Paris Konqres Sarayında konsert verəcək ilk azərbaycanlı - Şahin Növrəslilə MÜSAHİBƏ

Publika.az-ın müsahibi hazırda Fransada silsilə konsert proqramı ilə çıxış edən Əməkdar artist, cazmen Şahin Növrəslidir.
- Şahin bəy, artıq bir neçə gündür Fransada konsertləriniz baş tutur. Təəssüratlarınız necədir?
- Çox yaxşıdır. Bir neçə gün müxtəlif məkanlarda davamlı konsertlərimiz oldu. Hətta tədbirimizin biri Fransanın məşhur radiosunda canlı yayımlandı. Əsasən öz kompozisiyalarım, xalq mahnılarımız və mənim təqdimatımı edən dünya şöhrətli cazmen Əhməd Camalın əsərlərini ifa etdim. Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, səfirliyimizin əməkdaşları, ümumiyyətlə Fransa cazsevərləri məni izləməyə gəldilər.
 
 
- Dünya cazsevərlərinin pərəstiş etdiyi Əhməd Camal sizin yaradıcılığınızla dərindən maraqlanır. Buna sizin simanızda Azərbaycan musiqisinin uğuru deyə bilərik.
- Bəli, Əhməd Camal yaradıcılığımı yüksək dəyərləndirir. Hazırda əməkdaşlıq edirik. O, mənim dünya səviyyəsində təqdimatımı öz üzərinə götürüb.
- Deyirlər, caz seçilmişlərin musiqisidir. Siz necə düşünürsünüz?
- Caz dərin musiqidir. Onu anlamaq, sevmək və dinləmək üçün müdriklik yaşına çatmaq lazımdır. Fikir vermisinizsə, cazsevərlər adətən orta nəsilin nümayəndələri olur. Gənc yaşda onu anlamaq bir az çətindir.
- Muğam kimi?
- Əlbəttə, bu janrların hər ikisi fəsləfədir, improvizədir. Həm muğam, həm də caz bu günə gəlib çatmaq üçün uzun və çətin yol keçib. Hazırda dövlətimiz tərəfindən hər iki musiqi janrına böyük dəstək var. Musiqiçilərin yaradıcılığına sədd qoyulmur. Azərbaycanı müxtəlif beynəlxalq səviyyəli festivallarda, tədbirlərdə təmsil edirik.
Картинки по запросу növrəsli qardaşları
 
- Şahin bəy, bu janrı sizə sevdirən, seçdirən kim olub?
- Təbii ki, Vaqif Mustafazadə... Klassik musiqiçilərimizi də çox dinləyirdim, lakin Vaqif Mustafazadənin yaradıcılığının sənət yolumun məcraya düşməsində böyük rolu var. O nəinki mənim, bütün Azərbaycan caz ifaçılarının ustadı sayıla bilər.
- Bir vaxtlar Növrəsli qardaşları birgə gözəl ifaları ilə Azərbaycan cazsevərlərinin zövqünü oxşayırdı. Bu səpkidə layihələr gözlənilirmi?
- Bəli, qardaşlarımla birgə ifalarmız böyük maraqla qarşılanırdı. Etiraf edirəm ki, bu diqqətəlayiq layihə idi, amma həyat öz axarı ilə davam edir. Hər birimizin öz yaradıcılıq yolu var. Bu gün hər kəs ayrı-ayrılıqda öz sənətilə məşğuldur. Yerli musiqiçilərlə layihələrim arasında Alim Qasımov, Rain Sultanovla birgə olan konsertlərimi də qeyd edərdim.
- Bir cazmen başqa hansı janrdan olan musiqiləri dinləyir?
- Fərq etməz. Əsas diqqət cəlb, edən gözəl musiqi olsun. Məsələn, Parisdəki konsertimdə mənimlə birgə kubalı kontrabas ifaçısı çıxış edirdi. Konsertdən sonra söhbət əsnasında o mənə Kubanın qədim mahnılarını dinlətdi. Çox bəyəndim. Ümumiyyətlə keyfiyyətli və zövqlü musiqinin vətəni yoxdur. O hər kəsə məxsusdur.
 
 
- Bu gün Paris Konqres Sarayında konsertiniz olacaq.
- Mən bu sarayda konsert proqramı ilə çıxış edən ilk azərbaycanlı musiqiçi olacam. Bu əlamətdar hadisədir. Konsertdən 3 gün sonra isə Parisin səsyazma studiyalarının birində albom yazdıracam. Albomda Əhməd Camalın da mənimlə birgə ifaları nəzərdə tutulub.

- Gələcək planlarınızı bizimlə bölüşə bilərsinizmi?
- Gələn il ən məşhur dünya brendlərindən biri olan “Louis Vuitton” şirkətinin dəvətilə Britaniyada konsert proqramım nəzərdə tutulub. Ümumiyyətlə planlar çoxdur. Mən dünya üzrə konsertlərin təşkili ilə məşğul olan şirkətlə çalışıram. Bəzən təşkilatçılar konsertə bir neçə gün qalmış məkan barədə mənə xəbər verirlər, bəzən hətta hazırladığım proqrama dəyişiklik edilə, musiqiçilər ixtisar oluna bilər.
- Bəs bu dəyişikliklər sizin yaradıcılığınıza necə təsir edir? Axı yaradıcı insanlar daha həssas olurlar.
- Caz improvizə janrıdır. Əksinə düşünürəm ki, bu hal mənim xeyrimədir. Musiqiçi öncədən bilmir ki, canlı ifa zamanı onu hansı emosiyalar, təəssüratlar müşaiyət edəcək. Caz musiqisini insanlara sevdirən də məhz bu əsrarəngizliyidir.
- Şahin bəy, bizə zaman ayırdığınız üçün minnətdaram. Yaradıcılığınızda uğurlar!
- Təşəkkür edirəm.
Leyla Sarabi

Загрузка...
Загрузка...