Putinin adamı Paşinyanı əks-inqilabla hədələdi - “Yuşşenko və Saakaşvili də...”

Baxış sayı: 
171

 
 
Soçidəki ikitərəfli görüşdən sonra Kremlin Ermənistanla bağlı əsas hədəfi üzə çıxır; Moskvadan İrəvana sərt xəbərdarlıq: “Eyni vaxtda Qərbin və Rusiyanın dostu olmağa qoymayacağıq...”
Mayın 14-də Soçidə Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın yeni baş naziri Nikol Paşinyan ilk dəfə bir araya gəldilər. “Yeni Müsavat”ın yazdığı kimi, görüşdə Rusiya lideri ilk dəfə olaraq erməni baş naziri canlı şəkildə görüb “dişinə vurdu”, ona tet-a-tet bəzi qiymətli tövsiyə və “öyüd-nəsihət” verdi, “böyük kimi” yol göstərdi, siyasi trayektoriya cızdı.
 
Öz növbəsində Nikol Paşinyan nəzakətlə Putini dinləyib ona söz verdi, sədaqət andı içdi. Söz verdi ki, sözəbaxan olacaq, ölkəsini Moskvanın cızdığı dairədən kənara çıxarmayacaq.
 
Bundan sonra nə olacaq, bu, əlbəttə ki, əlahəzrət zamana bənd məsələdir. Gözləmək lazım gələcək. Amma əksər təhlilçilərə görə, Soçi görüşü hələ heç nə demək deyil, çünki Putin verilən vədlərə rəğmən, Paşinyana inanmır. Ən azından o, postsovet məkanında inqilabçılardan xoşlanmır. O üzdən Kreml şəkk-şübhəsiz, Paşinyanın hərəkətlərini az qala mikroskopla, diqqətlə izləyəcək.
 
*****
 
Bu xüsusda görüş öncəsi tanınmış politoloq Andrey Piontkovskinin aşağıdakı rəyini bir daha xatırlatmağa dəyər. Sitat: “Paşinyanla Putinin mayın 14-də Soçidəki ilk görüşü Saakaşvili ilə Putinin ilk görüşü kimi çox nəzakətli keçəcək. Putin o zaman müəyyən konkret arzularını dilə gətirmişdi. O, Gürcüstan rəhbərliyində qəti şəkildə toxunulmayacaq 5-6 nəfərin adını çəkmişdi. Yəqin ki, bu dəfə o, Paşinyana da öz agenturasındakı belə fiqurların adını çəkəcək”.
 
 
Bu ehtimalın da doğruluğunu yəqin ki, zaman göstərəcək. Daha bir səbəbdən: gizli qərbçi sayılan Paşinyan hazırda öz komandasını daha çox Qərbə meylli adamlardan formalaşdırmaqla məşğuldur. Yeni xarici işlər naziri Zoqrab Mnasakyan, müdafiə naziri - Ermənistanın NATO yanında keçmiş təmsilçisi olmuş David Tonoyan bu qəbildəndir. Bundan əlavə, Paşinyan tanınmış amerikalı iqtisadçısı Daron Acemoğlunu islahatlarla bağlı məsləhətlər vermək üçün Ermənistana dəvət edib.     
 
*****
 
 
 
Başqa bir nüfuzlu rusiyalı politoloq, Putinin etibarli şəxsi, Sergey Markov isə Soçi görüşündən sonra İrəvan-Moskva əlaqələrində mümkün dəyişiklikləri şərh edərək maraqlı, bir az da sarkazm qatılmış status yazıb. “Yeni Müsavat” aktuallığını nəzərə alaraq, onu təqdim edir:
 
 
“Hamı üçün maraqlıdır ki, Paşinyan əsl inqilabçıdır, yoxsa özünü inqilabçılığa vuran sistemli siyasətçi? Deyildiyi kimi, o qərbyönlüdür, yoxsa əksər Ermənistan əhalisi kimi tamamilə rusiyayönlü? Hər halda, o, birinci səfərini məhz Rusiyaya etdi. Ancaq Viktor Yuşşenko (Ukraynanın sabiq prezidenti, ”narıncı inqilab"ın lideri - red.) və Mixail Saakaşvilinin (Gürcüstanın eks-prezidenti, “qızılgül inqilabı”nın lideri - red.) də ilk səfərlərin məhz Rusiyaya etmişdilər. O vaxt Ukraynada da, Gürcüstanda da əhalinin böyük hissəsi rusiyameylli idi. Əslində elə o üzdən də Yuşşenko və Saakaşvil dərhal Rusiyaya uçdular ki, xalqı sakitləşdirsinlər: yəni Moskva ilə münasibətlər pisləşməyəcək.
 
 
Ancaq sonra onlar Rusiya ilə əlaqələri sistemli və kardinal şəkildə pisləşdirməyə başladılar və bunu da Qərblə əlaqələrin yaxşılaşması ilə ört-basdır elədilər. Rusiyada bütün bunları xatırlayırlar. Ona görə də sözlərə yox, əmələ baxacaqlar. Həmçinin o anlamda baxacaqlar  ki, bu gün eyni vaxtda Qərbin və Rusiyanın dostu olmaq mümkün deyil, imkan verməyəcəklər. Təəssüf ki.
 
Daha bir faktor - Paşinyan özünün elan elədiyi kimi, tanınmış amerikalı iqtisadçı Daron Acemoğlunu islahatlarla bağlı məsləhətlər vermək üçün Ermənistana dəvət edib. Amerikalını özünün iqtisadi məsləhətçisi eləmək? Bundan az öncə isə Ermənistanın NATO yanında keçmiş təmsilçisi müdafiə naziri təyin olunub. Bunlar həyəcanlı tendensiyalardır. Demək olar, bütün güc strukturlarının rəhbərləri artıq dəyişdirilib. Sərkisyanın Respublika Partiyası isə Nikol Paşinyana baş nazir olmaq imkanı versə də, öz adamlarını hökumətə göndərməmək qərarı verib. Bu, o deməkdir ki, kompromis çox kövrəkdir".
 
*****
 
 
 
Statusdakı sonuncu cümlə ilə V.Putinin adamı Nikol Paşinyanı əslində əks-inqilabla hədələyib. Bundan az yuxarıda isə Markov “Eyni vaxtda Qərbin və Rusiyanın dostu olmaq mümkün deyil, imkan verməyəcəklər” yazmaqla yeni erməni baş nazirə digər bir xəbərdarlıq edib.
 
Yəni qənaət hasil olur ki, Moskva Paşinyanın Qərbə sarı getməsinə dərhal və olduqca sərt reaksiya verəcək. Hətta onun “iki stulda oturmaq” siyasəti qəbul edilməyəcək. Ermənistanı cəzalandırmaq, 2-3 ay sonra reytinqi indiki kimi olmayacaq Paşinyana qarşı ölkədə əks-inqilab təşkil eləmək isə Kremlin əlində su içmək kimi bir şey olar.
 
Hər halda, unutmaq lazım deyil ki, postsovet ölkələri arasında Ermənistan qədər Rusiyaya bağlı, ondan asılı ikinci ölkə yoxdur. Kremlin istifadə edə biləcəyi çoxsaylı resurslara, rıçaqlara gəlincə, təkcə Qarabağ məsələsindən istifadə yetər - xüsusən də nəzərə alsaq ki, Sərkisyan komandası revanş götürmək üçün marığa yatıb və Paşinyanın ayağının sürüşəcəyi günü həsrətlə gözləyir...
 
Siyasət şöbəsi,
“Yeni Müsavat”
 
 

Загрузка...
Загрузка...