Qadın və Sufizm

Baxış sayı: 
89
1  
0  

Müəllif: Camille Adams Helminiski
İngiliscədən Elmar Nurəddin oğlu Əliyev – Vüqarlı çevirib        
 
Bəşəriyyətin şüurlu dövründən başlayaraq həm qadın, həm də kişi Varlığın Qaynağıyla yenidən birləşən yolla getmişdir. Dünyanın mahiyyətindən doğan ikilik, dualizm üzündən kişi və qadın formalarında olmağımıza baxmayaraq, nəticə etibarı ilə Yeganə Varlıq qarşısında  qadın və kişi fərqi qəti şəkildə yoxdur. Sufi ənənəsi daxilində bu həqiqətin etirafı qadınları bu yolla mənəvi kamillik məqamına ruhlandırdı. Halbuki Qərb dünyasında bu mühüm məqsədə nail olmaq heç də hər zaman mümkün olmayıb.
            Klassik anlamda başa düşülməsi Məhəmməd Peyğəmbərin dövründən başlayan sufizmin inkişafında qadınlar mühüm rol oynamışdır. Məhəmməd ruhun və cismin bir tamlıq təşkil etdiyini bildirən ilahi ayəni gətirdi və gündəlik həyatın mahiyyətində qadınların da kişilər kimi eyni dərəcədə mövqeyini təsdiqlədi. Mədəni təzahürlərinin əsl saf məqsədlərlə əhatələnməsinə baxmayaraq, Quranın sözləri qadın və kişi bərabərliyini ifadə edir. Bütlərə ibadət etdikləri dövrlərdə ərəb qəbilələri tamamilə barbar vəziyyətdə idi. Hətta onlar kişi nəsli naminə körpə qızlarını diri-diri torpağa basdırmaqdan belə çəkinmirdilər. Lakin İbrahim ənənəsinin bu yeni əks-sədası Varlığın Birliyinin tanınmasını və təsdiqini yenidən bərpa etməyə təşəbbüs göstərdi və təbiətin zərifliyi, harmoniyası üçün qadına şərəf və hörmət aşıladı.
            Məhəmmədin sevimli xanımı Xədicə bu yeni inqilabın ilk illərində mühüm rol oynadı. Belə ki, o, Məhəmmədi şübhələrdən, çaşqınlıqdan qorudu, onu ruhlandırdı və himayə etdi. Son dərəcə çətin və məşəqqətli anlarda onu tək qoymadı və bu yeni inancın nurunu daşımaqda əlindən gələni əsirgəmədi. İlk dəfə İslamı mistikcəsinə dərindən dərk edib ifadə edən Məhəmməd və Xədicənin qızı Fatimə olmuşdur. Doğrudan da, o ilk mistik müsəlman kimi tanınır. Fatimənin Əli ibn Əbu Taliblə nikahı bu yeni mistik təzahürləri dünyaya səpdi və onların vəhdət toxumları çiçək açmağa başladı. 
            İslamın mistik tərəfinin inkişafında Rəbiyyə əl-Ədəviyyənin (717-801) rolu danılmazdır. Allahla ruhani münasibətini sözlə ilk dəfə olaraq o ifadə etmişdir. Rəbiyyə Sufizm həqiqətlərini heç kəsin başa düşə bilmədiyi bir dillə anladan ilk bəşərdir. Həyatının erkən çağlarında çoxlu çətinliklər və məşəqqətlər ilə üzləşməsinə baxmayaraq, Rəbiyyənin istinad nöqtəsi nə cəhənnəm qorxusu, nə də cənnət arzusu idi; o yalnız sevgiydi. O deyirdi: “Allah Allahdır, bunun üçün mən Allahı sevirəm... hər hansı bir mükafatı üçün deyil, yalnız Onun özü üçün”. Onun  məqsədi varlığını Allahda əritmək idi. Rəbiyyəyə görə, fərd öz içində dəyişərək Allahını tapa bilər, Məhəmmədin dediyi kimi: "Özünü bilən Allahını bilər".
            Sufilər iddia edirlər ki, bizi Varlığın Birliyinə aparan yalnız və yalnız qarşılıqlı sevgidir. Bütün əsrlər boyu sufi kişilər kimi sufi qadınlar da bu sevgi nurunu əsrlərdən əsrlərə daşımış və onu kamilləşdirmişlər. Bir çox səbəblərdən dolayı sufizmdə qadınlar kişilərdən, əsasən daha az tanınmış və daha  az fikir söyləmişdir. Lakin bununla belə onlar sufizmin fəal iştirakçıları olub. Bəzi sufi dairələrində ayin vaxtları qadınlarla kişilər birləşirdi. Əksər sufi təriqətlərində isə qadınlar onlara məxsus yerə toplaşıb kişilərdən ayrı zikr və ibadətlə məşğul olurdular. Ümumiyyətlə, sufi qadınların əksəriyyəti Rəbiyyə kimi özünü cəmiyyətdən təcrid edib asket şəkildə varlığını Allaha həsr edirdi.  Bir çoxları da ibadət və təhsil çərçivəsində xeyirxah analıq və tərbiyəçi rolunu üzərinə götürürdü. Qadın müəllimləri, tələbələri və ruhani dostları olmuş Qərbin bizə məlum əksər böyük ustadları bu sufi qadınların fikirlərindən və varığından çox təsirlənmişdir. Bunu onların əsərlərindən açıq-aydın görürük. Onların eynən sufilər kimi Vəhdətə doğru bəzən aylarla ruhani səyahəti bu cəhətdən  olduqca diqqəti cəlb edir.
 Dahi İbn Ərəbi (1165-1240) ona böyük təsir göstərmiş "müğənni"    Marçernalı Şəms və Kordovalı Fatimə adlı iki ağbirçək mistik qadınla keçirdiyi vaxtları xatırlayır. O, şagird kimi vaxtının böyük  hissəsini həsr etmiş olduğu bu qadınlardan biri, Fatimə haqqında yazır: "Əslən Seviliyadan olan Kordovalı Fatimə bint İbn əl-Muzanna adlı  Allah aşiqi, qnostik bir qadına şagird kimi xidmət edirdim. Mən bir neçə il onun qulluğunda durdum, yaşı təxminən doxsan beşdən yuxarı olardı...  O  tez-tez qaval çalıb ondan böyük zövq alardı. Bu haqda ondan soruşanda cavab verərdi: "Mən Ondan (yəni Allahdan – C. A.Helminski) sevinc, fərəh və zövq alıram. Çünki O, mənə qayıdır, məni Öz Dostlarından biri edir və məni Öz niyyətinə yönəldir. Mən kiməm ki, gərək O məni insanlar arasından seçsin. O, məni qısqanır. Çünki mən haçansa Ona qarşı  diqqətsizlik edəndə  O buna görə mənə dərd göndərir...” Öz əllərimlə bu qadına boyu hündürlüyündə  qamışdan bir daxma tikmişdim; dünyadan köçənəcən həmin daxmada yaşadı. Adətən mənə deyərdi: “Mən sənin ruhani ananam, eyni zamanda da dünyəvi ananın nuruyam”. Anam ona baş çəkməyə gələndə isə Fatimə anama: "Ey nur, bu mənim oğlumdur və o sənin atandır, buna görə də onu öz oğlun kimi qoru, ona nifrət etmə”, –  deyərdi”.
            Məhşur ustadlardan olmuş Bəyazid Bistamidən (874-cü ildə vəfat edib) soruşanda ki, sizin müəlliminiz kim olub, o zaman o: “Səhrada rast gəldiyim  yaşlı bir qadın”, –  deyə cavab verir. Belə ki, bir gün səhrada rastlaşdığı həmin bu qadın onu "səmərəsiz  zalım" adlandırıb bunun mənasını ona izah edir: "Möcüzəsilə tanınmaq istəyən bir bəy aslandan tələb edir ki, un kisəsini daşısın. Əslində o, zalımlığını göstərib, özünə zülm edən birisidir. Çünki mənəm-mənəmlik sevdasından işini çətinləşdirir və Allah nəzərindən özünü məhrum edir”. Qadının bu sözləri uzun müddət ona mənəvi yolgöstərən rəhbər olur.
            Bistaminin dərin hörmət bəslədiyi və xatırladığı digər bir qadın Fatimə Nişapuridir (838-ci ildə vəfat edib). O, bu qadını belə xatırlayır: “Onunla görüşüm zamanı sadaladığım (Ruhani Yol Üzərində olan –  C. A. Helminski) mənzillərdən elə biri yox idi ki, o buna qatlaşmasın”.
 Birində, bir nəfər böyük misirli sufi ustadı Dhon-Nun Misridən soruşur: “Sizcə, sufilərdən Allah məqamında ən yüksəyi kimdir?” O cavab verir: “Məkkədə Fatimə Nişapuri adlı bir qadın. Quranın batini mənalarını dərindən dərk edib təfsir etmək məharətində onun tayı-bərabəri yoxdur. O, Allahın övliyası və mənim müəllimimdir”. Birində Fatimə Nişapuri Dhon-Nun Misriyə nəsihət verərək deyir: “Etdiyin bütün hərəkətlərdə hər bir addımına nəfsinin ziddinə gedərək, səmimiyyətlə göz qoy. Kim olmasından, hər nə dildə danışmasından, hansı dini daşımasından asılı olmayaraq, istənilən birisi düşüncəsində səhv edib özünü aldadırsa, sonra bunu qüruruna sığışdırmayıb özünü haqlı sayırsa, elə birisinin Allahı yoxdur. Əgər niyyətin Allah dostlarından olmaqdırsa, gərək səmimi danışıb, təvəzökarlığını ciddi səylə qoruyub yaşam tərzində Allaha sadiqlik göstərəsən”.
            Doqquzuncu əsrdə yaşamış sufi Əl Həkim ət-Tirmidinin arvadı da dünyagörüşcə sufi olub. Bu qadında maraqlı bir xüsusiyyət var imiş. Belə ki, o həm özü, həm də əri üçün yuxular görərmiş. Mistik obraz olan Xızır onun yuxularına girərmiş. Yuxularının birində Xızır ona deyir ki, ərinə tapşır, evinin təmizliyini qorusun. Yuxuda bundan narahat olmuş qadın  Xızırdan: "Körpə uşaqlarımızın olması bəzən evimizin natəmizliyinə səbəb olur" – deyə üzr istəyir. Lakin Xızır dilini işarə verərək deyir: “Ərinə tapşır, sözlərinin təmizliyinə fikir versin”.
            Sevgi və Həqiqət Yolunun yolçuları – qadınlar arasında həm daim sevic içərisində olanlarına, həm də davamlı ağlayanlarına da rast gəlirik. Fars qadını olan Şavana ikincilərdəndir. Nəğmələrinə və fikirlərinə qulaq asmaq üçün kişilər və qadınlar onun başına yığışanda  o adətən deyərdi: "Məşuqunun Camalını seyr etmək müştaqı olan birisinin  gözləri  onun arzusuna  maneə yaradır. Bu arzu isə gözlər ağlamasa mümkünsüzləşir”. Şavana sadəcə "nədamət və peşmançılıq yaşlarından kor olmurdu, eyni zamanda da Məşuqunun əzəməti önündə heyrətələnir, vəcdə gəlir və gözləri qamaşırdı”. Şavananın ömrü boyu  Dostla  və ya Allahla   səmimi yaxınlığı onu bir çox sirlərdən agah etdi. Bunun nəticəsində də o, dövrünün məşhur müəllimlərindən birinə çevrildi. Mömin əri və oğluna dərindən ruhani təsiri onların da övliya olmasına səbəb oldu.
            Daim sevinc içərisində olan sufi qadınlardan biri Fedhadır. O da ərli qadın olub. Fedha bizlərə öyrədir ki, “ürəyin sevinci bizim ruhən hissiyyatımıza  əsaslanaraq xoşbəxt ola bilər. Ona görə də biz gərək həmişə qəlbimizin daxilində ətrafımızda olan hər bir kəsin də sevincinə səbəb ola biləcək sevincə cəhd edək”.
            Sufi qadınların söylədiyi fikirlərin böyük hissəsi onların ötəri şərhini verən  qədim ənənəvi hesabat xarakterli  kitablarda və onların  fikirləri əsasında inkişaf etmiş şeirlərdə qalmışdır. Quranın qadınları da kişilər kimi eyni dərəcədə təhsilə təşviq etməsinə baxmayaraq, bəzi hallarda kişilərlə müqayisədə qadınlara təhsil almaq üçün bir qədər az imkan verilirdi.  Bu məqalədə mən ezoterik İslamda qadının inkişaf roluna müraciət etməyə təşəbbüs göstərməyəcəm, ona görə ki, bu mürəkkəb və  çoxmənalı məsələ başqa bir tədqiqatın mövzusudur. Amma bir şeyi qəbul etməliyik ki, tarix boyu, elə indi özündə də, ümumiyyətlə, dünyanın hər yerində zərif cins olmalarından dolayı qadınlar hər gün kobud, zərərli  rəftarlarla üzləşirlər. Bizim cəmiyyətdə olduğu kimi islam cəmiyyəti daxilində də bəzən aşkar, bəzən də gizli səbəblər üzündən mürəkkəb qadın problemləri baş verir.  Quranın əsasən insanlararası qarşılıqlı hörmətə və bəşəri dəyərlərə cinsi və hər hansı sosial situasiyalarla hesablaşmadan  önəm verməsinə baxmayaraq, lokal mədəni buxovların və İslam hüquqşünaslığında kişi dominatlığının mövcud olması bir çox ərazilərdə qadınlar üzərindəki məhdudiyyəti artırırdı. Hakim ideologiyaya bu və ya digər dərəcədə  müxalif mövqedə duran sufizmin əsasında Quranın mahiyyətini təşkil edən  cinslərarası bərabərlik və qarşılıqlı hörmət prinsipi durur.
            Bundan başqa, sufizmin mövcudiyyəti yazılı mətnlərdən daha çox şifahi şəkildə çatdırılırdı. Xüsusən də, sufi qadınlar yazmağa daha az meyilli idilər. Onlar ruhani həyat təcrübələrini sadəcə praktik şəkildə ötürməyə üstünlük verirdilər. Lakin bununla belə öz mistik təcrübəsini nəğmələrdə, gündəliklərdə və tənqidi şərhlərdə ifadə edən qadınlar da az deyil. Qərb alimləri bu əsərlərin, həmçinin sufi hekayələrinin əksəriyyətini toplayıb bizim üçün artıq tərcümə etmişdir. Bu səpkili hekayə kitablarının səhifələrini çevirəndə bir çox sufi bacıların  həyat və yaradıcılığına rast gəlirsən. Bunlar arasında Hindistan Moğol imperatoru Şah Cahanın (1592-1666) sevimli qızı Fatimə və ya Cahan-Ara da vardır. Qəlbinin daxili  sirlərini qələmə aldığı "Risale-i Sahibiyyə" adlı əsəri "onun ürəyində gül açan" Sufizmin  izahı sahəsində ən gözəl  nümunə  kimi tanınır.
            On beşinci əsrdə yaşamış  Dəməşqli Ayişə də məşhur mistik qadınlardan olub. O, Abdullah Ənsarinin "Yol üzərində Mənzillər" ("Manazel əs-sə'erin") adlı əsərinə   özünün "Övliyaların Pərdəli Sirlər  içərisində mənzilləri" ("Əl-esharat əl-xafiys fi'l-manazel əl-uliya")  adlı  məşhur şərh əsərini yazmışdır. Onun qardaşı Nemətullahi təriqətinin şeyxi idi. Ayişə bu təriqətin əsasını qoyan ustadla ailə qurur və bu nikahdan sonra sufi elminin daxili və zahiri mənalarını özündə birləşdirən divanını (şeirlər toplusu) tamamlayır.
            Ayinlərində qadın və kişilərin hər zaman birləşdiyi Bektaşi təriqətinin əksər qadınları ilahi nəğmələr (ilahilər) bəstələmək ənənəsini davam etdirmişlər. 1987-ci ildə Türkiyədə "Güldəstə" adlı ilahi nəğmələr kitabı işıq üzü gördü. Bu kitaba XIX əsrdən bu günədək Bektaşi təriqətinə mənsub kişi və qadınların yazmış olduğu ilahi himnlər daxil edilib.
             Bu gün də dünyanın bir çox yerlərində olan sufi qadınları yazılı və şifahi şəkildə öz təcrübələrini yayır və öyrədirlər. Misal üçün, Sudanda, xüsusilə müalicə sənətinə bələd qadınların şeyxə (qadın şeyx) olmaq ənənəsi hələ də davam etdirilir. Yaxın Şərqdə bu gün də qadınlar bir çox sufi ordenlərə kamillik səviyyəsinə qalxmaq üçün üz tuturlar. Xüsusilə Türkiyədə kişilər kimi qadınlar da maarifləndirmə işini indi daha fəal davam etdirirlər. Lakin keçən əsrin  əvvələrində Atatürkün sufi ordenləri proskripsiya* etməsi bir çox sufi ordenlərin məhvinə və qorunması üçün gizli evlərə daşınmasına səbəb oldu. Bu yaxınlarda dünyasını dəyişmiş, nurlu qadınlardan olan Feriha Ana İstanbulda Difai ənənəsini belə labüd məhvdən qoruyub yaşatmışdır. Feriha Ananın davamçısı olan Ankaralı Zeynəb Xatun da Türkiyədə və xaricdə bu təriqətin nurunu şeirləri və nəğmələri vasitəsilə insanlara təlqin edir.
            Türkiyədə yaşayan bizim dostumuzun anası bir gün qapılarının döyüldüyünü eşidib  qapıya çıxır. Qapının kandarında onun üçün xəbər gətirdiyini deyən bir kişinin durduğunu görür. Bu kişi bildirir ki, buradan tamamilə uzaqda yaşayan şeyxi onu (yəni qadını – tər.) və bu yerin ünvanını yuxusunda görüb. Özünün də şeyxi tərəfindən bu qadını Nəqşbəndi təriqətinin qadınlar bölümünə rəhbərlik etməyə dəvət etməsi məqsədilə göndərildiyini söyləyir. Qadın onun şeyxini tanımadığını və belə məsuliyyətli vəzifənin tələblərinə cavab vermədiyini deyib etiraz edəndə kişi bildirir ki, heç də narahat olmasın, çünki hər şeydən əvvəl şeyxi yuxusunda onun paklığını görüb. Nə vaxt olursa, olsun, əgər şeyxə hər nə sualı varsa, həmin sualı qəlbində tutsun və yuxularında şeyxi onun cavabını verəcək. Beləliklə də, bu qadının həmin şeyxə ruhani müridliyi başlayır.
            Sufi məktəbləri Yaxın Şərqdən Qərbə orta əsrlərdə  keçmişdir. Lakin hələ də yeni dalğaların Qərbə gəlib çıxması davam edir. Buna misal olaraq, "Od Qızı" kitabının müəllifi İrina Tviday adı çəkilən kitabda Nəqşbəndliyin Hindistan qolu haqqında məlumat verir və doğma ölkəsi İngiltərədə də həmin qolun yayımına çalışır. Kaliforniyanın Qızıl Sufi Mərkəzi vasitəsilə onun bu fəaliyyəti həmçinin burada – Amerikada davam etdirilir.
              Amerikaya Həzrət İnayət Xan tərəfindən gətirilmiş sufizmin qadınlar tərəfindən rəğbətlə qəbul edilən populyar qolu Kişti ordenidir. Çoxlu qadınların daxil olduğu bu ordendə bəlkə də ən tanınmış qadın Mürşidə Vera Kordadır. Onun xüsusilə uşaqlarla bağlı fəaliyyəti bir çox valideyinlərin tükənməz ilham qaynağına çevrilmişdir.
            Son illərdə Qərbdə ən yaxşı tanınan Sufizm qollarından biri də Mövləvilikdir. Əsası Mövlana Cəlaləddin Rumi tərfindən qoyulmuş bu ənənə çərçivəsində qadına hər zaman dərin hörmət bəslənilib və onlar ruhani yolun bütün aspektlərində iştiraka dəvət edilib. Qadının ruhani gözəlliyini və müdrikliyini yaymaq işində Ruminin ailəsi, o cümlədən nəsli  uzunmüddətli ənənəyə malik olub. Atası Bəhaüddin Vələdə ilk elm qığılcımlarını Ruminin Xorasan şahzadəsi nənəsi bəxş etmişdir. Məhz bu qadının qayğısı altında Bəhaüddin "elmin sultanı" olmaq üçün böyüdü və nəticədə öz dövrünün böyük ruhani nur daşıyıcısına  çevrildi. Ruminin əziz anası Möminə Xatun da mömin və müqəddəs xanımlardan olub. Bəhaüddinin yaxın müridlərindən birinin qızı Göhvər Xatunla Ruminin nikahından az sonra  o, dünyasını dəyişmişdir. Göhvər Xatun Ruminin yanında onun atasının söhbətlərini dinləyərək böyümüşdü. Mələk qəlbli birisi kimi  tanınmış bu gözəl qadın Sultan Vələdin anası idi. Ruminin müəllimi Şəms Təbrizi bu qadını bir çox  sirlərdən agah etmişdi. Şəms  öz "Söhbətlər"ində ("Məqalət") Yerə-Göyə Sığmayan Böyüklüklə ruhani yaxınlıq və "ölümdən əvvəl ölmək" məqamlarında  kişilərtək  qadınların da eyni dərəcəyə malik olduğunu xüsusilə vurğulayırdı.
            Mövləvi şexyələrinə tez-tez həm qadınlar, həm də kişilər rəhbərlik edirdi. Ruminin çoxlu qadın davamçıları vardı, hətta o, tez-tez bu qadınları səma  musiqi mərasimlərində iştiraka ruhlandırırdı (Qadınlar adətən öz səma ayinlərini ayrıca icra edirdilər, lakin bəzən də kişilərlə  birləşirdilər).
"Dövrünün Rəbiyyəsi" kimi tanınan Fəxr an-Nisa da Ruminin əsas davamçılarından biri olub. Ölümündən yeddi əsr sonra, yaxınlarda bu qadının məzarını yenidən bərpa etmək qərarına gəlinir. O zaman mövləvi ordeninin ruhani rəhbərliyini icra edən Şeyx Süleyman Həyati Dədədən də xahiş edirlər ki, xanımın nəşini qəbirdən çıxaranda orada iştirak eləsin. Gördüklərini sonra söyləyən Şeyx Süleyman Həyati Dədə xanımın bədəninin çürümədiyini, tamamilə bütöv, zədələnməmiş olduğunu və qəbrini açarkən havanın qızıl gül ətri qoxuduğunu bildirir.
            İstənilən birisi bunun necə mümkün ola bilməsini sual altına alıb başqa cür də fikirləşə bilər. Kimin necə düşünməsindən asılı olmayaraq, bir həqiqət danılmazdır ki, varlıqları ilə bu dünyaya nur bəxş etmiş belə qadınlar hər zaman mövcud olmuşdur. Təəssüf ki, dünyanın bir çox  yerlərində müqəddəs ruhani dəyərləri özündə daşıyan belə ənənələr şübhə altına alınır. Lakin sufizmdə ruhani yol üzərində tarazlıq naminə hər zaman qadınlar və kişilər eyni dərəcədə hörmətlə qarşılanır. Burada  qadın və kişi olmasından asılı olmayaraq, hər kəsə İlahi ilə şəxsi, birbaşa əlaqəsini yaratmaq ümidi aşılanır və bu yolda heç kimə qəti şəkildə fərq qoyulmur. Sufizmdə Məşuqun dili ilə qadın müqəddəsliyinin etirafı bəzi köhnə mədəni sterotiplərin balanslaşdırılmasında böyük yardımcı rolunu oynamışdır. Qərb mediyası sufizmin bu tərəfindən istifadə edib bəzən bunu ön plana çəkir. Rumi poeziyasında tez-tez qadın gözəlliyindən danışıb onu Allahın yer üzərində yaratdığı ən kamil varlıq kimi təqdim edir. O, "Məsnəvi"sində belə deyir: “Qadın Allahın nurudur. O sadəcə fani sevimli varlıq deyil; o yaradandır, yaranmış deyil”.
            Bu ənənə daxilındə yaradıcılıq, sevgi, Mütləqlə əlaqə keyfiyyətlərinin qadına  şamil edilməsi sufi qadınların İlahi ilə əlaqəsinə imkan yaratdı. Biz  əsrarəngiz, rəhmət dolu Varlığın Qaynağı ilə tanış olmağa başlayanda özümüzün də Onunla ayrılmaz bir tamlıq təşkil edən həmahəngliyimizi görə bilərik. Quranın hər bir surəsi  "Müqəddəs və Bağışlayan Allahın adı ilə" anlamına gələn Bismillah ir-Rəhman ir-Rəhim kəlməsi ilə başlayır. Buradakı Rəhman sözü bütün təbiətin daxilindəki ilahi rəhmət, Rəhim isə  açıq-aydın, ayrıca nəyəsə və ya kiməsə yönəldilən mərhəmət mənasında işlənmişdir. Dərindən nəzər salsaq görərik ki, bu hər iki söz bir kökdən gəlir və "uşaqlıq" funksiyasını daşıyır. Canlı və cansız təbiətin nizamı və Onun hər yanı əhatə edən səxavəti Allahın qəzbindən çox rəhmət və lütfünün böyüklüyünü  hər zaman nəzərə çarpdırır.
            Qadın kimi biz uşaqlıqdan gəlir, uşaqlıq daşıyır və uşaqlıqdan doğuş veririk. Biz Varlığın doğuş qaynağında özümüzü yenidən doğa bilərik. Sufizmdə və islamda İsanın anası Məryəm İlahiyə davamlı sığındığından öz varlığının uşaqlığını ilahi ruha açan birisi kimi dərin ehtiramla yad edilir. Qadın kimi bizim dözümlülük, uşaq böyütmək və sevgi kimi əvəzolunmaz ilahi qabiliyyətlərimiz vardır. Müasir bir kişi sufi müəllimi ən ideal bələdçini  heç bir təmənna güdmədən övladına təhsil verən, həddini aşmağa heç bir vəchlə razı olmayan, əzab çəkəndə başı üzərində gecə-gündüz qayğısını çəkən İlahi sevginin daşıyıcıları – anaların simasında gördüyünü izah edir.
Sufizm etiraf edir ki, daimi qurulan dostluq əlaqələri və ya ailə ruhani çiçəklənmənin ziddinə deyil, əslində bunlar ruhani kamilliyin ən gözəl qidalandırıcı damarlarıdır. Sufizmdə yoldaşlıq, övlad və ailə ilahi ruhdan, arasıkəsilməz nəfəsdən doğan ən böyük xoşbəxtlik hesab olunur. İnsani sferada dostluğumuzu, sədaqətimizi dərinləşdirəndə biz Allahla da əlaqəmizi dərinləşdiririk. Ona görə də biz gərək İlahi nura doğru birlikdə addımlayaq. Bu yol, birlikdə əməkdaşlığa yeni era açır. Daxili dünyalarımızı balanslaşdırmaqdan ötrü kişi və qadının bir-birini tanıması, bir-birindən öyrənməsi çox vacibdir. Unutmamalıyıq ki, kişi atributları olan qüvvət və qətiyyət qadınlara məxsusdur, eyni zamanda da  qadın atributları olan zəkilik və gözəllik kişilərə məxsusdur; yəni bunlar bir-birini tamamlayan amillərdir. Eləcə də əgər biz öz məhdud düşüncəmizə qarşı çıxıb, daxili dünyamızdan bir-birimizə ilahi gözlə baxsaq, o zaman bir-birimizi dolğunluğa, ilahi təbiətimizə qayıtmağa ruhlandırarıq. Hər kəsə məludur ki, keçici, nifaq səpən sifətlərin hamısı məhvə məhkumdur. Yalnız əzəli və əbədi İlahi hökümlər ölümsüzdür. Bunu Yaradanın Özü bizlərə vəd edir: “Bir vaxt gələcək siz hansı tərəfə baxsanız, ancaq Allahın Camalını görəcəksiz, hər bir şey məhv olacaq, yalnız Bir Sifətdən başqa”.
            Subay və evli, qadın və kişi olmağımızdan asılı olmayaraq, qəlbimizin güzgüsünü təmizləmək, anbaan, nəfəsbənəfəs zikr etmək vəzifəsinin icrasını yerinə yetirmək hamı üçün eyni dərəcədə vacib olaraq qalır. Bununla da biz Varlığın Birliyi naminə, Məşuqun aşiqdən uzaqlaşmaması üçün daxili sadiqliyimizin  doğruluğunu hər an sübut etmiş oluruq. Cismani  mövcudluğumuz zamanı nə düşündüyümüzü, necə birisi olduğumuzu görmək üçün yavaş-yavaş ölürük. Sevgidə itib sevgiyə –  Allahın  istəyinə çevrilirik. Rəbiyyənin dediyi kimi:
 
Sevgidə Nəfəs ilə nəfəs arasında heç nə mövcud olmur.
Həqiqi zövqün Həqiqəti təsvirindən
Nitq uzanaraq doğulur.
Bu zövqü ancaq yaşayan bilir;
İzah edən isə yalan danışır.
Sən necə Dərkolunmaza məxsus həqiqəti izah edə bilərsən ki,
Onun varlığında günahların yungülləşir,
Onun varlığında  sənin varlığın mümkünləşir,
Və O kəs ki, sənin səyahətinin rəmzidir?!
 
 
*proskripsiya – qədim Romada siyasi cinayətkarların camaat qarşısında qanundan xaric elan edilməsi.
 
İbn Arabi, Sufis of Andalusia, tr. R. W. J. Austin (Sherborne, Gloucestershire: Beshara Publications, 1988), pp. 25-26
Javad Nurbakhsh, Sufi Women, tr. Leonard Lewiston (London: Khaniqah-Nimatullahi Publications, 1990), p. 162
Margaret Smith, Rabi'a the Mystic and Her Fellow Saints in Islam (San Francisco: Rainbow Press, 1977[1928]), pp. 146,148
Charles Upton, Doorkeeper of the Heart: Versions of Rabi'a (Putney, VT: Threshold Books, 1988), p. 36   

modern.az

Загрузка...
Загрузка...