Paşinyan Putinlə telefon danışığına “əl gəzdirdi”... - “MƏLUMATLANDIRIB” SÖZÜ ÇIXARILDI

Baxış sayı: 
92
2  
1  

Ermənistan baş nazirinin mətbuat xidməti Nikol Paşinyanın dünən Rusiya prezidenti Vladimir Putinlə apardığı telefon danışığına dair məlumatını redaktə edib.
 
Virtualaz.org erməni mənbələrinə istinadən xəbər verir ki, mətndən Paşinyanın Putini Azərbaycan prezidenti İlham Əliyevlə ötən həftə Vyanada aparılmış danışıqlar barədə məlumatlandırması barədə cümlə çıxarılıb. Onun əvəzinə mətnin yeni və hazırda hökumətin saytında olan versiyasında “tərəflər bu günlərdə keçirilmiş görüşlərin nəticələrini müzakirə ediblər” ifadəsi yer alıb.
 
Məlumatın birinci versiyası telefon danışığına dair Kremlin rəsmi saytında yerləşdirilmiş məlumatla üst-üstə düşürdü. Kreml də bildirirdi ki, Ermənistan baş naziri İlham Əliyevlə aparılmış danışıqlar barədə Rusiya prezidentini məlumatlandırıb.
 
Paşinyanın mətnin yeni versiyasından bu ifadəni niyə çıxardığı məlum deyil. Amma “168 saat” qəzeti ehtimal edir ki, məlumatın əvvəlki variantında Ermənistan baş nazirinin Putinə “müəyyən tabeçiliyi” əks olunurdu və bu da erməni tərəfinin “daha aşağı statusda olmasını” göstərirdi. Paşinyan isə mətni dəyişdirməklə Putinə “tabe olmadığını” nümayiş etdirir və bu variantı Ermənistanın suverenliyi baxımından daha məqbul sayır.
 
Xatırladaq ki, Paşinyan hakimiyyətə gələndən sonra Moskvaya birinci səfəri zamanı Putinlə görüşündə Rusiyanın Ermənistanın suverenliyinə hörmət etməli olduğunu demişdi.

Загрузка...
Загрузка...