​Putinin təklifi qəbul edilərsə, Azərbaycanı nə gözləyir? (TƏHLİL)

Baxış sayı: 
53
2  
0  

"Putinin dediyi hələ təklif olaraq qalır. Bununla bağlı qərarın verilməsi çox böyük əhəmiyyət kəsb edir".
 
Bu sözləri Qaynarinfo-ya politoloq Arzu Nağıyev Rusiya Prezindeti Vladimir Putinin Azərbaycanda Atom Elektrik Stansiyasının tikilməsi ilə bağlı təklifini şərh edərkən deyib.
 
Ekspert bu stansiyasının tikilməsinin siyası tərəfdən Azərbaycana nə kimi fayda və ya ziyanı ola biləcəyini şərh edib:
 
 
 
"Burada bütün proseslər - həm iqtisadi, həm siyası, həm hərbi, həm təhlükəsizlik baxımından nəzərə alınmalıdıır. Bu, ancaq yüksək siyasi rəhbərlik səviyyəsində həll oluna biləcək bir məsələdir. Çünki son vaxtlar Atom Elektrik Stansiyalarının tikintisində baş verən hadisələr, eyni zamanda SSRİ dönəmindən qalmış stansiyalarda baş verən təhlükəsizlik məsələsindən kənara çıxan problemlər o qədər çoxalıb ki, insan sağlamlığı ciddi təhlükəylə üzləşib.
 
Elə bir qorxulu məsələ də deyil. Məlumdur ki, Rusiya ilə Türkiyə arasında bu gün "Akkuyu" Atom Elektrik Stansiyasının tikilişi istiqamətində də böyük layihələr həyata keçirilir. Regionda ən qorxulu Atom Elektrik Stansiyalarından biri Ermənistanın "Metsamor" stansiyasıdır ki, hətta Avropa İttifaqı dəfələrlə müəyyən vəsait müqabilində bunun bağlanmasını təklif edib. Lakin bu gün Azərbaycanda stansiyanın tikintisi məsələsi təklif kimi qalır. Düşünürəm ki, bunun həlli məsələsində konkret danışıqlar yoxdur, sadəcə olaraq, bunu siyasiləşdirmək, məhz nəyin əvəzinə bunun təklif olunması məsələləri var.
 
Bir məqam da ondan ibarətdir ki, stansiyanı kim tikəcək. Çünki ABŞ İranın nüvə layihələri ilə bağlı hətta Rusiyanın bir sıra Atom Elektrik Stansiyasılarının tikintisi ilə, nüvə problemləri ilə məşğul olan institutlarına sanksiyalar qoyulub. Siyahılar, layihələr dəqiqləşdirildikdən, yerinin ayırd edilməsindən sonra, bu tikinti olacaqsa, bir qərar vermək olar. Bu gün demək olmaz ki, həmin tikinti baş tutacaq, ya tutmayacaq. Ona görə də düşünürəm ki, bununla bağlı mühüm danışıqlar aparılmalıdır, hər tərəfli - siyasi, iqtisadi, hərbi və tühkəsizlik baxımından mühüm qərarlar verilməlidir. Bundan sonra tikinti haqqında nəsə danışmaq olar".
 
Azərbaycanda Atom Elektrik Stansiyasının tikintisinin iqtisadi tərəfdən ölkəmizə gətirə biləcəyi xeyir və ziyanlara isə iqtisadçı ekspert Natiq Cəfərli aydınlıq gətirdi:
 
 
 
"Dünyanın inkişaf etmiş, xüsusilə də Avropa ölkələri Atom Elektrik Stansiyasından imtina yolunu tutublar. Yaponiya da baş verən partlayışdan sonra, ümumiyyətlə, imtina etməyi düşünür və yaxın 15 ildə ölkədə olan Atom Elektrik Stansiyalarının hamısını bağlanması nəzərdə tutulub. O cümlədən Fransa və Almaniya da bu yöndə addım atıb,  yaxın 15 ildə bütün Atom Elektrik Stansiyalarından imtina etməyi düşünürlər. Dünya artıq Atom Elektrik Stansiyalarından getdikcə imtina etməyi planlaşdırır. Daha yeni, daha müasir, bərpaolunan, ekoloji təmiz enerjiyə keçid edir. Azərbaycanın isə ümumiyyətlə atom elektrik enerjisinə ehtiyacı yoxdur. Çünki Azərbaycan kifayət qədər özü özünü enerji ilə təmin edə biləcək və öz təbii resursları hesabına elektrik enerjisinin istehsalını kifayət qədər böyük həcmlərdə həyata keçirə biləcək bir ölkədir. Bununla da bağlı heç bir problem yoxdur, əksinə, son 3 ildə Azərbaycanda qurulan modul stansiyaları vasitəsilə daha çox elektrik enerjisi istehsal olunur, hətta ölkəmiz elektrik enerjisinin ixracatçısına da çevrilib, qonşu ölkələrə, Türkiyəyə, Gürcüstana, hətta İrana belə elektrik enerjisi göndərilir. Yəni, Azərbaycanda elektrik enerjisi çatışmazlığı yoxdur ki, Atom Elektrik Stansiyası kimi çox bahalı və təhlükəli bir layihəyə imza atsın.
 
Məncə, bununla bağlı hər hansı bir qərarın verilməsinə ehtiyac yoxdur. Azərbaycan dövləti də, cəmiyyəti də bunun əleyhinə çıxmalıdır. Birincisi, çox bahalı layihədir, 10-12 milyard dollara başa gələcək. Yanacağı daim xaricdən alınmağa məhkum olunmuş bir layihədir. Çünki Azərbaycanda uran yoxdur ki, onun yanacağını təmin edə bilək. Yanacağı xaricdən asılı vəziyyətə düşən layihələrdə ölkə olaraq da xaricdən asılı vəziyyətə düşürsən. Ona görə də bu bahalı və təhlükəli layihənin həyata keçirilməsindənsə, Azərbaycanın dünyanın indiki yaşadığı trendlə addımlaması daha dorğu olardı. Yəni, bərpaolunan enerji, küləkdən alınan elektrikə keçidlə bağlı layihələrin həyata keçirilməsi daha məntiqli olardı. Dünya bu yöndə kifayət qədər ciddi irəliləyiş əldə edib. Hətta Danimarka kimi şimal ölkəsi öz elektirk enerjisi təminatının az qala 60%-ə yaxınını külək və günəş enerjisindən alır. Çilidə isə ümumiyyətlə günəş enerjisindən alınan elektrik layihələri o qədər çox oldu ki, əhaliyə 1 ilə yaxındır ki, elektrik enerjisi, demək olar, pulsuz verilir. Belə yeni texnologiyalara yatırımlar etməkdənsə, Atom Elektrik Stansiyası kimi iqtisadi cəhətdən səmərəsiz, həm də siyası tərəfdən asılılıq yaradan bir layihəyə imza atmaq Azərbaycana heç bir uğur gətirə bilməz. Hökümət də bunun əleyhinə olmalıdır".
 
Qeyd edək ki, Rusiya və Azərbaycan prezidentlərinin ötən həftə baş tutan görüşlərinin yekunlarına əsasən, Rusiya Azərbaycana Atom Elektrik Stansiyası (AES) tikməyi təklif edib. Rusiya Prezidenti Vladimir Putin hətta bu məsələdə Azərbaycana dəstək göstərilə biləcəyini istisna etməyib.
 
Röya Kərimli
Qaynarinfo

Загрузка...
Загрузка...