Platininin “qatarı dayandı” - Qətərin milyonları daha kimləri həbsə aparır...

Baxış sayı: 
48
1  
0  

 
İlk dəfə qışda keçiriləcək mundiala ev sahibliyi üçün ərəb şeyxlərinin  milyonlarla rüşvət verməsi iddiası təzələnir, UEFA-nın sabiq prezidenti saxlanıldı, amma...
İyunun 18-də UEFA-nın keçmiş prezidenti Mişel Platini Parisdə saxlanılıb. Nanterra polis şöbəsinə aparılan sabiq futbol funksioneri  2022-ci ildə futbol üzrə dünya çempionatının keçiriləcəyi ölkənin seçkilərində yol verilmiş qanunsuzluqlara görə həbs edilib.
 
FİFA rəsmilərinin Dünya Kubokunun Qətərdə keçirilməsinə səs verməsi illərdir ki, çoxsaylı qalmaqal və ittihamlarla müşahidə olunur. Platini 2010-cu ildə keçirilmiş səsvermənin nəticələrinin mümkün saxtalaşdırılması prosesində iştirakda şübhəli bilinirdi.  FİFA araşdırmaların aparılmasını amerikalı vəkil Maykl Qarsiyaya həvalə etmişdi. 2014-cü ildə FİFA-dan istefa verməzdən əvvəl vəkil tender və seçkilər zamanı böyük və ciddi qüsurların olduğunu bildirmiş, lakin alman hakimin başçılıq etdiyi istintaq qrupu  ciddi  sübutlar ortaya çıxara bilməmişdi. Bundan əvvəl də Qətərin ev sahibliyi ilə bağlı müxtəlif iddialar irəli sürülmüş və korrupsiya istintaqı başlanılmışdı. Ancaq iki il davam edən araşdırmadan sonra FIFA işə xitam vermişdi.
 
Mişel Platini UEFA-ya 2007-2015-ci illərdə rəhbərlik edib. 2015-ci il oktyabrın 8-də FIFA Etika Komitəsinin Arbitraj Palatası onu 90 gün müddətinə vəzifəsindən kənarlaşdırıb. Dekabrın 21-də isə Platini 8 il müddətinə diskvalifikasiyaya məruz qalıb. Lakin 2016-cı ilin mayında cəza 4 ilə enib.
 
FİFA-ya kimlər rüşvət verib və “Əl-Cəzirə” məsələsi...
 
İttiham olunanlar sırasında FİFA-nın keçmiş qətərli vitse-prezidenti də vardı. Məhəmməd bin Hammamım FİFA nümayəndələrinə ümumilikdə 5 milyon dollar ödədiyini sübut edən sənədlər də dərc edilmişdi.  “The Sunday Times” qəzeti FİFA-nın 2022-ci il Dünya Çempionatını Qətərdə keçirmək qərarının korrupsiya ilə bağlı olduğunu iddia edən məxfi sənədlər dərc etmişdi. Bank köçürmələrinə dair elektron sənədlər Qətərin sabiq futbol məmurunun rüşvət verməsi ittihamlarına sübut kimi qiymətləndirilə bilərdi.  Daha ilginc rüşvət ittihamları ilə bağlı məlumatı “The Times”qəzeti  dərc etmişdi. Qəzet yazırdı ki, Qətər rəhbərliyinin FIFA ilə bağladığı 880 milyon dollarlıq müqavilələr onun 2022-ci ildə dünya çempionatına ev sahibliyi haqqı qazanması üçün “rüşvət” sayıla bilər. Nəşrin məlumatına görə, “2022-ci il dünya çempionatı ev sahibi”nin seçilməsinə üç həftə qalmış Qətərin “Əl Cəzirə” media-yayım şirkəti FIFA ilə 400 milyon dollarlıq müqavilə bağlayıb. Yada salaq ki, “Əl-Cəzirə” media və yayım şirkəti Qətər şeyxi Həməd bin Xəlifə Al Taniyə məxsusdur. Müqavilədə Yaxın Şərq və Şimali Afrika ölkələrində keçiriləcək futbol matçlarının səkkiz il müddətinə yayım hüququ (2015-ci ildən başlayaraq - red.), həmçinin Qətərin zəfər çalacağı təqdirdə dünya futbol təşkilatına 100 milyon dollar həcmində mükafat nəzərdə tutulur.
 
480 milyon dollarlıq müqavilə isə üç il sonra FIFA və “Əl Cəzirə”nin törəmə şirkəti olan “BeIN” arasında bağlanıb. Qeyd edək ki, həmin vaxt Maykl Qarsiyanın başçılıq etdiyi komissiya ali futbol qurumunda korrupsiya hallarını araşdırırdı. M.Qarsiya sövdələşmə barədə hesabatın tam versiyasının dərc olunmasını tələb etsə də, FIFA bundan imtina etmişdi.
 
“Qətər işi” ilə bağlı ittiham edilənlər isə təkcə futbol rəsmiləri deyildi. Məsələn, Fransanın sabiq prezidenti Nikola Sarkozi də Qətərin 2022-ci ildə futbol üzrə dünya çempionatının keçirilməsi hüququnu kömək etməkdə suçlanırdı. Bildirilirdi ki, Sarkozi 2010-cu ildə Qətər Əmiri Təmim bin Həməd Al Tani ilə görüşüb və ona Fransanın PSJ klubunu  almağı, habelə Fransada “BelN Sports” kanalını işə salmağı təklif edib.
 
Qışda keçiriləcək ilk mundial
 
Ənənəvi olaraq, dünya çempionatları yayda keçirilir. Ərəbistan yarımadasının şərqində yerləşən Qətərdə iyun-iyul aylarında orta temperatur müsbət 38 dərəcə isti təşkil edir. Qətər dünyanın ən isti ölkəsidir. Orta tempratur 44°C olsa da, Ərəbistan və İran yaylalarının səhra və yarımsəhralarından gələn hava axını tempraturun 50 dərəcəyədək yüksəlməsinə səbəb olur. Qışda temperatur aşağı düşür, hava ilıq və yağışlı olur.  Yağıntı mövsümü noyabrdan başlayır və marta qədər davam edir. Temperatur Avropada ilin isti dövrlərinə uyğun olaraq - orta hesabla 25 dərəcə təşkil edir. Bu səbəbdən də 2022 mundialı noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək. 28 gün davam edəcək çempionatın final oyunu dekabrın 18-i, Qətərin Müstəqillik Günündə keçiriləcək.
 
Bu, tarix boyunca qış fəslində keçiriləcək ilk mundial olmalıdır.
 
Şeyxlər 200 milyard xərcləyəcək
 
Qazla zəngin əmirlik 2022-ci il futbol üzrə Dünya Çempionatının keçiriləcəyi yeni stadionların tikintisinə təxminən 10 milyard dollar, infrastrukturun təkmilləşməsinə isə 200 milyard dollar xərcləməyi nəzərdə tutub. Yəni bu, dünyanın ən bahalı turniri olacaq. Stadion və infrastruktur üçün  xaricdən yüz minlərlə işçi gətiriblər. Onların çoxu Cənubi Asiya ölkələrindəndir. Hüquq-müdafiə təşkilatları bu işçilərin istismara məruz qaldıqlarını və təhlükəli şəraitdə işləməyə məcbur edildiklərini deyir. Qətər hökuməti bu iddiaları rədd edir. Bundan əlavə, region ölkələri və Qətər arasında yaşanan böhran mundialın keçirilib-keçirilməyəcəyi ilə bağlı suallar yaradır. Bir müddət əvvəl Səudiyyə Ərəbistanı, Yəmən, BƏƏ, Misir, Bəhreyn və Mavritaniya Qətərin terrorizmi dəstəkləməsi ittihamı ilə FİFA-ya məktub yazıblar.
 
ORXAN,
“YENİ MÜSAVAT”

Загрузка...
Загрузка...