Paşinyan Kremlin “qırmızı xətt”ini keçdi

Baxış sayı: 
113
1  
0  

 
Rusiya və Qərb ondan strateji seçim tələb edir, o isə...; “məxməri” baş nazir “çəkiclə zindan” arasında qalıb;  rusiyalı analitik: “Paşinyan vəziyyəti uzatmamalıdır, əks halda vəziyyət özü onu bitirəcək...”
Ermənistanda 2018-ci il 8 may “məxməri inqilabı” əsas hədəflərinə çata bilmədi. Bunu indi əminliklə söyləmək olar. Ötən 2 il 3 ay ərzində ölkədə nə iqtisadi möcüzə baş verdi, nə də Ermənistan Rusiya orbitindən uzaqlaşa bildi - hansı ki, Nikol Paşinyan məhz bunları hədəfləmişdi. Üstəlik, Rusiya və Qərb arasında “var-gəl”lər, “iki stul” siyasəti Paşinyanı bir yandan Moskvanın, digər yandan isə ABŞ və Avropanın həlledici dəstəyindən məhrum edib. Çünki hər iki güc mərkəzi ona şübhə ilə baxmaqda davam edir, Ermənistan baş nazirinə, sadəcə, etibar etmir.
 
Məsələ ondadır ki, “sorosçu” Paşinyan və komandasının ara-sıra Qərbə etdiyi ürkək reveranslar da köməyə gəlmir. Ona görə ki, Qərb (ABŞ və Avropa Birliyi) üçüncü ildir rəsmi İrəvandan xarici siyasət kursu ilə bağlı kosmetik addımlar və “nala-mıxa vurmalar” yox, strateji seçim - dönüş tələb edir. Yalnız bundan sonra ona hərtərəfli siyasi və maliyyə dəstəyinin mümkün ola biləcəyi bildirilib.
 
*****
 
Qərbə reveranslara gəlincə, məsələn, bu günlərdə Ermənistanda Rusiyanın əsas telekanallarının yayımını qadağan edən qanun qəbul olunub və prezident Armen Sərkisyan tərəfindən dərhal imzalanıb (Ermənistanın İngiltərədəki səfiri olmuş A.SərkiSyan da qərbçi kimi tanınır). Bu qərar, sözsüz ki, Rusiya rəhbərliyinin xoşuna gəlməyib. Ancaq hələ ki, Moskva Paşinyan hökumətinin “şıltaqlıqları”na dözüm göstərmək xətti seçib. Hər necə olmasa, Ermənistan bölgədə Rusiyanın yeganə legitim hərbi qalasıdır. Paşinyan isə artıq Kremlin cızdığı “qırmızı xətt”in üstünə çıxıb. Lakin bundan o yana hələ ki, gedə bilmir. Cürət etmir. Bundan əlavə, Paşinyanın cəmiyyətdə reytinqi düşsə də, hələlik kritik səviyyəyə də enməyib.
 
Sözsüz ki, istər Moskva, istərsə də Vaşinqton Brüssel Ermənistan rəhbərinin bundan sonrakı addımlarını daha diqqətlə izləyəcək. Bəs Paşinyan Rusiyanın, yoxsa Qərbin xeyrinə geri verəcək?
 
Bir şeyi əminliklə söyləmək olar ki, rəsmi Moskva Nikol Vovayeviçlə uzun müddət “siçan-pişik” oynamayacaq və ilk fürsətdəcə ona alternativ tapacaq, həmin alternativin erməni toplumu tərəfindən müdafiə olunmasını təmin edəcək. Bundan ötrü işğalçı ölkədə sosial-iqtisadi durumun bir az da ağırlaşması, əhalinin daha da yoxsullaşması və yeni bahalaşma dalğası yetər. Nəzərə alsaq ki, Ermənistanın enerji təminatı Rusiyanın monopoliyasındadır, Moskva bahalaşma və qiymətlər məsələsində Paşinyan hökumətinə asanca pis sürprizlər edə bilər.
 
Erməni politoloq: “Moskva Nikola başa salıb ki, artıq bütün ...
 
Diqqətçəkici mühüm məqam həm də odur ki, Paşinyanın hakimiyyəti dövründə erməni mənşəli rusiyalı iş adamları və milyarderlər də sıxışıdırılıb və ya ölkədən qovulub (Ruben Vardanyan, Samvel Karapetyan və s. kimi). Bir sıra analitiklərə görə, bu qəbildən addımlar ilk növbədə siyasi xarakter daşıyır, ona görə ki, blokada və iqtisadi böhran vəziyyətində, üstəlik, pandemiya ilə daha da qəlizləşən bir durumda ölkədən “qızıl yumurta verən toyuqlar”ın qovulması çətin ki, təkcə iqtisadi amillərlə bağlı olsun.
 
Ekspertlər bu fonda Ermənistan üçün iqtisadi geriləmənin 10-12% olacağını proqnoz edirlər - o da hələ bir şərtlə ki, pandemiyanın ikinci dalğası olmasın. O halda vəziyyət daha acınacaqlı olacaq. Ancaq Paşinyan və komandası üçün ən böyük başağrısı, əlbəttə ki, ona inamı olmayan Rusiyadan qaynaqlanacaq...
 
*****
 
“Rusiya Nikol Paşinyanla amerikalı maliyyəçi və rəngli inqilablar ”atası" Corc Soros arasındakı əlaqələrlə bağlı olduqca ehtiyatlıdır".
 
“Yeni Müsavat”ın məlumatına görə, bu fikri Vesti.az-a açıqlamasında Rusiyanın xarici siyasət, müdafiə və təhlükəsizlik üzrə mütəxəssisi, politoloq Qriqori Trofimçuk deyib.
 
Paşinyan məhşər ayağına çəkilir – Soros projesi iflasda » Ovqat.com
 
Onun sözlərinə görə, Ermənistan baş naziri ilə Soros arasındakı əlaqələrdə heç bir sirr yoxdur: “Hər kəs Nikol Paşinyanın kabinetinin yarandığı vaxtı xatırlayır. Demək olar ki, bütün rus ekspertləri o zaman namizədlərin Qərb və ya qərbyönlü QHT-lərə bağlı olduqlarını vurğulayaraq namizədlərin siyahısını dərc etdilər. Heç kimə də sirr deyil ki, Ermənistan ərazisində  Rusiyaya və Ermənistan-Rusiya münasibətlərinə yumsaq desək, tənqidi yanaşan çoxlu sayda belə QHT var. Sorosla əlaqələr mövzusu İrəvan üçün olduqca ağrılıdır, çünki Moskvanın bu məsələyə münasibətini bəllidir. Nikol Vovayeviç bu mövzunu daim kənara qoymağa çalışır, amma praktikada bunu etmək getdikcə daha da çətinləşməkdədir. Problem həm də ondan ibarətdir ki, Ermənistanda ”məxməri inqilab" öz məqsədlərinə çatmayıb, Moskva ilə əlaqələr kəsilməyib, buna görə Soros tam qane ola bilməz. Paşinyan hələ ki, yol ayrıcındadır".
 
Tofimçukun qənaətincə, qeyri-rəsmi Rusiya Paşinyan və Soros arasındakı əlaqələrdən kifayət qədər ehtiyatlanır. “Rəsmən isə Moskva, mənə elə gəlir ki, vəziyyəti izləyir və ümidlə Paşinyan komandasının hər şeyi başa düşəcəyini və lazımi nəticələr çıxaracağını düşünür. Həqiqətən də, Ermənistandakı hakimiyyət təbəqələri hələ də bircinsli deyil. Paşinyan hələ də bütün istiqamətlər üzrə öz xəttini yürütməyə nail ola bilməyib, onun özünə qarşı isə müqavimət böyüyür. Bu səbəbdən Qərb indiyə qədər Paşinyanı ona qətiyyətli dəstək vermədən izləyir. Paşinyan vəziyyəti uzatmamalı, açıq şəkildə göstərməlidir - ya Qərblədir, ya da Rusiya ilə. Əks halda vəziyyətin özü onu bitirəcək”.
 
*****
 
Beləcə, Ermənistan kimi, onun baş naziri üçün də gerisayım artıq başlayıb. “Çəkiclə zindan” arasında qalmaq həmişə təhlükəlidir...
 
Siyasət şöbəsi,
“Yeni Müsavat”

Загрузка...
Загрузка...