“Qapını bağlayıb, qızımı otaqda saxladığına görə...” – Sumqayıtda dəhşətli hadisə

Baxış sayı: 
319
1  
0  

 
Sumqayıt şəhərində qonşusunu öldürməyə cəhddə ittiham olunan 2004-cü il təvəllüdlü Şəfi Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
Teleqraf.com-un xəbərinə görə, 18 noyabr 2019-cu il tarixdə saat 19 radələrində Rəşad Rüstəmov qonşusu Şəfi Məmmədovu yaşadığı Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xəzri bağlar yaşayış massivində fərdi yaşayış evinə çağırıb.
 
Rəşad Rüstəmov iki gün əvvəl qızı Rəhimə Rüstəmovanın Şəfi Məmmədovun yaşadığı evə bacısı ilə görüşməyə gəldikdən bir qədər sonra evin qapısını bağlayıb, sonuncuları bağlı qapı arxasında saxlaması ilə bağlı iradını bildirib.
 
Rəşad Rüstəmov Şəfi Məmmədova bacısının əxlaqsız olduğunu, buna görə də sonuncu ilə Rəhimənin görüşməsinə icazə vermədiyini deyib.
 
Bundan hiddətlənən Şəfi Məmmədov qisas almaq məqsədi ilə Rəşad Rüstəmovu öldürmək qərarına gəlib. O, yaşadığı evə qayıdıb və bıçaq götürdükdən sonra geri qayıdıb.
 
Şəfi Məmmədov Rəşad Rüstəmovu küçəyə çağırıb, ona 7 dəfə bıçaq xəsarəti yetirib. Vaxtında tibbi yardım göstərildiyi üçün Rəşad Rüstəmovun həyatını xilas etmək mümkün olub.
 
Şəfi Məmmədovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
 
“Rahat yaşamağımıza imkan vermirdi”
 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şəfi Məmmədov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, qeyd edib ki, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xəzri bağlar yaşayış massivində nömrəsiz fərdi evdə anası və ondan yaşca böyük 2002-ci il təvəllüdlü bacısı ilə yaşayır: “Atam Rahim 2015-ci ildə vəfat edib. Böyük bacım isə ailəlidir, ailəsi ilə birlikdə yaşayır.
 
Rəşad Rüstəmov bizimlə qonşudur, evimizin ətrafında hasar olmadığından həyətyanı sahələri kənardan aydın görünür. O, narkotik istifadəçisi olmaqla spirtli içkilərə də meyillidir. Narkotik maddə və spirtli içki qəbul etdikdə hərəkətlərini idarə edə bilmir. Əvvəllər də ailələrimiz arasında münaqişə olub. Atamın vəfatından sonra isə Rəşad mənim və bacımın azyaşlı, ailə başçımızın isə qadın olaraq ona cavab verə bilməyəcəyindən istifadə edib. Evimizə gələn qazı, işığı və su xəttini tez-tez kəsib, səbəb olmadan ana-bacımı, məni nalayiq söyüşlərlə söyüb. O, bizim rahat yaşamağımıza imkan verməyib”.
 
Şəfi Məmmədovun sözlərinə görə, qonşusunun hərəkətlərindən dəfələrlə Sumqayıt şəhər Polis İdarəsinə və Daxili İşlər Nazirliyinin 102 xidmətinə şikayət etsələr də, tədbir görülməyib: “Rəşad Rüstəmov son zamanlar başına narkomanları toplayıb, evin həyətində hündürdən söyüşlə danışır, nalayiq ifadələr işlədirdi. Onun hərəkətlərinə irad tutduqda isə “həyət mənimdir, nə istəsəm, onu da edə bilərəm” deyərək cavab verirdi”.
 
“Məni döyəcəklərindən qorxdum”
 
Təqsirləndirilən şəxs deyib ki, hadisə baş verən günü anası Bəxtilə xəstə nənəsinə baş çəkməyə gedib: “Bacım həmin vaxt evdə tək qalıb. Təxminən saat 18 radələrində Rəşadın dostu və qonşusu Elgün məni həyətdən səslədi. O, əvvəllər də məni səsləyərək bir neçə dəfə Rəşadın yanına aparıb, məni döydürüb. Bu çağırışı da həmin hərəkətlərin davamı kimi qəbul etdim, qorxaraq həyətə çıxmadım. Lakin Elgün məni israrla yenidən çağırdı. Mən də yenidən döyülüb, təhqir edərlərsə, özünü müdafiə edəcəyimi qət etdim. Bunun üçün mətbəxdə istifadə etdiyimiz bıçağı şalvarımın cibinə qoyaraq həyətə çıxdım.
 
Həyətə çıxdıqda Elgün Rəşadın məni çağırdığını dedi. Rəşadgilin evinə getmək üçün evin yanından keçən dəmiryol xəttini aşaraq həyət qapısının qarşısında dayandın. Məni görən Rəşad dərhal ünvanıma söyüşlər söyməyə başladı. Həmin vaxtı Elgünü Rəşadın yanında gördüm. Başa düşdüm ki, Rəşad məni ünvanıma söyüş söymək üçün bilərəkdən çağırıb. Bu səbəbdən ona yaxın getmədim.
 
Az sonra Rəşad yenə də ailəmin ünvanına nalayiq söyüşlər söyməyə başladı. Mən də Rəşadın bu hərəkətlərinə dözə bilmədim, onun üzərinə getdim”.
 
“Peşman deyiləm”
 
Təqsirləndirilən şəxs deyib ki, Rəşad Rüstəmov onun ayağından təpiklə vurub və kənara itələyib: “Yerə yıxıldım, sağ ayağımdan zədə aldım. Rəşad söyüşlərini davam etdirdi, məni yenə təpiklə vurdu. Elgün bizi görsə də, kənara çəkilərək kiminləsə telefonla danışırdı.
 
Rəşad ikinci dəfə yenə məni təpiklə vurub, ana-bacımı nalayiq söyüşlərlə söyəndə dözmədim. Onu cəzalandırmaq üçün üzərimdə gətirdiyim bıçağı çıxararaq Rəşadı vurdum.
 
Rəşad məni tutaraq getməyimə imkan vermədi. Mən də buraxması üçün dəqiq xatırlamadığım sayda ona bıçaq zərbələri vurdum. Sonuncu zərbənin Rəşadın bədəninə batdığını hiss etdim. O zaman başa düşdüm ki, ona bədən xəsarətləri yetirmişəm.
 
Bundan sonra qorxaraq bıçağı yerə atdım, hadisə yerindən qaçdım. Böyük bacımgilə gedərək hadisə barəsində ona məlumat verdim, sonra Kürdəmir rayonunda yaşayan ana nənəmin yanına getdim. Barəmdə cinayət işinin başlandığını bildim, tez Sumqayıt şəhər Prokurorluğuna gəldim, təslim oldum. Törətdiyim cinayət əməlindən peşman deyiləm”.
 
“Adımı pis insan kimi hallandırıb”
 
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Rəşad Rüstəmov bildirib ki, 2000-ci ildə Hökümə ilə ailə qurub: “Bu nikahdan 2003-cü ildə Əli, 2004-cü ildə Rəhimə adlı uşaqlarım olub. Fərdi evlərlə pilləkən və manqal quraşdırmaqla məşğul oluram. Qızım Rəhimə yaxşı oxuyur, idmanın cüdo növü ilə məşğul olur, çoxsaylı nailiyyətləri və medalları var.
 
Təqsirləndirilən şəxsin atası rəhmətə gedib, bir bacısı və anası ilə mənimlə çəpər qonşuluğunda yaşayır. Digər bacısı Çiçək isə ailə qurub, Xəzər bağlar massivində yaşayır, kiçik qızı Gülər 2018-ci ildə Sumqayıt şəhər 19 saylı tam orta məktəbin 9-cu sinfini bitirib. Onun təhsilə marağı olmadığından davam etdirməyib. Evimin ətrafında hasar olmadığından kənardan həyətim aydın görünür. Qonşum Bəxtilə çətin xarakterlidir, daim söz-söhbət yaradıb, mənim adımı pis insan kimi hallandırıb”.
 
“Şəfinin hərəkətlərinə əsəbləşdim”
 
Zərərçəkmiş qeyd edib ki, buna baxmayaraq, qızı onlarla ünsiyyət saxlayıb, onların evlərinə gedib-gəlib: “Son zamanlar qizimin onlara getməsi mənə xoş gəlmirdi. Düşündüm ki, Rəhimə qız uşağı olmaqla artıq böyüyür, Azərbaycan adətən-ənəsinə görə qız uşağının qonşuları gəzməsi pis qəbul edilir, digər tərəfdən kənar ünsiyyətlər qızımın dərsinə və idman karyerasına təsir edib, onu zəiflədə bilər.
 
Hadisədən iki-üç gün əvvəl günorta saatlarında qızım Rəhimə Gülərin yanına gedib, evə gec qayıtdığından narahat oldum. Bəxtiləgilin həyətinə keçib, onu səslədim. Rəhimə evdən hay verdi, dedi ki, Şəfi idmana gedəndə evdə Gülərlə tək olduğu üçün onların üzərlərinə qapını açarla bağlayıb. Ona görə evə gələ bilmədiyini, Şəfinin qayıtmasını gözlədiyini, Şəfi gələn kimi evə qayıdacağını söylədi. Bu sözləri eşidərək Şəfinin hərəkətlərinə əsəbləşdim. Evə qayıtdım, az sonra Rəhimə evə gəldi”.
 
Rəşad Rüstəmov qeyd edib ki, səhəri Şəfini görüb: “Ondan nə üçün qızımın üzünə qapını açarla bağlayaraq getdiyini soruşdum. Şəfi mənə cavab vermədi, özünü sözlərimi eşitmədiyi kimi göstərdi, olduğu yerdən uzaqlaşdı. Şəfinin hərəkəti mənə pis təsir etdi. Onunla həmin gün söhbətimi bitirə bilmədim”.
 
“Ondan xoşum gəlmədiyini söylədim”
 
Rəşad Rüstəmovun sözlərinə görə, hadisə baş verən günü, saat 18 radələrində arvadı işə getməyə hazırlaşıb: “Evdə çörək olmadığı üçün Şəfini çağıraraq yaxınlıqda yerləşən Asəfin dükanından nisyə çörək və siqaret almağı xahiş etdim. Düşündüm ki, Şəfi dükandan qayıdanda onunla ətraflı söhbət edərəm. Şəfi çörək və siqareti alaraq gətirdi. Çörək aldığı üçün ona təşəkkür etdim.
 
Sonra baş verənlərə qayıdaraq qızım Rəhimənin onun bacısı Gülərlə görüşməsinə, evimizə gəlməsinə razı olmadığımı və icazə vermədiyimi, qızım onlara gələrkən dərslərini yaxşı oxuya bilmədiyini, bu isə onun təhsilinə təsir edə biləcəyini söylədim.
 
Həmin vaxtı Şəfi mənə dedi ki, qızı onların evinə gələndə nə olur ki? Bu zəmində aramızda söhbət böyüdükdə əsl həqiqəti dedim. Ona bacısının əxlaqı və tərbiyəsi yerində olmadığından ondan xoşum gəlmədiyini söylədim. Bu səbəbdən qızımın onunla görüşməsinə narazı olduğumu bildirdim. Bu sözdən sonra Şəfi bir söz demədən getdi”.
 
“Bıçağı atdı, hadisə yerindən qaçdı”
 
Rəşad Rüstəmov daha sonra ifadəsində deyib ki, qonşusu Elgünü çay içməyə dəvət edib: “Təxminən 3-5 dəqiqədən sonra həyət qapısında Şəfinin məni səslədiyini eşitdim. Mən qapıya çıxarkən, Şəfi “az əvvəl nə deyirdin, ana-bacımın ünvanı nə artıq-əskik danışırdın?”, - deyə sual verdi.
 
Yenə əvvəlki söhmətimizi təkrarladım, qızımın onun bacısı ilə münasibət saxlamasına razı olmadığını söylədim. Bu sözlərdən sonra Şəfi cibindən bıçaq çıxararaq döş qəfəsimin sol yarısından zərbə endirdi. Zərbədən müvazinətimi itirərək arxası üstə yerə yıxıldım. Şəfi arxamca həyətə keçdi, üzərimə hücum çəkərək yerdən qalxmağıma imkan vermədi, bıçaq zərbələrini davam etdirdi. Mən də bədənimi o tərəf, bu tərəfə çəkdim, təpik və əl-qol atmaqla ona müqavimət göstərdim. Ancaq Şəfi əl çəkmədi, dalbadal ardıcıl bıçaq zərbələri yetirməyə davam etdi.
 
Bu vaxt Elgün gəldi. Şəfi onu görsə də, əl çəkmədi, yenə bir neçə bıçaq atdı. Bu vaxt Elgün qışqırdı. Onun səsinə arvadım Hökumə həyətə çıxdı. Şəfi artıq məcbur olaraq məndən əl çəkərək bıçağı kənara atdı, hadisə yerindən qaçdı”.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şəfi Məmmədov 5 il 7 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməsi hökm edilib.
 
Müəllif: Hacı Zeynalov

Загрузка...
Загрузка...