Paşinyanın “miatsum” çağırışlarının ardınca nə gələcək?

Baxış sayı: 
36
0  
0  

 
Belə deyim var ki, sülh istəyirsənsə, müharibəyə hazır ol. Ola bilsin, başqa bir vaxt bunu heç yada da salmazdıq, amma erməni baş nazirinin sərsəm bəyanatlarından sonra Dağlıq Qarabağ hərbi –siyasi teatrında vəziyyət ifrat dərəcədə gərgin qalmaqdadır və siyasətçilər, diplomatlar durmadan elə hey bir sual verir: danışıqlar davam edəcək, yoxsa Dağlıq Qarabağ məsələsində diplomatiya yerini birmənalı şəkildə hərbə verdi?
 
Burada prinsipcə, xatırlamaq olar ki, baş nazirliyinin lap əvvəlindən Nikol Paşinyan daim “orijinal” bəyanatlarla çıxış etməkdə davam edir və ona görə də güman etmək olar ki, hələ hər şey itirilməyibdir, çünki cəmi bir il bundan əvvəl o, danışıqlar prosesinin formatınının da genişləndirillməsini tələb edirdi, amma onda ona bir kimsə dəstək vermədi və yeni hakimiyyətin dövründə də cəmi danışıqlar köhnə format çərçivəsində aparıldı.
 
İstisna deyil ki, eyni hal yenə təkrarlanacaq: Minsk Qrupunun həmsədrləri Paşinyanın son bəyanatlarına hələ münasibət bildirməyiblər, amma ümid edirik, onlar, xüsusən də Rusiya, bunu mütləq edəcək, çünki həmsədr ölkə kimi dinc danışıqların davam etməsinə məsuldurlar.
 
Belə götürdükdə isə, situasiya olduqca gərgindir. Bəzi diplomatlar, beynəlxalq siyasət üzrə ekspertlər iddia edirlər ki, guya son bəyanatlar Ermənistanın özünün də Dağlıq Qarabağ məsələsindəki mövqeyilə açıq -aşkar ziddiyyət təşkil edir.
Əslində isə elə bir ziddiyyət yoxdur: ötən əsrin səksəninci illərinin sonlarından başlayaraq İrəvan Dağlıq Qarabağın Ermənistana “birləşdirilməsi” haqqında onlarla sənəd qəbul edib və burada onlardan ən birincisini –Ermənistan Ali Sovetinin Dağlıq Qarabağın ilhaqı haqqındakı qərarını xatırlamaq olar. Sadəcə, çox təəssüf ki, biz vaxtında dünya birliyinin diqqətini bu sənədlərə yetərincə cəlb etməmişik.
 
Problemin ən yaxın üfüqlərinə gəldikdə isə, məlumdur ki, Paşinyan dünya ermənilərinin də öz bəyanatlarına reaksiyasını öyrənmək niyyətindədir və bunu sentyabr ayında Los-Ancelesdə etməyi fikirləşir. Belə təəssürat yaranır ki, İrəvan, necə deyərlər, va-bank getməyi qərara alıb: Dağlıq Qarabağı Ermənistanın bir hissəsi elan etmək və bununla da münaqişənin otuz illik tarixi ərzində bir növ “çevriliş” etmək...
 
Amma Paşinyan bütün hallarda Makedoniyalı İsgəndər deyil, hansı ki, qılıncının bir zərbəsilə Qordiy düyününü kəsmişdi. Bizə elə gəlir ki, bu adamın bəyanatları əslində Azərbaycanın mövqelərini gücləndirir.
 
Birincisi, Bakını Minsk Qrupunun həmsədrlərinin hər üçü müdafiə edəcək. İkincisi, Azərbaycan geniş miqyaslı hərbi əməliyyatlara başlasa, heç kim buna etiraz etmək üçün arqument tapmayacaq, çünki hamı razılaşacaq ki, indiki halda N.Paşinyanın bəyanatlarına ən adekvat cavab məhz hərb yolu sayılmalıdır.
 
Artıq əvvəlki yazılarda da dəfələrlə qeyd etmişdik ki, bizə Ermənistandan ehtiyat etmək lazım deyil: qarşımızda zəif və yarıac ölkə dayanıb, hansı ki, hərbi əməliyyatlar aparmaq üçün hətta yetərli demoqrafik göstəricilərə də malik deyil. Onun “gücü” bu vaxtadək Rusiya ilə geosiyasi ittifaqında idi, amma indi onların münasibətləri olduqca gərgindir və hələ bir baxaq, görək, Rusiya prezidenti oktyabr ayında İrəvana səfər edəcəkmi?
 
Məsələ bundadır ki, Rusiya bununla bağlı öz tələbini çoxdan səsləndiribdir: Putinin gəlişinə qədər eks-prezident R.Koçaryan azad edilməlidir. Amma bu tələbi Paşinyan qəbul edəcəkmi?..
 
Əlbəttə, Rusiyanın da siyasətində anlaşılmaz məqamlar var: məsələn, Kreml diplomatları hələ də Paşinyanın son bəyanatlarını yetərincə şərh etməyiblər. Düşünürük ki, burada “Lavrov faktoru” öz işini görübdür, belə ki, Rusiyanın xarici işlər naziri açıq ermənipərəst siyasət aparır– hər halda, bizə belə gəlir.
 
Məsələ bundadır ki, Lavrovun müəmmalı davranışının bir neçə dəfə şahidi olmuşuq. Yada salmaq yetər ki, bizim Ermənistandakı girovlarımızdan biri, D.Əsgərov Rusiya vətəndaşıdır, amma Rusiyanın xarici işlər naziri bircə dəfə belə olsun, onun adını dilinə gətirməyibdir.
 
Digər bir vaxtda Lavrovun ikili standartlarına Ermənistan Avropa Birliyilə saziş imzalayarkən şahidlik etmişik: nə nazir Lavrov özü, nə onun komandasının üzvləri, xüsusən də çox hörmətli xanım M.Zaxarova Ermənistanın bu addımını bircə dəfə belə olsun, şərh etmədilər, halbuki Rusiyanın keçmiş sovet ölkələrinin Avropa institutları ilə yaxınlaşmasına necə qısqanclıqla yanaşdığını hamımız bilirik...
 
Paşinyanın Xankəndidəki çağırışlarından sonra Rusiya Təhlükəsizlik Şurasının Katibi Nikolay Patruşev İrəvana səfər etdi. Rusiya KİV-ləri bu səfərə çox böyük önəm verirdi və etiraf edək ki, bizim də müəyyən gözləntilərimiz vardı bu konteksdə, amma Patruşev İrəvanda nə danışdı, nə danışmadı – bunu bilmədik, bunlar hamsı “yeddi möhür arxasında” qaldı və yalnız bir-iki gün sonra dedilər ki, rus generalının tələbilə Paşinyan iki köməkçisini vəzifəsindən azad edib, fəqət, sonradan məlum oldu ki, bu iki nəfər hökumətdə əsasən iqtisadi məsələlərlə məşğul imiş.
 
Eyni sözləri digər həmsədrlər –ABŞ və Fransa haqqında da demək mümkündür. Səhv etmiriksə, yerli telekanallardan birinin xahişilə ABŞ səfirliyi cənab Paşinyanın çağırışlarını şərh etməyə cəhd göstərdi, amma onların cəhdindən yadımızda axımlı diplomatik şablonlardan savayı nəsə qalmadı.
 
Ümumilikdə isə, ABŞ və Fransa prezidentlərinin başı tamam başqa məsələyə qarışıb, onlar yenidən “böyük yeddi”lərin çevrəsini genişləndirmək və Rusiyanı da bura qatıb təkrarən “böyük səkkizlik” yaratmaq niyyətindədirlər. Siyasətlərinin də axmaqlığı elə bundadır: bir tərəfdən Rusiyanı cəzalandırır, digər yandan isə mükafatlandırırlar və problem də bundadır ki, cəzanın səbəbini bilirik (Ukraynaya görə!), di gəl, “Rusiyaya niyə görə mükafat düşür?” sualının cavabını tapa bilmirik və bircə qənaətlə razılaşmaq lazım gəlir ki, cənab D.Tramp belə istəyir...
 
Odur ki, bizim haqq işimizdə ən etibarlı müttəfiqimiz biz özümüzük, yəni Azərbaycan xalqıdır. Türkiyə ilə bağlı da şübhələrə düşmək üçün hər hansı bir əsas yoxdur – Ankara həmişə bizim yanımızda olubdur və bundan sonra da olacaq. Ümid edirik ki, Ermənistanın diplomatik demarş edəcəyi, sərsəm “miatsum” bəyanatlarını davam etdirəcəyi bir təqdirdə Tehran da öz mövqeyini bir az da dəqiqləşdirəcək və Bakını müdafiə edəcək. Ona görə də bir daha deyirik ki, qarşımızdakı yarıac və zəif ölkədir, hansının ki, artıq hətta ən yaxın müttəfiqi – Rusiya ilə belə münasibətləri yetərincə korlanıbdır.
 
Üstəlik, nə qədər çalışsaq da bir sualdan yaxamızı qətiyyən qurtara bilmərik: danışıq xatirinə danışıq aparmağın, on illərlə danışıqları imitasiya etməyin bir mənası varmı? Üzdə ermənilər hətta bundan sonra çox şey deyə bilərlər, amma aydın deyilmi ki, onların beyinlərində ta 80 –ci illərdən (bəlkə də bundan da əvvəl! sadəcə, bizim bildiyimiz budur!) bircə fikir var: Qarabağı ələ keçirmək...
 
Həm də BMT Nizamnaməsinin təcavüzə və təcavüzkara qarşı məşhur iki maddəsini, indiyədək qəbul edilmiş dörd qətnaməni və Helsinki Yekun Aktının məlum prinsiplərini xatırlasaq görərik ki, beynəlxalq hüquq da birmənalı şəkildə bizim tərəfimizdədir, çünki Paşinyanın son bəyanatlarının bir adı var: təcavüz! “Dağlıq Qarabağın erməni xalqı”nın “öz müqəddəratını təyin etməsi”lə bağlı nağıllar artıq bitibdi, Ermənistan birmənalı şəkildə Qarabağın ilhaqı yolunu tutub...
 
 

Загрузка...
Загрузка...