Prokuror idarə rəisini intim videolarla şantaj etməkdə suçlanan şəxslərə ağır cəza istəyib

Baxış sayı: 
127
2  
0  

 
Hədə-qorxu ilə pul tələb etməkdə və dələduzluqda təqsirləndirilən iş adamı və digərləri növbəti dəfə hakim önünə çıxarılıb.
 
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1974-cü il təvəllüdlü Cabbarov Elşən Mürsəl oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
 
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib.
 
Prokuror çıxışında həbsdə olan Elşən Cabbarovun 12 il, ev dustaqlığında olan T.Əsədov və M.Cəfərovun 11 il müddətinə azadlıqdan məhrum edilmələrini və barələrində həbs qətimkan tədbiri seçilməsini istəyib.
 
Prokuror ev dustaqlığında olan digər iki nəfər Şüşəxanım Ədirova və Elza Bünyatovanın hər birinin 5 il müddətinə azadlıqdan məhrum edilmələrini, barələrində həbs qətimkan tədbiri seçilməsini istəyib.
 
Prosesin davamında vəkillər müdafiə çıxışı edib.
 
Təqsirləndirilən Elza Bünyatovanın vəkili deyib ki, müdafiə etdiyi şəxs qadındır və ona ən aşağı həddə cəza təyin etmək mümkündür. Müdafiəçi qeyd edib ki, zərərçəkmişin də Elza Bünyatovadan şikayəti yoxdur.
 
Təbriz Əsədovun vəkili isə müdafiə çıxışında hüquqlarını müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibi olmadığını deyib. O bildirib ki, ittiham əsassız olduğu üçün Təbriz Əsədov barəsində bəraət hökmü çıxarılmalıdır.
 
İttihama görə, Elşən Cabbarov Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsinin rəisi Bulat Ağabəyovu şantaj etməkdə və dələduzluqda ittiham edilir.
 
Belə ki, ilkin məlumata görə, Cabbarov idarə rəisinin intim videogörüntülərini əldə edib. Bununla da rəisi şantaj edərək ayda 7 min manat pul alıb.
 
Aylıq 7 min manatdan əlavə isə nağd olaraq idarə rəisindən 110 min manat pul aldığı bildirilən Cabbarova qarşı iki ağır maddə ilə ittiham irəli sürülüb.
 
Cabbarov Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) və 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur.
 
Bu işdə Cabbarovla əlbir olmaqda suçlanan Təbriz Əsədov, Məmməd Cəfərov, Elza Bunyatova və Şüşəxanım Qədirova da məsuliyyətə cəlb edilib.
 
Həbs edilən iş adamının Salyan rayonu, Bəydili kənd sakini Vüqar Gülüşova qarşı da 220 min manatlıq dələduzluq etdiyi də bildirilir.
 
İlkin Muradov
Musavat.com

Загрузка...
Загрузка...