Polad oğulların xatirəsi və mənasız məkan adları

Baxış sayı: 
113
1  
0  

 
Ötən ay Ermənistan və Azərbaycan arasında gözlənilmədən alovlanan qısamüddətli müharibədə Polad Həşimov yox, başqa bir generalımız şəhid olsa, bu xalq onu da bağrına basacaq, doğması kimi yanaşacaq, xatirəsini əbədiləşdirəcəkdi, sənətkarlar onun büstünü, heykəlini yonacaq, portretini çəkəcəkdi.
 
Milli qəhrəman Mübariz İbrahimovla bağlı da belə olmuşdu. Minlərlə avtomobildə, mağazalarda, bərbərxanalarda Mübarizin şəkli hələ də durur. Bunu onlardan tələb edən olmayıb, qəhrəmana sayğı duymaq adamların içindən gəlir.
 
Nə qədər ki, belədir, qəhrəmanlara hörmət qoyulur, xatirələri əziz tutulur, qəhrəmanlıq institutu diri saxlanılır, bu xalqın sırtı yerə gəlməz.
 
Polad Həşimov isə ona görə bu xalqın əzizinə, sevimlisinə, həssas yerinə döndü ki, gerçəkdən də başqa oğul olub.
 
Onun əsgərlərinin, zabit yoldaşlarının, yaxınlarının, tanıyanların general barədə xatirələrini oxuyursan, görürsən ki, o, fərqli insan olub, başqa parametrlərlə yaşayıb.
 
General haqqında deyilənlər heç də gəlişigözəl sözlər deyil. Yeri gəlsə, vətən torpağı uğrunda şəhid olan hər kəsin haqqında “yaxşı oğlan idi”, “dostcanlıydı, fədakar idi” demək olar, ancaq hər generalın haqqında “ona bağışlanmış mənzili şəhid ailəsinə verdi” demək olmaz. Çünki bunu heç də hamı eləmir, hətta “heç kəs eləmir”. Polad isə edib. Onun başqa parlaq, sıradışı, nümunəvi hərəkətləri də olub – bunlar barədə yazılır, yazılacaq.
 
Ona görə də hazırda ölkədə yüz minlərlə adam özünü Poladın şəxsində doğmasını, qardaşını itirmiş kimi hiss edir.
Generalın xatirəsinin əbədiləşdirilməsi ilə bağlı məsələ bu üzdən həssas səciyyə daşıyır. Onun xatirəsinin adına, rütbəsinə, xidmətinə layiq əbədiləşdirilməsi dəyərli övlad itirmiş xalq üçün son təsəlli olacaq.
 
Hazırda bu xüsusda qeyri-müəyyənlik var.
 
Birincisi, general Həşimov Qəbələdə doğulmuş olsa da, bütün Azərbaycan xalqının oğludur və onun uğrunda şəhid olub, ona görə də onun xatirəsi təkcə Qəbələdə yox, bütün ölkədə əbədiləşdirilməlidir - ən azı ölkənin iri şəhərlərində.
 
İkincisi, generalın adına küçə verilməsi azdır, qəsəbə də verilə bilər, idman kompleksi də, başqa uyğun gələn məkan da.
 
Üçüncüsü, bir generala sayğı göstərərkən şəhərlərində heç bir mənası olmayan adlar verilmiş onlarla, yüzlərlə küçə, meydan, yaşayış məskənlərindən birini seçmək olar
 
Əslində bu adlar çoxdan dəyişdirilməliydi – təkcə mənasız adlar daşıdığına görə.
 
Məsələn, Bayılda “20-ci sahə” adlanan yaşayış massivi var. Burada nə vaxtsa, hansısa neft-qaz çıxarma idarəsinin 20-ci mədəni fəaliyyət göstərib. Ondan qalıb və həmin mədənin “xatirəsi əbədiləşdirilib”. El arasında bu böyük qəsəbəyə “Dvadsatı” deyirlər. Amma indən belə General Həşimov qəsəbəsi adlana bilər və bu qəsəbənin sakinləri bu adla qürur duyarlar.
 
Yeni söküntü başlanacaq: 881 ev plana düşüb
 
                                                 Mexkalon qəsəbəsi
 
Yaxud, Sulutəpəni keçib üzü Şamaxıya doğru gedəndə magistralın sağında, solunda, hərbi terminlərlə desək, adsız təpələrin üstündə və ətəyində salınmış yaşayış massivləri var – Mexkalon, Nübar, At yalı, daha nələr... Bunların da adı dəyişdirilə, vətən uğrunda xidməti olan insanların adıyla adlandırıla bilər.
 
Xətai rayonunda 2 küçə təmir edilib, daha 3 küçədə işlər aparılır ...
 
                                           NZS qəsəbəsi
 
NZS nə deməkdir axı? Bir neft emalı zavodunun rusca adıdır və hazırda bu qəsəbədə istehsal olunan spirtli içkiyə görə ölkənin adı dillərdə gəzən qəsəbələrindən biridir. Tamam brendə çevrilib. Amma qəsəbə adı kimi mənasızdır. Dəyişdirilməs vacibdir.
 
“8-ci kilometr” qəsəbəsi... Nəyə görə bu ad qalmalıdır, ömür sürməlidir? Ona qalsa, “5-ci kilometr”, “9-cu kilometr”, “12-ci kilometr” qəsəbələri də ola bilər. Absurd bir şey.
 
FƏXRİ XİYABANDAKI BOLŞEVİKLƏRƏ QURAN OXUDAN YOXDUR
 
                        Əli Bayramovun Fəxri Xiyabandakı məzarüstü abidəsi
 
Bunlardan başqa, Azərbaycan xalqının istiqlal çırağını söndürmüş ictimai-siyasi xadimlər var ki, adları az qala ölkənin bütün şəhərlərində əbədiləşdirilib. Bu xainlər və satqınlar ordusunun adları küçələrimizdə niyə qalmalıdır? Nərimanov, Musabəyov, Əzizbəyov, Sultanov, Əliheydər Qarayev, Əli Bayramov və s. Bunlar o şəxslərdir ki, silahdaş olduqları erməni inqilabçıların adları küçə və prospektlərdən, qəsəbələrdən hələ 28-30 il əvvəl götürülüb. Bunların adları isə qalıb. Nəyə görə? Azərbaycanlı olduqları üçün.
 
Ancaq məntiq yoxdur. Ermənilərə qoşularaq xalqımıza qarşı eyni cinayətləri törədənlərə hörmət bəsləyirik ki, nə var, nə var, bizdən olublar.
 
Uzun sözün kəsəsi, dövran dəyişib, bu xalqın yolunda canını fəda edənlərin gerçək qiyməti verilməlidir, xalqın düşmənlərinin adları isə göz görən yerlərdən süpürülüb arxivlərə, tarixin zibilliyinə atılmalıdır.
 
 

Загрузка...
Загрузка...