən qanunsuz səfər yolverilməzdir. Amma sözügedən türk blogerin səfəri  yeni bir haldır. Bu adam həyatı ilə risk edib, gedib həqiqəti əks etdirən material hazırlayıb. Bir yazar kimi də yeniliyə imza atıb. Hər halda, Azərbaycandan və ya digər yerlərdən Ermənistanın nəzarəti altında oraya gedən jurnalistlərdən tam fərqli addım atıb: “Ermənilərin razılığı ilə oraya gedən, ermənilərin tam nəzarəti altında onların istədikləri yerə baş çəkən, onların təqdim etdikləri adamlarla görüşən jurnalistin getməsindənsə getməməsi yaxşıdır və yaxud gedirsə yalnız ermənilərin maraqlarına xidmət etmiş olur. Məsələn, ”Turan"ın əməkdaşı  Şahin Hacıyevin son səfəri yalnız ermənilərin maraqlarına xidmət etdi. O səfərdən bir az sonra Ermənistan rəhbərlərindən biri bizi ittiham etdi ki, erməni jurnalistlərin Azərbaycana gəlməsinə imkan vermirsiniz, amma biz filan jurnalistin səfərini təşkil etmişdik və sair. Türk bloger cəsarətli addım ataraq oraya gedib, oradan obyektiv material hazırlayıb. Ona görə də onun cəzalandırılmasına ehtiyac yoxdur. Amma Azərbaycanın rəsmi qurumu ilə bu səfəri razılaşdırsaydı, daha yaxşı olardı".
 
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
 

Загрузка...
Загрузка...