​Putin SSRİ-ni yenidən təsis etməyə çalışır - Kreml bu prosesə Belarusun Rusiyaya birləşdirilməsi ilə başlamağı planlaşdırır

Baxış sayı: 
111
1  
0  

 
Moskva ABŞ-ın regiona nüfuzunun qarşısını almaq, həmçinin qonşularına dərs vermək məqsədilə hər an dondurulmuş münaqişələri alovlandıra bilər
 
Rusiya prezidenti Vladimir Putin hakimiyyətə gəldiyi andan etibarən, yəni 2000-ci ildən üzü bu yana SSRİ-ni bərpa etmək məqsədiylə bir sıra addımlar atıb. Belə ki, onun hələ də "velikaya derjava" sevdasından əl çəkmədiyini sübuta yetirən əsas məqamlardan biri kimi Avrasiya İttifaqı və Gömrük İttifaqı layihələrini, o cümlədən "Rus NATO-su" kimi tanınan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) əhatə dairəsini genişləndirməyə çalışmasını göstərmək olar. Nəzərinizə çatdıraq ki, həm yerli, həm də beynəlxalq analitiklərin qənaətincə, "SSRİ-nin başqa adla bərpası" kimi xarakterizə olunan Avrasiya İttifaqı, eləcə də onun hərbi qanadı sayılan KTMT Kremlin qonşu dövlətlərə açıq-aşkar təsir və təzyiqinin bariz sübutu kimi dəyərləndirilməlidir.
 
Əslində, Rusiyanın ciddi-cəhdlə Azərbaycanı, sırf özünün maraqlarını təmin etmək məqsədiylə yaratmış olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv etməyə cəhd göstərməsi deyilənlərin həqiqiliyini bir daha təsdiqləyir. Diqqət yetirsəniz görərsiniz ki, artıq bir sıra rusiyalı analitiklər Azərbaycanın da gec-tez Avrasiya İttifaqı və Gömrük İttifaqı layihələrinə, eyni zamanda KTMT-yə qoşulacağı barədə proqnozlar verir, əks təqdirdə ölkəmizin Kremldən ciddi zərbə ala biləcəyi haqda açıq təhdidlər səsləndirirlər. Ümumiyyətlə, rəsmi Moskva böyük dövlətlərlə münasibətində də təxminən, eyni üsuldan istifadə edir. Məhz bu səbəbdən də hazırda ABŞ-Rusiya münasibətləri sürətlə mənfi fazaya doğru irəliləyir. Səbəbsə aydındır. Kreml Cənubi Qafqazda, həmçinin bütün postsovet məkanında maraqlarını qorumaq naminə bir sıra ciddi taktiki gedişlər etməyi qarşısına məqsəd qoyub. Bu isə öz növbəsində, birbaşa ABŞ-ın maraqlarına toxunmaq deməkdir. Buradan da belə qənaətə gəlmək olar ki, Rusiya nəyin bahasına olursa-olsun regionu Amerikaya təhvil vermək niyyətində deyil. Odur ki, hazırkı situasiyada super güclər – ABŞ və Rusiya geosiyasi məsələlərdə münasibətlərini yenidən aydınlaşdırmalı olacaqlar. Onların konkret hansı nəticəyə gələcəyini indidən demək çətin olsa da, bir məsələ aydındır ki, sonda Kreml-Vaşinqton münasibətlərindən əziyyət çəkən tərəf yenə də Cənubi Qafqaz, o cümlədən keçmiş sovet ölkələri olacaq. Çünki Moskva ABŞ-ın regiona nüfuzunun qarşısını almaq, həmçinin qonşularına dərs vermək məqsədilə hər an əlindəki rıçaqlardan istifadə edə və postsovet məkanında dondurulmuş münaqişələri alovlandıra bilər. Tramp adminstrasiyası isə öz növbəsində, təmsil olunduğumuz regionla bağlı məsələdə kifayət qədər sərt və qəti mövqe sərgiləyir. Bu isə onu deməyə əsas verir ki, Cənubi Qafqaz hələ də risk bölgəsi olaraq qalmaqdadır.
 
 
 
Bu arada, Putinin SSRİ-ni bərpa etməyə çalışdığını təsdiqləyən digər bir fakt isə bugünlərdə ABŞ-ın "Bloomberg" agentliyində yayımlanan məqalədə öz əksini tapıb. Belə ki, adıçəkilən agentliyin iddiasına görə, Kreml nüfuzunu qoruyub saxlamaq üçün Belarusu özünə birləşdirmək niyyətindədir. Belarus prezidenti Aleksandr Lukaşenkonun Rusiya ilə daha sıx ittifaqdan yalnız iqtisadi mənfəət güddüyünü, yəni daha ucuz qiymətə neft və qaz əldə etməyi planlaşdırdığını qeyd edən yazıda deyilir ki, buna rəğmən, o, heç bir vəchlə suverenliyini itirmək istəmir: "Lakin Belarusla birləşmə Rusiya üçün cəlbedici ideyaya çevrilib. Birincisi, belaruslarla birləşmə rusiyalılar üçün bir vaxtlar dost olmuş Ukrayna ilə ayrılmanın "kompensasiya"sı ola bilər. Bundan əlavə, 2024-cü ildə Rusiya lideri Ali Dövlət Şurasının rəhbərliyinə gələ bilər. Sözügedən orqan 1997-ci ildə Rusiya Federasiyası ilə Belarus arasında çərçivə müqaviləsinin imzalanmasından sonra yaradılmışdı. Həmin müqaviləyə əsasən, iki dövlətdən ibarət federasiyanın vahid valyutası, bayrağı və emblemi, ümumi bazarı və vahid məhkəmə sistemi olmalıdır". ABŞ-ın nüfuzlu agentliyinin məlumatına görə, yaranmış vəziyyətdə Lukaşenko Qərbdən kömək uma bilər, lakin bu da sərfəli variant kimi görünmür. Çünki ABŞ və Avropa İttifaqı onun mütləq hakimiyyətini laxlada bilərlər.
 
Məsələnin maraqlı tərəfi ondadır ki, ötən ilin dekabr ayında xarici mətbuatda yayılan informasiyalarda bildirilirdi ki, 1994-cü ildən Belarusa rəhbərlik edən Lukaşenko ölkəsinin Ukraynanın taleyini yaşamaması üçün Rusiyaya birləşmənin tərəfdarı kimi çıxış edib. Bu barədə verilən məlumatlara görə, Belarusla Rusiyanın vahid dövlətdə birləşməsi prosesi 2024-cü ildə baş tuta bilər. Hazırda dünyada tamamilə müstəqil dövlətin olmadığını iddia edən Lukaşenko hesab edir ki, Rusiya və Belarus xalqını bu məsələyə hazırlamaq lazımdır, eyni zamanda, beynəlxalq ictimaiyyəti də məlumatlandırmağa ehtiyac var. Qeyd edək ki, Aleksandr Lukaşenko daha öncə Rusiyanın Belarusdakı səfiri Mixail Babiç ilə görüşü zamanı iki ölkənin birləşməsi ehtimalını istisna edərək, 21-ci əsrdə Belarusun Rusiyanın tərkibinə daxil olacağı haqda danışmağın gülünc olduğunu bəyan etmişdi: "Bir şey dəqiqdir və siz bunu bilirsiniz. Biz suveren və müstəqil bir ölkəyik. Bunu təkcə belorus xalqının dəstəyi ilə əldə etməmişik. Bunu o zaman Rusiya rəhbərliyi də istəyirdi. 21-ci əsrdə Belarusun Rusiyanın tərkibinə daxil olacağı haqda danışmaq gülüncdir. Mən Rusiyanın indiki prezidentindən, eləcə də əvvəlki prezidentindən bu haqda heç bir kəlmə eşitməmişəm". Görünən odur ki, məhz bu açıqlamasından bir qədər sonra Rusiyadan ucuz qiymətə neft və qaz əldə etmə istəyi Lukaşenkonu sözügedən mövzuya dair mövqeyində ciddi korrektələr etmək məcburiyyətində qoyub. Lakin Belarus prezidenti bir məsələni unudur ki, ölkə vətəndaşlarının böyük əksəriyyəti Rusiya ilə birləşmənin əleyhinədir. Belə ki, Belarusun müstəqil sosial-iqtisadi və siyasi tədqiqatlar institutunun apardığı kompleks ictimai rəy sorğusunun nəticəsinə görə, respondentlərin mütləq əksəriyyəti Belarusun Rusiya ilə birləşməsinə qəti şəkildə "yox" deyib.
 
Yeri gəlmişkən, onu da nəzərinizə çatdıraq ki, "Exo Moskvı" radiosunun baş redaktoru Aleksey Venediktov bugünlərdə sözügedən məsələ ilə bağlı ona ünvanlanmış sualı cavablandırarkən, dövlət başçısı kimi Vladimir Putinin səlahiyyət müddətinin artırılmasının variantlarından biri kimi Belarus ilə birləşmənin, işğal, yaxud da ittifaq ola biləcəyini qeyd edib. Bunun variantlardan biri olduğunu və başqalarının da ola biləcəyini deyən Venediktov hesab edir ki, Rusiya hökuməti artıq Belarusu subsidiyalaşdıra bilmir və kompensasiya gözləyir: "Belarus nə ilə ödəniş edə bilər? Misal üçün, suverenliyi ilə. Bu mənada, əgər bu hər hansı formada baş tutarsa, məncə, 3-4 il ərzində vahid sahibi olan vahid dövlətin yaranması mümkündür. Baxın, 21-ci ildə bizdə Dövlət Dumasına seçkilərdir. Nəyə görə də həmin il vahid qaydalar üzrə artıq nümayəndə heyətləri ilə deyil, birbaşa seçkilərlə ittifaq dövlətinə seçkilər keçirilməsin? Vahid prezidentdən olmasa da, vahid parlamentdən başlamaq olar. Elə həmin 21-ci ildə". Velarusla Rusiyanın birləşməsindən sonra Aleksandr Lukaşenkonun vitse-prezident, Təhlükəsizlik Şurasının sədri, yaxud da Krımda yaşayan təqaüdçü ola biləcəyini vurğulayan Venediktovun sözlərinə görə, Putin 2008-ci ildən başlayaraq birləşdirici roluna daxil olub.
 
Beləliklə, bütün bunlar bir daha onu təsdiqləyir ki, Ukraynanın Krım vilayətini ilhaq edən, Donetsk, o cümlədən Donbasda separatçılara hərtərəfli dəstək verən, Gürcüstanın Cənubi Osetiya və Abxaziya bölgələrini nəzarətində saxlayan, 30 ilə yaxındır ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə imkan verməyən Kreml nəyin bahasına olursa-olsun sovet ittifaqını yenidən təsis etməyə, Rusiyanın keçmiş imperiya sərhədlərini bərpa etməyə can atır. Görünən odur ki, Putin bu prosesə Belarusun Rusiyaya birləşdirilməsi ilə başlamağı planlaşdırır.
 
Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Загрузка...
Загрузка...