“Platin oğlan”ın parlaq karyerasının sönük sonu – Məşhur futbolçunun yaxası polis əlində qalıb

Baxış sayı: 
87
1  
0  

 
Uşaq vaxtı küçələrdə qan-tərə bata-bata top qovanda onun bir ləqəbi də Peleatini olub. Öz soyadı Platini olan Mişelin o dönəmlərin və bütün zamanların əfsanəvi futbolçusu olan Peleyə fanatikcəsinə məhəbbəti ona belə bir ləqəb qazandırıb.
 
Amma vaxt gələcəkdi, Mişel Platini Pele qədər məşhur və sevilən bir futbolçu olacaq, öz ölkəsində böyük nüfuz qazanacaq, XX əsrdə Fransanın ən yaxşı futbolçusu seçiləcək, dünya futbol təsərrüfatının başında duranlardan biri olacaqdı. Hazırda o, İFFHS versiyasına görə, həm də layiqli bir şəkildə XX əsrin 10 ən yaxşı futbolçusunun adının daxil edildiyi siyahıda yer alır.
Mişel Fransua Platini 1955-ci ilin iyun ayının 21-də Fransanın şimal-şərqində yerləşən Lotaringiya əyalətinin Jyöf şəhərində doğulub. Onun atası Aldo buraya İtaliyadan köçüb gəlib. Bu baxımdan, görünür, Mişelin öz böyük uğurlarını ata yurdu İtaliyada qazanması (“Yuventus”da oynayarkən üç il ard-arda “Qızıl top” alması) təsadüfi deyil. O, dünya şempionu Dieqo Maradonunu da üstələyərək İtaliya futbol tarixinin ən yaxşı əcnəbi futbolçusu adını daşıyır. Maradona Neapolun “Napoli” komandasını az qala təkbaşına dörd dəfə ölkə çempionu etmiş və bir dəfə UEFA kubokunu qazandırmışdı, şöhrəti və xidməti isə Platininkindən daha artıq idi.
 
Bununla belə, Platini franısz futbolunun ulduzudur və bu ölkənin qarşısındakı xidmətlərə görə ali mükafatlara, o cümlədən Fəxri Legion ordeninə layiq görülüb.
 
Onun böyük rəqibləri
 
Platini təkcə Maradona ilə deyil, öz dövrünün məşhur və böyük futbolçuları ilə rəqabətdə olub. Bunların arasında danimarkalı Preben Elkyaer və Mikael Laudrup, almaniyalı Karl-Haynts Rummenigge, Littbarski, Lotar Matteus, Rudi Föller, fransız Tiqana, polşalı Zbiqbev Bonek, hollandiyalı Ruud Qullit, Marko van Basten, Frenk Raykaard, belçikalı Şifo və Kulemans, bolqar Stoiçkov, rumın Georgi Hacı və bir çox parlaq futbolçular vardı.
 
Platini onların içindən öz əzmkarlığı, məqsədyönlülüyü, liderlik keyfiyyəti ilə sıyrılıb çıxmış, dünya futbolunun ən parlaq isimlərindən birinə çevrilmişdi.
 
Dirək və tir çatına bağlanan şərf əfsanəsi
 
Onun haqqındakı əfsanələrdən biri də budur ki, komanda yoldaşları cari məşqlərini bitirib meydançanı tərk edəndən sonra da Mişel meydançada qalır, öz qırmızı şərfini qapı dirəyinin tiri ilə dirəyinin çataqlandığı yerə, “doqquzluğa” bağlayır və topla oranı nişan alaraq, 7-8 metr aralıda quraşdırılmış süni “canlı divar”ın başı üzərindən cərimə zərbəsindən qol vurmağı məşq edirmiş. Sonradan bu təmrinlər onun karına gələcək və ən həlledici qollarını məhz cərimə zərbəsindən vuraraq komandasına qızıl xallar qazandıracaqdı.
 
Parlaq karyeranın sönük başlanğıcı
 
Mişeilin atası Aldo Platini özü həvəskar səviyyədə futbolçu olduğu və oğlunu futbol oynamağa həvəsləndirdiyi, kömək etdiyi üçün Mişel peşəkar futbola adlamaqda çətinlik çəkməyib. Onun üzv olduğu gənclərdən ibarət “Jyöf” komandası regional yarışmada qalib gələndə 16 yaşlı Mişeli klubun baxışına çağırıblar, amma o, müsabiqədən keçməyib. Ancaq artıq 17 yaşı olanda o, regionun daha bir güclü klubu olan “Nansi” ilə müqavilə bağlayıb.
 
Platini bu klubun heyətində o vaxta qədər gözləyib ki, komandanın bombardiri zədələnib və baş məşqçi onu oyuna buraxmağa məcbur qalıb. Artıq növbəti oyunda Mişel “Lion”un qapısına iki qol vuraraq diqqətləri özünə çəkib. Onun cərimə zərbəsi və penaltiləri dəqiq yerinə yetirmək bacarığına malik olduğu üzə çıxıb. Lakin Platini 1973\74-cü il mövsümündə klubu üçün nə qədər can qoysa da, komanda ikinci diviziona enib. 1974\75-ci il mövsümündə isə 20 yaşlı yarımmüdafiəçi klubunun liderinə, “qol maşını”na çevrilib və “Nansi” növbəti ildə elit liqaya qayıdıb, üstəlik, 4-cü yeri tutub.
 
Milli komandada başlanan karyera
 
Bundan sonra Mişel Platinini Fransa yığmasına dəvət ediblər və o, debüt oyununda ilk qolunu cərimə zərbəsindən Çexoslovakiya millisinin qapısına vurub. Həmin il onu öz ölkəsində “ilin futbolçusu” seçiblər və 21 yaşlı fransız “Qızıl top”a namizədlərdən biri olaraq 5-ci yeri tutub. Ondan əvvəl olanlar isə Frans Bekkenbauer, Rob Rensenbrink, İvo Viktor və Kevin Kiqan olub.
 
Öz klubu “Nansi”də ard-arda uğurlara imza atan, klubuna tarixində ilk dəfə Fransa kuboku qazandıran Platini 1978-ci ildə Argentinada keçirilən dünya çempionatında o qədər də parlaq oyun göstərə bilməyib. Çünki komanda gənc və təcrübəsiz oyunçulardan ibarət olub, üstəlik, rəqiblərinin (Argentina, İtaliya və Macarıstan) güclü olması ona gətirib çıxarıb ki, Fransa yığması qrupda 3-cü yeri tutub və vətənə dönəsi olub.
 
 
1982-ci ildə baş tutan dünya çempionatında, sırasında Platini də olmaqla fransızlar ingilsilərə uduzsalar da, Küveyt yığması üzərində qələbə və Çexoslovakiya ilə heç-heçə onları qrupdan çıxarıb. Sonra fransızlar avstriyalıları və Şimali İrlandiya yığmasını məğlub edib, yarımfinala yüksəlib. Yarımfinalda isə fransızlar almanlara 120 dəqiqə ərzində başabaş oynayıblar və oyunun heç-heçə bitməsi ilə qalib penaltilər seriyasında müəyyən olunub. Platini öz qolunu həmişəki kimi dəqiq yerinə yetirib. Ancaq alman qapıçı iki zərbəni qaytararaq komandasını finala yüksəldib. Fransız millisi isə 3-cü yer uğrunda mübarizəyə baş qoşmayaraq meydana ehtiyat oyunçuları buraxıb və onlar da Polşaya uduzublar.
 
Platininin milli karyerasının qızıl dövrü öz vətənində keçirilən Avropa çempionatına təsadüf edib. Artıq kapitanı Platini olan Fransa yığması ard-arda qələbələr qazanıb və çempioantın favoritinə çevrilib. Son nətcədə Avropa çempionu olan fransızların heyətindən ən çox qol vuran da məhz Platini olub – 5 oyunda 9 qol. O turnirin ən yaxşı oyunçusu və ən sərrast bombardiri seçilib. Həmin il “Qızıl top” mükafatının qalibini də seçmək çətin olmayıb. Platini səslərin 98,5 faizini toplayaraq “Qızıl top”a sahiblənib.
 
Platini milli komandanın formasıyla 30 qol vuraraq Jüst Fontenin rekordunu qırıb. Sonradan Tyerri Anri 41 qol vuraraq Platinini üstələyib.
 
Gənc Platininin “Yuventus” günləri
 
“Nansi”dən sonra “Sent-Etyen”ə keçən Platini bu komandada ən çox qazanan futbolçu olmaqla yanaşı, ən çox qol vuran, ötürmə edən oyunçu kimi ad çıxarıb. O, futbolu ağılla oynamağı, oyun qurucusu olmağı bacarıb, üstəlik, yarımmüdafiəçi olsa da, hücumçulardan daha çox qol vurması ilə seçilib. Ona görə də Platininin “Sent-Etyen”lə müqaviləsi başa çatdığı zaman ona Avropanın aparıcı klublarından (“Barselona”, “Arsenal”, “İnter”, “Yuventus”) dəvətlər gəlib. Platini “Yuventus”i seçib və İtaliya klubu ilə ikiillik müqavilə imzalayıb.
 
1970-ci illərdə İtaliyanın futbol təsərrüfatının rəhbərləri yerli klublarda əcnəbi futbolçuların oynamasına qadağa qoysa da, 80-ci illərdən sonra bu qadağanı bir az yumşaldıblar və hər klubun meydançaya bir (mövsüm ərzində iki) əcnəbi futbolçu çıxarmasına izn veriblər. “Yuventus”un o iki legioneri Platini və Bonek olub. Platini üç il dalbadal A seriyasının bombardiri olaraq karyerasının pik nöqtəsinə Turin klubunda yetişib.
 
Ötən əsrdə “Qızıl top”a üç dəfə ard-arda sahib çıxan futbolçu məhz Platini olub. Ondan əvvəl bu nailiyyətə Yohan Kruiff, ondan sonra isə Marko van Basten imza atıb. Ancaq onlar buna fasilələrlə nail olublar.
 
Qlsa çəkən məşqçilik
 
1987-ci ildə, 32 yaşında futboldan, daha dəqiqi, yaşlı sahələrdən gedən Platini məşqçilik karyerasına başlayıb.
1990-cı ildə Fransa yığma komandasının iki oyunda zəif çıxış etməsindən sonra komandanın baş məşqçisi postu Platiniyə həvalə edilib. Həmin vaxt fransızlar mundiala qatıla bilməyiblər, ancaq 1992-ci ildə keçiriləcək Avropa çempionatına vəsiqə qazanmaq üçün təşkil olunan 8 oyunda 8 qələbə qazanblar. O dövrdə Jan-Pyer Papen və Erik Kantona həm Fransa millisinin, həm də Platininin üzünü ağ ediblər. World Soccer nəşri Platinini 1991-ci ilin məşqçisi elan edib. Ancaq 1992-ci ildə bu komanda Avropa çempionatının yarımfinalına çıxa bilməyib və Platininin məşqçilik karyerası sona çatıb.
 
Futbol funksioneri
 
1992-ci ildən etibarən Platininin həyatının futbol funksionerliyi dönəmi başlayıb. 1998-ci ildə Fransada keçirilən dünya şempionatının təşkilat komitəsinin iki sədrindən biri Platini olub. 2002-ci ildə o, FİFA və UEFA-nn icraiyyə komitələrinin üzvü olub. 2007-ci ildə Platini UEFA prezidenti seçilib. 2011-ci ildə yenidən bu posta yiyələnib. 2015-ci ildə Platini üçüncü müddətə UEFA prezidenti seçilsə də, artıq bir il idi ki, adı qalmaqallarlarda çəkilirdi.
 
Britaniya mediası onu Rusiyanın 2018-ci il mundialına ev sahibliyi etmək üçün irəli sürdüyü namizədliyinə dəstək göstərməkdə və bu xidmətə görə hədiyyə olaraq Pikassonun rəsm əsərini almaqda suçlayırdı.
 
2015-ci ildə Platini 6 ay sonra keçiriləcək FİFA prezidenti postuna seçkilərdə öz namizədliyini irəli sürüb, həmin ilin oktyabrında isə FİFA-nın etika üzrə komitəsi onu vəzifəsindən 90 günlüyə kənarlaşdırıb. Ancaq UEFA FİFA-nın bu qərarını yerinə yetirməkdən imtina edib və Platiniyə tam dəstək verib. 2015-ci ilin oktyabrında FİFA-nın icraiyyə komitəsi Platinini 2018-ci ildə keçirləcək dünya çempionatının kuratoru vəzifəsindən azad edib. Noyabrın 18-də FİFA-nın apelyasiya komitəsi Blatterin və Platininin futboldan uzaqlaşdırılma haqqında qərardan verdikləri şikayət ərizəsini rədd edib. Noyabrın 21-də onların hər ikisi haqqında təhqiqat başlanıb. Dekabrın 21-də FİFA-nın müvafiq komitəsi Platini və Blatterin 8 illiyə futboldan uzaqlaşdıırlması haqda qərar verib və onlarn barəsində yeni bir araşdırma başlanıb.
 
Platini UEFA prezidenti postunu 2016-cı ilin sentyabrında tərk edib.
 
Platininin cəncəli işi - korrupsiya ittihamları
 
Bir neçə həftə öncə onun barəsində yeni korrupsiya ittihamları səslənib. Bu dəfə Platinini Qətərin 2022-ci ildə keçirilməsi nəzərdə tutulan mundialın ev sahibliyi etməsinə yardım göstərdiyi və bunun əvəzində rüşvət aldığı iddia olunur. Platinini bu işlə əlaqədar Nanter şəhər polisinin antikorrupsiya idarəsində 15 saat ərzində dindirib, daha sonra azad ediblər. İstintaq zamanı ona Rusiyada təşkil olunmuş dünya çempionatı haqqında da sual veriblər.
 
Beləliklə, bir zamanlar yaşıl meydançada fırtınalar əsdirən, iki ölkədə dəfələrlə çempionluq yaşayan, Avropa çempionu olan və dəfələrlə “ilin ən yaxşı futbolçusu” adını və müxtəlif kuboklar qazanan virtuoz futbolçunun yaxası indi polislərin, təhqiqatçıların əlində qalıb. Onun illərdən bəri seyr edilən davranışları, səfərləri, verdiyi qərarlar, açıqlamalar göstərir ki, şəxsinə qarşı irəli sürülən ittihamlar o qədər də əsassız deyil.
 
Platini o tip vəzifəli şəxslərdən idi ki, hamının işinə yaramağa, çox şeyləri düz-qoş etməyə yarayırdı. Təsadüfi deyil ki, o, Ukrayna, Moldova, Azərbaycan, Ermənistan kimi ölkələrdə ali dövlət mükafatları alıb. Ona verilən mükafatlara bir qayda olaraq belə bir səbəb göstərilib: “...ölkə futbolunun inkişafı və beynəlxalq əlaqələrinin yaradılmasına töhfə verdiyi üçün”.
Belə anlaşılır ki, hələ futbol oynadığı zaman milyonçu olmuş Mişel Platini futbol funksioneri olduğu dövrdə milyonlarını xeyli artırıb.
 
N.Asifli, Musavat.com

Загрузка...
Загрузка...