Paşinyan da ölümcül virusa yaxalandı – “Bəlkə onu COVİD-19 devirə...”

Baxış sayı: 
83
2  
0  

 
“Məxməri” baş nazir özünü izolə etdi; məsələdə “Moskva izi” varmı? Paşinyan da ingilis həmkarı Boris Conson kimi reanimasiyaya düşsə, Qarabağ ətrafında situasiya necə olacaq, Ermənistanda əks-inqilabı koronavirus edəcək?..
Ermənistanın baş naziri Nikol Paşinyan koronavirusa yoluxub. “Yeni Müsavat” xəbər verir ki, məlumatı dünən o, özünün Facebook səhifəsindəki canlı yayım zamanı açıqlayıb. Paşinyan koronavirus üçün ondan götürülən testin müsbət çıxdığını bildirib.
 
“Məndə heç bir simptom yox idi, amma səfərə getməli olduğum üçün test vermək qərarına gəldim. Bütün ailə üzvlərimin test nəticələri müsbət çıxıb. Aydındır ki, ailəm məndən yoluxub”, - deyə o qeyd edib.
 
Paşinyan onda hazırda heç bir simptomun müşahidə edilmədiyini söyləyib: “Məsələn, yüksək hərarətim yoxdur. Ancaq müşahidə lazımdır, çünki simptomlar istənilən an özünü göstərə bilər. Ətrafdakı yaşlı insanları yoluxdura biləcəyimdən narahatam”.
 
O, baş vermiş olayla bağlı təəssüfünü bildirərək, bundan sonra iqamətgahından işləməyə davam edəcəyini deyib. “Bizim strategiyamız əvvəlki kimi qalır. Biz koronavirus infeksiyası ilə birgə yaşamağı öyrənməliyik”, - deyə Ermənistan rəhbəri vurğulayıb.
 
Paşinyan işçi müşavirə zamanı ona stəkanda su verən ofisiantdan yoluxduğunu güman edir. “Bildiyiniz kimi, belə müşavirələr zamanı stola içində su dolu stəkanlar qoyurlar. Gördüm ki, stəkanı verən adam əlcəkdə deyil. Yerindəcə ona irad bildirdim və stəkanı dəyişməsini istədim. Stəkanı verən adama koronavirus diaqnozu qoyulub”.
 
Baş nazir çıxışında onu da deyib ki, ölkədə pandemiyanın artıq ikinci dalğası başlayıb.
 
*****
 
Qeyd edək ki, son məlumatlara görə, Ermənistanda virusa 9282 yoluxma halı qeydə alınıb, yoluxanlardan 131 nəfər ölüb. İşğalçı ölkə region ölkələri arasında əhali sayına nisbətdə COVİD-19-un ən sürətlə və ən çox yayıldığı ölkə olaraq qalır. Baş nazirin də virusa yoluxması isə əslində yeni bir situasiya yaradır. Hər necə olmasa, COVİD-19-a qarşı effektli peyvənd hələ tapılmayıb və virusa yoluxanlar arasında ölüm faizi digər virus infeksiyaları ilə müqayisədə kifayət qədər yüksəkdir.
 
Nikol Paşinyanın qəfildən koronavirusa yaxalanması, görünür, bu və digər səbəbdən Ermənistanda onu siyasi rəqiblərini, bütövlükdə isə sayı getdikcə artan narazıları ümidləndirib. Onu da unutmayaq ki, “məxməri” baş nazirin hakimiyyətdən uzaqlaşdırılmasında Rusiya da maraqlıdır. Əlbəttə, bu, heç də Paşinyanın yoluxmasında yüz faiz Moskvanın əli olması anlamına gəlmir.
 
Bununla belə, bundan sonrakı prosesləri izləmək lazım gələcək - o cümlədən də Azərbaycana. Xüsusən də N.Paşinyan İngiltərə baş naziri Boris Conson kimi reanimasiyaya düşərsə, işğalçı ölkədə hansı proseslərin gedəcəyi, baş nazir səlahiyyətlərinin müvəqqəti də olsa kimə veriləcəyi, bütün bunların fonunda Dağlıq Qarabağ məsələsi ətrafında situasiya çox maraqlı olacaq. Hərçənd digər bir baş nazir - Rusiya hökumətinin rəhbəri Mixail Mişustin də COVİD-19-a yoluxmasına rəğmən, virusdan salamat qurtula bilib. Görək onun erməni həmkarı da bacaracaqmı?..
 
*****
 
“Baş nazir Nikol Paşinyan Ermənistanda koronavirus pandemiyasının ikinci dalğasının müşahidə olunduğunu deyib və bu, geniş müzakirə mövzusuna çevrilib. Fakt budur ki, Ermənistanda ikinci dalğa yoxdur. Bu, elə hakimiyyətin buraxdığı səhvlər nəticəsində böyük miqyas alan ilk dalğadır. Ermənistanda ikinci yoluxma dalğası daha sonra başlayacaq”.
 
Bu barədə Ermənistan KİV-lərinə açıqlamasında siyasi texnoloq Armen Badalyan deyib. Onun sözlərinə görə, reallıq belədir ki, karantin tədbirləri baş nazirin nüfuzunu xeyli zəiflədib və o, bundan sonra sərt rejimi yumşaltmaq qərarına gəlib.
 
COVID-19: Death toll hits 74 in Armenia - Report.az
 
“Adətən belə hallarda ölkə rəhbərliyi öz xalqından üzr istəyir və istefaya gedir. Ancaq bunun Ermənistanda baş verəcəyini düşünmürəm. Ona görə ki, baş nazir Paşinyan məcburiyyət olmasa, hakimiyyətdən imtina etməyəcək. Bu, yalnız onu qurduğu fraksiya dağılacağı halda baş verəcək. Sonuncu ehtimal daha çoxdur ”, - deyə erməni politoloq qeyd edib.
 
O, hakimiyyətin epidemiya ilə mübarizə aparmaqda deyil, yalnız hakimiyyətdə qalmağın maraqlı olduğunu deyib: “Çünki iqtidardan gedəcəkləri təqdirdə ən azı yaxın 20 ildə geri dönə bilməyəcəklərini anlayırlar”.
 

Əlavə edək ki, Nikol Paşinyanın koronavirusa yoluxmasına sosial şəbəkələrin erməni bölümündə reaksiyalar da diqqət çəkib. Məsələn, istifadəçilər yazır ki, yalnız virus Nikolu baş nazir vəzifəsindən uzaqlaşdıra bilər.
 
“O, bütün Ermənistan vətəndaşlarını üzü aşağı yuvarlatdı, ancaq virus onu hətta ən güclü qorunan malikanədə belə yaxaladı”. Bunu isə istifadəçilərdən biri yazıb.
 
Etiraf edək ki, erməni cəmiyyətində hakimiyyətə qarşı münasibəti, ovqatı yaxşı ifadə edən bir statusdur. Deyəsən, Ermənistanda əks-inqilabı koronavirus edəcək... 
 
Analitik xidmət,
“Yeni Müsavat”

Загрузка...
Загрузка...